beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailədə münasib tərbiyə metodları

Valideynin mühüm vəzifəsi övladını müxtəlif sahələr üzrə düzgün tərbiyə etməsidir. Tərbiyə məsələsini müxtəlif inkişaf mərhələlərinə uyğun həyata keçirmək lazımdır. Aydın məsələdir ki, valideyn və ailədəki mühit uşaq üçün ən yaxşı tərbiyəçi və müəllimdir. Valideynin övladlarla kəmiyyət və keyfiyyət nöqteyi-nəzərindən əlaqəsi fərdi əlaqədir, başqa ibarətlə desək: uşaq valideynlə qurduğu əlaqə və ünsiyyəti başqa heç kimsə ilə qurmur. Onunla valideyn arasındakı səmimi dostluq əlaqələrinin ikinci əvəzedicisi yoxdur. Valideyn düzgün tərbiyə üsullarını öyrənib həyata keçirsə istənilən müəllim və tərbiyəçidən daha çox müvəffəqiyyət qazana bilər. Uşağın düzgün tərbiyə edilməsinə təsir göstərən amillər aşağıdakılardan ibarətdir:

1. Təlim

2. Ülgü (örnək) göstərmək

3. Təşviq və tənbeh

Öncə təlim haqqında, digər iki amil haqqında isə sıra ilə gələcək yazılarımızda məlumat verəcəyik. Təlim ən yaxşı tərbiyə üsullarından biridir və çox vaxt sözlə həyata keçir. Uşağa bir çox əxlaqi, elmi və ictimai məsələlərin öyrədilməsi yalnız uşaqla birbaşa danışmaqvə öszlərin təlimi yolu ilə mümkündür. Bəzən bu üsula “Öyüd-nəsihət yolu ilə tərbiyə” üsulu da deyilir. Sözlə təlim sahəsi olduqca genişdir. Bu üsulda bir neçə məsələyə xüsusi diqqət etmək lazımdır:

Birincisi: Sözlər uşağın dərk edəcəyi şkildə deyilməlidir. Yəni valideyn uşağın qavrama səviyyəsinə diqqət edərək onunla söhbət etməlidir. Bildiyimiz kimi, peyğəmbərlər belə insanları ağıl və düşüncə səviyyələrinə uyğun olaraq təlimləndirmək üçün seçiliblər. İslam peyğəmbəri bu haqda buyurur ki, uşaqla danışarkən özünüzü onun səviyyəsinə endirməlisiniz. (Hürr Amuli, “Vəsailş-şiə”, c. 15, səh: 103)

Uşaqla danışarkən onun səviyyəsindən yüksək sözlər işlətmək onu daha da çaşdırır və uşaq səhvlərə daha çox yol verir. Səmimi hisslərinizi bildirərkən də bunu nəzər-diqqətinizdə saxlamalısınız, əks təqdirdə uşağın bu mövzuda da mənfi hisslərə qapılması mümkündür.

İkincisi: Valideyn öz övladına bir şeyi təlim vermək və ya öyrətmək istədikdə həmin mövzu haqqında əhatəli məlumata sahib olmalıdır. Yoxsa övladını yanlış yola sürükləyər və övlad valideynin təlim verdiyi mövzu ilə əlaqədar səhvlərini dərk edib, ona etimadsızlıq göstərər. Mövzunu ətraflı öyrəndikdən sonra aydın şəkildə bəyan etmək lazımdır.

Üçüncüsü: Danışıq tonu mülayim olmalıdır. Cümlələr, kobud, kəskin və əmrvari olmamalıdır. Hətta Quranda peyğəmbərin insanlarla mülayim danışıq və rəftarı bir Allah lütfü kimi dəyərləndirilir və bildirilir ki, əgər Peyğəmbər kobud olsa ətrafından hər kəs dağılıb gedərdi. (Ali-İmran (3) surəsi, ayə 159) Valideynin uşaqla əsəbi, qışqıraraq danışması düzgün deyil. Müxtəlif inkişaf mərhələlərini keçərək müstəqillik qazanmağa can atan uşağa nəyisə birbaşa əmr edib, nədənsə çəkindirmək heç nəyi həll etmir. Uşağın yerinə yetirməli olduğu işi sualla da icra etdirmək olar. Məsələn: “Dişlərini fırçala!” əmrinin yerinə “Dişlərini fırçalamısanmı?” sualı uşağa daha çox təsir qoyar.

Dördüncüsü: Valideyn verdiyi nəsihət və etdiyi tövsiyələrə ilk növbədə özü əməl etməlidir ki, uşaq valideynin sözləri ilə əməlləri arasındakı uyğunluğu görsün. Əks təqdirdə, uşaq valideynin tövsiyələrinə soyuqqanlılıqla yanaşıb, valideynin sözünəmi, yoxsa rəftarınamı tabe olmaq arasında şəkk edəcək. Sözlər uşağın valideynin üzünə qayıtmasına səbəb olacaq şəkildə deyil, eyhamla deyilməlidir.


Tarix: 08.01.2013 / 11:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 769 Bölmə: Hamiləlik