beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərhad Kərimov

Bioqrafiya
Fərhad Kərimov 11 dekabr 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdır.

O, 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayır. İlk vaxtlar "Molodyoj Azerbaydjana" qəzetində müxbir kimi çalışıb. 1991-ci il, 1 oktyabr tarixindən Turan informasiya agentliyində informasiya şöbəsinin redaktoru vəzifəsini tutmuşdur. 1992-ci ildən Röyter və Assoşieyted Press agentlikləri ilə əməkdaşlığa başlamışdır. 1992-1994-cü illərdə Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlamışdır. O, həmçinin, Gürcüstan və Tacikistandakı müharibə zonalarından bir çox reportajların müəllifi olmuşdur.

Çeçenistan müharibəsi
Əsas məqalə: Birinci çeçen müharibəsi
Çeçenistanda gedən müharibə zamanı hazırladığı reportajlar ona dünya şöhrəti gətirdi. O, döyüş bölgələrində olan dəhşəti çox böyük ustalıqla lentə alaraq bütün dünyaya çatdırmağı bacarmışdı.[1] 1994-1995-ci ildə apardığı çəkilişlər Çeçenistanda baş verənlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mühüm rol oynamışdır.

Fərhad Kərimov 1995-ci il mayın 21-də Çeçenistanda çeçen üsyançılar tərəfində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəraitdə güllələnərək həlak olmuşdur. Onun cəsədini mayın 22-də yerli sakinlər tapmışdır. Bir neçə gün sonra isə qardaşı tərəfindən cəsədə baxış zamanı onun Fərhad Kərimov olduğu rəsmi şəkildə təstiq edilmişdir. Fərhad Kərimov Qroznı şəhərindən 44 km cənub istiqamətdə yerləşən Nojayurd rayonunun Şuan kəndində dəfn olunmuşur. Yalnız üç ildən sonra Fərhad Kərimovun dostlarının köməyilə onun cənazəsi vətənə gətirilərək Xırdalan qəbirstanlığında, atasının yanında yenidən torpağa tapşırılmışdır.

1995-ci ildə Fərhad Kərimov silahlı münaqişə zamanı öldürülmüş jurnalist Rori Pek adına təsis edilən müfakata layiq görülür.[2]

1996-cı ilin mayında Fərhad Kərimovun adı 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlinqton milli qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk olunmuşdur.


Tarix: 27.01.2015 / 13:59 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Azərbaycanın müharibələri‎