beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nərminə Məmmədova

Nərminə Məmmədova - müğənni.

Həyatı

Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi; burada iri torpaq sahibi İsmayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoyurlar. Çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər.

Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər - o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).

Bu evlərindən Nərminə 132 saylı məktəbdə oxumağa gedir. Lakin atasının həbsi ilə bağlı məktəbdən çıxmalı olur. Bir də qayıdıb 1946-cı ildə təkrar məktəb qapılarından girib orta təhsilini tamamlayır. 13 yaşından etibarən Pionerlər Evinə yazılır, məşqlərdə iştirak edir, Radiodakı əmək fəaliyyəti də tez başlayır. 1963-cü ildə Radionun Ərəb dilində verilişlər şöbəsinin əməkdaşı Sinan Səidlə birgə oxuduqları Kərkük mahnıları lentə alınır. Bakı Dövlət Universitetinin (o zamanlar ADU) Filologiya fakültəsinə daxil olur, professor Cəlal Quliyevdən, Əlövsət Abdullayevdən, Mir Cəlal, Ağamusa Axundov, Yusif Seyidov kimi tanınmış alimlərdən dərs alır. 1967-ci ildə universiteti bitirir.

Atası Ağası bəy də sürgünündən geri qayıdıb gəlir.

Nərminə öz müasiri olan demək olar ki, bütün müqtədir bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa etmişdi. Nərminənin oxuduğu "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin..." , "Habelə", "Aman ovçu", "Nar-nar" böyük məşhurluq qazanmışdır.

60-cı illərin əvvəllərində ailə qurur - nəcib bir ailədən olan ziyalı bir şəxslə Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli-indi tibb elmləri doktoru, professor) doğulur.

Nərminə Məmmədova 1997-ci il martın 27-də ürək xəstəliyindən vəfat etmişdir.


Tarix: 22.01.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Bəstəkarlar Və Müğənnilər