beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Taksi və vaxt
Taksi və vaxt

Bir küçənin tinində dayanmışdıq. İstiydi. O, maşın gözləyirdi. Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. Maşınlar bir–bir ötürdu. Hər dəfə evin yanından maşın burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. Mən tərəddüd içindəydim: deyim, deməyim? O, bu gün başqa şəhərə gedirdi. Qatar bir saatdan sonra hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız küçəyə, taksiyə qədər ötürməyə icazə verdi. Bəlkə elə belə yaxşıdır. Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu məndən aparacaqdı. Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq – yaşıl işığını qara görəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon altında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi? Yaşıl işıqlı bir taksi döngəni buruldu. Əlimizi qaldırdıq. Saxlamadı. Görünür, qoca dindar anam dualarının hansındasa bu sürücünü yad etmişdir. Deyimmi? Etirafım bomba partlayışı təsirini buraxacaqdı. Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə təşbeh haqqında düşünməyə dəyərmi? Deyimmi? Cavab əvvəlcədən məlumdur. İki, bəlkə üç, bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına, donub qalacağına ayırıram. Bəs altıncı dəqiqə? Qəzəb?
İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə ağır bir təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, incidəçək, kədərləndirəcək bir cavab. Amma məni bu qorxutmurdu. Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ən çoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hisshəyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı. Bəs birdən... Birdən... Bəlkə bu beş dəqiqəlik heyrətdən sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: – Mən sənsiz hara gedə bilərəm, – deyəcək, – ayrılıqda da yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. Bəs onda? Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə rəngli gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. Bəs sonra? Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı. Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə gəlirdi ki, insana səadət verilməmişdir; ona yalnız səadət arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir. Səadətə çatdığın an o öz təravətini, ətrini, gözəlliyini, cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz, yaxınlaşdıqca uzaqlaşan. Ya da bəlkə səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında, gələcək həsrətində yaşamaq və nəyisə hey gözləmək, gözləmək, gözləməkdir. Eh! İndi ki, belədir, onda qoy dama-dama naxışlı, qabağı yaşıl işıqlı taksi tez gəlsin. Deyilməmiş sözlərin yarası həmişə qəlbimizdə qövr eləsin. Bir an mən bütün qəlbimlə taksinin tez gəlməsini arzuladım. Elə bil bu istəyimi yerinə yetirmək üçün döngədən taksi buruldu. Elə həmin an bu istəyin də dadı qaçdığını duydum. Taksinin gəlib-gəlmədiyinin, bu tində bu qadınla durubdurmadığımın, ona deyib-deməməyimin, onun cavabının mənimçün tam bir laqeydliyini duydum. Bu yazımı dostuma oxuyanda dedi ki, əgər sən belə düşünürsənsə yaşamağa dəyməz. Doğrudur. Amma məsələ ondadır ki, ölməyə də dəyməz. Dostum dedi: –Sən dəli olacaqsan. Ola bilər. Bəlkə də... Bilmirəm. Yalnız bilirəm ki, o vaxt mənim iyirmi yaşım vardı və o vaxt mən belə düşünürdüm. O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda qadın nazik, zərif, aylı gecədə kaman iniltisinə oxşayan əlini qaldırdı. O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda, boz, nimdaş, rəngi getmiş taksi dayandı. Sürücüsü də lap qəssaba oxşayırdı. Maşının nömrəsinə baxdım. 20-24. Mən balaca çamadanı yük yerinə qoydum. –Çox sağ ol! –Dəyməz. O, əlini uzatdı. Əlimi uzatdım. Daldan başqa maşınların səsi gəldi. Taksi küçənin işlək yerində dayanıb yolu kəsmişdi. Sürücü ayağını qaza basdı. Taksi tərpəndi. Qapı bağlandı. Əlini tuta bilmədim. Əlimdə barmaqlarının təri belə qalmadı, Bir neçə saniyədən sonra maşın döngəni burularaq gözdən itdi. Ağrıdım. Nədənsə anam yadıma düşdü, qardaşım öləndə mənə elə gəlirdi ki, anam da dərddən öləcək. O, dəli kimi olmuşdu. O gündən on il keçir. İndi anam gülür, danışır, zarafat eləyir... Nə isə... Hər şeydən – qardaşım ölərkən anamın göz yaşlarından belə mənə əziz olan qadın, bu beş dəqiqədə heç kəsi, heç vaxt, heç yerdə sevmədiyim qədər sevdiyim insan, ilk eşqim, son eşqim, dama–dama naxışlı, qabağı bayaq yaşıl, indi isə qırmızı işıqlı taksidə əbədi getdi. Qol saatıma baxdım. Vaxt hey axır, axır, axırdı. Vaxt hər yaranı sağaldır. Vaxt hər gecə yarısı on iki zərbəylə günləri güllələdikcə mənim də ağrılarımı ovudacaq, həsrətimi aparacaqdır. Vaxt bizi məğlub edir – vaxt bizi xilas edir. Mən hər şeyi, bu tini, bu qadını, bu taksini unudacağam. Unudacam, unudacam... O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda... Şəmsi deyinirdi: –Əşi, bir yerin ki, böyüyü Murtuz ola ordan nə gözləyirsən. Bu adam ömründə bir müstəqil layihə verməyib. Hırnan–zırı qanmır, ən adi şeyləri bilmir, amma di gəl hamının başına ağıl qoyur, hamıya dərs deyir. Nə oldun, acından qarnımız qırıldı ki... Axırıncı cümlə Şəmsinin arvadı Şövkət xanıma aid idi. –Bu saat, bu saat. Şövkət xanım sanki gətirdiyi böyük nimçənin ağırlığı altında balacalanmış, yerə keçmişdi. O, aşı masanın üstünə qoydu. Sonra xuruşunu gətirdi. Şəmsi mənim boşqabımı götürüb yenə də əvvəlki kimi danışa–danışa aş çəkməyə başladı. –Əşi o gün Əsgərin müdafiəsidir... –Hansı Əsgərin... –Kərimovun. Mən bilirdim ki, "hansı Əsgərin". Amma hər hansı bir şəkildə olursa-olsun söhbətdə iştirak etməkçün bu tamamilə yersiz sualı verdim. Daha doğrusu, mən heç söhbətdə iştirak etmək də istəmirdim. Lakin Şəmsinin dediklərinə maraq göstərmək lazım idi. Yoxsa, yaxşı düşməzdi. Mən Şəmsinin dediklərinə qulaq asmırdım. Mən balkona baxırdım.

Mən sinni kişiyəm. Gəncliyim çoxdan ötüb keçmişdir. Bəs neçin balkon döşəməsindəki rəqs hələ də məni həyəcanlandırır? O biri otaqda Nərgiz geyinirdi. Şəmsinin qızı. Soyunurdu, geyinirdi. Mən heç bir şey görmürdüm. Nə onun bədənini, nə paltarlarını, nə hərəkətlərini. Mən yalnız hərəkətlərin kölgəsini görürdüm. Kölgələrin balkon döşəməsində oynadıqları qəribə rəqsi. O biri otaqdan balkonun döşəməsinə cəpəki işıq düşürdü. İşığın üstündə kölgə vardı. O biri otaqda Nərgiz geyinirdi. Hərdənbir o, güzgünün yanından ayrılıb şkafa yaxınlaşırdı. Onda kölgə yox olurdu. Kölgələr rolunu ifa edib qurtarmış rəqqasələr kimi xəfif bir hərəkətlə baş əyə-əyə çəkilib gedirdilər. Balkon döşəməsi boş qalırdı. Boz, boş döşəmə. Sonra yenidən sonsuz qadın incəliyilə, naz-qəmzəsiylə dolu olan hərəkətlər, rəqslər. Nərgiz güzgüyə yanaşırdı, geyinirdi. Qəfilcən saçlarını çiyninə atırdı. Kölgələr hürkmüş quşlar kimi çırpınırdılar. Birdən rəqs qurtarırdı. Kölgə donub qalırdı. Yalnız kiçicik bir ehtizaz sezilirdi. Bu ehtizaz mehin sığalladığı narın qumun ürpərişləri qədər zərifdi. Mən bilirdim: Nərgiz güzgünün qabağında durub son dərəcə diqqətli, son dərəcə asta bir hərəkətlə dodaqlarına boya çəkirdi. O, harasa hazırlaşırdı. Harasa? Mən öz sualıma gülümsündüm. Guya mən bilmirdim ki, hara? Şəmsi hey danışır, danışır, danışırdı. Hey deyinir, deyinir, deyinirdi. Hey yeyir, yeyir, yeyirdi. "Qaytarın mənə 20 yaşımı", hardan qaytaracaqlar? Kim qaytaracaq? 20 yaşımda 20 yaşımın qədrini bilmədim. Dayazı dərin görünən fəlsəfələrə qapıldım. İndi isə hər şey keçib getmişdir. Həyat musiqi kimidir. O sona yetməkçün davam edir. Dayana bilməz; qırıla bilər, kəsilə bilər, susa bilər. Lakin dayana bilməz, bir yerdə saya bilməz, təkrar oluna bilməz. Bəlkə də belə yaxşıdır. Xarab olmuş patefon kimə gərəkdir? –Niyə yemirsiniz? Bəlkə aş xoşunuza gəlmir? – Şövkət xanımın sualı məni fikirlərimdən ayırdı. Mən ev sahibəsinin belə sorğularına necə cavab vermək lazım olduğunu yaxşı bilirdim. Vərdiş eləmişdim: –Yox, nə danışırsınız, çox gözəldir, çox dadlıdır, yeməkdən doymaq olmur və sairə. Mən bütün bu sözləri deməyi dilimə tapşırdım. Fikrim, gözüm isə balkonun döşəməsindən ayrılmırdı. Geyinən qadın hərəkətlərindən, daha doğrusu bu hərəkətlərin kölgəsindən həzin, şairanə nə var? Bu kölgələr nə qədər ani, keçəri-gedəri, hərcayi, xülyavidirlər. Lap möcüzə təkin. Ya da ki, küləkli gün bulaq aynasında söyüd titrəyişləri təkin. Dzin... Telefon zəngi. Kölgə qeyb oldu. Elə bil qasırğa söyüd ağacını yana əydi, əksini bulaq aynasından aldı. –Allo, indi gəlirəm. Demək, Asəf idi. Nərgizi gözləyir. Səbri çatmayıb, zəng eləyib. Yadıma düşdü: Axı, Şəmsi deyirdi ki, bu gün Asəfin ad günüdür. "Allo, indi gəlirəm". Mən onları bir yerda təsəvvür etdim. Bu gün qonaqlıqda. Küçədə, kinoda, bağda, küçənin səs–küyündə, parkın yalqızlığında, kinonun xəlvətində. Asəf. Nərgiz. Onların ikisinin yaşını üst–üstə gələndə yenə də mənim yaşımdan az çıxırdı. Çıq. Telefon asıldı. Döşəmədə yenidən kölgə göründü. "Allo, indi gəlirəm": Bilirdim. Bu axırıncı anlardır. Mən beş sayacam. Kölgə yox olacaq. Bir, iki, üç, dörd, beş "Allo, indi gəlirəm". Yox, hələ də əsir, titrəyir. İndi onacan sayacam. Bir, iki, üç, dörd, "Allo, indi..." beş, altı, "Allo", yeddi, səkkiz, "yox, sırayla saymaq lazım deyil, elə belə, sırasız, necə gəldi. Bir, doqquz, yeddi, üç, allo, allo, allo, allo, iki, altı, on səkkiz. On səkkiz... Döşəmə. Boz, boş, çirkli döşəmə. Çəpəki, kölgəsiz işıq. Nərgiz otağa girdi. Kaman kimi incə, kaman kimi dümdüz, şümal. Səsi də kaman səsi... Neçin ömür keçdi, gün keçdi, neçin cavan olmaram bir də mən.. –Yaxşı, mən getdim. Sağ olun. Şövkət xanım dedi: –Sağ ol. Gec gəlmə. Elə indi də gecdi. Qaş qaralıb. Necə gedəcəksən? Birdən mən dedim; –Dayan, Nərgiz, getmə. Mən səni ötürərəm. O tərəfə gedirəm. –Lap yaxşı. Onda taksi götürərik, yoxsa yaman kecikmişəm. Mən paltomu geyinənəcən Nərgiz durna boylu güldandan seyrək–seyrək düzülmüş qırmızı gülləri uzun barmaqlarıyla yığırdı. Haradansa başıma qəribə bir sual-cavab gəldi. Guya məndən soruşurlar: "Həyatının ən xoş, ən gözəl, ən incə xatirəsi nədir? – Al qırmızı gülləri ağ güldandan yığan uzun barmaqlı bir qızın yaşıl paltarı…" Nərgizin yaşıl paltarı vardı. Nərgiz gülləri Asəfçün yığırdı. Asəf Nərgizin nişanlısı idi. Nərgiz Şəmsinin qızı idi. Şəmsi mənim dostum idi. Mən dedim: –Mən hazır. –Əşi oturaydın. Nərgiz özü gedər. Otur sənə Murtuzdan danışacam. Zalım oğlu elə özündən bədgümandı ki. Dünən kafedranın iclasında... Şəmsi deyinirdi... 3 Nərgizlə mən tində dayanmışıq. Taksi gözləyirdik. Yağış yağırdı. Yadımdadır. Vaxtilə mən başqa bir tində, başqa bir qadınla dayanıb taksi gözləyirdik. Budur, yenə tin. Yenə mən. Yenə qadın. Yenə taksi. O gündən çox illər keçmişdir. O gündən çox taksilər getmişdir. Lakin neçin bu yağışlı axşam mənə o günəşli gündüzü xatırladır? Axı, hər şey dəyişmişdir. Tin o tin deyil. Başqa küçənin tinidir. Nərgiz vaxtilə mənim ötürdüyüm qadın deyil. O qadın da cavan idi. Nərgiz kimi. Lakin o qadın neçə illər bundan qabaq cavan idi. O zaman mən də gənc idim. Nərgiz isə indi cavandır. Mən indi yaşlı kişiyəm. Mən vaxtilə sevdiyimi taksiylə göndərən, ağrıyan, amma eşqimə də, həsrətimə də biganəliklə baxan adam deyiləm. Onsuz da vaxt hər yaraya məlhəmdir, – deyən adam deyiləm. Vaxt özü mənə isbat etdi ki, hər yara sağalan deyil. O mənə anlatdı ki, əbədi gedən taksiləri saxlamaqçün bəlkə bir ömür boyu piyada qaçmalı olsan belə, qaçmalısan, heykəl təki durub "dərin" fəlsəfə yürütmək bir peşə deyil. Vaxt verdiyi dərslərə görə saçlarımın gümüşü bahasını aldısa da, hər halda onun öyrətdikləri bu qiymətə dəyərdi. Bəli, hər şey dəyişmişdi. Onda isti gündüz idi. İndi yağışlı axşamdır. Onda ömrümün səhər üzü idi. İndi yolum gecəyədir. Amma yenə o vaxtkı kimi taksi gözləyirdik. Nə qadın o qadındı, nə mən o vaxtkı "məndim". Bəli, hər şey dəyişmişdi. Amma yenə o vaxtkı kimi mən sevirdim. Sevirdim və itirirdim. Bəli, hər şey dəyişmişdi. Mən indi bilirdim ki, səadət var və insan onun uğrunda döyüşməlidir. Bilirdim ki, əgər səadət üfüqə bənzəyirsə, bu bənzəyiş çatılmazlıqda deyil, bu bənzəyiş ondadır ki, üfüq təki səadətə tərəf gedəndə də biz yeni-yeni aləmlər tapır, təzə-təzə həqiqətlər, doğrular kəşf edirik. Səadət uğrunda, doğru uğrunda çarpışdıqca biz vaxta qalib gəlirik. Mən indi bunu bilirdim. Bəli, hər şey dəyişmişdi. Amma yenə o vaxtkı kimi mən tərəddüd içindəydim. Deyim, deməyim? Desəm etirafım bomba partlayışı təsiri bağışlayacaqdı. Təşbeh çeynənmişdir. Lakin inanın, and içirəm ki, bütün bu illər ərzində mən ayrı təşbeh tapa bilmədim. Deyirlər gözələ al da yaraşır, şal da. Biz yağışın altında dayanmışdıq. Yağış gözəlləri belə isladıb büzüşdürür, aciz, yazıq, çirkin eləyir. Ancaq Nərgizə yağış da yaraşırdı. Saçlarının qıvırcıqlarından sallanmış yağış damcıları kiçilmiş, miniatürləşdirilmiş üzüm salxımlarına bənzəyirdi. Saçında, qaşında, kirpiklərində parlayan yağış danələri mirvariyə, inciyə oxşayırdı. Üst-başına səpələnmiş yağış gilələri xırda dağ çiçəklərini andırırdı. Yağış onun saçlarını dağıtmış, yanağını, qaşını, kirpiyini yuyub yalamış və elə bil qara su olub gözünün gilələrinə yığılmışdı. Yağış onu hər budağından narın çiçək, ya da xırda meyvə sallanan ağaca oxşadırdı. Ona yağış da yaraşırdı. Bəli, hər şey dəyişmişdi. O, cavandı, gözəldi, Mənim yaşım ötmüşdü. Bu mütərəddidlik də o zamankı qərarsızlıq deyildi. O vaxt qarşımda yalnız öz biganəliyim, öz laqeydliyim, öz dəruni "soyuğum" dururdu. İndi isə real keçilməz sədlər. Yaş. Adamlar. Rəylər. Əxlaq normaları. Hər şey dəyişmişdi. Lakin bu duyğular mənə tanışdı. Mən onları simfoniyanın sonunda birinci hissəsinin mövzusunu tanıyan kimi tanımışdım. Bu mövzu bütün əsər boyu keçir. Dəyişir, ayrılaşır, özgələşir. Şadlıqdan keçir, kədərdən keçir, dalğınlıqdan keçir. Ancaq axırda onu yenə də tanıyırsan. O dəyişmişdir və dəyişməmişdir. O həm köhnə tanışdır, həm də yeni dost. O, həm ondakıdır, həm indiki. Bəli, hər şey dəyişmişdi. Amma yenə də lap o vaxtkı təki mən istəmirdim, heç istəmirdim ki, taksi gəlib çıxsın. Lakin onda da, indi də taksi gəlib çıxdı. Tindən buruldu. Yanı da dama–dama naxışlı, qabaq şüşəsi də yaşıl işıqlı. –Allo, taksi. Saxladı. İkimiz də dalda əyləşdik. Küçələr parıldayırdı. Lak çəkilmiş qara çəkmə kimi. Küçənin yaş qara aynası üzərində rəngbərəng işıqlar üzürdü. Yaşıl, sarı, qırmızı. Maşınların qabaq faraları küçələri sarı işıqla süpürür, dal faraların qan qırmızısı isə yol boyu ardlarınca sürünürdü. Al lenta təkin. İşıqforlar küçələrə yaşıl yarpaqlar səpmişdi. Göydə kəlağayı buludlar. Bulud yarğanlarından görünən səma. Göz işlədikcə işləyən əngin. Bir də soyuq ay. Gecənin sarı xalı. Yerdə şəhər. Küçələr. Adamlar. Bu taksi. Bu taksidə dördümüz. Sürücü. Nərgiz. Mən. Bir də mənim əcaib məhəbbətim. Yox, bir də mənim yaşım – taksi sayğacının rəqəmləri kimi bir-birini təqib edən illərin sayı. Bir də qiyabi adamlar. Onların nəsihətləri, anlayışları, Bir də mənim kədərim. Bir də onun nə ağıla, nə tərifə, nə də bu maşına sığmayan gözəlliyi. Aşıq demişkən "tamam bir kəndə dəyən" yox, tamam bir şəhərə dəyən gözəlliyi. Bir də onun beynində və qəlbində, arzularında, yaddaşında, qulaqlarında, gözlərinin içində yer eləyib qalmış qarabuğdayı, qonur gözlü bir gənc, ağıllı, kamallı, həm də bir az dəli-dolu gənc. Qəflətən maşınımız dayandı. Elə bil işıqfor yelləncək kimi üstümüzə axdı. Küçə qəndillərində – yol boyu düzülmüş işıqforlarda sarı işıq qırmızıyla əvəz olurdu. Küçə boyu-qırmızı işıq dairələri. Gecənin lalələri. Soyuq, namehriban, isintisiz işıqlar. –Demək eyib olmasın, bu vaxt o tərəflərdə sizin nə işiniz var? Bu sözlərdə, onların deyiliş tərzində cavan bir qızın əmisinə, dayısına, yaxud yaxın ailə dostuna olan bir məhrəmlik duyulurdu. Mən də eyni şıltaq-qəmzəli ədayla cavab verdim: –Hər şeyi deməzlər ki... İşıqfor göz vurdu. Yollar açıldı. Maşın tərpəndi. Mən dedim: –Bəs sizinki nə məclisdi? –Asəfin ad günüdür, – mən bilirdim. – Ata-anasını tovlayıb evdən qaçırtmışıq. İndi ancaq özümüz olacayıq. Mən dedim: –Yəni ancaq cavanlar. Gör indi nə vur–çatdasın olacaq? O, yəqin ki, səsimdəki həsədi sezmədi. Riqqətləndirici bir sadəlövhlüklə təsdiq etdi. –Hə, – sonra əlavə etdi, – gəlin siz də gedək. Bu təklif quru nəzakət deyildi, riyakarlıq da deyildi. Bu təklifdə təmiz körpə sadəliyi vardı. Mən bilirdim ki, bu təklifi mən də bax beləcə, uşaqcasına qəbul etsəm və razılaşsam, getsəm orada cavanların arasında bu aldanış çox tez aşkar olacaqdır. Orada, onların içində mən nə qədər yad görünəcəyəm. Zaman qürbətinə düşmüş qərib. Yaşını azmış biçarə. Onlarla dil tapmaq, özünü cavanlığa, mənə nisbətdə arsızlığa qoymaq, yaşı, çoxdan ötmüşkən şux bir gənc və yaxud kefcil bir gənclik dostu rolunda çıxış etmək fikri isə məndə yalnız ikrah hissi oyadırdı. Lakin bir an, nə az, nə çox, düz bir an məndə dəli bir istək oyandı. Oraya getmək. Məhz Nərgizlə birlikdə getmək və orada bütün istedadımı, bütün həvəsimi, bütün təcrübəmi, məndə nə varsa, məndə nə qalıbsa, məndə nə sönməyibsə, hər şeyi atmaq, onlarla, o parlaq, hazırcavab, şux gənclərlə döş-döşə gəlmək, Nərgizi onlardan almaq, ondardan aparmaq. Bu xülya idi. Lakin bir an, nə az, nə çox, düz bircə an mən bu xülyaya inandım. Məni başa düşün. Mən o gəncləri sevirdim. Onlar ağıllı, sağlam, atəşli, gözəl gənclər idi. Mən onlarla yalnız bircə şey üstündə çarpışmaq istəyirdim. Mən Nərgizi onlardan, oradakı oğlanlardan, qızlardan, Asəfdən, onun tay-tuşlarından, yaşdaşlarından almaqla öz gəncliyimi qaytarmaq istəyirdim, gənclikdə itirdiyim qadını Nərgizdə tapmaq, bu gecikmiş məhəbbətdə təsəlli aramaq istəyirdim. Nərgizin dikdaban çəkmələriylə gənclik fəlsəfəmin amansız laqeydliyini tapdamaq istəyirdim. Bir də 20 yaşında, o vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda qaytarmadığım, qaytarmağa cəhd etmədiyim taksini indi geri döndərmək istəyirdim. Lakin mən bilirdim bu xülyadır və mən bilirdim ki... olan oldu, keçən keçdi. Mən bilirdim getməyəcəm. Aralığa sükut çökmüşdü. Biz susurduq. Sükut yayın bürküsü kimi əziyyət verirdi. Bəlkə məhz bu ağır sükutu pozmaqçün Nərgiz birdən dedi: –Bu axşam televizora baxın ha. –Niyə? Nə var ki?

Maraqlı veriliş var. –A... – sonra soruşdum, – Sən də baxacaqsan? –Hə. Əlbəttə. Mən dedim: –Onda mən də baxaram. Maşın sola buruldu. İndi o sakit, adamsız küçələrlə gedirdi. Asəfgil bu həndəvərdə olurdular. Mən düşünürdüm: "Budur, bax, indi Nərgiz düşüb gedəcək. Onun paltosunun üstündən geydiyi bu yağışlığı heç mənim xoşuma gəlmirdi. Lakin mən xatırladım ki, qışda bəzi şəhər ağaclarını cürbəcür yöndəmsiz, qaba – saman-həsir örtüklərə bürüyürlər, ört-basdır edib qışın sazağından, ayazından gizlədirlər. Qışda onlar şaquli qoyulmuş nataraz odunlara oxşayır. Lakin qış keçir. Şaxta keçir. Örtükləri açırlar və onların kobudluğu altından nazik, zərif, gözəl, yaşıl bahar çıxır. Mən düşündüm ki, Nərgiz indi maşından düşəcək, görüşüb gedəcək, orada bu yöndəmsiz yağışlığını, paltosunu çıxaracaq, onu soyuqdan qoruyan bu kobud bürümələrin içindən isə kövrək, incə yaşıl paltarlı bir bahar çıxacaqdır. Bu bahar rəqs edəcəkdir. Güləcək, danışacaqdır. Könlünün nəvazişini, istisini insanlarla bölüşəcək, mehribanlığıyla sevindirəcək, etinasızlığıyla qüssələndirəcəkdir və haçansa məclisin şirin yerində bir neçə dəqiqə qonaqlardan, rəqslərdən, tostlardan, komplimentlərdən ayrılacaq, televizora qapılacaq, verilişə baxacaqdır. Mən də evimin kimsəsizliyində bu verilişə baxacağam. Bu bir neçə dəqiqə o mənimlə olacaqdır. Daha doğrusu, onun fikirləri, hissləri, təəssüratı mənimkiylə eyni olacaqdır. Biz eyni şeydən həzz alacağıq, eyni şeyə güləcək, eyni şeydən riqqətlənəcəyik. Deyirlər qabaqlar sevişənlər bir– birlərindən ayrı düşəndə aya baxarlarmış: gözlər, xəyallar orda birləşərmiş. İndi isə televizora baxmaq olar. Baxışlar, qəlblər onun ekranında birləşər. Bu təsəlli deyildimi? Sürücü dedi: –Çatdıq? Buradır?

–Hə. Maşın dayandı. Nərgiz maşından düşdü. Düşərkən məndən soruşdu: –Pul vermək lazımdır, hə? Mən zarafata saldım: –Bəs necə ki? Yoxsa elə bilirsən ki, sənin qara gözlərindən ötrü... Lakin cümləni qurtarmayıb susdum. Onun qara gözlərini görüb susdum. Mən dedim: –Ay qız, səninçün eyib deyil, mən dura–dura... Nərgiz gülümsündü: –Yaxşı, nə deyirəm ki... O getdi. Dikdaban, zərli, balaca çəkmələriylə küçəni, yağışı döyədöyə getdi. Uzun-uzun ardınca baxdım. Ardınca baxa-baxa qaldım. Uzaqlaşdı. Mən yalnız onu görürdüm. Ətrafı görmürdüm. Nə küçəni, nə gecəni, nə evləri, nə adamları, nə də ki, yağışı. Elə bil o gedən yolun iki tərəfi divar idi. Elə bil o, baxışlarımın koridoruyla gedirdi. Addımlarının səsi get-gedə yavaşıdı, özü get-gedə balacalandı, dəhlizə girib görünməz oldu. –Sür. Maşın hərəkətə gəldi. Sürücü radionu qurdu. Məqalə oxunurdu. Səs qırıq–qırıq, xırıltılı gəlirdi. Gah itir, gah eşidilirdi. Başqa stansiyalar da qatışıb mane olurdular. Yalnız ayrı–ayrı sözləri başa düşmək olurdu: "Siyasi dairələr... olunmuş... Son məlumat... dünən... xarici işlər..." Sanki uzaq bir şəhərlə telefon danışığıydı. Sürücü soruşdu: –Arvadındır? –Yox. –Nişanlındı? Sürücü bizə diqqətlə baxmamışdı, danışığımıza diqqət yetirməmişdi. Mən dedim: –Yox. –Deməli, elə–belə, gəzirsiniz. Sürücü gündüz işığında bizimlə üzbəüz gəlsəydi, belə sual verməzdi. Əlbəttə, o mənə və Nərgizə bircə kərə işıqda baxsaydı... Mən dedim: –Yox. –Aaa... O, əliylə qeyri-müəyyən bir hərəkət elədi. Mənə tərəf döndü. Bic–bic gülümsündü. Başını yellədi. –Aydındı, – dedi. Mən tutuldum. –Nə aydındı? – deyə sərt soruşmaq istədim. Soruşmadım. Mən bildim ki, o Nərgiz haqqında pis düşünə bilər. Mən onu fikirlərdən daşındırmaq üçün olanı deməliydim, onun bu aldanışını bircə kəlməylə, ya bircə hərəkətlə ona anlatmalıydım. Lakin mən düşündüm ki, bir də bu adam yəqin ki, ömründə nə mənə, nə də Nərgizə rast gələcəkdi. Nə məni, nə Nərgizi tanıyacaqdı və onun bu aldanışı heç kəsə zərrə qədər də ziyan gətirməz. Bu fikir yalnız onun öz içində qalacaq, o da bir axşam, bəlkə bir neçə saat, bəlkə bir neçə dəqiqə – gələcək sərnişinə qədər. Mən kədərləndim ki, heç bir vaxt bu adama rast gəlməyəcəm, məni və Nərgizi ər-arvad, yaxud nişanlı, yaxud elə–belə sevişən sayan bu yeganə insanla bir neçə dəqiqədən, bir neçə metrdən sonra əbədilik üzülüşəcək və bir də heç bir vaxt, heç bir vaxt görüşməyəcəyəm. Doğrudur, maşının nömrəsini yadda saxlamaq olardı. Amma nə fayda? Məgər bu təsəllimidir? –Belə gedəcəyik? –Bəli, bu döngəni burul, saxla. Birdən mən istədim, yaman istədim, sürücüyə deyəm ki, bəli o qız nişanlımdır, bu yaxında isə arvadım olacaq. Bəli, biz evlənəcəyik. İstədim deyəm ki, bax, sən elə bilmə ki, biz bircə axşam, hətta bircə bu axşam bir–birimizdən ayrı dura bilərik. Yox, biz ayrılmadıq. Mən onu özgələrin yanında qoymadim. Onun axşamını, təbəssümünü, saçlarının iyini başqalarına vermədim. Yox, bu müvəqqətidir. Bilirsən, dostum, nə var, mən onu müvəqqəti olaraq ora – xalasıgiləmi bilmirəm, bibisigiləmi bilmirəm, apardım. Bir balaca işi var. Bir balaca işim var. Yarım saatdan sonra taksi tutub dalıycan gedəcəyəm, onu götürüb gətirəcəyəm. Mən demək istəyirdim ki, mən vaxta qalib gəlmişəm, bu yağışlı axşam, çox–çox illər bundan qabaq isti gündüz çağı itirdiyimi tapmışam və tapdığımdan elə muğayat olacağam ki, bir də itirməyim, ömür gecəsinin sonuna kimi itirməyim. –Buyur. Maşın dayandı. Gəlib çatdıq. Pul verdim. Düşdüm. Heç nə demədim, heç nə deyə bilmədim. Taksi tərpəndi. Yaxasında yaşıl düymə. Ardınca baxdım, baxdım və birdən qərara gəldim. –Ey, saxla, saxla, görüm ey! Taksi! Taksi elə bil diksinib dayandı. Çağırdım. Qayıtdı. Oturdum. Sürücü qaranlıqda təəccüblə mənə baxırdı. Mənim üzüm gülürdü. –Fikrimi dəyişdim, – dedim, – sür gedək. –Hara? Mən dedim: –Qızı düşürdüyümüz yerə, – sonra inamla əlavə etdim.– Nişanlımı... –Aa... çox gözəl. Sürücü də gülümsündü. Gülümsündü də sözdü. Lap ağzı getdi qulağının dibinə. Vallah, bu dəqiqə o mənə qardaşımdan əziz idi. Mən ən yaxın bir adam kimi onunla qəlbimdəkiləri bölüşdürmək istəyirdim. –Bilirsən, – dedim, – bir balaca qonaqlıq kimi var. Qızın dostlarıgildə. Mən getmək istəmirdim, işim vardı. Amma birdən fikirləşdim ki, qızı nahaq tək qoydum. Nə biləsən orda kim olacaq. Sürücü böyük həvəslə razılaşdı: –Əlbəttə, əşi... insan çiy süd əmib... Mən ona papiros təklif etdim. Spiçka çəkib papirosunu yandırdım. Sonra papirosumu da odladım. –Hə, – dedim, – fikirləşdin ki, işim sabaha da qalsa olar. Qoy gedim nişanlımın yanında olum. Mən özüm öz dediklərimə səmimi surətdə inanırdım. İnanırdım ki, hər şey məhz mən danışdığım kimidir. Yaxud mən dediyim kimi olacaq. Fərqi yoxdur. Sürücü yenə mənə baxdı və yenə də bic-bic güldü. –Tamamilə doğrudur, – dedi. Sonra zarafatyana əlavə etdi. – Onu da deyim ki, nişanlın səninçün yaman darıxıb. Lap burnunun ucu göynəyir. Mən inamla dedim: –Bəs necə ki, əlbəttə! – Sonra təəccüblə soruşdum: – Bəs sən hardan bilirsən? Sürücü mənalı-mənalı baxdı: –Necə yəni hardan, papirosundan, – dedi. Mən anlamadım. O, izah etdi. –Gör papirosun necə alışıb. El içində söz var, əlamət var: deyir papirosun bir tərəfi yananda, bir yanı alışanda, bu o deməkdir ki, kimsə səninçün yaman, yaman darıxır. Yağış azalmışdı. Küçə adamla dolu idi. Axı, bu gün bazar axşamıydı. Adamlar kinolara, teatrlara, konsertlərə tələsirdilər. Bəziləri də elə belə küçədə gəzməyə çıxmışdılar. Havada bahar iyi duyulurdu. Soyuq idisə də, bu mart soyuğu idi, baharın ərəfəsi. Könlümdə də mart idi. Baharın ərəfəsi. Musiqi səsi gəlirdi. Aydın, təmiz eşidilirdi. Sanki radio dalğaları uzaq şəhərdən Bakıya qayıtmışdılar. İşıqforun yaşıl bəzəkləri bütün yol boyu sapa düzülmüşdü.

Mən qəribə bir duyğu keçirirdim. Nədənsə, mənə elə gəlirdi ki, mağazadan qiymətli və çox kövrək bir güldan oğurlamışam. Bunu başqaları öz qiymətinə, öz dəyərinə, qanuni yolla pul verib alacaqdılar. Mən isə bir an içində xəlvətcə bu güldanı götürüb qaçmışam. Mən hey qaçır, qaçır, qaçıram, hara qaçıram – bilmirəm. Qorxuram ki, tələsdiyim, həyəcanım, təlaşım, nigaranlığım nəticəsində büdrəyib yıxılam, güldanı sındıram. Qorxuram ki, məni haqlayalar, güldanı tutub əlimdən alalar. Qorxuram ka, ürəyim partlaya, yıxılam, öləm, güldanı aparıb çatdıra bilməyəm. Amma büdrəməsəm də, məni haqlamasalar da, yıxılıb ölməsəm də hara gedirəm? Hara qaçıram? Hansı ocağa pənah aparıb, hansı evdə sığnaq tapacağam? Hara? Hara? 4 Qapıda tanımadığım bir qız dayanmışdı. – Kimi istəyirsiniz? Otaqda bir həngamə, bir vur–çatdasın vardı ki, ağız deyəni qulaq eşitmirdi. Musiqi, səs–küy, qədəhlərin, çəngəl-bıçağın cingiltisi... –İçəri keçin. İçəri keçmək sərhəddi keçmək deməkdi. Calayiyaş olmaq deməkdi. Gənclik dilində danışanlar içində əcnəbi, sevinc, şuxluq dəryasında tənhalıq adası olmaq deməkdi. Birdən mən otağın açıq qapılarından Nərgizi gördüm. O rəqs edirdi. Yaşıl paltarının yaxasına bayaqkı al qırmızı güllərdən biri sancılmışdı. Çiyinləri çılpaq idi. O müasir qızdı. Saçları gödək, danışıq tərzi, düşünüş tərzi, yaşayış tərzi müasir. Zövqü müasir, gülüşü müasir, şüuru müasir, geyimi müasir. Amma indi o qədim bir rəqs oynayırdı. Qədim bir Qarabağ rəqsi. Onun oyununda qəribə bir ahəng vardı. Sümüklərinin, əzələlərinin plastikası iləmi, üzündəki ifadənin işvəkarlığı iləmi, hərəkətlərinin şirin, naz qəmzəsi iləmi, deyə bilmərəm, amma nə iləsə bu rəqs xəyalımda heç bir vaxt görmədiyim keçmişləri, çox qabaqlar yaşamış gəlinlərimizi, qızlarımızı canlandırırdı. Heç bir vaxt kişi üzünə çıxmayan, kişi nəzəriylə oxşanmayan, sığallanmayan, qanadlanmayan gəlin-qızların qədim həsrəti bu axşam kişilər-gənclər içində rəqs edən müasir qadının bütün hərəkətlərinə, bütün varlığına aşılanmışdı. Bu gün kişilər içində rəqs edən bu qız sanki əsrlərlə qara çadralar altında boğulan qadınlıq hissinin ən kövrək, ən xəfif, ən inçə gizlinlərindən, sirlərindən, intizarlarından danışırdı. Birdən mən başa düşdüm ki, artıq mənə heç bir şey lazım deyil. Artıq nə istəsəm bayağılıq olardı. Bu obraz, bu nigaran duyğulardan başqa mənə heç nə lazım deyildi. Bu təsəvvür, bu xəyal yaddaşımın, xatirələrimin, əbədi, vəfalı, həmdəmi olacaqdı. Ayrı mənə heç nə, heç kim lazım deyildi. Qız xəbər aldı: –Axı, sizə kim lazımdır? –Heç kəs, – dedim. – Bağışlayın, yanılmışam, səhv gəlmişəm, azmışam. –Aaa. Axırıncı pilləni düşənəcən musiqi səsi aydın eşidilirdi. Yorğun ahəngli sərkərdan bir melodiya sanki öz aramını, sakitliyini, sonunu axtarırdı, tapa bilmirdi. Küçəyə çıxdım. Taksi getmişdi. Nə fərqi var! Piyada gedə bilərdim, ya da ayrı taksi tuta bilərdim. Bəlkə təsadüfən bayaqkı taksiyə rast gələ bilərdim. Eh! Taksini qaytarmaq çox asandır...


Tarix: 08.06.2015 / 16:06 Müəllif: Aziza Baxılıb: 623 Bölmə: Anar