beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik zamanı diş problemləri

Hamiləlik zamanı böyüyən uşağa çoxlu miqdarda kalsium mikroelementi tələb olunur. Bu kalsium uşağın skeletinin formalaşması üçün lazımdır.
Qadın daim qida ilə kifayət qədər kalsium almalıdır, həkimin məsləhəti ilə tərkibində kalsium olan vitamin-mineral kompleksləri qəbul etməlidir.
Lakin bir çox hallarda hamilə qadının orqanizmində müxtəlif səbəblərə görə (natamam qidalanma, kalsiumun mədə-bağırsaq sistemi tərəfindən kifayyət qədər mənimsənilməməsi və s.) kalsiumun çatışmazlığı yaranır. Bunun nəticəsində uşağın orqanizminin formalaşmasına lazım olan kalsium qadının sümüklərindən və dişlərindən "yuyulmağa" başlayır. Məhz bu səbəbdən bir çox qadınlarda hamiləlik zamanı karies yaranır.
Bundan əlavə hamiləlik zamanı ağız suyunun tərkibi də dəyişilir ki, orada qoruyucu maddələrin miqdarı azalır. Bu da öz növbəsində kariesin yaranması üçün çox "əlverişli" şərait yaradır.
Hamilə qadınların əksəriyyəti fikirləşir ki, bu dövrdə dişləri müalicə etmək "ziyanlıdır". Lakin bu çox səhv fikirdir. Nəticədə qiymətli vaxt itkisi baş verir ki, müalicə olunmayan karies dişi tam məhv edir.
Adətən hamilə qadınlarda dişlərin müalicəsi 2-ci və 3-cü üçaylıqlarında həyata keçirilir. Hamiləliyin 1-ci üçaylığında müalicə yalnız ekstremal vəziyyətlərdə aparıla bilər - güclü diş ağrısı, güclü iltihab və s.
Buna yol verməmək üçün stomatoloqlar qadınlara hamiləliyin planlaşdırması dövründə profilaktik olaraq müayinədən keçməyi və lazım olduqda dişləri və damaqları müalicə etməyi tövsiyə edirlər. Hamiləlik zamanı qadın adi vaxtlarla müqayisədə dişlərinə daha diqqətli qulluq etməlidir, xüsusi yaxalayıcılardan və flosdan (xüsusi diş sapı) istifadə etməlidir. Hamiləlik zamanı hamiləliyin əvvəlində, ortalarındə və doğuşa yaxın mütləq stomatoloqun müayinəsindən keçmək lazımdır.
Əgər heç nəyə baxmayaraq, hamilə qadında karies və ya qinqivit (damaqların iltihabı) inkişaf edibsə, müalicəni sonraya saxlamaq olmaz. Kariesli diş və qinqivit orqanizmdə olan daim infeksiya mənbələridir. Bu infeksiya isə qida ilə qadının mədə-bağırsaq sisteminə düşür, oradan da qana sovrulur. Bu isə həm qadının, həm dölün səhhətinə mənfi təsir edə bilər.
Hal hazırda hamilə qadınlarda kariesin müalicəsi heç bir problem yaratmır. Bir çox hallarda bu zaman hətta anesteziya (ağrısızlaşdırma) tələb olunmur. Həkim dişin dağılmış hissələrini mexaniki (bormaşınla) xaric edir və daha sonra dişə plomb qoyur. Bütün bu manipulyasiyalar hamilə qadın və döl üçün tam ziyansızdır.
Bəzi hallarda dişlərin müalicəsi zamanı anesteziya tələb olunur. Bir çox qadınlar anesteziyanı ziyanlı hesab edərək müalicədən imtina edirlər. Lakin bir çox müasir anestetiklər yalnız yerli təsir edərək ciftdən keçmir və döl üçün tam ziyansızdır.
Əgər hamiləlik zamanı dişin xaric olunması tələb olunursa, narahat olmayın. Bu manipulyasiya da yerli anesteziya ilə keçirilir və heç bir təhlükə yartmır. "Ağıl dişlər" istisnadır. Bu dişlərin xaric olunması stomatoloqlar adətən doğuşdan sonrakı vaxtına keçirdir.
Dişlərin müalicəsi zamanı bir çox hallarda rentgenin istifadəsi tələb olunur. Hamilə qadınlar isə rentgendən çəkinir. Lakin hal hazırda stomatoloqalar müasir radivizioqraf apparatları istifadə edir ki, bu apparatlarda şüalanma dozası adi stomatoloji rentgnen apparatları ilə müqayisədə dəfələrlə azdır. Bundan əlavə rentgen müayinəsi zamanı hamilə qadınlar üçün xüsusi ehtiyat tədbirləri görülür - qarın hissəsi xüsusi qurğuşun lövhə ilə örtülür.
Hamiləlik zamanı dişlərin implantasiyası və ağardılması həyata keçirilmir.


Tarix: 23.11.2014 / 21:57 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Hamiləlik