beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Atabəyləri

Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti və ya Eldənizlər dövləti (1136-1225)- Azərbaycan ərazisində mövcud olan,qıpçaq türkü olan atabəy Şəmsəddin Eldənizin dövründə formalaşmış, onun oğlu Nüsrəddin Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti illərində daha da çiçəklənmiş dövlət. Azərbaycan (Kür çayından cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfahan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan, Təbriz olmuşdur. Mühüm şəhərləri: Təbriz, Gəncə, Həmədan, Naxçıvan, Beyləqan, Urmiya, Ərdəbil, Zəncan, Xoy, Şəmkir və s. Əsas təsərrüfat sahələri: əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. Eldəgəzlər dövlətinin ərazisindən yaxın və Orta Şərqin ticarət mərkəzlərinin birləşdirən karvan yolları keçirdi. Eldəgəzlər dövlətinin siyasi həyatında iqtidar sahibi olan hərbiçilər və ali müsəlman ruhaniləri əsas rol oynayırdılar. Eldəgəz dövlətinin təşəkül dövrü (1136-1160), yüksəliş və çiçəklənmə dövrü (1161-1191), tənəzzül dövrü (1192-1225) mərhələsi keçmişdir. Eldəgəz dövlətinin yaranması Azərbaycan atabəyi Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəgizin iqamətgahı Naxçıvan şəhəri idi. 1136-cı ildə Eldəgəz Səlcuq sultanı Toğrulun oğlu Arslanşahın atabəyi Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. İraq Səlcuq sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəgəz, formal surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. 1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xassbəyin idarə etdiyi Ərdəbil Eldəgəzin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə salmışdı. XII əsrinin 50-ci illərinin sonlarında Azərbaycan feodallarının mənafeyini müdafiə edən Eldəgəzlə Səlcuq sultanı Rüknəddin Məhəmməd (1153-1160) arasında toqquşma oldu. Beyləqan yanındakı vuruşma (1158) Eldəgəzin məğlubiyyəti ilə nəticələndi. Lakin tezliklə Səlcuqilər dövlətinin bütün işlərini yenidən ələ keçirən Eldəgəz 1160-cı ildə "Atabəy Əzəm" (Böyük atabəy) titulu aldı. 1161-ci ildə Eldəgəz yaranmış əlverişli şəraitdən istifadə edərək yaxın əmirlərin köməyi ilə oğulluğu Arslanşahın (1161-1176) Səlcuq sultanı elan edilməsinə nail oldu. Arslanşah formal olaraq sultan titulu daşıyırdı. Dövlətin bütün işlərini müstəqil idarə edən Eldəgəz öz oğullarını yüksək vəzifələrə - böyük oğlu Məhəmməd Cahan Pəhləvanı hacib, kiçik oğlu Qızıl Arslanı isə sipəhsalar (ordu komandanı) təyin etdi. Eldəgəz Azərbaycanın şimal və cənub torpaqlarını yenidən birləşdirə bildi. İsfahandan Şirvan və Gürcüstanadək uzanan ərazi onun hakimiyyətinə keçdi. Bununla da Eldəgəz dövlətinin təşəkkül prosesi başa çatdı və o, Yaxın Şərqin qüdrətli dövlətinə çevrildi.Eldəgəzlər qonşu ərazilər hesabına öz torpaqlarını hər vasitə ilə genişləndirməyə çalışır, Şirvana və s. yerlərə yürüş edirdilər.Dəbil (Dvin) və s. şəhərlərlə birlikdə Şərqi Ermənistan Eldəgəzlər dövlətindən asılı vəziyyətə düşmüşdü. Bu dövrdə Eldəgəzlərlə Gürcüstan arasında dəfələrlə toqquşmalar baş vermişdir. 1161-ci ilin iyulunda gürcü feodalları təqribən 30 minlik qoşunla Eldəgəzin hakimiyyətində olan Dəbil şəhərini tutdular.Eldəgəz özünün vassalları Marağa, Xilat hakimləri və başqa feodal əmirləri ilə birlikdə 1163-cü ilin əvvəllərində 50 minlik qoşunla Gürcüstana yürüş etdi. 1166-cı ildə gürcü qoşunları yenidən hücum edərək Gəncəyə qədər irəllədilər. Lakin ciddi müqavimətə rast gələrək, geri çəkilməyə məcbur oldular.Eldənizlər dövlətində atabəy səlcuq sultanlarının oğullarının tərbiyəçisinə verilən ad olmuşdur.


Tarix: 29.01.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Atabəylər hökmdarları