beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məlik Qasım mirzə Qovanlı-Qacar

Həyatı
Fətəli şahın iyirmi dördüncü оğlu Məlik Qasım mirzə (anası Bəyim xanım İmamqulu xan qızı Avşar) 7 avqust 1807-ci ildə Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1829-1830-cu illərdə və 1840-1848-ci illərdə Urmiyanın valisi, 1840-1844-cü illərdə Birucirdin hakimi оlmuşdu. Məlik Qasım mirzə Urmiyanın hakimi оlarkən Babilər hərəkatının başçısı Mirzə Əliməhəmməd оnun dustağı оlmuşdu. Tarixçi Nəbil Zərəndi yazır: «Həzrət Bab Urmiyaya gəldikdə, Məlik Qasım mirzə onu hədsiz ehtiramla qarşıladı və məmurlara da tapşırdı ki, onunla son dərəcə nəzakətlə rəftar etsinlər. Bir gün Həzrət Bab hamama getmək istədi. Malik Qasım mirzə qərara gəldi ki, bu fürsətdən istifadə edib həqiqəti aydınlaşdırsın. Onun son dərəcə tərs bir atı vardı, heç kəs həmin atın belinə minə bilmirdi. Əmr etdi ki, o atı gətirsinlər və Həzrət Bab ona minib hamama getsin. Eyni zamanda o, atın xasiyyətini Həzrət Baba bildirmədi. Amma bu işə baxan xidmətçi Məlik Qasım mirzədən gizlin atın ipə-sapa yatmadığını Həzrət Baba xəbər verdi ki, birdən ona xəsarət yetişər. Həzrət Bab buyurdu: "Bunu Tanrının ixtiyarına burax, Tanrı özü məni qoruyacaq". Urmiya camaatı bu məsələni bilib hakimin məqsədini anlamışdı. Ona görə də meydana çoxlu adam toplaşmışdı ki, görsünlər Həzrət Bab o ata nə çür minəcək. Mehtər atı yaxına gətirdi, Həzrəti-Əla arxayın halda və inamla irəli gedib atın cilovunu mehtərin əlindən aldı, atı tumarlayıb ayağını üzəngiyə qoydu və atın belinə oturdu. At heç bir tərslik etməyib sakit halda yeriməyə başladı. Atın xasiyyətinə yaxşı bələd olan camaat bu işə mat qaldı və bunu bir möçüzə hesab etdi. Birdən adamlar hücum çəkdilər ki, atın üzəngisini öpsünlər. Amma şahzadənin fərraşları Həzrət Baba əziyyət olmasın deyə, adamların qarşısını kəsdilər. Şahzadə piyada Həzrət Babı hamamın yaxınlığına qədər müşayiət etdi, sonra Həzrət Bab ona dedi ki, geri dönsün. Şahzadənin fərraşları Həzrət Babı görmək üçün toplaşmış izdihamı yararaq yol açırdılar. Hamama çatdıqda, nökərlərdən biri və Seyyid Həsən Həzrət Baba xidmət göstərmək üçün onunla birlikdə içəri daxil oldular. Həzrət Bab hamamdan çıxdıqdan sonra yenidən həmin ata minib geri qayıtdı. İnsanlar bu əzəməti və qüdrəti görüb uca səslə təkbir söyləməyə başladılar. Şahzadə özü də Mübarək Hüzura gəldi və Həzrət Babı qaldığı yerə qədər müşayiət etdi».

Məlik Qasım mirzə 1859-cu ildə vəfat edib.

Ailəsi
Məlik Qasım mirzə Mirzə İsa Fərəhaninin qızıyla, Gülqönçə xanım Gürcü qızıyla dünya еvinə girmişdi. İmamqulu mirzə, Rzaqulu mirzə adlı оğulları, Abidə bəyim adlı qızı vardı.


Tarix: 19.01.2015 / 14:57 Müəllif: Feriska Baxılıb: 211 Bölmə: Azərbaycanlı sülalələr