Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahlığı

1791-ci ildə Ağa Məhəmməd özünü İran şahənşahı elan edir, lakin bu münasibətlə nəzərdə tutduğu təntənəli mərasimi bir qədər sonraya saxlayır. O, təcili surətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görür, baş qaldıran xanları yatırır, ölkə daxilində iqtisadi və ticarət əlaqələrinin bərpa olunması üçün əlindən gələn hər şeyi edir. Lakin o, köklü inzibati-təsərrüfat islahatları keçirməyə vaxt tapmır. Qacarlarla zəndlər arasında son qanlı döyüş, 1794-cü ilin yayında Girman yaxınlığında baş verir və Ağa Məhəmmədin tam qələbəsi ilə nəticələnir. Bununla da Zəndlər nəslinin adı İran taxt-tacı tarixindən biryolluq silinir. Burada Ağa Məhəmməd şah gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim Xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahim Xəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacar İranın tabeçiliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeridir. Qoşun üç yerə bölünür: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollanır. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyil və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girir. İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağmalanıb, dağıdılır.

Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi. Və görünür, Şuşanın mühasirəsinin belə tezliklə götürülməsinə və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik köstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınların müqabilində II İraklidən hayıf çıxmaq məqsədi güdürdü. Tiflis alındıqdan sonra bir çox Azərbaycan xanı Ağa Məhəmməd şaha tabe olduqlarını bildirir. Yalnız İrəvan və Qarabağ xanları onun tabeçiliyini qəbul etmirlər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır.

Yürüşdən geri qayıdarkən Ağa Məhəmməd xan Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirir. Baxmayaraq ki, Nadirin tacqoyması da Azərbaycanın bu vilayətində keçmişdi, Qacar onun qoyduğu tacı başına qoymaq istəmir. Təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzi idi. Tacqoyma zamanı Ağa Məhəmməd şaha kiçik bir diadema (çutqabağı) və şah qılıncı da verirlər. Qılınc və çutqabağı Ərdəbildən Şeyx Səfi kompleksindən gətirilmişdi. Görünür, bununla Ağa Məhəmmədin Səfəvi hakimiyyəti ilə varisliyi rəmzləşdirilmişdi. Qacar böyük Səfəvi imperiyasını bərpa etmək arzusu ilə yaşayırdı.

O, öz dövlətində Qacarlar boyundan olanların üstün mövqeyini hər cəhdlə göstərməyə çalışırdı. Qacar öz tayfasından başqa, hakimiyyət uğrunda mübarizəsində türkmənşəli Azərbaycan tayfaları olan Əfşarlar, Xələclər, Bayatlar və Qaragözlülərin köməyinə arxalanırdı. Ağa Məhəmməd şah taxt-tacını varisi Baba xana vəsiyyət edərkən demişdi:

"Bəylərbəyi Mirzə Məhəmməd xan Dovalu-Qacarın qızını taxtın səndən sonrakı varisi Abbas Mirzəyə alarsan. Onların oğluna mənim adımı verib, Məhəmməd Mirzə çağırarsınız. Bax, o öz qanında iki böyük Qacar sülaləsinin qanını daşıyacaq. Mənim dayım Süleyman xan dövlətimiz üçün çox işlər görüb. Öz qızını onun oğluna verərsən. Onların nigahından doğulan qızı isə Məhəmməd Mirzəyə alarsan. Beləliklə, Məhəmməd Mirzədən doğulan uşaqlar hər iki tərəfdən sənin nəvələrin olar."

Buradan belə bir nəticə çıxarmaq mümkündür: Ağa Məhəmməd elə bir şahzadə istəyirdi ki, onun atası Kovanlu, anası Dovalu qacarlarından olsun. Buna görə də, sonralar Baba xanın (Fətəli şahın) varisi kimi onun gürcü qızından doğulmuş böyük oğlu yox, Abbas Mirzə seçilmişdi.

Tacqoyma mərasimindən sonra Ağa Məhəmməd şah Nadir şah Əfşarın nəvəsi Şahruxun hökmranlıq etdiyi Xorasanı fəth edir. Xorasana gedərkən Ağa Məhəmməd yenə nəzarətdən çıxmış Astrabad türkmənlərini yatırır. O, 1796-cı ildə Məşhəd darvazalarına çatanda Şahrux özü təslimçilik nişanları ilə onun qarşısına çıxır. Lakin Ağa Məhəmməd bununla kifayətlənmir. O, Nadir şahın məşhur xəzinəsini almaq tələbi qoyur. Şahrux əvvəl buna razılaşmır, lakin dəhşətli işkəncələrdən, bir qocanın başına əridilmiş qurğuşun tökəndən sonra o, Nadir şahın xəzinəsinin yerini nişan verir. Məlumdur ki, bütün müsəlman aləmində müqəddəs yer sayılan İmam Rza məscidinin sərvəti də həmin xəzinədə saxlanırdı. Üstündən çox keçməmiş Qacarın ağır işkəncələrə məruz qalmış bu sonuncu rəqibi də həyatla vidalaşır.

Rusların general V. A. Zubovun başçılığı altında Gürcüstana yürüşünə cavab olaraq, Ağa Məhəmməd 1797-ci ildə böyük bir qoşunla Qafqaza doğru irəliləyir. O, Gürcüstana yolun üstündə olan Şuşanı ələ keçirir. Qarabağ xanı İbrahim Xəlil xan Azərbaycanın şimalına qaçır. Lakin Gürcüstan yürüşü bu dəfə baş tutmur. Ağa Məhəmməd şahı onun öz qulluqçuları qətlə yetirirlər. Bir mülahizəyə görə, şaha qarşı sui-qəsdi digər Azərbaycan xanları və İranda yaşayan gürcülərlə birlikdə görkəmli dövlət xadimi, Qacarın bacarıqlı sərkərdələrindən biri Sadıq xan Şəqqaqi hazırlamışdır. Digər bir versiyaya görə isə burada əsas işi gürcü hakimlərinin əmrini yerinə yetirən Sadiq Qorci (Msxetli Andrey) görüb. Təzkirəçilərin yazdıqlarına görə, Ağa Məhəmməd gecə ikən yatağında öz qulluqçuları, gürcü Sadıq Qorci, isfahanlı Xodadad və mazandaranlı Abbas tərəfindən öldürülüb. Şah bunları hansı günahlarına görə isə səhərisi gün öldürməli imiş. Şahın oğurlanmış zinət şeyləri Sadıq xan Şəqqaqiyə verilib ki, bu da onun sui-qəsdlə əlaqəsini göstərir.

Saray tarixçisi bu hadisələrin finalını belə təsvir edir:

"Elə ki, bu cəsarətli addım və mühüm hadisə vicdan əzabı çəkməyən dələduzlar tərəfindən cinayətkarcasına həyata keçirildi, onlar şah hakimiyyətinin əlamətləri olan çutqabağını və tacı ələ keçirdilər. Bunlar müqayisəyəgəlməz incilərlə bəzənmişdi və hər dənənin qiyməti yeddi iqlimin vergisinə bərabər idi. Bundan başqa həmin başkəsənlər şahın brilyant qolçağını, düşmənlərin kökünü kəsmiş, ziqiymət daşlarla bəzənmiş qılıncını, nadir əşyalar saxlanan sandıqçasını, həmçinin "Kuhi-nur", "Dəryayi-nur", "Taci-mah" adlanan brilyantlarını, hər biri dünyanın bir hökmdarına şərəf gətirəcək qədər gözəl illüstrasiyalarla bəzədilmiş nadir əlyazmalarını apardılar."

Qatillər qacar xanımları, o cümlədən Baba xanın anası və şahın xalası tərəfindən çarmıxa çəkdirildilər. Şahın cəsədi Məşhədə aparılır və orada dəfn olunur. Onun başını Balakənə İbrahim Xəlil xana göndərirlər, orada onu şərəflə məşhur adamların basdırıldığı qəbristanlıqda torpaqa tapşırırlar. Şahın qoşunları İrana qayıdır və Qacarın qohumu Baba xan Fətəli şah adı altında şah elan olunur.


Tarix: 17.01.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 225 Bölmə: Azərbaycanlı sülalələr
loading...