beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin xəyallarındakı həyat yoldaşı kimdir?

Son zamanlar Azərbaycanda da yeni nikahlar qurulduqdan bir neçə il ərzində pozulur. Bunlar nəyə görə baş verir? Kimdən soruşsan, bu qəliz sualın cavabını biləcək. Cavablar hər dəfə bənzər və fərqli olurlar. Kişilər qadınları, qadınlar isə kişiləri günahlandırır.

Bəlkə, bu məsələdə heç kim günahkar deyil? Bəlkə, qadınlar real olmayan, yalnız xəyallarında canlandırdıqları kişiyə ərə gedirlər? Kişini olduğu kimi yox, istədikləri kimi görməyə çalışırlar. İdeallarında təsəvvür etdikləri kişi reallıqda xəyyalların boz rəngli əksidir.

Evliliyin ilk aylarında hər şey əla olur. Ancaq xoşbəxtliyin ilk sərxoşluğu tezliklə keçir. Reallıq tezliklə özünü göstərməyə başlayır. Məlum olur ki, ərə getdiyiniz adam heç də xəyallarınızda olan biri deyilmiş. Bir zamanlar o, hər görüşünüzə əllərində çiçəklərlə gəlirdi. Sonradan isə vəziyyət dəyişir.

Heç şübhə etməyin ki, əriniz də sizin düşündüklərinizin eynisini düşünür. Axı onun da sizin haqda düşündüklərinin çoxu reallıqla üst-üstə düşməyib... Siz də onun xəyallarında canlandırdığı ideal deyilsiniz. Sizə maraqlıdır ki, o, sizi necə təsəvvür edirdi? Bəlkə, öyrənməyiniz sizə yardımçı oldu? Xüsusilə də həmin ideal sizə çox yaxındırsa.

Belə bir eksperimentin keçirilməsində pis bir şey yoxdur. Həyatınız onsuz da bir oyundur və siz həmin oyunda öz rolunuzu ifa edirsiniz. Aktyorluq qabiliyyətləri qadınların çoxunun qanındadır. Təbii istedadı xoşbəxtlik üçün nəyə görə istifadə etməyəsiniz ki?

Beləliklə, kişilər öz arvadlarını necə görmək istəyirlər?

Statistik sorğular birmənalı deyil. Kişilər tamamilə bir-birinə zidd fikirlər səsləndirirlər. Cavablara uyğun olaraq, kişilərin qəlbini yaralayan bir neçə ideal qadın obrazı yaratmaq olar. Siz özünüzə və həyat yoldaşınıza daha uyğun olan obrazı seçin. İnanılmaz yeniliklərin şahidi olacaqsınız.

Ərinizi sevirsiniz. Bəs onun arzuladığı bir qadın ola bilərsinizmi? Əlbəttə... Sadəcə olun.

Ev xanımı

Əgər statistikaya inansaq, kişilərin əksər hissəsi öz qadınlarını belə görmək istəyirlər. Kişi düşüncəsi qadınlarla müqayisədə daha konservativdir. Onların düşüncələrinin dəyişməsi üçün onilliklər, bəlkə də yüzilliklər gərəkdir. Nə qədər özlərini müasir göstərməyə çalışsalar da, içlərində bir "köhnə kişi" yaşayır.

Belə kişilərin arzularını reallaşdırmaq çox sadədir. O işdən evə gələn kimi dadlı şam yeməyi ilə qarşılanır. O işləyib pul qazandığı bir vaxtda, qayğıkeş xanımı evlə, uşaqlarla məşğul olur. Onu gündəlik əhəmiyyətli işlərdən – qəzet oxumaq, televizorda futbol matçına baxmaq kimi işlərdən ayırmır.

Hər bir halda, nəslin artırılması qadının çiyinlərinə düşən məsuliyyətdir. Burada kişinin də öz rolunu hiss etməsinə imkan yaradın.

Bu seçimi etməklə irəliləyiş olarsa, fantaziyaları da işə salmaq lazımdır. Əsas olan əldə edilənlərlə kifayətlənməməkdir. Elə edin ki, sevdiyiniz kişini hər zaman evdə nəsə özəl bir şey gözləsin. Dadlı şirniyyatlar bişirə bilirsiniz? Bu bacarığınızdan yararlanın.

Bütün qadınlar fərqlidirlər, lakin hər bir kişi öz evində biznes-ledi, model, müğənni və s. deyil, məhz ev xanımı görmək istəyir. İlk növbədə ev xanımı olmaq lazımdır ki, sonradan sevgili olmağı da bacarasınız. Necə deyərlər, kişinin ürəyinə gedən yol mədəsindən keçir. Ancaq bu yol sizin ərinizlə münasibətlərdə yaxşı effekt vermirsə, digər vasitələr də qalır hələ.

Məşuqə olmaq
Yeknəsəklik və darıxmaq evlilik münasibətlərinin ən böyük düşmənidir. Statistikaya görə, kişilərin çoxu öz qadınları ilə darıxdıqları üçün sağa-sola baxırlar. Niyə ərinizin məşuqəsi elə özünüz olmayasınız ki?

Bunu necə etmək olar? Təsəvvür edin ki, indi işdən evə əriniz yox, məşuqunuz gələcək. Onda necə olardı? Bacardığınız ən dadlı yeməyi bişirin, ən cazibədar paltarınızı geyinin, mənzildə müəmmalı və həyəcanlı bir atmosfer yaradın. O evə daxil olduqda üzünüzdə səmimi təbəssüm olsun. Ondan nəyə görə nəsə almadığını soruşmayın. Məişət qayğılarını unudun və yalnız ikiniz barədə düşünün.

Əlbəttə ki, həyat yoldaşınız təəccüblənəcək. Axı o sizi məşuqəsi deyil, həyat yoldaşı bilir. Ancaq siz etdiyinizdə qərarlısınız.

Ən qeyri-adi üsulla eksperiment keçirməkdən imtina etmək lazım deyil. Həm özünüz, həm də onun üçün ən gözlənilməz nəticələr əldə edə bilərsiniz. Bir neçə illik evlilik həyatından sonra siz bir-birinizi yenidən tanıya bilərsiniz. Şübhə etməyin.

Bunu heç olmasa bir dəfə sınayın. Ən azından evlilik həyatınızın düşməni olan darıxmaq olmayacaq.

Qayğıkeş ana olmaq
Ən mükəmməl kişinin belə çatışmazlıqları var. Bəziləri patoloji şorgözdürlər. Həyatlarını daimi xəyanətdən kənar təsəvvür edə bilmirlər. Siz isə onun siyahısında (ən yaxşı halda) futboldan sonra şərəfli ikinci yeri tuta bilərsiniz. Digər tərəfdən 30-40 yaşlarında o, hələ də müstəqil olmağı öyrənməyib. Evlilik münasibətləri üçün hələ də böyüməyib. Maddi cəhətdən özünü təmin etsə də, psixoloji yetkinlikdə onun problemləri ola bilər.

Əgər yuxarıda sadalananlar sizin həyat yoldaşınıza aiddirsə, deməli, tərbiyəsi ilə əsasən, anası məşğul olub. Atası ya ümumiyyətlə, olmayıb, ya da ki, övladının tərbiyəsinə ciddi fikir verməyib. Ona görə də qadınlarla münasibətlə bağlı stereotipi ona ötürə bilməyib. Ana qadın olduğu üçün övladına məhz kişi keyfiyyətlərini öyrədə bilməyib. Belə kişilərin elə qadına ehtiyacları var ki, həmin qadın ona ana kimi qayğı göstərsin. Sizin güclü analıq instinktləriniz olmalıdır. Əgər belə etməsəniz, əriniz hər zaman ona analıq qayğısı göstərə bilən başqa bir qadın axtaracaq.

Bu cür kişilərlə daha diqqətli olmaq lazımdır. Bununla belə, həmin kişiləri əldə saxlamaq çox asandır. "Əzizim, sənədlərini unutmadın ki?", "Sənin üçün hazırladığım naharı götürdünmü?" və bu kimi qayğılar bəzən kifayət edir. Əriniz ilə bu cür münasibət qursanız çox faydalı olacaq.

Elə kişilər də var ki, özlərinə kifayət qədər əmin deyillər. Özlərinə olduğundan aşağı dəyər verirlər. Onlar hər zaman şüuraltı olaraq özlərini başqa kişilərlə müqayisə edirlər. Çox vaxt da belə müqayisələr zərərli olur. Belə kişilərin ehtiyacı olan xanımlar özlərini elə aparmalıdırlar ki, kişi sanki onların tanrılarıdır. Qadın belə kişinin ləyaqətini zərrə qədər də şübhə altına salacaq heç nə etməməlidir.

Belə kişilər haqqında hər zaman xoş sözlər danışmaqla, onu özünüzə ram edə bilərsiniz. Misal üçün, "O çox diqqətli və qayğıkeşdir", "Mənim həyat yoldaşım çox əməksevərdir", "Qızı ilə oynayanda çox gözəl görünürlər" və bu kimi təriflər söyləmək onun üçün faydalıdır. Özünüzdən nəsə uydurmağa ehtiyac yoxdur. Sadəcə, gördüyünüz müsbət cəhətləri dilinizə gətirin.


Tarix: 22.11.2014 / 23:49 Müəllif: Aziza Baxılıb: 202 Bölmə: Kişiler haqqında