Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl Arslan

Həyatı
Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdu. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, on ilə yaxın bir müddətdə dövləti o idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadından – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu. Həmədan Özbəyə verilmişdi. Rey, İsfahan və İraqın qalan hissələri isə İnanc Mahmud və Əmir Əmiran Ömər arasında bölüşdürülmüşdü.

Cahan Pəhləvan bütün bunları ölkəni və burada özünün qoyduğu qayda-qanunları qorumaq məqsədilə etmişdi. Lakin ölkədə daxili çəkişmələrə son qoymaq məqsədilə o, təkəbbürlü əmirləri öz şəxsi əmirləri ilə əvəz etmişdi, çünki onlar bir qədər möhkəmləndikdən və atabəyin ölümündən sonra idarə olunmaz bir qüvvəyə çevrilə bilərdilər. Akademik Ziya Bünyadov İbn İsfəndiyarın belə bir hekayətini misal gətirir: "Atabəy Cahan Pəhləvan ömrünün sonlarına doğru Reyə gəlmişdi və əyanlardan biri ilə söhbət edirdi. Bu zaman həyətdən çavuşların səsini eşidir. Maraqlanır ki, gələn kimdir? Ona deyirlər ki, gələn atabəyin Reydəki canişini məmlük Sirac əd-Din Kaymazdır. Bunu eşidən atabəy deyir: "Kaymaz da elə bir dərəcəyə yüksəlib ki, özünə çavuş saxlayır." Sonra o, həmin əyandan soruşur: "Mənim qullarım və onlara verilmiş səlahiyyətlər barədə sən nə düşünürsən?" Cavab belə olur ki, "Qoy böyük atabəyin ömrü əbədi olsun! Sən öz qullarını, təbəələrini elə bir yüksəkliyə qaldırmısan ki, səndən sonra onlar oğlanlarının heç birinə tabe olmayacaq və bir-birinə hörmət etməyəcəklər. Və bu qulların ömrü uzunu İraqda əmin-amanlıq olmayacaq." Atabəyin gözləri yaşarır və o deyir: "Sən haqlısan! Bəs indi nə edək?" Müsahibi isə cavab verir ki, "İndi Allahın mərhəmətinə sığınmaqdan başqa bir yol yoxdur."

Tarix göstərdi ki, həmin əyanın dedikləri düz çıxır. Cahan Pəhləvan öldükdən sonra onu ucqarlarda yerləşən Təbərək qalasına, ailəsinin yanına gətirirlər. Arvadı İnanc xatun və tərəfdarları çalışırlar ki, onun ölümünü bir neçə ay təbəələrdən gizli saxlasınlar və həmin müddətdə oğlanlarından birini taxta çıxarsınlar. Mərhum atabəyin vəsiyyətinə əsasən, əmirlərin çoxusu Cahan Pəhləvanın böyük oğlu Əbu Bəkrin üzərində dayanırlar. Əbu Bəkr Azərbaycanda əmisi Qızıl Arslanın yanında tərbiyə olunmuşdu və onlar III Sultan Toğrul qarşısında məsələ qaldırırlar ki, Qızıl Arslanı onun adından atabəy təyin etsin. Qızıl Arslan həmçinin Azərbaycan və Arran hakimi və baş komandan olaraq qalmalı idi. Özünə arxayın olmadığı üçün tərbiyəçi və himayədara ehtiyac duymayacaq bir yaşda sultan Qızıl Arslanı öz atabəyi kimi qəbul etmək məcburiyyətində qalır. Sultan Toğrul həmçinin hakimiyyəti üzərinə götürməkdən ötrü onu sultanlığın paytaxtı Həmədana dəvət edir. Qızıl Arslanı sarayda çox böyük təntənə ilə qarşılayırlar. Zahirən belə görsənir ki, onun mövqeyi sarsılmazdır. Əslində isə nə sultan, nə də Cahan Pəhləvanın dul qadını İnanc xatun bu vəziyyətlə barışmaq istəmirlər.

İnanc xatun öz oğlanları Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömərin kənarda qalması, onların kənizdən doğulmuş qardaşlarının isə atabəy səlahiyyətlərinə bərabər bir mövqe qazanması ilə heç cür barışmaq istəmirdi. İnanc xatun Qızıl Arslana qarşı mübarizədə ərinin keçmiş məmlüklərini öz tərəfinə çəkir. Onlara yazır: "Siz necə dözürsünüz ki, kənizin oğlu gəlib mənim oğlumdan (Qutluq İnancdan) daha yüksək mərtəbəyə və dərəcəyə qalxsın? Mənim o qədər pulum, var-dövlətim, dinar və dirhəmim var ki, sizi illərlə saxlaya bilərəm. Mən istəyirəm ki, oğlanlarımı at belinə qaldırıb, mənim yanıma göndərəsiniz. Mən sizi və sizinlə gələn hər kəsi qəbul edər, nə qədər lazımdırsa, pul verərəm ki, ağanız atabəy Pəhləvanın qoşunlarını birləşdirəsiniz.Qoşun başçıları dul xatunun təklifinə razılaşıb, ordularını Rey ətrafında cəmləşdirirlər. Onlar ümid edirdilər ki, sultan onları müdafiə edəcək. İnanc xatun da oğlanlarını götürüb, oraya gəlir. Qızıl Arslan bunu eşidən kimi sultanı da yanına alıb, Rey üzərinə yürüş çəkir. Çaşıb-qalmış üsyançılar döyüşə girmədən şəhərdən qaçışırlar. Qaliblər bayram edərkən İnanc xatun Toğrulu razı salır ki, onlarla birlikdə qaçsın. Üsyançılarla əlaqələrinin atabəyə məlum olacağından qorxan sultan razılıq verir və az sonra onlar Reydən qaçanlara qoşulurlar. Əmirlər ondan vəd alırlar ki, İnanc xatunun oğlu Qutluq İnancı özünün atabəyi elan edəcək.

Qızıl Arslan vəziyyətin ciddiliyini anladığı üçün öz sözünü deməyə tələsmir və özünə tərəfdarlar toplayır. Toğrul bu sükutdan istifadə edərək, özünün və onun tərəfinə keçmiş əmirlərin qoşunlarını götürərək, 1187-ci ilin baharında Həmədana hərəkət edir. Şəhərin yaxınlığında onlar Qızıl Arslanın qoşunu ilə üzləşirlər. Gərgin döyüşlər bir neçə gün davam edir. Rəqiblərin birləşmiş qüvvələri qarşısında duruş gətirə bilməyən Qızıl Arslan geri çəkilir və Azərbaycanda gizlənir. Sultanla mübarizə aparmaqdan ötrü atabəy Bağdad xəlifəsi ən-Nasiri öz tərəfinə çəkmək istəyir. Sultan üzərində qələbə çalacaqları təqdirdə xəlifəni İraqda onun itirilmiş hakimiyyətini bərpa edəcəyinə inandırır." İraqdakı bütün malikanələr xilafət tərəfdarlarına qaytarılacaq, burada da Bağdadda və digər yerlərdəki kimi xəlifənin mübarək əmrləri yerinə yetiriləcəkdir."

Xəlifə Atabəyin təklifini qəbul edir və 1188-ci ildə ordusunu hazırlayaraq, vəziri ilə yola salır. Bu qoşun Həmədan yaxınlığında Qızıl Arslanın qoşunu ilə birləşməliydi. Buna baxmayaraq, vəzir Həmədana gələn kimi, Qızıl Arslanı gözləmədən döyüşə girir. III Toğrul qoşununu hücuma özü aparır və axşama doğru qanlı döyüş vəzirin ordusunun tam məğlubiyyəti ilə sona çatır. Vəzir özü isə əsir düşür.

Toğrul vəziri bağışlayır və xəlifə üçün bahalı hədiyyələrlə Bağdada yola salır. Xəlifə isə bununla barışmayaraq, vəzirin boynunu vurdurur, təcili şəkildə ordu toplayaraq, yenidən Həmədana doğru göndərir.

Hadisələrin bu cür gedişatını gözləməyən Sultan yeni döyüşə girmək üçün hazırlığı olmadığından İsfahana qaçır. Xəlifənin qoşunları Həmədana girir. Qızıl Arslan da təcili şəkildə oraya gəlir. Burada onu xəlifənin adından təntənə ilə qəbul edirlər. Xəlifə öz ordusunu onun sərəncamına verir və Qızıl Arslana onu xəlifənin canişini elan edən rəsmi vəsiqə təqdim olunur. Akademik Ziya Bünyadovun yazdığı kimi, bu "Qızıl Arslanın yeni hakim (sultanın vassalı deyil) kimi tanınması demək idi." Ona xəlifənin göndərdiyi məxsusi və fəxri libaslar geyindirib, Sultanın taxtına əyləşdirirlər. Xəlifənin əyanları onun qarşısında yeri öpürlər. Beləliklə, Qızıl Arslan yeni müstəqil bir dövlətin – Azərbaycan sultanlığının hökmdarı olur. Bundan sonra Qızıl Arslan qoşununu Toğrulun gizləndiyi İsfahana yeridir və şəhəri bir qədər mühasirədə saxlayandan sonra buraya daxil olur. III Sultan Toğrul bu vaxt şəhəri tərk edərək Azərbaycan üzərinə yeriyir və Qızıl Arslandan intiqamını onun çiçəklənən diyarının şəhər və kəndlərini dağıtmaqla alır.

Hadisələrin gedişini izləyən İnanc xatun taktikasını dəyişir. O, oğlanlarını inandırır ki, Toğruldan ayrılaraq, qaliblə barışsınlar. Özü isə gözəlliyindən istifadə edib, cəsur sərkərdənin könlünə hakim kəsilir və Qızıl Arslan qardaşının dul qadını ilə evlənir. Əlbət ki, bu nigah ona siyasi baxımdan da sərfəli idi. Qızıl Arslanla təkbətək qalmış Toğrul bir neçə ağır məğlubiyyətdən sonra Bağdada xəlifənin yanına günahını boynuna almağa qaçır. Xəlifə onu qəbul etsə də, Qızıl Arslanın qorxusundan Toğrula hərbi kömək göstərməyə razılıq vermir. Az sonra xəlifə nəzakətlə onu yanında saxlamaq istəmədiyini də bildirir. Toğrul bütün ölkəni gəzərək, özünə müttəfiqlər axtarır. Ancaq artıq onun zamanı keçmişdir. Hamı ondan üz döndərmişdir. Həmədan yaxınlıqındakı axırıncı döyüşündə isə Qızıl Arslanın əmirlərindən biri "qılıncı ilə sultanın çadırının dayağını kəsir" və bu da döyüşün taleyini həll etmiş olur. Toğrul əsir düşür. Onu Naxçıvan yaxınlığındakı Qəhram qalasına salırlar. Müəyyən tərəddüdlərdən sonra Qızıl Arslan xəlifənin məsləhəti və xeyir-duası ilə Toğrulun taxtına onun varislərindən kimisə oturtmaqdan imtina edərək, sultanın tacına özü yiyələnir. Onun adından pul kəsilməyə başlayır. Qızıl Arslan öz qüdrətinin zirvəsinə çatır. O,təkbaşına Azərbaycana, Arrana, Həmədana, İsfahana, Reyə hakimlik edir. Bu ərazilərə həmsərhəd olan bir çox vilayətlər və ölkələr də ondan vassal asılılığında idilər. Ancaq Qızıl Arslan əlində cəmləşmiş hakimiyyətin üstünlüklərindən sona qədər faydalana bilmir. O, vaxtının çox hissəsini eyş-işrətlə, əylənməklə keçirir, dövlət işlərinə lazımi qədər diqqət yetirmir.

Əmirlərin narazılığı artmağa başlayır. Sultanın arvadı İnanc xatun bu narazılıqdan istifadə edir. Məsələ burasında idi ki, onun oğlanları Qızıl Arslanın yetirməsi olan qardaşları Əbu Bəkrlə müqayisədə həmişə kölgədə qalırdılar və İnanc xatun da buna görə saraydakı vəzifə bölgüsündə özünü haqqı tapdanmış hiss edirdi. İnanc xatun özünə sadiq olan vəzirləri yanına çağırıb Qızıl Arslanla haqq-hesab çəkmək vaxtının çatdığını onlara bildirir: "Biz sultan Toğrula qarşı çıxmaqda səhv etmişik. İndi heç kim bizim sözümüzə inanmayacaq. Gərək əlahəzrət Qızıl Arslan bizi məhv etməmiş onunla haqq-hesabımızı çəkək. Gərürsünüz ki, o, artıq bizim adamlarımızı bir çox vəzifələrdə öz qulamları ilə dəyişir." Beləliklə, İnanc xatunun təşkil etdiyi sui-qəsd nəticəsində Qızıl Arslan 1191-ci ilin bir payız günü öz yatağında yatarkən öldürülür.

Lakin bu qəribə qadının qeyri-adi intriqaları bununla da sona çatmır.

Qızıl Arslanın ölümündən sonra sultanlıq uğrunda mübarizə üç qüvvə arasında gedir. Əbu Bəkr Azərbaycana qaçaraq, özünü onun hakimi elan edir. İnanc xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömər Həmədanda və onun ətraflarında hakimiyyəti ələ alırlar. Nəhayət, Toğrul da zindandan qaçıb, başına ordu toplamaqla mübarizəyə qoşulur. Ayrı-ayrılıqda bunların heç biri taxt -taca yiyələnmək üçün kifayət qədər qüvvəyə malik deyil və hər biri bilir ki, müharibə başlarsa, qanlı və uzun olacaqdır. Elə bu zaman səhnəyə yenə İnanc xatun – bu məkrli qadın və öz övladı uğrunda ölümə belə getməyə hazır olan sevimli ana çıxır. O, Toğrula məktub yazaraq, ona öz əbədi sevgisini və sədaqətini bildirir. Sonra isə işarə edir ki, əgər Əbu Bəkrlə taxt uğrunda mübarizəyə girişərsə, İnanc xatun onu maaliyyələşdirməyə hazırdır. Toğrul özündən iki dəfə yaşlı olan atabəyin dul qadınına evlənməyə razı olur.

Ancaq tezliklə sultana xəbər verirlər ki, İnanc xatun hələ də öz oğlunu taxta çıxarmaq fikrindən daşınmayıb. Qadın sultan üçün zəhərli içki hazırlayıb, lakin artıq məsələdən xəbərdar olan Toğrul həmin içkini bu yaşlı, lakin çevik arvadın özünə içirir. İnanc xatun ölür. Onun oğlu Qutluq İnanc Mahmud yenidən Azərbaycana qaçır və hakimiyyət uğrunda mübarizə daha da qızışır.

Haqqında deyilənlər
Tacı aydan yüksək o Qızıl Arslan
Qərbin pənahıdır. Şərqə hökmran.
Nizami Gəncəvi


Tarix: 29.01.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 301 Bölmə: Atabəylər hökmdarları
loading...