beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Casus (roman)

Casus və ya neytral ərazi haqqında povest (ing. The Spy: A Tale of the Neutral Ground, 1821) — Amerikalı yazıçı Ceyms Fenimor Kuperin əsəri.

C.F.Kuper "Casus" romanı ilə dünyaya əsl Amerikanı tanıtdı. Amerika romantik ədəbiyyatının ilk nümunələri yarandıqca bu ədəbiyyatın milli özünəməxsusluqları da yaranmağa başladı. N.Hotorn, V.İrvinq, E.A.Po, H.Lonqfello və G.Melvillə birgə dünya ədəbiyyatı tarixində xüsusi yeri və çəkisi olan Amerika romantizm ədəbiyyatını yaradan Kuperin bədii yaradıcılığı demək olar ki, bu əsərlə başlanır.

Yavaş-yavaş Amerika xalqının yaranması, inkişaf etməsi və formalaşması bir sıra ictimai-siyasi və mədəni problemləri gündəmə gətirir ki, bununla da milli özünədərk prosesi güclənir və bütün bunların nəticəsində də milli Amerika ədəbiyyatının yaranması zəruriyyəti meydana çıxır. Amerika getdikcə inkişaf edir, bir dövlət kimi formalaşır, onun iqtisadiyyatı güclənir, ticarət əlaqələri genişlənir, hərbi qüvvələri və donanması yaranır. Bütün bu proseslər "Casus" romanının yaranması üçün bir zəmin olmuşdur...

Mövzusu

Bu romanın mövzusu da Amerika Birləşmiş Ştatlarının öz müstəqilliyi uğrunda apardığı müharibələr dövründən təsadüfən götürülməmişdir. Milli özünədərk, milli dövlətçilik ənənələri də elə məhz müstəqillik uğrunda aparılan müharibələr zamanında formalaşmışdır. "Casus" romanında baş verən hadisələr və burada iştirak edən qəhrəmanlar Kuper üçün çox doğma idi. Yazıçının bəzi tədqiqatçıları bu əsərin müəyyən qədər avtobioqrafik səciyyə daşıdğını da iddia edirdilər. Daha doğrusu, onların fikrincə əsərin bəzi qəhrəmanları onun arvadı Süzanın yaxın qohumlarının prototipləri olmuşdur. Həqiqətən də əsərin bir sıra qəhrəmanlarının prototiplərini Ceyms hələ gənclik illərindən etibarən yaxşı tanıyırdı. Onların bəziləri müstəqillik uğrunda müharibənin iştirakçıları olmuşdur. Belə qəhrəmanlardan biri də vaxtilə bu müharibələrdə iştirak etmiş, sonra istefaya çıxaraq Kuperin malikanəsinin yaxınlığında yerləşən Vetçesderdə öz fermasında yaşayan Con Cey olmuşdur. Kuper tez-tez bu müharibə qəhrəmanına baş çəkər, onun bu müharibə və Amerikanın ö dövrkü siyasi həyatı haqqında söhbətlərinə diqqətlə qulaq asardı.

Con Cey
Əsas məqalə: Con Cey

Con Ceyin isə danışmağa sözü yox idi. Çünki o, yalnız müharibə qəhrəmanı deyildi, o, həm də Nyu-York ştatının konstitusiyasının ilk tərtibçilərindən biri olmuşdur. Bundan başqa, C.Cey ABŞ-ın İspaniyada ilk səfiri vəzifəsində işləmiş, C.Adams və B.Franklinlə birgə 1783-cü il Versal sülh müqaviləsini hazırlamışdır. C.Cey uzun müddət ABŞ-ın xarici işlər üzrə dövlət katibi, Ali məhkəmənin ilk sədri və Nyu-York ştatının qubernatoru vəzifələrində çalışmışdır.

Bütün bunlarla yanaşı C.Cey eyni zamanda ölkənin təhlükəsizlik məsələləri ilə də məşğul olmuşdur. Prezident C.Vaşinqton onu ABŞ-ın ilk kəşfiyyat dairəsi olan Təhlükəsizlik Komitəsinin dörd üzvündən biri vəzifəsinə təyin etmişdir. Bu vəzifədə olarkən o, ətrafına çoxsaylı kəşfiyyatçılar toplamış və onlarla birgə işləmişdir.


Tarix: 16.03.2013 / 13:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 348 Bölmə: Kitablar elm