beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvilərə müqavimət göstərməsi və "Gələsən-Görəsən" qalası yaxınlığında baş verən döyüşdə həlak olm

1551-ci ilin yazında Şah Təhmasib Şəkiyə yürüşə başladı və böyük bir ordu ilə gəlib Ərəşə düşdü. Burada Kaxetiya hakimi Levan da oz dəstəsi ilə qızılbaşlara qoşuldu. İlk toqquşma çox güman ki Şəki ölkəsinin sərhədində baş verdi və Bədr xan ilə Şahqulu sultan Ustaclının başçılıq etdiyi qızılbaş dəstələri "Dərvişməhəmməd xanın qarovullarını" məğlub edərək "Əmir Yusif", yaxud "Əmir Cövşən" adlı Şəki sərkərdəsini əsir götürdülər və onu Şah Təhmasibin yanına göndərdilər.

Dərvişməhəmməd xan Kiş qalasının mühafizəsini əsir düşmüş Şəki sərkərdəsinin qardaşı Mahmud bəyə tapşırıb özü "Gələsən-Görəsən" qalasına sığındı. Şəki əhalisinin bir qismi isə bir dağın başında – "Sığnaq" deyilən yerdə, qərar tutdu.

Sunduk bəy Qorçibaşı, Bədr xan və Şahqulu sultanın başçılıq etdiyi qızılbaş dəstələri Kiş qalasına, Şahqulu Xəlifə möhürdarla bəzi qızılbaş əmirlərin başçılıq etdiyi dəstələr Sığnağa və Abdulla xan ilə Kaxet hakimi Levan xanın tabeliyində olan dəstələr isə "Gələsən-Görəsən qalasına hücum etdilər.

Şəkililər inadla müqavimət göstərirdilər. Məsələn, Şahqulu xəlifə Zülqədər öz dəstəsi ilə Sığnağın yerləşdiyi dağa qalxmaq istəyərkən, əks tərəfdən açılan tüfəng atəşləri ilə geri otuzdurdu.

Qızılbaşlar döyüşə-döyüşə "Gələsən-Görəsən" qalasına yaxınlaşdılar, qala divarları yanında "sib"lər (barrikadalar) qurdular, qala divarlarına yaxından atəş aşmaq üçün bir "firəng topu"nu[16] bir dəstə ilə qala divarlarının lap yaxınlığına – dağa, qaldırdılar. Lakin birdən, gözləmədikləri halda qalanın qapısı açıldı, müdafiəçilərdən bir dəstə bayıra çıxıb topu yuxarı qaldıran qızılbaş dəstəsinə hücüm etdi və onlardan bir-neçəsini qətlə yetirib, "firəng topu"nu da özləri ilə götürərək tez-tələsik qalaya çəkildi. Nəticədə "Gələsən-Görəsən" qalasının müdafiəsi daha da gücləndi və oradan qızılbaşlara "firəng topu"ndan atəşlər açılmağa başlandı.

Kiş qalası da ciddi müqavimət göstərirdi. Həsən bəy Pənk oğlunun 1000 nəfərlik tüfəngçi dəstəsi 20 gün ərzində qalanın qərb tərəfində mövqe tutaraq qalaya atəş açırdı. Qalanın bürcünün hansısa bir dişində bir qaraltı görünən kimi, ora yüz tüfəngdən güllə atılırdı. Qalaya doğru atılan topların zərbəsindən və qala divarlarına tətbiq olunan badlicin (partlayıcının) təsirindən qalanın bir bürcünün divarının aşağısında böyük bir oyuq əmələ gəlmişdi və qızılbaşlar ora çur-çubuq yığıb od vurdular. Nəticədə bürc uçdu və ( bundan sonra – 16 may tarixdə[18],) qalabəyi Mahmud bəy qaladan bayıra çıxıb qalanın qapılarının açarlarını Şah Təhmasibin vəkillərinə təqdim etdi. Şah Təhmasibin əmri ilə bu "istehkamın bürc və barıları yerlə yeksan edildi".

Kiş qalasının təslim olması nəticəsində Şah Təhmasibin daha böyük qüvvə ilə Sığnağa hücum etməsi üçün şərait yarandı və o, doğrudan da daha çox qoşunla Sığnaq tərəfə hərəkət etdi. Səfəvi tarixçisinin təbirincə,

"Sığnaq adamları Kiş qalasının fəthindən xəbərdar olan kimi, dəstə-dəstə Şah aləm pənahın dərgahına gəldilər".

Sözsüz ki Sığnaq müdafiəçilərinin təslim olmasının əsas səbəblərindən biri də Şah Təhmasibin sabiq qalabəyi Mahmud bəyi öz yanında saxlaması idi. Yəni Şah Təhmasib Sığnaq müdafiəçilərinə əyani surətdə göstərirdi ki, "baxın, sizin hörmətli sərkərdəniz – Mahmud bəy, o, indi mənim yanımdadır və mən onu əfv eləmişəm, siz də təslim olun, sizi də əfv edəcəyəm!".

Kiş qalası ilə Sığnaq müdafiəçiləri təslim olandan sonra isə Dərvişməhəmməd xan gecə 400 nəfərlə "Gələsən-Görəsən" qalasından çıxıb qalanı mühasirə edənlərlə vuruşmağa başladı. Bu "Gələsən-Görəsən" qalasından edilən növbəti şəbxun idimi? Ya Dərvişməhəmməd xan qızılbaşların tezliklə daha böyük qüvvə ilə "Gələsən-Görəsən"ə hücum edəcəyini və bu halda da qalanın müdafiəsinin daha da çətin olacağını nəzərə alıb, gecəliklə mühasirəni yararaq qalanı vaxtında tərk etmək istəmişdi? Qızılbaş mənbəsində birmənalı olaraq Dərvişməhəmməd xanın 400 nəfərlə qaladan qaçmağa cəhd etməsi vurğulanır və həm də qeyd edilir ki həmin 400 nəfərdən 250-i qızılbaşlar tərəfindən qətlə yetirilmiş, o cümlədən, Çərəndab sultanın mülazimi Kosa Pirqulu Dərvişməhəmməd xanı öldürərək, başını kəsib Şah Təhmasibin yanına gətirmişdir. Eyni mənbədə Şah Təhmasibin öz yanında saxladığı Kiş qalasının sabiq qalabəyisi Mahmud bəyin "əsassız şübhəyə düşərək" qaçması da göstərilir və mümkündür ki "Gələsən-Görəsən"dən edilən son hücum zamanı qızılbaş ordusunda qarma-qarışıqlıq yaranmış, məhz bu zaman isə Mahmud bəy fürsətdən istifadə edərək aradan çıxa bilmişdir.


Tarix: 10.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycan xanlıqları