beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namərdqala Haqqında

Haqqında
Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Bu qala elmi ədəbiyyata Namərd qala adı ilə daxil olsa da yerli əhali qalanı daha çox Qız qalası adlandırır.

İndiki halda Namərdqalanın nə vaxt və hansı tarixi zərurət üzündən tikilməs məlum deyil[2]. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII yüzil – Eldənizlər dövrünün əsəri sayırlar[3].

Mövqeyi
Qalanın yerləşdiyi Söyüdlü kəndi sıx meşəli dağlar arasındadır. Bu yerlərin axar-baxarlı təbiəti, heyrətləndirici gözəl dağ landşaftı var. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Qala əldən -ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilmişdir. Dağ qalalarının çoxunda olduğu kimi bu qalalı dağ da silsilədə ada vəziyyəti tutur. Dağın ətəklərini iki yandan Şəmkir və Mis çayları yuyur.

Memarlıq xüsusiyyətləri
Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı vardır. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir[4]. Qalanın bucaqlarında dairəvi biçmli möhtəşəm bürclər yüksəlir. Onun əzəmətli surətinin aparıcı elementləri bu bürclərdir.

Qala sərt dağ relyefinə uyğun olaraq içəridə iki səviyyəlidir. Üst qatda, dağın ən uca yerində planda beşbucaqlı biçimli olan içqala yerləşir. Cənubdan içqalaya ondan xeyli aşağı səviyyədə olan qalanın ikinci bölümü birləşir. Plan quruluşu və memarlıq biçimləri dağlıq yerlə birlikdə qalanın müdafiəsini olduqca dayanıqlı etmişdir.

Dağ qalaları bir qayda olaraq ətrafdakı qayalardan və çay yataqlarından gətirilən daşlardan – yerli laltı materialdan inşa edilirdi. Namərd qalanın başqa dağ qalalarından bir fərqi də ondan ibarətdir ki, onun azman memarlıq kütlələri bişmiş kərpicdən ucaldılmış, divar səthləri isə bayırdan bir sıra cilalı kərpiclə üzlənmişdir. Dağ başında kvadrat biçimli kərpicdən nəhəng tikinti işlərinin aparılması qalanı tikdirən sifarişçinin geniş imkanları olduğunu, tikintiyə böyük işçi qüvvəsinin, yüksək ixtisaslı sənətkarların cəlb edilməsini göstərir. Abidədə tikinti işlərinin keyfiyyəti də olduqca yüksəkdir.

Namərd qalanın özümlü cəhətlərindən biri də içqalanın bayır səthlərində maşikulların ikiqatlı olmasıdır. Araşdırmaçılar bunu qaladakı evlərin və bürclərin içərisindəki otaqların ikimərtəbəli olması ilə izah edirlər. Divar və bürclərin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan bu iki sıra maşikullar Namərd qalanın müdafiəsini xeyli gücləndirməklə yanaşı onun görkəminə də böyük təbii gücə və təntənə gətirir.


Tarix: 29.01.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 148 Bölmə: Atabəylər hökmdarları