beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Əsədov

Həyatı
Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə orta məktəbi Zəngilan rayonunun Mincivan qəsəbəsində bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb.

1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə işləyib.

1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-68-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.

1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.

Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və “Maliyyə və kredit” fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirib.

1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.

1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.

1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. İşlədiyi müddətdə göstərdiyi işgüzarlığına, biliyinə, qabiliyyətinə görə onu Mərkəzi Komitəyə dəvət edirlər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edir.

1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir. İşlədiyi müddətdə öz təşkilatçılıq qabiliyyəti ilə təsərrüfatın bütün sahələrini ön cərgəyə çıxarır.

1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir və onun gördüyü bütün işlər yüksək qiymətləndirilir.

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Nazir işlədiyi müddətdə günlərinin çoxunu Qarabağ bölgəsində keçirir. Əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyir.

1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir. Buna baxmayaraq o yenə günlərini sərhəd zonalarında, əsgərlər arasında keçirir. Azərbaycanın sərhədlərinin bütövlüyü uğrunda mübarizə aparır. Çoxlu qəhrəmanlıqlar göstərir və xalqın gözündə həmişə olduğu kimi yüksəlir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir.

Məhəmməd Əsədov 1991-ci il noyabr ayının 20-də dövlət xadimləri ilə birlikdə öz dövlət vəzifələrini və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçur və Qarakənd səmasında dəhşətli, yaddaşlardan silinməyən və xalqımızı həmişə ağrıdan o qanlı vertolyot faciəsi baş verir. Vertolyot ermənilər tərəfindən vurulur və xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə Məhəmməd Nəbi oğlu Əsədov da qəhrəmanlıqla, faciəli şəkildə həlak olur.


Tarix: 27.01.2015 / 14:00 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Azərbaycanın müharibələri‎