Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amaras monastırı

Amaras monastırı - Xocavənd rayonu ərazisində, Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsində mühüm rolu olmuş Müqəddəs Qriqorisin şəhid edildikdən sonra dəfn edildiyi IV əsrdə inşa edilmiş monastır.Mündəricat
1 Adın etimologyası
2 Tarixi
3 Memarlıq xüsusiyyətləri
4 Şəkilləri
5 İstinadlar


Adın etimologyası

Albaniyanın Haband mahalında yerləşirdi. V əsrə aid mənbələrdə çəkilir. V əsr erməni müəllifi Favst Buzand Amarsa (Favst Buzand, III kitab, 6-cı fəsil), Moisey Xorenasi Amare (Moisey Xorenasi, III kitab, 14-cü fəsil) kimi qeyd etmişlər. Amar adından və qədim yunan dili mənşəli "as" şəkilçisindən ibarətdir. Amar tayfasının adı Anare formasında I əsr müəllifi Strabon tərəfindn Xəzərin cənub-qərbində qeyd olunmuşdur (Strabon XI,7,1 və XI, 8,8). Bu tayfa Pars və Enian (yunan) tayfaları ilə birlikdə Qarabağa gəlib məskunlaşmışdılar. İranda Xəzərin cənub-qərbində Rəhmətabad mahalında indi Amare və Anare kənd adları vardır. Strabona görə, Anare adlı tayfa Albaniyada da yaşamışdır. Lakin onları indi pars adlandırırlar (Strabon, XI,7,1).Ona görə də adın guya ermənicə "yay istirahət yeri" mənasında olması (erməni dilində fars dilindən keçmə hami "yay" sözünə görə; Quba-Xaçmaz bölgəsində yaşayan tatlarda yay fəslinə "hami" deyirlər) fikri uydurmadır. Orta əsrlərdə həm müsəlman azərbaycanlılar, həm də xristian albanlar müəyyən bir diləklə (xüsusilə övlad arzusu ilə) ora gəlib qurban kəsirdilər. [1]

Tarixi

IV əsrdə qələmə aldığı "Alban ölkəsinin tarixi" əsərində Moisey Kalankatuklu Amaras kilsəsinin tikilməsindən bəhs edir. O, yazır ki, Haband vilayətində xristianlığı geniş təbliğ etmək məqsədilə Amaras şəhərindən memarlar, sənətkarlar və fəhlələr cəlb olunmuş, yaraşıqlı kilsə binası ucaldılmışdır. Amaras kilsəsi IX əsrdə Xaçın knyazları tərəfindən əsaslı bərpa edilmiş, XIII əsrdə isə yenidən qurulmuş, monastır kompleksinə çevrilmişdir. Alban kilsəsinə aid bu abidə hazırda Xocavənd rayonunda yerləşir.

Moisey Kalankatlının verdiyi məlumata görə Müqəddəs Qriqorisin Qafqaz Albaniyasında missionerlik fəaliyyəti faciə ilə nəticələnmiş, o qətlə yetirilmiş, Amaras monastır kompleksinin ərazisində dəfn olunmuşdur.

Memarlıq xüsusiyyətləri

Monastır kompleksi Müqəddəs Qriqoris bazilikasından, yeraltı hissədən, yaşayış və təsərrüfat tikililərindən və daşdan tikilmiş qala divarından ibarətdir. Plan baxımından məbəd düzbucaqlıdır (14x23 metr). Məbədin daxili sıra ilə iki-iki yerləşmiş dörd naxışlı sütunla üç nefə ayrılmışdır. Məbədin daxilindəki mərkəzi nef genişdir, Şərq tərəfdən yarımgünbəzlə örtülmüş, bir qədər qaldırılmış səcdəgah absidası ilə başa çatır. Mərkəzi nef daha ucadadır, çatma tağla örtülmüşdür. Məbədin daxilindəki iki yan nef ensizdir, kiçik otaqlarla başa çatır və silindrik tağlarla örtülmüşdür.

Məbədin ön hissəsi yaxşıca cilalanmış daş bloklarla üzlənmişdir. Abidənin damı qoşaçatılıdır. Məbədin qərb hissəsində çadır örtüklü, altısütunlu kiçik zəng qülləciyi vardır. Qapı oyuğu qərb divarında düzəldilmişdir. Şimal tağı üzərində xaç həkk edilmişdir. Məbədin səcdəgah absidasının altında tağla örtülmüş yeraltı "məbəd" binası (2x4 metr ölçüdə) yerləşir. Yeraltı "məbəd"ə hər iki tərəfdə yerləşmiş daş pillələrlə enirdilər. Şərq divarında qapı oyuğu vardır. Mənbələrdə qeyd edilir ki, yeraltı "məbəd" V əsrdə tikilmişdir. Monastır plan baxımından düzbucaqlı olan, bucaqlı qüllələrə malik qala divarı (57x88 metr) ilə əhatələnmişdir. Yarımdairəvi tağlı qapı oyuğu cənub divarındadır.

Monastırın həyəti iki qismə ayrılmışdır. Birinci hissədə (13x44 metr) təsərrüfat binaları və tövlələr yerləşir. İkinci həyətdə (44x55 metr) məbəd və onun ətrafında yaşayış tikililəri mövcuddur. Yaşayış və təsərrüfat binaları qala divarına tamamilə yanaşmışdır. Buna görə də həmin binaların damları cinah qüllələrinin yanındakı pillələr vasitəsilə divarlara və qüllələrə qalxmaq, ətrafı müşahidə etmək, atəş mövqelərinin yardımı ilə müdafiə olunmaq imkam yaradırdı. Yaşayış və təsərrüfat tikililəri yaxşı yonulmuş daşlardan inşa edilmişdir.

İnteryerdə divarlar freskalarla bəzənmişdir. Bunu, freska rəsminin qalıqları təsdiq edir. Tikilinin yuxarı hissəsində orta nefin pəncərələrindən yaxşı işıqlanan daş üzərində dekorativ oyma vardır.

Bu abidə dəfələrlə yenidən qurulmuş, təmir olunmuş, lakin onun ilkin formaları əsasən qalmışdır.

Bu tikili Albaniya bazilikalarının yeni tipinin formalaşdığını göstərir. Amaras monastırı ərazisində yerləşən Müqəddəs Qriqoris kilsəsi V əsrin sonu - VI əsrin əvvəlinə aid olunan, Kaxetiyada yerləşən Katsaret gürcü bazilikası ilə eyniyyət təşkil edir.

Bazilikanın ətrafında dördbucaq formalı 4 cinah qülləsi olan qala divarı tikilmişdir.


Tarix: 09.03.2013 / 23:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 396 Bölmə: Kilseler
loading...