beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminə Xatun türbəsi - Tədqiqi və təsirləri

Monumental, əzəmətli bir tikinti olan Möminə Xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında bir çox əsərlər nəşr etdirmişlər.

Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvanda yaratdığı abidələr müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta, Azərbaycanın sərhədlərindən kənarda da bir nümunə olaraq qalırdı. Əcəmi Əbubəkr oğlunun yaxın Şərq ölkələrində təsirini göstərməyə məşhur alman şərqşünası Ernist Ditsin "Türk sənəti tarixi" əsərində irəli sürdüyü mülahizə çox yaxşı nümunə ola bilər. O, Anadolu türklərindən olan məşhur Memar Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Memar ibn-Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində əmələ gəlmişdir. Memar Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən Dits qeyd edir ki, Memar Sinan ordu mühəndisi sifəti ilə XVI əsrdə yeniçərilərin səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur.

Türkiyə tədqiqatçıları da bunu qəbul edirlər. Memar Vədat Dalokay "Toplumcu Sinan" adlı məqaləsində Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən bəhs edərkən "Atabəylərdən qalma bir nəfəs gəlir" yazmışdır.


Tarix: 29.01.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Atabəylər hökmdarları