beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Cahan Pəhləvan

Həyatı
Səlcuqların İraq Sultanlığı əsasında XII əsrin ortalarında Azərbaycan Atabəylər dövləti yaranır. İl-Dənizin oğlu Nüsrət Əd-din Məhəmməd Cahan Pəhləvan 1175-ci ildə Azərbaycan Atabəylər dövlətinin İl-Dənizlər sülaləsindən ikinci hakimi olur. Onun zamanında bu dövlət daha da möhkəmlənərək tanınır, atabəylərin hökuməti sabitləşir.

Cahan Pəhləvan həmin sülalənin banisi Şəms Əd-Din İl-Dənizlə Mömünə xatunun (səlcuq sultanı II Toğrulun dul qadını) oğludur. O öz gəncliyini hərbi yürüş və döyüşlərdə keçirmiş və erkən yaşlarından hərbi işi, həmçinin dövlət idarəçiliyini və diplomatiya sənətini də yaxşı mənimsəmişdir. Hələ uşaq yaşlarından o, cəngavər gücünə malik olması ilə seçilirdi. Bu günə qədər də xalq arasında atasının Novruz bayramları şənliklərində keçirdiyi güləş yarışlarında onun həmişə qalib çıxması barədə əfsanələr dolaşmaqdadır. Gənc Məhəmməd üst-üstə qoyulmuş dörd mis təbəqəsini dürmək kimi bükür, bir neçə nalı eyni zamanda əli ilə əyməyi, bir yumruğu ilə atı aşırmağı, öküzü götürüb hasardan atmağı belə bacarırdı. Elə bu qeyri-adi qüvvəsinə görə onu el arasında "Cahan Pəhləvan", yəni, dünyanın pəhləvanı adlandırmışdılar. Onun oğlu Nüsrət əd-Din Əbu-Bəkr də qeyri-adi gücə-qüvvəyə və çevikliyə malik olmuşdur. O da atası kimi cəngavər turnirlərində qalib çıxırdı. Rəvayətə görə, Təbrizdə keçirilən yarışda Qara Məlik adlı bir kasıb adam ona qalib gəlir. Bu hadisə tamaşaçıları o qədər heyrətləndirir ki, Qara Məliyin adı Təbrizdəki məhəllələrin birinə verilir, bu kasıb pəhləvanın özü isə nağıl personajına çevrilir.

1160-cı ildə İl-Dəniz böyük atabəy olanda hələ 8 yaşı tamam olmamış Cahan Pəhləvanı sultanın əmir-hacibi təyin edir. Bir il sonra isə onu Rey hakimi İnancın qızı İnanc xatunla evləndirirlər. Cahan Pəhləvanın dörd oğlu və bir neçə qızı olmuşdur. Bu oğlanların ikisi – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər onun birinci arvadı İnanc xatundan doğulmuşdur. Türk qızı Qüteyb xatun ona Nüsrət əd-Din Əbu-Bəkri bəxş etmiş, adı məlum olmayan kənizdən isə Özbək adlı oğlu olmuşdur. Qızlarından Cəlaliyyənin anası Zahidə xatun Naxçıvanda yerləşən Əlincə qalasının sahibi idi. Atabəylərin xəzinəsi isə həmişə Əlincə qalasında yerləşmişdi.

Cahan Pəhləvan atasının öldüyünü eşidən kimi Sultanlığın paytaxtı Həmədandan təcili olaraq, Naxçıvana yola düşür və dövlətin xəzinəsini ələ keçirir. İraq əmirlərinin təhriki ilə səlcuq sultanı Arslan şah çoxsaylı birləşmiş qoşunların başında Azərbaycana, Cahan Pəhləvanın üzərinə yürüş edir. Ancaq yolda xəstələndiyindən geri qayıtmalı olur. Həmədana qayıtdıqdan sonra sultan şəhər rəisinin qızı ilə evlənir və Cahan Pəhləvanı özünün atabəyi təyin edərək, onu barışıq üçün yanına çağırır. Hakimiyyəti Atəbəyə verəndən az sonra sultan dünyasını dəyişir.

Arslan şahın ölümü ilə əlaqədar İmad əd-Din əl-İsfahani yazır:

"Deyirlər ki, Pəhləvan onu zəhərləyib. Çünki onun bundan sonra sağ qalmasını dövlət üçün faydalı bilməyib".

Buna baxmayaraq, araşdırıcıların bir çoxu sultan Arslan şahın atabəy tərəfindən zəhərlənməsinə şübhə ilə yanaşırlar.

Sultanın ölümündən sonra Atabəy Cahan Pəhləvan onun 7 yaşlı oğlu III Toğrulu taxta çıxarır və özünü onun Atabəyi elan edir. Öz qardaşı Qızıl Arslanı isə Azərbaycan və Aran hakimi, həmçinin ali komandan təyin edir. Cahan Pəhləvan öz oğlu Əbu Bəkrin tərbiyəsini də ona tapşırır.

Ölkə şimaldan gürcülərin hücumlarına məruz qalır. Qızıl Arslan öz qoşunu ilə onların üzərinə gedir. O, gürcüləri əzərək, xeyli qənimət qazanır. Gürcülərlə sülh bağlanır. Bundan sonra Cahan Pəhləvan qarşısında Atabəylər dövlətinə ərazi iddiaları olan Xuzistan hakimi Ay-Doğdu Şimləni və III Toğrulun taxt-taca can atan əmisi şahzadə Məhəmmədi cilovlamaq vəzifəsi dayanırdı. O, bu vəzifələrin də öhdəsindən gəlir. Açıq döyüşdə əvvəl Şimlənin, sonra isə Məhəmmədin ordusu darmadağın edilir. Birincini öldürür, ikincini – o vaxt Xuzistanda yaşayan Məhəmmədi isə qalaya salır. Şahzədə ilə döyüş Pəhləvanın əsl sərgərdəlik istedadını üzə çıxarır. Atabəy şahzadənin öz qoşunu ilə İsfahana girdiyini eşidən kimi ildırım sürəti ilə oraya gedir və beşcə gün sonra hadisələrin belə tezliklə onun əleyhinə çevriləcəyini gözləməyən Məhəmməd gözünü açıb görür ki, qoşunu darmadağın olub. Bu hadisələrdən sonra salnamələrdə də yazılan kimi, atabəy Pəhləvanın ölkəsi (rəqiblərdən) azad oldu və o, dövlətin taxtına yiyələndi.1175-ci ildə Cahan Pəhləvan Təbrizdə də hakimiyyəti əlinə alır.

Akademik Ziya Bünyadovun yazdığına görə, "Atabəy Cahan Pəhləvanın inzibatçılıq bacarığı və sərt tələbkarlığı nəticəsində dövlət idarəçiliyinin bütün şəbəkəsi möhkəm nizam-intizama tabe edildi. Atabəyin onillik hakimiyyəti dövründə ölkə xaricdən heç bir təzyiqə məruz qalmadı. Məhz onun hakimiyyəti dövründə gürcülər onun tələblərini qəbul edərək, onunla sülh bağladılar."

Cahan Pəhləvanın dövləti nəhəng bir ərazini tuturdu. O, dövləti oğlanları arasında bölüşdürmüşdü. Qızıl Arslanın yetirməsi olan Əbu Bəkri özünün varisi elan etmiş, Azərbaycan və Aranın idarəçiliyini ona tapşırmışdı. Rey və İsfahan Qutluq Mahmud və Əmir Mirana, Həmədansa Özbəyə verilmişdi.

Atabəy hakimiyyəti möhkəmləndikdən az sonra onunla Xarəzmşah Tekiş arasında dostluq münasibətləri yaranır. Bizə Xarəzmşah Tekişin "İraqın böyük atabəyi Şəms əd-Dövlə və-d-Din Pəhləvana" yazdığı məktublardan cəmi dördü çatmışdır. Bunların birində (avqust, 1181-ci il) deyilirdi ki, atabəyə hədiyyə göndərilmiş şunqar quşu ilə məktub ona göndərilir və təəssüf edilir ki, "cənabi-Humayun" padşah öz səfirlərinin sayını azaltmışdır. Digər bir məktubda Xarəzmşah xahiş edir ki, onun hədiyyələrini qəbul etsin, belə ki, "bu hədiyyələr səmimi qəlblə göndərilib. Xarəzmşah ümid etdiyini bildirir ki, həmişə onların arasında sevinc qapıları açıq, şübhə qapıları isə bağlı olacaq."

Sultanlığın qərb sərhədlərində Cahan Pəhləvanın hakimiyyətinin sonlarına doğru Əyyubilər sülaləsinin banisi, səlib yürüşlərinin tanınmış qəhrəmanı, Misir və Suriya hakimi Səlah əd-Din Yusif böyük fəallıq göstərirdi. Böyük təmkin və diplomatik bacarıq göstərməsi nəticəsində Cahan Pəhləvan Səlah əd-Dinlə ciddi qarşıdurmadan yayınaraq, Sultanlığın qərb sərhədlərinin bütövlüyünü qoruyub saxlaya bildi.

Xilatı Səlah əd-Dinin hücumundan qorumaq üçün "Azərbaycandan, Həmədandan və Şərqdən" olan qoşunlarla oraya gedən atabəy yolda xəstələnir və ən yaxşı həkimlərin səylərinə baxmayaraq, 1186-cı ilin martında Həmədanda rəhmətə qovuşur. Onun cəsədini Zahidə xatunun iqamətgahına -Əlincə qalasına gətirir və orada torpağa tapşırırlar.

Cahan Pəhləvan elm və mədəniyyət xadimlərinə hər cür himayədarlıq göstərirdi. Onun sarayında bütün Yaxın və Orta Asiyadan gəlmiş şair, alim, həkim və memarlara rast gəlmək olardı. Misal üçün, böyük Azərbaycan şairi Xaqani Şirvani Şirvandan qaçıb onun himayəsinə sığınmışdı. Dahi Azərbaycan şairi Nizami Gəncəvi isə özünün "Xosrov və Şirin" poemasını Toğrula, daha dəqiq desək, Cahan Pəhləvana həsr etmişdi. Cahan Pəhləvanın dövründə Naxçıvan, Gəncə və Təbriz kimi şəhərlər xeyli inkişaf etmişdi.

Haqqında deyilənlər
"Dövranın hakimi Atabəy bütün.
Kəsmişdir dünyadan kökünü zülmün."

Nizami Gəncəvi


Tarix: 29.01.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 302 Bölmə: Atabəylər hökmdarları