beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dörd çahar
Dörd çahar

Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuz müəllim çaydan bir qurtum alıb stəkanı qırağa qoydu. – Axı niyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tuta bilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damla çirk düşdümü, bulanacaq. Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik. Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyə göndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıda qalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bu barədə gedirdi. Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzibəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzən görürsən hansı qaranlıq yollarlasa ali məktəb müəllimliyinə də yetişir və min fəndlə özlərini qəbul komissiyalarına saldırırlar. Murtuz müəllim qəndi stəkanda isladıb ağzına qoydu, çayından bir qurtum da içdi və söhbətinə davam etdi: –Bəli, dəsgah onda başlayır. Bir ayın içində zalım balası görürsən özünü elə düzəldir ki, daha nə deyim. Altına o qədər yığır ki, ondan sonra evini top da dağıtmaz. Canımçün, Zəki, elə adam tanıyıram ki, hər balı düz min manata verir. Nəqd beş min sana, bir beş qiymət başının altında. –Ay Murtuz, o haqq-hesabnan "iki" də gərək iki minə olsun ki... –Sən zarafat elə! Canımçün, oğlanlar var ki, bir sessiyada əlli mini, yüz mini qatlayıb qoyur cibinə. Bəs yayın bu cırhacırında dəlidir qala Bakıda... Mənim kimi o da gedər özüyçün Soçiyə, Kislovodskiyə. Yox, bir il, iki il burda istidə bişə-bişə qalır ki, sonra bütün ömrü boyu kefi haraya gəldi gedə bilsin... – Birdən Murtuz müəllim duruxub susdu, üzündən bir kölgə keçdi və gözümün düz içinə baxıb əlavə etdi: – Zəki, birdən ürəyinə ayrı şey gələr ha. Sən də bu yay qəbul komissiyasındasan, sonra deyərsən Murtuz mənə söz atır. –Əşi, ay Murtuz, heç istəmirdim, bilsən Əsəd başıma nə oyun açdı, güclə saxladı. Deyir... Murtuz sözümü ağzımda qoyub bərkdən şaqqıldadı. –Ay-hay! Rəhmətliyin oğlu, guya mən bilmirəm. Yox, qardaş, o sənin kimi, mənim kimilərin işi deyil, ona da xüsusi fərasət, bacarıq, zirəklik lazımdır. O özü də bir ustalıqdır. Amma, ay Zəki, istəmirəm o fərasəti də, o pulu da, o qorxunu da. Köhnə kişilərin sözü olmasın, haram malın bərəkəti də olmaz. Elə deyil? –Əlbəttə, Murtuz, elədir. Amma, doğrusu, mən bu ali məktəblərdə rüşvət məsələsinə də çox inanmıram. Bəlkə indi Bakının on beş institutunun birində bir ya iki nəfər elə namussuz tapılar, ancaq görürsən bunu bəzən elə şişirdirlər ki, nə bilim daha necə!.. Murtuz dərhal mənimlə razılaşdı. –Elədir, Zəki, əlbəttə, düzdür, amma axı onu da adamın vicdanı götürmür. Qırx ildi Sovet hökuməti qurulub, göyə adam buraxırıq, sən də burda qanunsuz, çirkin iş görəsən? Yaraşmaz e, yaraşmaz! Nə cəmiyyətimizə yaraşan işdi, nə də xalqımıza! Mənə qalsa, mən belələrini lap camaatın gözü qarşısında güllələyərəm! –Bizim direktor Əsəd də elə deyir. Onun yanında bu barədə söhbət düşəndə deyir ki, boş danışıqlardan bir şey çıxmaz. Bax, mənim institutumda bircə nəfər elə adam göstərin, sonra tamaşa eləyin, dalısıynan işiniz yoxdur. Gör mən onun başına nə oyun açaram. Vallah, Murtuz, doğma qardaşı ola ha, bilə qanunsuz iş görüb, öz əliylə boğar. Yaman mərd adamdır! –Ooo, Əsəd ayrı oğlandır. Kişi adamdır. Amma, Zəki, bilirsən də, o cür iş tutan elə tutur ki, fələk özü də gəlsə heç bir şey isbat edə bilməz. Dərd də ondadır da! –Bəli. İkimiz də dərindən köksümüzü ötürdük. Murtuz nərd taxtanı açıb "uzun" düzməyə başladı. Mən atdım–"se". O atdı "pənc". Murtuz hər iki zəri əlinə alıb dedi: –Zəki, indi öz aramızdır. Sən də milyoner deyilsən də, ailən böyük, özün də aylıq məvacibə baxırsan. Çahar dü! –Özümüzə çatır. Dübarə! –Yox, onu demirəm. Pənc çahar. Bilirəm çatır. Bu çahar. Bəs pənc hanı? Yaxşı, bu da pənc. Amma kim istəməz ki, daha yaxşı yaşasın, daha gözəl dolansın. Yek oyna. Hə? Düz demirəm? Hamı istəyər axı. –Doğrudur. –Hə. İndi sənin yerində o zalım oğlu fikirləşir ki, yaxşı, bu cəhənnəm istisində qalmışam burda. Özüm də xəstə. Cəhənnəmə, dünyanı mən düzəltməyəcəm ki, bir iyirmidən, otuzdan alıb qoyum cibimə. Gedim yeyim, içim, gəzim, kefimi çəkim, dünya beş gündür, mənim də damağım çağ olsun, o imtahan verib instituta girənin də. Mən zərləri kənara qoydum: –Yaxşı, mənim də damağım çağ oldu, instituta girənin də. Bəs instituta düşməyənin necə? O bundan yaxşı bilirdi. Amma bu tapşırılmışdı, düşdü, o biri düşmədi. Bəs o düşməyənin kefidamağı necə olsun? Murtuz əllərini havada yellədi. –Məsələ də elə burdadır də. At zərivi. Yeqanlar! Burda ortalığa çıxır bir məsələ. Hansı məsələ? Namus, vicdan, qeyrət məsələsi. Şeş se. Bu şeş, bu da se. –Bilmədin, se əldən idi. –Hə, məsələ də ondadır, – deyə Murtuz sözünə davam etdi. – Deyir tüpürürəm sənin otuz mininə də, əlli mininə də. Bir parça yavan çörəyimi yeyərəm. Namusum, vicdanım ləkəsiz qalar, gül kimi adımı bədnam eləmərəm. Xalqımın da gözünün içinə dik baxa bilərəm. İki bir! Mən ölüm elədir, ya yox? –Elədir ki, var, – dedim. – Şeş qoşa! –Əsas xalqdır, Zəki, xalq! Biz gərək elə iş tutaq ki, xalqımızın başı uca olsun. Ali məktəb xalqın yüksəkliyidir.

Müəllim millətin fəxridir. Ali məktəblərdə çirkin işlər tutmaq olmaz. Müəllim gərək nalayiq hərəkət eləməsin. Xalq, millət bizdən haqq-hesab tələb eləyəcək. Bu andıra qalmış iki bir məndən nə istəyir!... Zəki, bilirsən, bizim millətin gözəl bir ənənəsi var. Düldülü! Bu da ondan ibarətdir ki... Təəssüf ki, mən bu ənənənin nədən ibarət olduğunu bilə bilmədim. Zəng çalındı, mən qapıya getdim və Murtuzun sözü yarımçıq qaldı. Gələn iki nəfərdən biri bizim əvvəlki evdə qonşumuz idi. İkinci kişini ilk dəfə görürdüm. –Xoş gəlmisiniz, buyurun, Sadıq, içəri keçin. –Zəki müəllim, bizim xalaoğluyla tanış ol. –Çox şadam, Zəki İmanzadə. –Teyyub Cahangirov. –Zəki müəllim, deyəsən qonağın var? –Hə, gəlin, tanış olun. Murtuz müəllim bizim hörmətli müəllimlərdəndir. Sadıq əl verdi: –Necə ki, adın çox eşitmişdik, amma şəxsən tanış deyildik. İndi şükür, feyziyab olduq. Murtuz dedi: –Yaxşı igidin adını eşit, üzünü görmə. Sadıq irişdi: –Yox, müəllim, igid elə igiddir. Adı da, özü də. Amma Zəki müəllim görünür sizdən də igid çıxıb. – O, nərdi göstərdi, – deyəsən marsdı? –Yox, hələ demək çətindir. Yaxşı, Murtuz, oyunumuzu burda saxlayaq. Dalın sonra oynarıq. – Qonaqlara müraciət etdim: – Çaydan, çörəkdən? Razılıq etdilər. –Bilirsiniz də, arvad-uşağı göndərmişəm Şuşaya. Sizə yaxşı qulluq eləyə bilməyəcəm. Amma indi olandan... –Ay Zəki müəllim, subaylıq-sultanlıqdır. Bildik təksən, dedik bir baş çəkək, görək nə var, nə yox.

–Hə, lap yaxşı. Çoxdan görünmürsən, Sadıq. –Əşi, iş-güc qoyur ki! –Bir–birimizin kef-əhvalı haqqında, ailələr haqqında nə mümkünsə hamısını soruşub cavab aldıq. Hava söhbəti də, necə deyərlər, tamama yetdi. Daha danışmağa söz yox idi. Sükut çökdü. Sadıq "Kazbek" çıxardıb hamıya təklif etdi. Murtuz çəkən deyildi. Teyyub alıb çəkməyə başladı. Sadıq bir qullab vurub dedi: –Zəki müəllim, sən ki, maşallah, çəkən deyilsən, – sonra üzünü Teyyuba tutub əlavə etdi: – Zəki müəllim nə papiros çəkər, nə də o zəhirmardan dilinə vurar. Teyyub nə isə anlaşılmaz bir şey fısıldadı. Bu kök, yekəpər, qırmızısifət, şişman kişi bayaqdan bəri öz adından başqa bir kəlmə belə söz deməmişdi. O, yalnız parovoz kimi tövşüyür və üzündən salxım-salxım axan tərini silirdi. Sadıq hırıldadı: –Doğrusu, Zəki müəllim, qulağıma bir söz çatıb, amma heç inanmağım gəlmir. Deyirlər maşın almaq istəyirsən. Necə söhbətdi? –Nədi ki, yetim əlində qoğal əcayib? –Eh, ay Zəki muəllim, kaş elə mən də sənin kimi yetim olaydım! Sadıq bunu deyəndə Teyyub bərkdən kişnədi. Güman ki, bu onun gülüşü idi. Sadıq irişə-irişə davam etdi: –Adamın bir-iki nəfər sənin kimi "yetim" dayısı olsa, nə dərdi var? Zəki müəllim, sözüm ondadır ki, belə səninlə maşın nə isə uyuşmur e. Sən belə təmkinli, sakit adamsan, suyu üfürə–üfürə içirsən, səni rul dalında heç təsəvvür edə bilmirəm. Hə, Zəki müəllim, mən ölüm, vur bura! – Sadığın üzünün ifadəsi ciddiləşdi. – Amma zarafat bir yana qalsın, lap yaxşı fikrə düşmüsən. Maşın ayrı aləmdir! – O, Murtuza tərəf döndü. – Müəllim məndən yaxşı bilər, elə rəhmətlik Sabir kişi də deyib ki, əcnəbilər balona minib göydə mayallaq aşırlar, biz hələ avtomobilə də minmirik.

–Sabir bir az ayrı cür yazıb, – deyə Murtuz sözə qarışdı. – Amma ümumiyyətlə maşın yaxşı şeydir. Mən özüm də bir "Volqa"dan, "Pobeda"dan almaq istəyirəm. Oğlum iki ayağını dirəyib bir başmağa. Görək, gələn il düzəlsə... Sadıq birdən Teyyubun çiyninə şappıltı ilə çəkdi və hər ikisi bərkdən qaqqıldadı. –Necə yəni düzəlsə, ay rəhmətliyin nəvəsi! Teyyub lələnin canı sağ olsun! Bütün Bakının cəmi maşınları bu kişinin ixtiyarında! Ölməmişik ki, haçan desən qulluğunuzda hazırıq! –Qul sahibi olasınız. Çox sağ ol, əzizim, çox razıyam. –Yox, öz canımçün doğru sözümdür. Yaxşı, sən ki, Zəki müəllim "Volqanın açarını qoymusan cibinə! Mən əvvəl başa düşmədim, sonra isə anlayıb güldüm. –Ay Sadıq, bəxtəvərlikdən dəm vurursan. Açar-zad nədi, a kişi, qoy oturmuşuq. Hələ növbəyə yazılmışam, məndən qabaq yüzə qədər adam var. Özü də "Volqa"ya gücüm çatmaz, "Moskviç" almaq istəyirəm. Sadıq və Teyyub elə bərkdən şaqqıldadılar ki, (Teyyub, daha doğrusu, kişnədi) elə bil qarşılarında mən – Zəki İmanzadə deyil, Molla Nəsrəddinin özü oturub ən duzlu lətifələrindən birini danışırdı. –Ay Zəki müəllim, ay Zəki müəllim, idealist olub qaldın! Ə kişi, növbəylə kim maşın alır! Növbəyə dursan, on il də duracaqsan! –Camaat necə, mən də elə. Hiss edirdim ki, şablon sözlər deyirəm. Ançaq bəzən elə şərait olur ki, həqiqəti, doğrunu məhz şablon sözlərlə ifadə etmək lazım gəlir. Birdən Sadıq sanki nə isə xatırlayıb mənə baxdı. –Dayan, dayan, Zəki müəllim, deyirsən "Moskviç" istəyirsən? –Aha, –Çox gözəl, çox da pakizə! – Sadıq əlini-əlinə vurub Teyyuba tərəf döndü. – Teyyub, bu saatca ağlıma bilirsən nə gəldi? Sən öl, sənin "Moskviç"in lap Zəki müəllimin malıdı! Teyyub nə isə fısıldadı. Sadıq eyvandan əyilib, aşağıda qapımızın ağzında dayanmış yaşıl "Moskviç"i göstərdi. – Budur e, elə burda dayanıb. Teyyub "Volqa" alıb, odur ki, elə bu "Moskviç"i verməyə adam axtarırdı. Özü də qət təzə maşındı. Murtuz xəbər aldı: –Nə qədər gedib? –Cəmi-cümlətanı beş min iki yüz kilometr! Özü də, canımçün, motoru saat kimi işləyir. Hə, Zəki müəllim, sağlığına qismət olsun! –Çox sağ ol, Sadıq, amma bu nisyə söhbətdir. Bu saat mənim maşın almaq imkanım yoxdur. Mən bir ilə, il yarıma nəzərdə tutmuşdum. –Eh, ay Zəki müəllim, Teyyub elə oğlanlardan deyil. Götür, maşın olsun sənin. Pul-zad da lazım deyil. Mən elə bunu Teyyubun da adından deyirəm, neçün ki, xasiyyətinə bələdəm. –Yaxşı qanmadım, necə yəni? – Mən bunu deyəsən bir qədər sərt dedim, çünki Sadıq nə isə tutulan kimi oldu və dərhal sözü dəyişdi. –Yox, onu deyirəm ki, yəni qaçhaqaç deyil ki, dostuq, aşnayıq. Adamın adama doverisi olar. Götür maşını işlət. Pulun da vamnan verərsən. Bir hissəsini indi, bir hissəsini bir il, il yarımdan sonra, haçan kefin istəsə! –Çox sağ ol Sadıq, amma bu havayı danışıqlardı, keç ayrı söhbətə. Sadıq susdu və nədənsə əyri-əyri Murtuza tərəf baxdı. Bu baxışı mən də, Murtuz da tutduq. Az sonra Murtuz ayağa durdu: –Zəki, telefon hardadır, mənim bir uzun-uzadı telefon söhbətim var. Murtuz o biri otağa keçdi. Sadıq stulunu mənə yaxın çəkib səsini bəmə saldı. –Zəki müəllim, vallah, sənin belə qəribə xassiyyətin var e!

A kişi, biz də sovet vətəndaşıyıq, vətəndaşlıq borcumuzu da bilirik və indi bacardığımıza, fərasətimizə görə yerinə yetirməyə də çalışırıq. Amma belə vasvasılıq da yaxşı deyil də, he, he, he! Zəki müəllim, yaxşı, sən maşını mağazadan yox, bizdən alsan, pulunu da birdən yox, erməni demiş "qamasqamas" versən dünya dağılmaz ki, sovet hökumətinə bir şey olmaz ki, hə? –Yox, olmaz. –Nə olmaz? –Sovet hökumətinə bir şey olmaz, amma o sən deyən iş də olmaz, baş tutmaz. –Bax, bu olmadı da, Zəki müəllim, sən özünü bizə yad biləndə, biz də səni yaxın saya bilmərik, bir sözümüz, dərdimiz olsa, deyə bilmərik. Hə? Mən ölüm, necə sözdü? Mən nəzakət və qonaqsevərlik haqqında bütün bildiklərimi səfərbər edib gülümsənən sayaq oldum. –Yox, niyə ki. Bilirsən, Zəki müəllim, indi mən sənin yanına ərk eləyib gəlmişəm. Bizim xalanəvəsi, Teyyubun oğlu sənin sənətini seçib. Deyir elə mən də Zəki dayım kimi olmaq istəyirəm. Hə, indi dokumentlərin də verib sizin instituta. Maşallah, çox zəkalı, qabiliyyətli uşaqdır, amma bir az utancaqdır, bir də belə çox nervnidir, imtahan-zad olanda da lap özünü itirir, bildiklərini də yadından çıxarır, görürsən dili tutuldu, bir kəlmə danışa bilmədi. İndi, Zəki müəllim, uzun sözün qısası, səni deyib gəlmişik. Teyyub mənə deyəndə dedim xalaoğlu, sən lap arxayın ol, ürəyivi buz kimi elə, Zəki müəllim mənimlə qaranoydı, qardaş kimiyik, sözümü yerə salmaz. Zəki müəllim, gərək elə biləsən öz balandır. Necə deyərlər, əti sənin, sümüyü mənim, gərək ona kömək eləyəsən, biz orda səndən başqa heç kəsi tanımırıq. İndi sən özün bil də, kimi görmək lazım, nə lazımdı, göz üstə! Sən ancaq bizə papaq elə! Teyyub nəhayət dilləndi: –Xəcalətdə qalmarıq, – deyə fısıldadı.

Mənim ürəyim şiddətlə döyünürdü. Hiss edirdim ki, rəngim də qaçmışdır. Ağzımı açıb bir kəlmə danışa bilmirdim, elə bil nitqim tutulmuşdu. Sadıq yan cibindən balaca bir kağız çıxarıb mənə uzatdı: –Bax, uşağın adı, qruppası, listin nömrəsi, hamısı burda yazılıb. Amma, Zəki müəllim, sən məndən yaxşı bilərsən, hamısı beş olmasa balı çatmaz, ha. Bir də ki, – o, yenidən küçəyə əyildi, – şərtimiz belədir, biz səni dost bilib, ərk eləyib uşağı tapşırırıq, sən də gərək bizi dost biləsən, ürəyimizi qırmayasan, maşını qaytarmayasan. –Peşkəşi qaytarmazlar ki, – deyə Teyyub bir daha fısıldadı. Mən kağızı Sadığa uzatdım: –Otuz il müəllimlik eləmişəm, Sadıq, – dedim. Hiss edirdim ki, həyəcandan səsim əsir, bir uşaq kimi əsəbiləşdiyimçün daha da pərtləşirdim, – səninlə də beş il qonşu olmuşuq. Amma, doğrudan təqsirkaram, nöqsanımı boynuma götürürəm, bu günə qədər səni tanımamışam, nə yuvanın quşu olduğunu bilməmişəm. İndi tanıdım. Sadıq belə gözləmirdi. O, bir an karıxdı, lakin dərhal özünü ələ alıb dedi: –Belə niyə, Zəki müəllim, niyə qanını qaraldırsan, biz sənə dost kimi... –Mənim sən adda dostum yoxdur. –Belə oldu? –Hə, belə oldu. –Axır sözündür. –Ümumiyyətlə səninlə axır görüşümdür. Teyyub fısıldaya-fısıldaya: –Bacıoğlu, bəlkə Moskviçi bəyənmədin, Volqa düzəldərik, – dedi. Ən dəhşətlisi o idi ki, bu adam bu sözləri kinayə kimi yox, ciddi təklif kimi deyirdi. –Bu saat ikiniz də itilin burdan, yoxsa prokuror çağıraram. Mən onların ardınca qapını çırpan kimi Murtuz təəccüblə soruşdu: –Nə oldu? –Heç nə əşi. İti qovan kimi qovdum. –Niyə axı, nə deyirdilər ki? Biz eyvana çıxdıq. Mən hələ də əsəbdən titrəyə-titrəyə məsələni danışdım. –Əşi, bir toxta, belə nadürüstlərlə neyləmək olar! Əsəbiləşmə! At! dü!.. Namus, vicdan ki, olmad. Çətindi. İki bir. Ən pisi də o oldu ki, bir şey eləmək olmur. İşi elə bic tuturlar ki: şahid yoxdur. Heç nə isbat eləməyəcəksən. Üstəlik sənə böhtançı adı da yaxarlar, kitab bağlanar. –Bəli,– dedi, – bəla da ondadır. Amma, aşna, öz aramızdır, marssan ha. –Hə, indi bir dörd çahar Murtuz lələşinçün dərmandır. Ay dörd çahar hardasan? –Al, bu da dörd çahar. Sən istədin, mənə gəldi. –İt sümüyüdür də, – deyə Murtuz həsrətlə zərlərə baxdı. Maşın qapısının şappıltısı eşidildi. Çağrılmamış "qonaqlar" yaşıl "Moskviç"lərinə əyləşirdilər. Birdən gözüm maşının nömrəsinə sataşdı. Sən bir təsadüfə bax, nömrə mənim atdığım zərlərin eyni idi: 44-44. Dörd çahar. – Yaxşı, Murtuz, – dedim, – sən mars! Amma mən bunu necə oynayım axı? Nəyimə lazım idi mənə dörd çahar verdi? Murtuz köksünü ötürdü: –Allah ondan mənə vermir ki... Bu əhvalatın nəticəsi sonrakı il oldu. Onu da deyim ki, o il Teyyubun oğlu birinci imtahandan üç aldı, mənim imtahanımdan isə bütün obyektivliyimə baxmayaraq (axı, uşağın nə təqsiri vardı?), bir suala belə cavab verə bilməyib kəsildi. Gələn yay qəbul komissiyasına mənim yerimə Murtuz qalmışdı. Mən isə ailəmi bir "Pobeda"ya doluşdurub Göy gölə aparmışdım. Bir-iki yerdə az qala qəzaya uğramışdıq, amma ümumiyyətlə pis keçmədi. Avqustun axırında Bakıya qayıtdıq.

Sentyabr gəldi, dərslər başladı. Bir səhər qəzetləri gözdən keçirəndə gözümə bir felyeton dəydi. Ora-burasına baxdım, gördüm adlar tanışdır. Söhbət mənim bildirki qonaqlarımdan – avtomobil alverçiləri Teyyub Cahangirovdan və Sadıq Məhərrəmovdan gedirdi. Min cür fırıldaq işlətmiş bu qoşa haramzada indi məhkəmə salonunda da cüt oturmuşdular. Felyeton çox duzlu yazılmışdı. Yaman da geniş yayılmışdı. Küçədə, bayırda hamı ondan danışırdı. İnstitutda müəllimlərdən biri məndən soruşdu: –Oxumusan? –Hə. –Amma yaman yazıblar. Çox tutarlıdır. Bilirsən də, hərifin oğlu bizim institutda oxuyur. –Kimin oğlu? –Əşi, Cahangirovun da. Odey, bax, həmin o gədədir. Uzunsaç. Mən o göstərən səmtə baxdım və gözlərimə inanmadım. Bu həmin bildir kəsdiyim oğlan idi. –Necə oxuyur? – deyə soruşdum. –Necə oxuyacaq? Avaranın biridir! Dərsə-zadada gəlmir. Bilmirəm heç bura necə düşüb. Birdən elə bil məni ildırım vurdu. Yadıma düşdü ki, Murtuz deyirdi təzə maşını var. O, maşını institutun həyətində saxlayırdı. Mən həyətə qaçdım. Bəlkə də məni təqsirləndirəcəksiniz, bəlkə deyəcəksiniz ki, Zəki maymaqdır, sadəlövhdür, adamları tanıya bilmir, həmişə gec tərpənir. Amma hər halda mən həyətdəki yaşıl "Moskviçin 44-44, dörd çahar nömrəsini görən kimi birbaş Əsədin yanına getdim.


Tarix: 08.06.2015 / 16:10 Müəllif: Aziza Baxılıb: 474 Bölmə: Anar