beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminə Xatun türbəsi - Fasadı

Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır. Qülləyə düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə "Bənna Əcəmi Əbu Əkr oğlu" kitabəsi yığılmışdır. Bunları içinə alan saya baştağ kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı çərçivədə eyni xəttlə türbənin tikinti tarixi yazılmışdır.

Sivri tağçaların yanları naxışlı incə sütuncuqlarla (diametri 15 sm), yuxarısı iri pətək gözləri ilə qapanmış, iç səthləri bir-birini təkrar etməyən mürəkkəb həndəsi naxışlarla üzlənmişdir. Səthlərə yüksək estetik görkəm verən bu dürlü naxış çeşinləri düz cizgi gözəlliyi, ümumi həndəsi harmoniya prinsipləri, anlam və quruluş dolğunluğu ilə bir kökə bağlıdır. Ona görə naxış kompozisiyalarının müxtəlifliyi məkan bütövlüyünü pozmadan abidənin görüşündə dəyişgənliyi və dinamikanı artırır.

Üzlərdəki sivri tağçaların bəzəyində işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ gətirir. Bu vurğular mürəkkəb naxış çeşnilərinin qavranılmasını asanlaşdırıb, rəng həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik gətirir.

Onüzlü gövdənin tinləri yuxarıda birləşərək üzlərdəki sivri tağçaları П şəkilli çərçivə içərisinə alır. Əcəmi bu çərçivələri başdan-başa incə epiqrafik naxışlı – düzbucaqlı hərflərin dik elementlərinin bir-birnə sarınaraq mürəkkəb hörmələrə çevrildiyi ecazkar bədiiliyi olan kufi xəttli yazılarla örtmüşdür. Kərpicdən yığılan bu yazı yelənlərinin yerliyi çox incə işlənmiş bitkisəl gəc naxışlardır. Bu kitabələri oxumuş Ə. Ələsgərzadə belə nəticəyə gəlmmişdir ki: "Onüzlü türbənin bütün üzləri kənarlardan Yasin surəsinin mətni ilə haşiyələnmişdir. İki dəfə təkrar olunmaqla bu surə, bir dəfə bir üzdən beş üzə, o biri dəfə altı üzdən on üzəcən davam edir. Hər üzdə yazı sağda aşağıdan başlayıb yuxar qalxır, sonra yuxarıda üfüqi davam edir və soldan aşağı enir."

Yasin surəsi ilə haşiyələnmiş üzləri lap yuxarıda başqa bir yazı qurşağı birləşdirir. Bu, türbənin sifarişçisini və kimin xatirəsinə inşa edilməsini göstərən əsas kitabədir. İstər abidənin tutum kompozisiyasında yerinə, istər hərflərinin iri ölçülərinə (qurşağın ündürlüyü 98 sm-dir), istərsə də materialına və rənginə görə bu kitabə başqalarından seçilir və onun üstün mövqeyi bütün vasitələrlə gözə çarpdırılmışdır. Kitabənin yazılarının yerliyi bir qədər seyrək hörülmüş adi bişmiş kərpiclərdir. Bu qırmızımtıl cod yerlikdə iri göy kaşı hərflərin parıltılı və sığallı biçimləri daha aydın görünür. Həm kərpiclərin seyrək hörgüsü, həm də hərflərin iriliyi və göylüyü yazı qurşağının uzaq məsafədən yaxşı baxılmasına hesablanmışdır.

İri və xırda qrafik elementlərin ahəngdar düzümü, sətir sırasından yuxarıya qalxan vertikal hərflərin təntənəli ritmi, yerliyin boş sahələrinə düşən dekorativ biçimli işarələr, faktura və rəng təzadı baş kitabəni təkcə məzmunlu monumental xəttatlıq örnəyinə deyil, həm də gözəl naxış kompozisiyasına çevirmişdir. Yusif Küseyir oğlu türbəsində böyük olmayan gövdəni yazı qurşağı ilə tamamlayan Memar Əcəmi Mömünə Xatun türbəsində kitabə qurşağının üstündə tacvari stalaktit kəməri vermişdir. Kompozisiyanın təntənəli biçiminə uyğun gələn, sivri tağçaların stalaktik sonluqlarının məntiqi inkişafı olan bu kəmər səkkizüzlü uca piramidal günbəzə də gözəl keçid yaradır.

Azərbaycanın qülləvari türbələrində karniz qurşağı olaraq stalaktitlərə ilk dəfə Mömünə Xatun türbəsində rast gəlinir. Onun yüksək plastik biçimi memarlıq surətinə özümlü təntənə gətirir. Bununla da, Əcəmi mövcud biçimi onun ideya-bədii dəyərini gücləndirən yerdə işlədir. Mütəxəssislər isə bunu cəsarətli sənətkar tapıntısı kimi qiymətləndirirlər.

Möminəxatun türbəsinin bütün üzlərində stalaktitlərlə bəzənmiş tağlar vardır. Stalaktit və tağlar adi və kaşılı kərpicdən düzəldilən ornamentlərlə örtülmüşdür. Türbənin üzərində kitabələrdən ibarət memarlıq bəzək elementləri diqqəti cəlb edir.

Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir, təkrara yol verməmişdir. Lakin onun məharəti ondadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir. Səthlərin həndəsi ornamentinin əsasını çoxuclu ulduz və ondan gedən süvari xəttlər təşkil edir. Burada 5,6,8 uclu ulduzlara və 6,8 bucaqlı quruluşlara təsadüf edilir.

Türbənin ancaq qərb səthi başqa şəkildə həll edilmişdir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində, başqa səthlərdə olduğu kimi ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşaat tarixini göstərən kitabələr türbənin qərb səthində, portaldan yuxarıda göstərilmişdir. Möminə xatun türbəsinin yuxarı hissəsindəki qurşaq bütün səthləri əlaqələndirir. Orada yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli üzərində olması bu kitabə qurşağını binanın əhəmiyyətli bir kompozisiya elementinə çevirir.

Dövrün heç bir abidəsində Mömünə Xatun türbəsində olan sayaq kitabələr çox və uğurla işlədilməmişdir. Türbədə olan kitabələrin ümumi uzunluğu, araşdırıcıların hesablamalarına görə 500 metrə yaxındır.

Mömünə Xatun türbəsi iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Türbəni örtən mürəkkəb naxış şəbəkələrinin arasındakı ən kiçik boşluq belə gəclə doldurulub içində bitkisəl naxışlar yonulmuşdur. Bu səbəbdən türbənin bayır səthləri parlaq Naxçıvan günəşi altında bir-birindən gözəl, bir-birindən zəngin kölgə tülünə bürünür, bu tülün çeşni və tonları gün ərzində günəşin hərəkətinə uyğun olaraq saysız dəyişir. Mömünə Xatun türbəsinin bədii memarlıq surətində şahanə əzəmət və böyüklüklə insan ölçüsü və lirik incəlik heyrətləndirici uyarlıqdadır.

Möminə Xatun türbəsinin on səthinin doqquz tağçasının şəkilləri bir-birindən tamamilə fərqlənən həndəsi ornamentlərə malikdir. Türbəyə giriş yolu olan onuncu səthin tağçasında doqquz səthdən birinin şəkli təkrar edilir. Yusif Küseyir oğlu Türbəsindən fərqli olaraq, Möminə Xatun türbəsindəki mayolika səthdə daha yaxşı yerləşdirilmiş və onu canlandırmağa xidmtə etməkdədir. Türbənin səthlərinin və frizin fiqurlu hörgüsü, əsasən, epiqrafik forma daşıyır. Azərbaycan memarlığında bunun analogiyasını Bərdə türbəsi və Qarabağlar türbəsində görmək mümkündür


Tarix: 29.01.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 309 Bölmə: Atabəylər hökmdarları