beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah İsmayıl Xətai Həyatı

Həyatı
Şah İsmayıl 1487-ci il 17 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.

1488-ci il 9 iyulda atası Şeyx Heydər Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbsdə 5 il saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Baysunqur Mirzəyə qarşı yürüşdə Sultanəli də Rüstəm Mirzə ilə birlikdə çıxış etdi. Əhər yaxınlığındakı bu döyüş Rüstəm Mirzə ilə Səfəvilərin birləşmiş qüvvələrinin qələbəsi ilə nəticələnir. Baysunqur öldürüldü. Sultanəli qələbə ilə Təbrizə qayıtdı. Ərdəbildə Səfəvi tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya saldı. Onlara qəsd təşkil edildi. Qəsdin üstü açıldı. Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi tərk edərək Ərdəbilə doğru irəlilədi. Rüstəm onların arxasınca 5 min süvari göndərdi. Döyüş başlanana qədər Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəviyyə ordeninin başçısı kimi xələfi təyin etdi. Qardaşlarını Ərdəbilə yola saldı, özü isə düşmən tərəfə döndü. Şəməsi adlanan yerdə (Şəməsi döyüşü) döyüşdə (1494) qızılbaşlar məğlub oldular. Sultanəli həlak oldu.

1494-1495-ci illərdə Rüstəm yenidən Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etdi. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olan kimi, Səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Lakin qızılbaş tərəfdarları şahzadələri, xüsusən İsmayılı xilas edə bildilər. Səfəvi müridləri İsmayılı Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayına apardılar.

Rüstəm Mirzə dəfələrlə Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O isə İsmayılı zənbildə sıx yarpaqlı ağacdan asdı və Qurana and içib onun Gilan torpağında olmamasını 300 süvari ilə gəlmiş Qasım bəyə bildirdi.

Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.

İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan(Qaradağ vilayəti), Ərdəbildən yanına çoxlu tərəfdar gəlir, onunla həmrəy olduqlarını bildirirlər. Ağqoyunlularla döyüşdən qabaq Şah İsmayılın dilə gətirdiyi belə bir söz var idi ki, "Ölümə gedən yolda qalibiyyət yoxdursa, ölüm vardır!"


Tarix: 21.01.2015 / 13:23 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Azərbaycanlı sülalələr