beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İztirabın vicdanı
İztirabın vicdanı

Mən ölsəm sənə qurban Sən ölmə, yazığam mən. İki gündür ki, Moskvadayam. Dünən futbola getmişdim. Bu gün səhər Puşkin muzeyindəyəm. Oradan çıxıb kənd təsərrüfatı sərgisinə getdim. Üç–dörd saata qədər oranı gəzdim. Yağışa düşdüm. Metro yaman basırıq idi. Şəhərə güc-bəlayla gəlib çıxdım. "Bakı" restoranında nahar eləyib mehmanxanaya gəldim. Yaman yorulmuşam. Kimsə qapımı döyür. Yəqin Rafiqdir. Vay mənim halıma! İndi baş-beynimi aparacaq. Gəldim, gəldim. Bu saat... Gecə saat ikinin yarısıdır. Qonağım indi getdi. Rafiq deyildi. Ondan yalnız hələ pəncərədən uçub getməmiş papiros tüstüsü, bir də dolu külqabı qalmışdı. Bu bir neçə saat mənim həyatımın ən qəribə, ən maraqlı, ən dolğun, ən həyəcanlı, ən iztirablı, ən dəhşətli saatları idi. Bu bir neçə saat – tanımadığım, heç bir vaxt görmədiyim bir adamla məni üzbəüz qoymuş bu saatlar ömür selimin yatağını, fikir çayımın məcrasını dəyişdirdi, məni başqa, tamamilə yeni bir adam etdi. Bu bir neçə saatda gördüyüm və eşitdiyim şeylərin çoxu haqqında mən əvvəldən də düşünürdüm. Bu dəyişikliklər, bu yeniləşmə mənim bütün ömrüm boyu hazırlanır, püxtələşir, get-gedə yaxınlaşırdı. Amma bir haldan başqa bir hala keçməkçün müəyyən bir təkan, bir təsir, bir inqilab lazımdır. Bu bir neçə saat həyatımın ən böyük inqilabı oldu. İndi gecdir. Mən yorğun və əzginəm. Amma bilirəm. Yuxlaya bilməyəcəyəm. Hələ çox həyəcanlı, çox pərişanam. Bu bir neçə saatın tarixini oturub elə indi yazmalıyam. Doğrudur, 50 il sonra belə mən bu axşamın ən kiçik təfərrüatını da unutmayacağam. Lakin nə qədər tez yazsam, lim-həlim dolmuş ürəyimi nə qədər tez boşaltsam, bir o qədər tez asudələşər, rahatlanar dincələr, bəlkə də yata bilərəm. Qapı döyüləndə elə bildim ki, Rafiqdir. Mənim yoldaşımdır. Təsadüfən o da, mənimlə bir vaxtda Moskvadadır. Bəzən mənim yanıma gəlir. Yaxşı oğlandır. Qızıl kimi. Bir nöqsanı çox danışmaqdır. Adamın baş-beynini aparır. Özü də elə mətləbsiz şeylər danışır ki, o səfər nə bilim "Dinamo" komandasının 46-cı ildəki tərkibində hücumçuların müdafiəçilərdən güclü olması barəsində uzun-uzadı bir tarixinadir başlamışdı ki... Ah, bağışlayın. Deyəsən, mən özüm də mətləbsiz danışıram. Bütün bunların mətləbə heç bir dəxli yoxdur. Elədir. Yazımın pərakəndəliyini bağışlayın. Mən bu saat elə haldayam ki... Yenə söz uzandı. Nə isə... Qapı döyüldü. Gələn Rafiq deyildi. Qapıdakı adamı həyatımda birinci dəfə idi ki, görürdüm. –Olar? – dedi: –Buyurun. –Bağışlayın, adınızı bilmirəm. Nə mən sizi, nə siz məni tanıyırsınız. Amma mən sizinlə danışmalıyam. –Buyurun içəri gəlin, – dedim. Pəncərənin ağzında oturdu. Kasıb geyinmişdi. Qara, bəzəksiz ucuz çəkməsi, gen balaqlı köhnə boz şalvarı, zövqsüz tikilmiş qara pencəyi vardı. Təmiz, lakin nimdaş köynəyinin iki üst düyməsi açıqdı. Tüklü sinəsi, tünd rəngli maykası görünürdü. Qara sıx saçlar, qabarlı və qaba əllər... Saqqalını görünür təzə qırxdırmışdı, lakin alnında və yorğun çöhrəsində dərin qırışlar, əzab izləri onun sifətini qoca göstərirdi. İztirab izləri sönük gözlərində daha çox qalmışdı. Pəncərənin yanında oturdu. Deyəsən, bunu demişdim. Gözlərini aşağı dikdi. Kirpikləri örtülmüş kimi görünürdü. Bir neçə müddət dinmədi. Mən hətta elə bildim yuxuya getmişdir. Təəccüb məni bürümüşdü. Astadan ösgürdüm. Kirpiklərini aramla qaldırdı. Sonra məni heyran qoyan bir cəldliklə yerindən sıçradı, adətkar bir hərəkətlə əllərini pencək ciblərinə döydü, sağ cibindən çıqqıltını eşidib kibriti çıxardı, mənə təklif etmədən papiros yandırdı və əsəbi halda gəzişməyə başladı. Bayaq qapıda durduğu vaxt üzünün utancaq ifadəsiylə indi əsəbi ifadəsi arasında sonsuz bir kontrast vardı. Bütün axşam ifadəsi min dəfə dəyişən bu adamın üzü sanki təzadlardan yapılmışdı. Gah uşaq kimi utancaq, gah dəli bir ehtirasla yanan, gah mehriban, gah qəzəbli, gah kinli, gah yaltaq, gah xoş, gah məsum, gah məğrur, gah yazıq. Bir müddət gəzişdikdən sonra mənim qabağımda dik dayanıb qəfildən soruşdu: –O oğlan nəyinizdir? –Hansı oğlan? –O bayaq sərgidə danışdığınız. – Mənim gözümü döydüyümü görüb daha da əsəbiləşdi. – Azərbaycan pavilyonunda, qaraqaş, qaragöz, ünvanınızı ona verdiniz. –Hə, Firuz? –Bilmirəm. –Yoldaşımdır. Siz onu tanıyırsınız? –Mən heç kəsi tanımıram, – dedi. Mən susdum. O yumşaq bir səslə: –Məni bağışla, – dedi. – Qoy sən deyim. Çünki oğlum yerindəsən. Olar? –Neynək. –Bayaq sən o oğlana ünvanını verəndə eşitdim. Ünvanı yadımda saxladım. Gəldim səni tapdım. –Məni tanıyırsınız? –Dedim ki, heç kəsi tanımıram, – o yenidən əsəbiləşdi. Mən onu qovmaq istədim. –Bayaq sərgidə mən nədənsə sənə diqqət yetirdim. Sən mənə çox fikir vermədin. Lakin mən sənin dalına düşüb bütün sərgini gəzdim. Sən mənim oğluma oxşayırsan. Mən bilmirdim nə deyəm. Nədənsə başıma: –Oğlunuz da buradadır? – sualı gəldi. Kişi bic–bic gülümsündü. Birdən güzgüdə öz–özünə göz vurub qəh–qəh çəkdi. –Yox, oğlum uzaqdadır, – dedi. Sonra qəfildən ciddiləşdi. Yenidən dərin iztirab izləri üzünə çökdü. Keçib əvvəlki yerində, pəncərənin qabağında oturdu. Kirpikləri örtüldü. Araya sükut çökdü. Az sonra qəbir sükutu çökmüş otağın sakitliyini güclü bir səs qılınc kimi yardı. –Oğlumu öldürdülər,– deyə qonağım çılğın bir səslə çığırdı. Və yenidən susdu. Mənə elə gəldi ki, o ağlamsınır. Nə edəcəyimi bilmirdim. O, başını qaldırıb mənasız nəzərlərlə mənə baxırdı. –Siz Bülbülü sevirsinizmi? Mən deyəsən qonağımın gözlənilməz suallarına alışmağa başlamışdım. Odur ki, təəccüblənmədən: –Sevirəm, – deyə dərhal cavab verdim. –Mən o saat gördüm. Azərbaycan pavilyonunda Bülbülün səsini eşidəndə sizin üzünüzə sevinc çökdü. – Sonra o əlavə etdi – yəqin ki, o da Bülbülü sevərdi. Mən kimin haqqında danışdığını təxmin etdim. Yarasını təzələməməkçün soruşmadım. Yenə sükut çökdü. Sonra o yenidən danışmağa başladı: –Yaxşı, balam, camaat sərgiyə, eksponatlara, kənd təsərrüfatı məhsullarına, cədvəllərə, şəkillərə baxmağa gəlir. Sizin isə gözünüz adamlarda idi. Sərgiyə baxanlarda. Mən diqqət yetirdim. –Nə bilim vallah, mən sərgiyə də tamaşa edirdim. O sanki mən deyəni eşitmədi. Gözünü divarda bir nöqtəyə zilləyib: –Elə onunçün də mən sizin ünvanınızı yadımda saxladım, yanınıza gəldim, – dedi. – Mən gördüm ki, sən hər şeydən qabaq insanlarla maraqlanırsan. Sən çox irəli gedəcəksən, – deyə o inamla əlavə etdi. Mən sıxıntı çəkirdim. Təvazökarlıqla: –Yox, mən... – deyə kəkələdim.
O, mehriban və nəvazişlə: –Yox, oğlum, – dedi, – bundan utanmaq lazım deyil. İnsanın insana marağı, diqqəti, lazım gələrsə, köməyi və yardımı, müdafiəsi həyatın ən gözəl mənasıdır. Təəssüf ki, bəziləri rəqəmlər ardında insanları unudurlar. –Elədir, – dedim, – elə mən də belə düşünürəm. Ondan dəhşətli, arasıkəsilməz bir gülüş şəlaləsi axdı. Mən diksindim. Sakit olduqdan sonra: –Elə mən də bu saat onu düşünürdüm, – deyə ağzımı əydi. – Mərhum Cəfər sizdən "Sevil" əsərində yaxşı yazıb, – dedi. – Ay hay. Sən keçən qızların ayaqlarına baxdın, mən də sənə aşiq oldum ki, gör necə insanlara qarşı diqqətlidir. Ha, ha, ha! – yenidən arasıkəsilməz, sitizə bir gülüş – Bu insanlara maraq göstərir, kömək haqqında düşünür. Hələ ağzının südü qurumayıb. Sən nə bilirsən insan nə deməkdir. Mən sənin ünvanını götürdüm. Mən bura sənə könlümü açıb tökməkçün gəlmişəm. Lakin qürurlanma! Bu sənin xüsusi bir məziyyətin olduğundan deyil. Mən kiməsə danışmalıyam. İçimdəkilər məni boğur. Mən kiməsə ürəyimi açmalıyam. Sənin mənimçün heç bir əhəmiyyətin yoxdur. Mən divara da danışa bilərəm. Qulaq as. Mən son dərəcə soyuq bir səslə: –Bura baxın, – dedim. – Mən məşğulam. Cəfəngiyyata qulaq asmağa vaxtım yoxdur. Gedin, divara danışın. Pərtləşdiyimi büruzə verdiyimçün daha da hirslənirdim. Gözlərində yalvarıcı bir ifadə əmələ gəldi. Yaltaq bir ədayla: –Zarafatdan incimə, – dedi. – Sən mənim oğlum yerindəsən. Dinlə məni! Yalvarıram. Mən üç ildir ki, bir adam gözləyirəm. Üç ildir ki, həsrət məni dalayır. Eh nə üç il, iyirmi il, iyirmi beş il, bilmirəm neçə il. İllərin hesabını itirmişəm. Bura, tanımadığım bir adamın yanına gəlmək, yaralı həyatımı danışmaqçün cəsarət lazımdır. Bu cəsarətə mənə yarım şüşə konyak vermişdir. Sən dəli və dərdli, həm də üstəlik sərxoş bir qocanı bağışla, oğlum. İstəyirsən mən sənin əlindən öpüm. Kişi qarşımda diz çöküb öpməkçün əlimi dartdı. Mən ilan vurmuş kimi sıçradım. Kişinin qolundan tutub qaldırdım. –Siz nə edirsiniz. Məni bağışlayın. Mən sizi lap üç gün, üç gecə dinləməyə hazıram, – dedim. –Oğul, məni dinləyən, məni anlayan, məni bağışlayan, başa düşüb bağışlayan bir adamı tapmaqçün mən lap dünyanın o başına getməyə və orada onun ayaqlarını öpməyə hazıram. Masamın üstündə Bakının mənzərələri vardı. Qonağım dalğın-dalğın götürüb baxdı və dərhal yerinə qoydu. –Bu şəkil komplekti məndə də var, – dedi. – Almışam, amma baxmağa ürəyim gəlmir. – O xəfif gülümsündü. – Bildir mənə Bakıya getməyi təklif etdilər. Mənim Bakının şəkillərinə baxmağa ürəyim gəlmir, onda ki, ora hələ gedəm də. –Siz burada olursunuz? – deyə soruşdum. –Yox, uzaqda, Uralın şimalında yaşayıram. –Bakıdan çoxdan çıxmısınız? –Hə, belə iyirmi il olar. –Haradaydınız? – deyə mən ehtiyatsızlıqla soruşdum. O, xəbiscəsinə güldü, sonra tam bir ciddiyyətlə: –Kurortda idim, – dedi, – iyirmi illik sanatoriya var. Ordaydım. Mən təəccüblə baxdım. Zarafat etdiyini zənn etdim, lakin onun üzü əvvəlki kimi ciddi idi. –Orda revmatizm və tuberkuloz qazandım. Üç il bundan qabaq qərara gəldilər ki, səhhətim lap yaxşıdır, daha məni sanatoriyadan buraxmaq olar, – deyə tam bir ciddiyyətlə davam etdi. Mən onun nə demək istədiyini anlayırdım. –Siz dustaq idiniz? – deyə xəbər aldım. –Bəli, dustaq idim, – deyə sərt cavab verdi. – 37-ci ildə sürgün olunanlardanam. –Yəqin siz çox əziyyət çəkmisiniz, – dedim. –Yox, mənim vəziyyətim o biri dustaqlara nisbətən yaxşıydı. Mən tutulan kimi sürgün edilmədim, uzun müddət dəlixanada yatdım. Bu mənim vəziyyətimi yüngülləşdirdi. Şair demişkən: Kimisi qayıtmadı "qara qarğaya" girib, Kimisi xoşbəxt oldu ağlını itirib.. Axı mən də şair idim – deyə birdən-birə əlavə etdi. Əlbəttə, çox istedadsız, onuncu, yüzüncü dərəcəli, əhəmiyyətsiz, mövqesiz bir şair idim. Bəxtim bir burda gətirmişdir. Gözlərimdən "neçin" sualını oxuyub dedi: –Çünki birinci demirəm, üçüncü, beşinci dərəcəli şair olsaydım, yazdıqlarımdan bir balaca işıq ucu gəlsəydi mən indi sağ qalmazdım. Amma bilmirəm sağ qalmağım doğrudan da xoşbəxtlikdirmi? Birdən çılğın bir ehtirasla sıçrayıb çığırmağa başladı: –Nəyə, kimə lazımdır? Kimi aldadırsınız, kimə nə isbat eləmək istəyirsiniz, sözünüz nədir? Bütün o sərgi, bütün o cah– cəlal kiminçündür? Ruhulla olmayandan sonra bütün bu təmtərağın nə mənası var? Ruhullanı, Cavidi, Müşfiqi demirəm, ən adi, ən balaca, ən istedadsız, bax mənim kimi bir şairin, bir həkimin, bir alimin, bir mühəndisin, bir azərinin, rusun, ukraynalının, gürcünün qanı nahaq axıdılmışsa, bütün bu yuxarı qalxan qırmızı qrafiklər, bütün bu döşü dolu qəhrəmanların şəkli, bütün bu alma boyda alçalar və qarpız boyda almalar, bu qucağa sığmayan sünbül dərzləri, bu maşınlar, çilçıraq binalar, rəngbərəng su püskürən fəvvarələr kimin ürəyində fərəh doğura bilər? –Heç bir cah-cəlal, heç bir nemət, heç bir sərvət qurbansız yaranmır, – dedim. –Bilirəm, – deyə o dərhal cavab verdi. Elə bil bu dəlilin cavabı onun başında çoxdan bişib hazır olmuşdu. – Sən dinc işləyirsən. Üstünə düşmən gəlir. Oğlunu davaya göndərirsən. Oğlun ölür. Düşmən məğlub olur. Sən dinc əməyini davam etdirirsən. Oğlunun haqq yolunda məhv olduğunu, "torpağı tökdüyü qanıyla vətən elədiyini" bilirsən. Bəlkə oğlun ölür, düşmən də qalib gəlir. Yenə də sən oğlundan arxayınsan. O haqq yolunda həlak olmuşdur. Bəs özününkülər, heç bir ehtiyac olmadan, mənasız və dəli, vəhşi bir şıltaqlığa görə dinc işləyən oğlunu daş altına basdırıb üstündə saray tikəndə də sən sakit qala bilərsənmi? Mən etiraz eləmək istədim. O, əsəbi hərəkətlə məni saxladı. –Bilirəm. Bütün dəlillərinizi bilirəm, – dedi, – "A" qrupu. Ağır sənaye, vətənin müdafiəsi, ölkənin qüdrəti, düşmən əhatəsi, daxili fitnəkarlıqlar, azğın ministr və nəhayət, şəxsiyyətə pərəstiş dövründə sosialist qanunculuğunun bəzi təhrifləri. Sən bilirsənmi ki, bütün zavodların qüdrəti insan damarlarından axan qanı yarada bilməz, bilirsənmi ki, heç bir elektrostansiya insan ürəyini döyündürə bilməz, bilirsənmi ki, hələ doğulmamış, anasının qarnında tələf olmuş körpə, hətta şikəst, xəstə, yarımçıq doğulsa belə bəşərin ən böyük möcüzəsi, insanların bütün nailiyyətlərindən böyük bir nailiyyət, bütün qələbələrdən ulu bir qələbə, 52 min peykdən daha yüksək bir varlıqdır. –Buna abstrakt humanizm deyərlər, – dedim. – Sizcə bütün zavodlar dayanıb bir körpənin dünyaya gəlməsiylə məşğul olmalıdırlar? –Yox. Mən daha kəskin deyirəm. Bütün zavodları saxlayın! İnsanlar, ay insanlar, axı neçin bu cavan oğlanın kefi yoxdur? Adamlar, yoldaşlarım, eldaşlarım, axı bu hər şeydən vacibdir. Bax bu gəncin, sənin, mənim, bizim, insanların kefi, əhvalı, fikirləri, hissləri, ürəyinin döyüntüsü bizə verilmiş bu balaca tənha planetdə ən vacib, ən ümdə şeydir, hər şeydən, hər işdən vacib, gərəkli, lazımlı bir işdir. Bir zavodu partlatmaq olmaz. Amma yüz min adamın ruhunu və cismini məlum binaların qara padvallarında boğmaq, bədənlərini mənliklərini tapdalamaq olar? Neçin? Məgər bizim quruluş dünyanın ən adil, ən gözəl, ən təmiz və müqəddəs quruluşu deyilmi? –Bunlar keçib getmişdir. Bunları unutmaq lazımdır, –dedim. – Bu yaralar nə qədər tez sağalsa o qədər yaxşıdır. –Yox, – o elə bərkdən qışqırdı ki, mən diksindim – olmaz! Bunlar unudulmamalıdır. Biz bunları heç vaxt unuda bilmərik. Unutqanlıq – cinayətkarlıq olardı. İztirabın vicdanı bütün yaraları bağlanmışların yaralarını qanatmalı, yaralar qövr etməlidir. –Neçin? –Neçinmi? Allah yoxdur. O dünya da yoxdur. Bəs diri–diri qol–qabırğası sındırılmış mələk xasiyyətli müəllim, əsl kommunist Pənahovun intiqamı haçan, harda, kimdən alınacaqdır? Onun gözləri alışıb–yanırdı. Mən onu sakit eləməyə çalışırdım. –Sakit olun, – deyirdim. – Onların intiqamı alınmışdır. –Ha, ha, ha – o, əsəbi və xırıltılı bir qəhqəhə çəkdi. – 5–10 cani güllələnmiş, bütün bu işlər "şəxsiyyətə pərəstiş dövrünün ifratları" ifadəsinin dalına yığılmış, 5–10 adamın adına 5–10 qotur küçə və ya su budkası qoyulmuşdur. Sizcə bumu intiqamdır? –Bəs siz intiqamı necə təsəvvür edirsiniz? Mən beş–on adamı deyil, bütün xəbər dəllallarını şəhərlərin mərkəz küçələrində asar, üzlərini tüpürgah edərdim. –Yeni qanlar, yeni dəhşətlər, yeni ifratlar. Axı bu əclafların, bu xəbər və qələm dəllallarının, bu çuğulların da günahsız ailələri, təqsirsiz uşaqları var? Bu intiqamlar nəhayət dayanmalıdırmı? O ağlamağa başladı. Bərkdən, hönkürə–hönkürə ağlayırdı. –Elədir, elədir, – dedi. – Dəhşət ondadır. Bu təzadlar, bu qərarsızlıq məni boğur. Yüzlərlə, minlərlə nahaq getmişlərin xəyalları məni yatmağa qoymur. Lakin mən onların intiqamını kimdən alacağımı bilmirəm. Bəlkə məcburiyyət qarşısında satqınlıq edənlərdənmi, gündə bir rəng alan, gecələr qara binaların dal qapısından vətəni, xalqı, milləti misqal–misqal satıb, gündüzlər hündür kürsülərdən camaat qarşısında ağzı köpüklənə–köpüklənə vətəndən, xalqdan, millətdən danışaraq şöhrət qazanan, hər havada yaxşı yaşayan, hər mühitə uyğunlaşan xamelyonlardanmı və yaxud ağızlarına su alıb içlərini yeyənlərdənmi? Heç kəs təqsirkar deyil. Bəs onda günah kimdədir, hə, kimdədir? Elə düşünməyin ki, mən dövrandan və yaxud quruluşdan şikayətlənirəm. Mən həmişə əmin olmuşam və indi də əminəm ki, bəşəriyyət heç bir vaxt kommunizm ideyasından yüksək bir fikrə çata bilməmiş, bilməyəcəkdir. İnsan zəkasının şah əsəri olan bu idealın parıltısı heç bir zaman mənimçün sönə bilməz. Mən sağ və sol əyintilərdən danışmıram, əsas ideyadan – insanın insanı istismar etmədiyi bir cəmiyyət ideyasından, kiçik–böyük olmadan bütün millətlərin birliyi ideyasından, nemətlərin, sərvətlərin yaradanların onların yiyəsi olması ideyasından danışıram. Bu ideya bizim ölkədə həyata keçir. Mən bu ölkəni hüdudsuz bir məhəbbətlə sevirəm. Allaha and olsun, orada Sibir sanatoriyasının şaxta və əzab müalicəxanaları içində biz hər xəbəri, dəmir barmaqlıqlar arasından, yolu–rizi itmiş yerlərdən, yaşayan və yaradan insanlardan gələn hər xoş xəbəri sevinc yaşlarıyla, qəlb fərəhiylə qarşılayırdıq. Biz bilirdik ki, bəzi yerlərdə iş başında olanların bütün azğınlıqlarına baxmayaraq, namuslu adamlar bəlkə qapaz altında, bəlkə qorxa–qorxa, yan–yörəsinə baxa– baxa işləyir, yaradır, qurur. Müharibə, xain hücum bizi sarsıtdı. Bəzilərimizi cəbhəyə apardılar. Gedənlər ən qabaq eşelona, cəza batalyonlarına, od və qurğuşuna sipər olmağa, ölməyə göndərildiklərini bilirdilər. Amma hər bir dəhşəti görüb ürəkləri qərtməklənmiş bu adamlar uşaq kimi kövrəlir, sevincdən gülür, ağlayır, atlanıb–düşürdülər. Məsələ yalnız onda deyil ki, bu adamlar dəhşətli sonu, sonsuz dəhşətdən yaxşı bilib ölüb canlarını qurtarmaq istəyirdilər. Məsələ bir də onda idi ki, bu adamlar ölərkən insanlar cərgəsinə qayıdıb, nömrələr və "ey tı" əvəzinə adlarını qaytarıb, adam olub ölməyə, adam kimi ölməyə, adamlıqlarını ölüm bahasına qaytarmağa gedirdilər. Onlar xoşbəxt idilər. Onlar vətəni qoruyaraq, vətən yolunda döyüşərək öləcəkdilər. Bu labüd ölümə gedənlər qalanlardan xoşbəxt idilər. Qalanlar – mən də onların içində idim– hər şeyi unudaraq yalnız bir şey – döyüş, qələbə haqqında düşünürdülər. Ən dəhşətli əziyyətlərdən sonra belə incidənlərinə boyun əyməyən bu qaxac ürəkli adamlar qürurlarını tapdalayaraq azadlıqla təması olan hər adama yalvarır, itə sümük atılan kimi xəsis sözləri, xəbər qırıntılarını bir-biriylə bölüşür, var qəlbləriylə sevinir, ya kədərlənirdilər. Kiminsə, hardansa ələ keçirə bildiyi yeganə bir şüşə içkini qoşunlarımız hər şəhəri alanda 200 adam arasında damla-damla bölüb içirdik. Biz Vətənimizi sevirdik. Biz böyük Vətənimizi sevirdik. Biz vətən xaini deyildik. Biz inanırdıq. Mən yenə də inanıram. Mən inanıram ki, kommunizmi – xəyallarımızın bayramını ləkəsiz, azad, gözəl cənnəti biz yaradacayıq. Lakin neçin mənim kimi bu ideyaya məftun, onun yolunda ölümə getməyə hazır olanlar, onun yolunda ölümə getməyə hazır olduqları üçün öldürüldülər. Onun adıyla, lakin onun bayrağını ləkələməkçün öldürüldülər. Cavabı kimdən alım? Lakin ən dəhşətlisi bu deyil. Qoy olsun. Min, yüz min əsl insan, mətin kommunist, gözəl yoldaş, həqiqi vətəndaş, istedadlı fərd nahaq qana boyandı. Lakin bəs qalanlar? Mən yenə də bizim nəsildən ilişib qalanları demirəm. Onlar qalsalar da bizim kimi çeynənmiş, əzik, sönükdürlər. Bəs siz – gənclik? Sizi kim çeynəmiş? Bizim pis üzünü görüb yaxşı üzünə inandığımız bir şeyin siz neçin yaxşı üzünü görüb pis üzünə inanır, onu axtarırsınız. Neçin siz inanmırsınız? Siz nəyə inanırsınız? Suçlu–suçlu nəyi, kimi gözləyirsiniz? Sizin idealınız varmı? Sizin fəlsəfəniz həyatdan bacardıqca artıq nəşə qopart, gününü xoş keçirt fəlsəfəsi deyilmi? Ya da şəhvət, pozğunluq və kütləvi cütlük. Balaca istəklər, xırda həvəslər, cırtdan ehtiraslar, arzusuzluq, məqsədsizlik. Bu sizin sifətləriniz deyilmi? İnamsızlıq, imansızlıq. Siz insanlığın hansı dəyərlərini saxlamısınız?

–Nə etməli? – dedim. – Bizim nəsil radiatsiya və inamsızlıqla zəhərlənmiş bir dövrdə yaşamalı oldu. Artıq adamlar, itkinlər nəsli olan kimi yəqin biz də bir nəsilik: bezarlar nəsli, peşimanlar nəsli, inkisarı xəyala uğramışlar nəsli, yorğunlar nəsli, inamsızlar nəsli. Bilmirəm bu təyinlərdən hansı daha müvəffəqiyyətlidir? –Yaxşı, onda bəs kommunizmi kim quracaqdır? Azad, ləkəsiz, məqsədli, istəkli, alovlu, inamkeş, mətin, yorulmaz həvəsli gənclik – 20–ci, 30–cu illərin gəncliyi hanı? –Bilirsinizmi, mən xoşbəxt gələcəyə inanıram, – dedim. – Atam bir dəfə qəribə bir sağlıq dedi. O, mənim sağlığıma içdi və dedi ki, arzu edirəm ki, sən biz görənləri görməyəsən. Sən daha xoşbəxt vaxtda yaşayasan. Mən buna inanıram. –Yalan deyirsiniz. Siz buna zərrə qədər, bir an belə inanmırsınız. Siz bircə ona inanırsınız ki, həmin bu sözləri öz övladlarınıza deməli olacaqsınız. –Yox, mən buna inanmaq istəmirəm. Mən bundan qorxuram. O sanki heç mən deyənləri eşitmədən öz fikirlərinə cavab verirdi: –Bilirsinizmi, orda sürgündə mən daha xoşbəxt idim. Mən düşünürdüm. İntiqam saatını gözləyirdim. Azadlığa çıxacağım saatı, insanlara "mən günahkar deyiləm" deyəcəyim saatı gözləyirdim. Mən azadlığa çıxdım. Mən, "biz günahkar deyilik" – deyə qışqırmaq istədim. Heç kəs qulaq asmadı. "Şəxsiyyətə pərəstiş dövrünün təhrifləri" – bu bir cümlə ilə həm bağışladılar, həm təsəlli verdilər, həm də bizi öz yerimizə oturtdular. Bəs bu bir cümlə ilə minlərlə insanların faciəsini necə ifadə etmək olar? Gərək bu barədə romanlar, poemalar yazılsın, rəsmlər, filmlər çəkilsin, hər şey olduğu kimi hamıya göstərilsin, hamı bunları anlasın, həzm etsin, düşündüyünü desin, sonra bu ağır yaralar ox kimi ürəklərə sancılsın, sonra yavaş-yavaş bu yaralarını sağaldan təmiz, ləkəsiz, azad insanlar öz ləkəsiz gələcəyini qursunlar. Qoy iztirabın vicdanı gecələr adamları yerlərində qovrultsun. Yaraların üstünə rəngli bayraqlar sarımaq, insanların ağ sümüklərini qırmızı qrafiklər arasında gizlətmək, zirzəmilərdə diri-diri basdırılmışların fəryadlarının səsini üç yüz nəfərlik birləşmiş xorun şən mədhiyyə nəğmələriylə batırmaq olarmı? Qoy bu dərdlər insanların ürəklərində qıcqırmasın. Qoyun dərdlərimizi qusaq, sonra yuyunaq, gələcəyə təmiz gedək. –Bunlar axı olub qurtarmış işlərdir. Təkrarolunmaz qara bir səhifədir, – dedim. –Yox. Şəxsiyyətə pərəstiş dövrü. Axı biz bilirik ki, ayrı–ayrı şəxsiyyətlərin rolu əhəmiyyətsizdir. Tarixi xalq yaradır. Bəs bu ayrı–ayrı "əhəmiyyətsiz rolu olan" şəxsiyyətlər qanlı tarix yaradanda xalq hardaydı? Aldanırdı, eləmi? Bəs beləysə biz bu gün nə haqla bu aldanmış xalqa onun aldanmasını var səsimizlə bağırmayaq, onu ayıq–sayıq olmağa çağırmayaq? Niyə aldanmış xalqı iztirabın vicdanıyla dağlamayaq? O susdu. Nəfəsi kəsildi. Uzun bir öskürək onu iki bükdü. Su gətirdim. Bir qurtuma başına çəkdi. Su sanki onun qaynayan içini sakit elədi, ehtirasını, danışmaq həvəsini islatdı. Bir müddət susdu. Sonra çox yavaş və xoş bir şeyi xatırlayırmış kimi nəvazişlə danışdı: –Axı mən onlardan çoxusunu tanıyırdım. Büllur kimi təmiz adamlar idi. İçlərində nacinslər də vardı. Amma bir nacinsin bütün varlığı yüz mərdin bir damla qanına dəyərmi?.. Yadımdadır, bizim sevimli müəllimimiz Mirzə Sadıq xəstələnmişdi. Zəng elədim. "Mirzə, sənə dəyməyə gəlirəm" – dedim. Həmişə məni mehribanlıqla qarşılayan Mirzə: "yox, – dedi, – lazım deyil. Gəlmə!" Mən incidim. – "Niyə axı". O bir də sərt "gəlmə, deyirəm vaxtım yoxdur", – deyib telefonu asdı. Səhəri gün onu apardılar. Yəqin mənimlə danışanda aqibətini bilirmiş. Azad həyatının son işi mənim adımı qorumaq təşəbbüsü oldu. Sonralar eşitdim ki, son dərəcə səliqəli, təmiz geyinən və bir qədər "vasvası" olan Mirzə axır vaxtlar hər gecə yanına bir dəst təzə təmiz alt paltarı qoyarmış ki, onu aparmağa gələndə geyinsin. Axı ORDA – getdiyi yerdə paltar dəyişmək imkanı olmayacaqdı. Qonağım gözünü divarda bir nöqtəyə zilləyərək danışırdı. Onun danışığında bir qeyri–təbiilik hiss olunurdu. Elə bil o öz şahidi olduğu şeylər haqqında deyil, haradasa oxuduğu şeylər haqqında danışırdı. –Nağıya axırıncı dəfə 26–lar bağının qabağında rast gəldim. Küçəni keçməyə hazırlaşırdım. Yolumu maşınlar kəsmişdi. Dayandım. Birdən kiminsə pıçıltıyla məni çağırdığını eşitdim. Dönüb baxdım. Dəhşətə gəldim. Məni çağıran Nağıydı. O məndən beş addım aralı dayanmışdı. Mənə baxmırdı. Düz qabağa baxırdı. Rəngi ağappaq idi. Pıçıltıyla: "Üzünü o yana çevir" – dedi. O mənimlə danışmağa qorxurdu. Məni ləkələməkdən qorxurdu. Mən o deyən kimi etdim. Yarım dəqiqə maşınlar ötüb–keçənəcən uşaqlıq dostum olan bu adamla belə yan–yana, lakin bir–birimizə baxmadan durduq. O pıçıltıyla: "Məndən nə eşitsən inanma" – dedi. Maşın axını qurtardı. Mən sağa, ölümə məhkum olunmuş və məhkumluğunu bilən, rəngi kətan kimi ağ, ürəyi donmuş diri meyit sol tərəfə getdi. Eh, danışmaqla qurtarmaqmı olar? Faciədən məzhəkəyə bir addımdır – deyirlər. Faciənin gülməli epizodları da olurdu. Bir müstəntiq bir həkimi dindirir. "Hansı əksinqilabi təşkilatın üzvü olmusan? Təşkilatda daha kimlər vardı? Məqsədiniz nə idi?". Hər sual bir şillə, hər sual bir qapaz, hər sual bir yumruq, hər sual bir kötək! Həkim çox kök idi. Onun dalınca kameraya gələndə bu 55 yaşlı kök kişi heyvani bir sövq-təbii hisslə qaçıb hıqqana-hıqqana, çarpayının altına pərçim olaraq girmək istəyirmiş. Onu darta-darta ordan çıxarır, istintaqa aparırlarmış. "Hansı əksinqilabi təşkilatın üzvü olmusan, təşkilatda daha kimlər vardı? Məqsədiniz nə idi?". Hər sual bir şillə, hər sual bir qapaz, hər sual bir yumruq, hər sual bir kötək! Həkim heyvani bir qorunma instinktiylə danışmağa, ağzına gələni, gözünə görünəni, insan fantaziyasının yarada biləcəyi bütün rəzalətləri danışmağa başlayır. "Təşkilatımızın adı "Gənc Azər" idi. Üzvləri flankəs, flankəs, (yüzə qədər adam). Məqsədimiz qiyam edib bütün ölkəni dağıtmaq idi. Müstəntiq yazır. Birdən sanki ayılır. Adları çəkilən adamların çoxusu çoxdan ölüb. Bütün başqa məlumatlar da belə səf-səfədir. Həkim isə fantaziyası işlədikcə, dili tərpəndikcə danışmaq, sonra bircə saat dəmir çarpayının yumşaqlığında dincəlmək istəyir. Müstəntiq qarşısındakı kağızı doldurmaq, yuxarıda şübhə doğurmamaq, dərisini qorumaq, başını saxlamaq istəyir. Həkim bircə saat yumşaq dəmir yataqda dincəlmək istəyir. Yaxşı məşq keçmiş boksçu zərbəsinin gücünü sınamaq istəyir. O, yenidən həkimi döyməyə başlayır. Müstəntiq yazdığı cəfəngiyatları bir qırağa qoyub yeni kağız çıxarır. Həkim dəmir çarpayının yumşaq yatağında dincəlmək istəyir. Onu yarımcan halda kameraya atırlar. Ayılanda başı üstündə yoldaşını görür. –Səni kim dindirir? –F. –Eh. Onda işin yaxşıdır ki, balam sən Tibb İnstitutunda dərs demirsən. Gəl sənə yolun öyrədim. Səhər həkim istintaqı səbirsizliklə gözləyir. –Hansı əksinqilabi təşkilatda iştirak etmisən. Daha kimlər iştirak edirdi? Məqsədiniz nə idi? –Bu saat, bu saat yazın. Çox vacib məlumatlar verəcəm. –Yenə cəfəngiyat? Bir şillə. –Yox, bu səfər əsl həqiqət. Daha vicdanım məni gizlətməyə qoymur. Yazın. –Hə. –Mən İnstitutda qadınlar arasında əksinqilabi iş aparırdım. Bir neçə adamı təşkilata toplaya bilmişdim. –Hə. Kimləri? – Müstəntiqin gözləri sevinclə işıldayır. – Adların de. –Bu saat, bu saat. Yazın R.S.D.Q. sonra V və bir də Kərimova Asiya.

Müstəntiq dik atılır. –Necə? –Hə, Kərimova Asiya, sonra... – Dayan, dayan, Kərimova Asiya da vardı? –Bəs necə, o ən fəal iştirakçılardandı. Başçılarından və təşkilatçılarından. –Yox, yox siz yanılırsınız... –Niyə? Onu tanıyırsınız ki? Müstəntiqin dili–dodağı əsir. O, dodağını çeynəyərək pıçıltıyla: – O mənim arvadımdır – deyir. O biri stolun arxasında oturan ikinci müstəntiq şübhəylə bu tərəfə baxır. Qəzavü–qədəri bilmək olmaz. Hər anın bir hökmü var. Ola bilsin ki, bir az sonra bu müstəntiqlərin biri o birini dindirəcək, onun özünün hamıya dediyi sözləri ona qaytaracaq: –Biz hamısını bilirik, yaxşısı budur boynuna al. Hələ bəlkə bir şillə də çəkəcək. Yox, lap yəqin mütləq çəkəcəkdir. İkincii müstəntiq otaqdan çıxır. Birinci müstəntiq yalvarıcı baxışla indicə şillələdiyi həkimə baxır: –Bəlkə, bu adı çəkməyəsən. Mən də yazığam. Ailəmi pozma. Bizə əmr belədir ki, onsuz da boynunuza təqsir qoyub göndərəcəyik. Nahaq yerə mənim evimi yıxma. –Yox, mən hər şeyi boynuma alıram, – deyə həkim cəlladından hayıf çıxır. Faciədən məzhəkəyə bircə addımdır – demişlər. Lakin dəmir barmaqlıqlar ardında xarüqələr də olurdu. Qocaqlıqları və iradələri tarixin ən böyük qəhrəmanlarını kölgədə buraxacaq igidlər də olurdu. Mühəndis Cavad göstərişlərinin hər sətrindən bir qol çəkmişdir. Bu o deməkdir ki, böhtanın hər sətrinə razı olmamışdan qabaq mühəndis şüurunu itirənəcən incidilirdi. Utancaqlığından beş adam yığılanda danışmağa çəsarət eləməyən qoca yazıçımız Seyid bütün işgəncələrə dözərək bir nəfərin də yalandan adını verməmişdir. Şair Müslüm ölümə "Beynəlmiləl" oxuya–oxuya getmişdir. O, axıracan bayrağına sadiq qalmış, onu bulayan, bu bayraqla örtülən cinayətləri və dəhşətləri bilə–bilə bayrağını ləkəsiz görmüşdü. Həmişə bər–bəzəkli geyinən, yaraşıqlı gənc rəssam Əfrasiyab xaricdən alıb gətirdiyi və çox xoşladığı modalı ala– bəzək qalstukunu ilk dəfə türmədə taxmış, sonra özünü həmin o qalstukla asmışdır. Onun meyitini görənlər Əfrasiyabın vaxtilə qəşəng sifətinin eybəcərliyindən və tanınmazlığından dəhşətə gəlmişlər. Neftçi Beydulla silah tapmadığından damarlarını dişləyərək ölmüşdür. Beşinci ildən partiya üzvü, namuslu çekist və əsl kommunist Nuri Vəliyev həqiqətin yoxlanılması üçün bir məktub yazmış və günahsız olduğu haqqında Leninin qəbrinə and içmişdi. Lakin Leninin məqbərəsi susmuşdu. Onu iki tüfəngli əsgər qoruyurdu. Bütün bunlar Leninsiz olurdu. Leninsizlikdən olurdu. Böyük Leninin adıyla onun silahdaşlarını tələf edirdilər. Kommunist ideallarından danışa–danışa kommunistləri güllələyirdilər. Bu insanların, bu diri–diri basdırılmışların səsi qulağımdadır. Bu səs gecələr məni yatmağa qoymur. Kimdən intiqam alım? "Millət uğrunda" özlərinə şöhrət qazanıb üç otağını yeddi edənlərə əl çalan bu bədbəxt millət neçin onun qeyrəti yolunda təkcə otağını belə qara, soyuq, rütubətli məhbəs kamerasına dəyişənləri unudur? Məsələ onların adına küçə, ya su budkası qoymaqda deyil. Məsələ onların böyük faciələrindən dərs almaqdadır. Onların ulu igidlikləri qarşısında diz çökmək, inqilab yolunda çarpışa–çarpışa əksinqilabda ittiham olunaraq güllənənlərə pərəstiş etmək, iztirabın vicdanını bir dəqiqə, bir an susmağa qoymamaq... Birdən qonağım uşaq kimi məsum bir səslə dedi: –Yaxşı, mən istedadsızam, mən bir heçəm, zibiləm. Axı o istedadlı idi, onun gələcəyi vardı. O ədəbiyyata, mədəniyyətə, xalqa çox şey verə bilərdi. O gözəl sənətkar ola bilərdi. –Kim? Cavab vermədi. Susdu. Aralığa ağır, zindan kimi ağır, əzici, müdhiş bir sükut çökdü. Bir, iki, beş dəqiqə keçdi. Mən artıq heç bir cavab gözləmirdim. Birdən o sonsuz bir həsrət duyulan ölü bir səslə: –O mənim arvadım idi, – dedi. Yenidən aralığa ağır, əzici, qatı bir sükut çökdü. Mən onun üzünə baxırdım. Üzü qırış–qırışdı. Sanki onun üzünü iztirabın kotanı şumlamışdı. Bayaqdan bəri min dəfə ifadəsi dəyişən bu çöhrə indi nə isə mənə agah olmayan, yalnız onun özünün duyduğu və yaşadığı xatirələr aləminin təsirilə yumşalır, işıqlanır, mehriban və nəvazişli olurdu. O danışmağa başladı, həzin, yumşaq, sevincli bir səslə danışmağa başladı. O, mənə müraciət eləmirdi. Sanki mən heç otaqda yox idim. Mənə elə gəlirdi ki, o, bəlkə heç danışdığını duymur. O eşidilməkçün danışmırdı. O xəyalına gələn dumanlı xatirələri sözlərlə bürümək, ifadələrlə, cümlələrlə aydınlaşdırmaq, konkretləşdirmək, duyulacaq etməkçün danışırdı. –Yağış yağırdı. Leysan deyildi. Amma hər halda güclü yağışdı. Kişi təzə ağ kostyum geymişdi. Bilmirəm zalım oğlu pencəyi nə cür tikdirmişdisə çiyinləri bax bu endə, köksü bax belə qabarıq durmuşdu. Di gəl ki, yağış başladı. Vallah, bu pencək islanıb bir cür büzüşdü, bir cür balacalaşdı. Kişi cücəyə döndü. Sən demə zalım oğlu elə arıq imiş ki, özü qəsdən elə pencək tikdirib pəhlivana oxşasın. Yağış bunu islatdı, döndü cücəyə. Hələ arvad necə islanmışdı. Gəlib poçtun içərisinə girəndən bir saat sonra da üstündən şorhaşor su axırdı. Vay allah, adamlar neçə qaçırdılar. Yağış birdən gəldi deyən heç kəs evinə çata bilmədi. Hamı görürsən birtəhər özünü poçta salıb gözlüyürdü. Mən elə əvvəlcədən poçtaydım. Gəldim görüm Bakıdan kağız-zad yoxdur ki, yağış başladı, bayıra çıxa bilmədim. Amma yağış adamları nə günə salırdı. Vallah, bir eybəcərləşdirirdi ki, nə deyim. Bilmirəm neçin bu xatirələr ona belə gülməli gəlirdi. Dəqiqəbaşı sözünü kəsib xəfif-xəfif gülümsünürdü. Uşaq kimi məsum və şən gülümsünürdü. –Hə, yağış hamını eybəcərləşdirmişdi, çirkinləşdirmişdi.

Amma ona yağış da yaraşırdı. Saçlarının qıvırcıqlarından sallanmış yağış damcıları kiçildilmiş, miniatürləşdirilmiş üzüm salxımlarına bənzəyirdi. Saçına, qaşına, kirpiyinə düşüb qalmış yağış damcıları mirvariyə, inciyə oxşayırdı. Yanaqları, biləkləri, əlləri paltarı üzərində sürüşən yağış damcıları xırda dağ çiçəklərini andırırdı. Yağış onun al yanaqlarını daha yumşaq və saf eləmiş, qıvırcıq saçlarını pərişanlandırmış, zil qara qaş və kirpiklərini hamarlayıb parlatmış və elə bil qara su olub gözünün gilələrinə yığılmışdı. Yağış onu hər budağından narın çiçək, yaxud xırda meyvə sallanan ağaca oxşadırdı. Deyirlər gözələ al da yaraşır, şal da. Yağış hamını, o cümlədən gözəlləri də çirkinləşdirmiş, yazıqlaşdırmış, bürüşdürmüş, eybəcərləşdirmişdi. Amma ona yağış da yaraşırdı. O da yağışdan gizlənən bütün adamlar kimi poçtaya girdi. Yağış onu bəzəyirdi, o isə yağışdan qaçırdı. Poçtada gizlənənlər içində o hamıdan zəifdi. Lakin hamıdan məğrurdu. O, poçtaya qaça–qaça, töyşüyə–töyşüyə girmədi. O, yağış altında qalmaq istəmirdi. Amma yağışdan oğru kimi qaçmaq da istəmirdi. O, poçta aramla girdi. Büzüşmüş, qorxa–qorxa göyə baxan, qapıdan uzaqda dayanmağa çalışan, bir–birinə sıxılan adamlara baxıb gülümsündü. And olsun allaha, onun bu gülüşünü ölənəcən unuda bilməyəcəm. O burda hamıdan gənc, hamıdan gücsüz, hamıdan incəydi. Lakin bu yağışdan gizlənən adamlara bir ana kimi baxıb güldü. Güclü ana uşağının zəifliyinə, əlacsız və bacarıqsız hərəkətlərinə baxan kimi nəvaziş və təəssüflə baxdı, gülümsündü. Sonra bir qıraqda dayanıb nə haqqında isə düşünməyə başladı. O xeyli dalğındı. Şuşada yağış yaman çox çəkir. Yağışın qurtarmasını gözləmək axmaqlıq olardı. Adamlar yağışın zəifləyəcəyini gözləyirdilər. Kimsə ondan nə isə soruşdu. O öz məlahətli səsiylə ona mehriban bir cavab verdi. Kimsə zarafatyana bir şəkildə ona sataşdı. O, sərt və kəskin bir cavabla zarafatcıl adamı yerində oturtdu.

O ya dalğın, ya da çox həyəcanlı olurdu. O, Bülbülün nəğmələrini sevirdi. O, Şuşanın gözəl təbiətini sevirdi. O, Cıdır düzünün baş gicəllədən uçurumundan aşağıda köpüklənən çaya və İbrahim xanın güclə görünən sığnağına baxmağı sevirdi. Şuşada hamı və hər yer oxuyur. Hər çobanın zənguləsini beş dağ, beş dərə beş dəfə artıraraq bir-birinə çatdırır, hər bir daşın dibindən muğamat səsi gəlir. O, Şuşanı və Şuşanın hər bir dağını sevirdi. O, İsa bulağının sərin, buzlu suyunu, ucu görünməz ağacların mehriban kölgəliyini, hər ağacın altında qurulan məclisin nəşəsini, meşədə odun yığmağı sevirdi. O, adamı min dillə dindirən şuşalı arvadları, yanaqlarından qan daman şuşalı qızları, sinəsi nəğmə, qəlbi şer şuşalıları sevirdi. O, şairə idi. Bəlkə indi onun şerlərini oxuyanda onlar adama bəsit və dayaz gələrlər. Lakin axı onun vur-tut iyirmi yaşı vardı. Bəlkə, onun heç olmasa iyirmi üç yaşı olsaydı, o çox şey yaza bilərdi. Amma onun iyirmi üç yaşı olmadı. Heç bir vaxt da olmayacaq. O, Şuşa təbiətindən və Moskvada 1 May nümayişinin rənglərindən ilham alırdı. O, "Humayun"dan riqqətlənir və "Beynəlmiləl" himnindən ruhlanırdı. O, şimal qütbünü fəth edən sovet təyyarəçilərindən, Bakının yeni məktəblərindən yazırdı. O, Şərq qadınını çadranı atmağa çağırırdı. O, eşqi, şəfəq çağı dənizin rəngini, aylı gecələri, çiçək açan alma ağaclarını, tərənnüm edirdi. O, Füzulidən, Sabirdən, Fikrətdən və Mayakovskidən həzz alırdı. Mən indiyənəcən təəccüb edirəm. Necə oldu ki, belə ilahi bir varlıq məni sevə bildi. Qonağım qəflətən mənə müraciət edərək: –Doğrudur, – dedi, – mən də o vaxt indiki halımda deyildim. Amma mən hara, o hara? Hər halda qəribədir ki, o məni sevdi. Allaha and olsun o məni sevirdi. Özü də möhkəm sevirdi. Mənimçün isə o, mələkdi, pəriydi, huriydi, daha nə bilim nəydi. Allahın fəlakətində insanlara göndərdiyi təsəlli və şəfqət ilahəsiydi. Biz xoşbəxt idik. Kim və neçin bizim xoşbəxtliyimizi pozdu? Axı biz bəxtiyarlıqdan doya bilmədik, sevincdən usanmadıq. Mən xəbər alıram, bizim nə təqsirimiz vardı? Kim, neçin onu məndən aldı? O bu sualları mənə verirdi, özü də ritorikcəsinə deyil, məhz cavab almaqçün verirdi. O susub məndən cavab gözləyirdi. Mən nəinki təfərrüatını, hətta ən adi faktlarını belə bilmədiyim məsələ haqqında necə hökm verə bilərdim. O yenidən inadla: –Kim? Neçin? – deyə məndən soruşdu: –Sizi həbs edib ayırdılarmı? – deyə mən suala sualla cavab verdim. –Yox, – deyə o tez cavab verdi – dəhşət ondadır ki, bizi həbs etmədən ayırdılar. Qonağım yenidən təmkinlə danışmağa başladı: –İncəsənət işçiləri evində üçüncü mərtəbədə bizim ikiotaqlı mənzilimiz vardı. Bütün evlərdə olduğu kimi bizim evin də birinci mərtəbəsində – giriş qapısının ağzında sakinlərin siyahısı – qara bir lövhə asılmışdı. Bütün evlərdə olduğu kimi bizdə də bu qara lövhənin üstündə ağ hərflərlə evin sakinlərinin familiyaları, mənzillərinin nömrəsi yazılmışdı. Həyətimizdə Kərim dayı adlı bir xidmətçi vardı. Kərim dayı mağazadan qara rəng və iri bir rəngsaz fırçası almışdı. Ayda beş, ya daha çox, bəzən hər həftə, bəzən günaşırı Kərim dayı səhər tezdən qara rəngini və fırçasını götürürdü, giriş qapısına yanaşır, lövhədə ağ hərflərlə yazılmış müəyyən bir familiyanı qaralayırdı. Lövhə çox qəribə və gülməli şəkil almışdı. Məsələn, yuxarıda bir nömrəsi yazılmış, sonra aradan qara bir ara verilmiş, dalıycan məsələn 4 nömrəsi gəlmiş və lövhənin dalı da bu əcaib sıra üzrə düzülmüş, get–gedə daha az qalan ağ hərflərlə yazılmış familiyalar yazıq, aciz, yetim və narahat görünürdülər. Lövhə çox qəribə və gülməli şəkil almışdı. Lakin ona baxanda heç kəs gülmürdü. Boşalmış mənzillərə köçən təzə sakinlər nədənsə hələ öz familiyalarını lövhəyə yazdırmırdılar. Təzə sakinlərdən bir çoxunun familiyası yazılmamışdan pozulurdu. Mən hər gecə bir şey edirdim. Arvadımdan qorxa–qorxa gizli edirdim. Duyurdum: o bilsə mənə nifrət edəcəkdi. Çünki onun buna ehtiyacı yox idi. O güclüydü, mən isə onun kimi deyildim, mən zəif idim. Mən bunsuz bacarmazdım. Mən hər gecə on birdən gecə qalmırdım və hər gecə yatmazdan əvvəl qüvvətli dozada yuxu dərmanı içirdim. Ondan gizli içirdim. O bilsəydi, mənə nifrət edəcəkdi. Çünki onun bu dərmana ehtiyacı yoxdu. O güclüydü. Mən isə zəif idim. Mən bu dərmansız qala bilməzdim. Məni qınamayın, mən hər gecə qüvvətli dozada yuxu dərmanı içirdim. Yerimə girən kimi və heç bir şey haqqında düşünməmək və o saat yuxulamaqçün içirdim. Təsadüfən gecə yuxudan ayılıb qulaqlarımı şəkləməmək, hər pıçıltıdan, hər ayaq səsindən, hər şaqqıltıdan diksinməmək, səssiz küçədən keçən hər maşının tormoz səsini dinləməməkçün içirdim. Gözlərimi qaranlıq tavana dirəyərək nəyisə, nəyisə, nəyisə gözləməmək, gözləməmək, gözləməməkçün içirdim. Kərim dayının qara lövhədə familiyamı pozan fırçasını yuxuda görməmək, ayrı, daha dəhşətli yuxular görməməkçün, bərk, daş kimi, ölü kimi yatıb yalnız səhər oyanmaqçün, bu gecə də keçdi – deməkçün içirdim. Mən kimdən və nədən qorxurdum? Bəlkə, mən adam öldürmüşdüm, ev yarmışdım, hər nəysə bir cinayət eləmişdim, ifşa olunmaqdan qorxurdum. Bəlkə, mən siyasi bir qəbahət eləmiş, qeyri-ciddi bir söz demiş və ya yanımda deyiləndə eşitmişdim. Yox, bu cəhətdən mənim vicdanım təmiz idi. Amma mən ondan qorxurdum ki, günahsızlığına başımla zəmanət verəcəyim 9 nömrəli mənzildə yaşayan, uzun illərdən bəri tanıdığım bəstəkar dostumun da heç bir təqsiri yoxdu, lakin bir səhər mən siyahi-lövhədən rəqəmlərin yeni düzülüş sırasını öyrəndim: səkkizdən sonra 10 gəlirdi. Mən zəif, gücsüz, iradəsiz, aciz, bəlkə də qorxaq adam idim. Amma allaha and olsun ki, mən özümçün qorxmurdum. Mən onunçun qorxurdum – Şairə yoldaşımçün qorxurdum. Ən böyük qəbahət istedad, ən böyük cinayət ad–san, şöhrət, hörmət, ən böyük təqsir seçilmək və sevilmək, ən böyük günah öz ağlınla düşünmək sayılan bir çağda mən onun aqibətiyçün qorxurdum. Onun parlaqlığından, qurbanı olacaq parlaqlığından qorxur, onu gözləyən şeyləri təsəvvür edəndə dəhşətə gəlirdim. Onu şer kürsülərində gurultuyla, alqışla qarşılayan, qədəminə güllər tökən gənclərin fərəhi və pərəstişi müqabilində onu qara zirzəmilərdə gözləyəcək intiqam, hayıf, qisas məni dəli eləyirdi. Mən bilirdim orada xalq məhəbbətini, xalq fərəhini bağışlamırlar. Dinləyicilərinin gözlərində qürur və sevinc oxuyan şair ən ağır cəzaya məhkum olur. Xalqın məhəbbəti ona ən böyük ittihamnamədir. Onu dinləyənlər özlərində insanlıq ləyaqəti, insanlıq qüruru, insanlıq fərəhi duyurlar. Onu eşidənlər özlərini azad bilirlər. Ona qulaq asanlar özlərini millət sayırlar. Məgər bu günahları ona bağışlamaq olardımı? Mən bilirdim ki, ora düşsə, orada bu hayıfı onda qoymayacaqlardı. Bütün bunlardan başqa o qadın idi. İncə, gözəl, zərif, həssas və həzin sənətkar bir qadındı, şairə idi. Ora düşən kişilər haqqında danışılan dəhşətlər ən dahi bir rəssamın çəkə biləcəyi cəhənnəm mənzərələrindən müdhiş idi. Ora düşən qadınlar haqqında danışılanları, on beş dəmir qapı dalından süzülüb xeyli yumşalaraq bizə, hələ çöldə gəzən adamlara gəlib çatan müdhişliklər haqqında mən söhbət açmaq istəməzdim. Əvvəla ona görə ki, siz hələ çox gəncsiniz. Əgər siz daha yaşlı olsaydınız belə mən bildiklərimi və eşitdiklərimi danışmazdım. Belə şeyləri insan-insana danışmamalıdır. Belə söhbətlər, belə mənzərələr yaddaşda yara kimi qalan bu dəhşətlər qurd kimi adamın öz içini yeməlidir. Danışılmamalı-danışılmamalı – deyə o əsəbi və qırıq–qırıq deyirdi. – Adamlar belə şeyləri danışmamalı, yox ümumiyyətlə görməməli, bilməməlidir. Bunu görən, bilən, eşidən adam insanlıq ləyaqətini, nə isə ona insan olmaq haqqı verən bir hüququ itirir. Onunçün qadın idealı, əbədi qadınlıq idealı yoxdur. Bunları eşidən, görən, bilən qadın haqqında, dəhşətsiz düşünə bilməz. Bunu eşidən, bilən, görən öz anası haqqında düşünməməlidir, onu xatirinə, yadına gətirməməli, gözləri qarşısında canlandırmamalıdır. Bunu görən, eşidən, bilən bacısının gözünə baxmamalıdır. Bunu görən, eşidən, bilən allaha, allah yoxdursa, bilmirəm kimə, bəlkə mamaçaya dua etməli, yalvarmalıdır ki, heç bir vaxt ona: "Gözün aydın, qızın oldu" deməsin. Bunu görən, eşidən, bilən əgər arvadını bərk sevirsə onu öldürməlidir. Qonağım qışqırıb hıçqırmağa başladı. Mən yenidən güclə onu sakit etdim. O, dərhal yenidən danışmağa başladı: –Ora düşən qadınlardan eşitdiyimə görə yalnız biri xoşbəxt olubmuş. Onun xasiyyətindəki qəribəlik haradansa qadının taleyini həll edənlərin qulağına çatıbmış. Bu qadını xilas etmişdir. Bu qadın cavan və üzdən süfayi olmasına baxmayaraq "uşaqları" yalnız bir cəhətdən – "psix"liyi cəhətdən maraqlandırmışdır. Onlar qadının bir qədər qəribə olmasını və qorxu maniyasını şən zarafatlarına hədəf edərək gecələr müxtəlif qorxunc qiyafələrdə, maskalarda, əcaib səslər çıxararaq qadın qalan tənha və qaranlıq kameraya gəlir, qadını ürəyi gedənəcən qorxuzur, yalnız o hərəkətsiz qalıb qəşş edəndən sonra gülə–gülə çıxıb gedirdilər. Onlar bununla kifayətlənirdilər. Bu arvad xoşbəxt imiş. Düzdür, iki–üç belə seansdan sonra o sağalmaz bir halda dəli oldu və bir həftə sonra məhbəs xəstəxanasına düşdü. Ora düşən qadınlardan mən eşitdiyimə görə bu ən xoşbəxti imiş. Qalanları isə... Siz boksçuların kim olduğunu bilirsinizmi? – deyə o birdən birə mənə müraciət etdi. Mən cavab verməyə imkan tapmamış o sözünə davam etdi: –Yox, o siz bilən boksçuları demirəm, idmançıları demirəm. Yəni onlar da idmançılardır. Onlarda da idman azarı, müəyyən həvəs və ehtiraslar var. Küçədə onları görsəniz bir-birlərini "bizim uşaqlarımızdandır" deyə adlandıran bu gənclər çox gözəl və səliqəli, son moda üzrə geyinmiş, son dərəcə mədəni, nəzakətli, həmişə bir qulağı ayıq, xoş təbəssümlü, kos bəbəkli adamlardır. Bəziləri hətta bu kos bəbəklərini bir anlığa bir nöqtədə saxlayıb insanların gözlərinin içinə düz baxmağı da vərdiş etmişlər. Tramvaya minəndə qoca kişiyə yol verir, qadınlara yol göstərirlər, uşaqlara qalxmağa kömək edirlər. Lakin ora gələndə həmin bu mədəni, nəzakətli, sağlam və güclü gənclər cəld üst paltarlarını, vətəndaş paltarlarını çıxarır, öz iş formalarında qalır və işə başlayırlar. Onlar küçədə yol verdikləri qocaları yumruqla vurub yerə sərir, təpikləyib küncə itələyir, saçından, saçı tökülübsə, daz, keçəlsə burnundan, ya qulağından tutub qalxızır, yenidən boksun son qaydası üzrə çənəsinin altından bir yumruq vurub yerə sərir, yenidən təpikləyir, yenidən qalxızır və yenidən vurub yerə sərirlər və yenidən və yenidən və yenidən... sonsuz kərə. Həmin bu durub yer verdiyi qadınlara... O susdu. –Bilirsinizmi, onlar gənc, güclü, sağlamdırlar. Hərəkətlərinə heç bir nəzarət, ehtiras və istəklərinə heç bir hüdud yoxdur, heç bir iman və inamları, heç bir əxlaq prinsipləri və anlaq normaları olmadığından pozğunluqları qəribə deyil. Ora məhkum, əli heç yerə çatmayacaq, səsini kimsə eşitməyəcək, yolu gedər–gəlməz olan qadın düşdükdə onlar... Qonağım dodağından qaçacaq sözü sonuncu anda tutub saxladı və nəfəsini dərib dedi: –Nə yaxşı ki, körpə uşaqlar ora düşmürlər – sonra əlavə etdi– hər halda mən eşitməmişəm. Susdu. Nəfəsini dərdi. Sonra: –Bilirsinizmi, bir dəfə balaca qız, – deyə gülümsündü. Deyəsən uşaqları çox sevirdi və indi xoş bir təbəssümlə onlardan nə isə məzəli bir şey danışmaq istəyirdi. Lakin birdən bu fikirdən daşınaraq yenidən əvvəlki söhbətinə qayıtdı. –Deyirlər onlar orada qoca, cavan, çirkin, gözəl qadınlara o qədər də fərq qoymurlar. Yalnız çox gözəl qadınları ayrıca seçirlərmiş. Mən diksindim. O dərhal bunu sezdi. –Bəli, – dedi – dəhşətli sözdür. Sarsıdıcı sözdür. Seçirdilər. At kimi, ev heyvanı kimi. Siz bilirsinizmi neçin seçirdilər?
O əyilib mənim qulağıma pıçıldadı. Sonra susdu. Fikrə getdi. Gözlərində dəhşət oyandı. Rəngi daha da qaçdı. Yanağı əsməyə başladı. Elə bil nə isə güclü bir daxili ağrıyla çarpışırdı. Sonra ağır–ağır dedi: –Bilsəniz mənim arvadım, necə gözəl, necə həzin, zərif idi. Aman allah. Bundan dəhşətli nə ola bilər? Ən pis, ən iyrənc, ən dəhşətli səhnələr mənə mələklər qədər pak və təmiz olan arvadımın, istəklimin, gözəlimin surətini xatırladır. Mən: –Lazım deyil, – dedim. – Danışmayın. Sizə danışmaq ağırdır. Mənə dinləmək. O gülümsündü: –Yox, – dedi. – O təmiz getdi. Ona dəyə bilmədilər. Vəhşi əllər, murdar barmaqlar onun aydan arı bədənində gəzə bilmədi. O pak və tərtəmiz, ləkələnməmiş getdi. Mənim qızdırmalı xəyalımın yaratdığı dəhşətli şeylərdən heç biri olmadı. Sənan onun kəsilib atılmış dırnağına belə toxuna bilmədi. –Sənan kimdir? – deyə mən təəccüblə soruşdum. O birdən dayandı. Mənim Sənanı tanımamağım onu çox təəccübləndirmişdi. Sonra birdən nə isə yadına saldı, nə isə anladı və gülümsündü. –Elədir, – dedi. – Axı siz Sənanı tanımırsınız. Hardan da tanıyasınız? Deyirlər o indi hansı mağazadasa satıcı işləyir. İş vaxtı qurtaran kimi tez evə qaçır. Bayıra çox da tez–tez çıxmağa həvəs göstərmir. Elə geyinmək, elə yaşamaq, qalan ömrünü elə keçirmək istəyir ki, gözə çarpmasın, diqqətdən yayınsın, unudulsun, nəzərdən qaçsın, birtəhər başını girrəsin və bəzi-bəzi adamlar bəzi–bəzi işləri ona xatırlatmasınlar. Bir vaxtlar isə bu Sənan bambaşqa idi. Geyinib-kecinib küçələri veyillənər, həmişə diqqət mərkəzində olar, həmişə gözə girərdi. Bu Sənan belə Sənandı. Cavan, sağlam, yaraşıqlı, bər–bəzəkli, ucaboylu, enlikürək, qarabığlı, gözəl bir gəncdi. İndi deyirlər onun bu cəh-cəlalından heç nə qalmamışdır. Solğun, miskin, yazıq Sənan, balaca, zəif, gizlənən, başın girləyən Sənan. O, sanki birinci dəfə idi ki, Sənanın aqibətini düşünürdü. Xəyalında canlandırdığı surət həm onu sevindirir, həm də elə bil məyus edirdi. Sənanın dəyişilməsi onda təəssüfə bənzər bir hiss oyadırdı. Halbuki o deyirdi: –Dünyada heç kəsə bu Sənana nifrət etdiyim qədər nifrət etmirdim. Mən onun nə işlə məşğul olduğunu yaxşı bilirdim. Və o təzə modlu paltosunu geyinib boynuna rəngbərəng şərf, üzünə məftunedici gülüş taxıb küçələrə düşəndə, nəzakətlə davranıb mədəni söhbətlər edəndə cin beynimə vururdu. –İnsanlar, aldanmayın, yanılmayın – deyə bağırmaq istəyirdim – Bilirsinizmi bu kimdir? Bu adam məni, sizi, sizin ərlərinizi və arvadlarınızı, analarınızı və atalarınızı, bacılarınızı və qardaşlarınızı, hətta beşikdə yatan körpələrinizi belə üzündən bax bu məlahətli təbəssümü silib atmadan didə, parçalaya, döyüb, ya təpikləyib öldürə bilər. Mən əlbəttə ki, heç bir vaxt bağırmadım. O axşam da biz Sənanı gördük. İsti bir yay günü idi. Lap elə bugünkü kimi bir axşam idi. Mən arvadımla Sahil bağında gəzirdik. Birdən Sənan bir dəstə yoldaşıyla düz qarşımıza çıxdılar. Yol dar idi. Sənan vərdiş halına keçmiş bir nəzakətlə çəkilib arvadıma yol verdi. Üzündə həmişəki yapışdırılmış təbəssüm vardı. Amma gözlərinə baxanda, bir dəqiqə bir yerdə durmayan, quş axtaran ov tulası kimi ora–bura vurnuxan bəbəklərində mən ani bir ifadə sezdim. Bu ifadəni sözlə demək çətindir. Bəlkə nisbətən uyğun və yerində işlənmiş "istehza" sözü olardı. Amma bu istehza da deyildi. Yaxın görüşə, bizi görüşdürəcək hadisələrə bir işarəmi idi, bizə nə isə bir vədəmi idi, bir hədəmi idi, bir xəbərdarlıqmı idi? Amma hər halda təəssüf deyildi. Hər halda o bizə rast gəlməsindən narazı deyildi. Hər halda o nə isə bilir, nəyisə qəti bilir və bu NƏ İSƏ bizimçün ağır bir sarsıntı, onunçün xoş bir macəra idi. Bu saniyənin yüzdə birində sezdiyim ifadə məni sarsıtdı. Lakin bu ani ifadənin yerinə gələn ifadə məni bəlkə daha artıq dəhşətə gətirdi. Bu ikinci ifadəni aydın görmək və ona səhvsiz ad vermək olardı. Bu şəhvət ifadəsiydi. Sənanın ona – Mənim gözəlimə baxan murdar gözlərində çirkin bir ehtiras, iyrənc çılpaqlığını heç şeylə örtmək, bürümək istəməyən bir erkək intizarı, pis söyüş kimi sırtıq, həyasız bir şey, yaxın nəşəyə qəti əmin olan bir əxlaqsızın səbirsizliyi var idi. Siz o dövrdə yaşamamısınız. O dövr barəsində sizə nə qədər və necə danışsalar belə siz onu təmamilə anlaya bilməzsiniz. Siz o qorxunu necə təsəvvür edə bilərsiniz, hər an, hər dəqiqə uçurum qırağıyla yerimək, həm də taytıya–taytıya yerimək, yanında səni hər dəqiqə sözsüz–danışıqsız girdaba itələməyə hazır olan adamların addımbaaddım səni izləməsi, hər gələn gecəni son bilmək, hər səhəri açanda yeni qarşıdan gələn gecənin dəhşətini düşünmək – bütün bunları danışmaqla anlatmaq olmaz. Səsinin heç yerə çatmazlığını, haqsızlığın dəryasında boğulduğunu, heç kəsə, anana, atana, arvadına belə ürəyindəkiləri deməyi cəsarət etməməyi necə təsəvvürə gətirə bilərsiniz. Ən dəhşətli özünü mühakimədən sonra belə vicdanında bir təqsir görməyib hər an min günahla təqsirləndirilə biləcəyini duymağın əzabını sən necə hiss edə bilərsən? Bəziləri – günahsız olub müqəssirlikdə ittiham olunanlardan bir çoxu böyük bir intizarla vicdanlarını arayıb heç olmasa bir ləkə, bir təqsir tapmaq arzusunda olurlar. Onda heç olmasa onların təsəllisi olardı. "Günahındı, çək". Belələrindən bir çoxu vicdanlarını təmiz görüb məyuslaşır və bundan sonra şüurlu, ya yarımşüurlu bir halda qəsdən, ya da bəlkə yarımqəsdən bir qəbih iş görür, bir yasaq söz danışır və cəzanı nisbətən asan qəbul edirdilər. "Cəzamdır çəkirəm". Bu böyük təsəllidir. "Təqsirsiz getdimin" – zəhərindən yaxşıdır. O dövrdə bir tək Kərim dayı xoşbəxt idi. Kərim dayıya qansız, zülmkar, özgələrin dərdindən həzz alan bir adam demək olmazdı. Çuğul da deyildi. Müsibətlərə yuxarıdan baxan filosof da deyildi. Kərim dayı axmaq, ya səfeh də deyildi. Kərim dayı arsız idi. Kərim dayı bəxtiyar idi. Hər səhər yuxudan duran kimi, çox vaxt da elə gecə vaxtı müəyyən məlumatlar toplayır və arvadına belə xəbər verirdi: –Eşitdin də, arvad, Əsgərlinskini də tutdular. O artist vardı o, teatr çıxarırdı, "Şeyx Sənana" getmişdik ha, yadında? Hə, bax o Şeyx Sənanı oynayanı da apardılar. Əmma əntiqə səsi vardı ha? Öz aramızdı, vraq narod da olsa səsi qiyamətdi. Kərim dayı qonşu həyətin xidmətçisini görəndə deyirdi: –Nə var, nə yox? Məndə sağlığın. Yuxarı mərtəbədə hələ bir ər–arvad qalıb. O urusu da apardılar. Pianino çalırdı o. Ev sakinlərini görəndə ehtiyatla və şübhəylə, oğrun–oğrun, müştəri gözüylə baxırdı. Görəsən bunların hansı haqqında və haçan deyəcəkdi: –Filankəs də belə getdi. Vay atonnan. Evin top dağıtmazdı. Deyir, ay namərd dünya, Süleymana qalmadın kimə qalacaqsan? Kərim dayı nə təəssüf çəkirdi, nə də sevinirdi. O ancaq maraqlanırdı və uşaq həvəsiylə demək olar ki, hər gün, ya günaşırı müxtəlif adamlara: –Eşitdiniz də, şairi tutdular, – deyirdi. Onun müraciət etdiyi adamları elə bil ildırım vururdu, Kərim dayıya rast gəlməməyə çalışırdılar. Kərim dayı arsız idi. O bəxtiyar idi. Bütün bunları indi sizə anlatmaq əlbəttə çətindir. Bilmirəm siz mənim o vaxtkı halımı və hərəkətlərimi anlayacaqsınızmı? Məni qınamayın, o gün bulvarda mən nəticəsi haqqında düşünmədən elə buradaca adamların içində Sənanı boğub öldürmək istəyirdim. Bunu gəlişi gözəl deyilmiş söz hesab eləməyin. Sizin yadınızdadır mən özüm də dəfələrlə təkrar etmişəm ki, zəif, iradəsiz, bəlkə qorxaq adamam. Amma siz bilirsinizmi ki, dəlicəsinə qoçaq hərəkətləri ən qorxaq adamlar edir. İgidlik əlacsızlıq, çarəsizliyin, ümidsizliyin, əlacsızlıq, ümidsizlik, çarəsizlik isə qorxaqlığın övladıdır. Qorxaq və iradəsiz adam məhz qorxaq və iradəsiz olduğuna görə səbir, dözüm igidliyinə qadir deyil, amma ani qəhrəmanlığı, ən xarüqəvi qəhrəmanlığı, ölümlə qurtara bilən bir qoçaqlığı bacarır. Mən də o gün Sənanı öldürməyə qadir idim. Çünki qorxurdum. Evə gedib yerimə girib, bütün yuxu dərmanlarına baxmadan, yuxlaya bilməyib gecənin sükutunda, qaranlığında, dəhşətində Sənanı gözləməkdən qorxurdum. Ani bir tərəddüd Sənanın həyatını xilas etdi. Mən onu evdə gözləyəcəm, gəlsə öldürəcəm – dedim. Amma dərhal bu işin əbəsliyini, uşaqcasına mənasızlığını, axmaqlığını duydum, – çünki bilirdim ki, o, gəlsə tək gəlməyəcəkdir. Bir adamı öldürmək heç bir şeyi həll etməyəcəkdir. Nə isə, biz evə tərəf gəlməyə başladıq. Nədənsə mən evə getmək saatını dala atmaq istəyirdim. Nədənsə mənə elə gəlirdi ki, axırıncı dəfə onunla Sahil bağını gəzirik. Mən nə xoşbəxtəm deyirdim. Bağ belə yaxşı, dəniz belə gözəl, sevgilim, gözəlim, yaraşıqlım mənimlə. O məni sevir, mən onu sevirəm, səadətimizi heç nə pozmur. Biz nə bəxtiyarıq. Mən heç bir şey haqqında düşünmək istəmirdim. Mən bu dəqiqənin sevincini udmaq istəyirdim. Lakin məndən asılı olmayaraq bu dəqiqələrin sevincinə qorxu zəhəri qatışırdı. Mən heç bir şey haqqında, nə gecə, nə səhər, nə həyat və vaxt haqtında düşünmədən, danışmadan, hər şeydən mücərrədləşərək bu xoşbəxt anları yalnız məcburən deyil, məcburiyyətsiz, xoş, sevincli, səmimi, şən anlar kimi duymaq, bu anları zamanın durmaz və müdhiş axınından dişimlə, dırnağımla qoparıb saxlamaq istəyirdim. Lakin bu həyatımın axırıncı xoşbəxt saatlarında da mən xoşbəxt deyildim. O, isə xoşbəxt idi. O, hər şeyi duyurdu. Lakin o məndən güclü olduğu üçün hər şeyi daha mətin keçirirdi. O, səadətçün yaranmışdı. O, səadəti duya bilir, dolu ciyərlərilə, sevinclə nəfəs alır və təlaşını, intizarını ürəyinin zirzəmilərində basdırırdı. Bəzən mənə elə gəlirdi ki, o, hələ hər şeyi anlamır. Amma o hər şeyi bilirdi. Mən fikirlərimi ondan gizlətməyə çalışırdım. Lakin bir dəfə qeyri–ixtiyari olaraq söhbət həmin məsələdən düşəndə o dedi:

–Mən çox gözəl bilirəm ki, məni və səni nə gözləyir. Lakin hələ heç bir şey yoxdur. Bilirsən nə var? Bu barədə düşünmə. Bəla gəlməmiş yas qurmaq lazım deyil. Heç bir şeydən qorxmadan, heç bir dəhşət gözləmədən yaşamaq, ciyər dolusu, ürək dolusu, beyin dolusu yaşamaq, işləmək, yaratmaq, qurmaq, sevinmək və xoşbəxt olmaq lazımdır. Belə danışmaq onunçün çətin deyildi. O güclü və mətin idi. O xoşbəxt olmağı bacarırdı, o heç nədən qorxmurdu. Bəs mən? And olsun allaha, mən yalnız onunçün qorxurdum. Lənətə gəlmiş xəyallarım mənə dəhşətli lövhələr çəkirdi. Mən o gözəli, o zərifi, o incəni Sənanın və Sənan kimi dodağına gülüş yapışdırılmışların qıllı əlləri arasında çapalayan görürdüm. Aman, bu vahiməli lövhələr indi də mənim gözlərim qarşısındadır. Onlar ölənə qədər məni təqib edəcəklər. O, axırıncı sözləri boğuq hıçqırıq içində dedi. Sonra yavaş– yavaş özünü ələ aldı. Susdu və sakit davam etdi. –Onlar elə həmin gecə gəldilər. Amma bilirsinizmi, bu təfərrüat da maraqlıdır. Həmin gecə yerimizə girməmişdən əvvəl o qəflətən mənə dedi: –Bu gecə iki doza at. Oyanmayasan. Mən dik atıldım. O gülümsündü. Məni elə bil ilan çaldı. Deməli o hər şeyi bilirmiş. Mənə elə gəldi ki, o mənə nifrət edir. Mən ona sual verməyə cəsarət etmədim. Yerimin içində qovrulurdum. Birdən onun səsini eşitdim. –Hələ yuxulamamısan ki? –Yox. –Onda yuxulamamışdan sənə deyim, bil. Dünyada heç kəs mənə səndən əziz olmamışdır. Nədənsə məni ağlamaq tutdu. O dedi: –Geçən xeyrə qalsın. Qarşı qonşumuzgildə qonaqlıq idi. Musiqi səsi gəlirdi. Yorğun səsli bir qız qəmli bir muğam oxuyurdu. Deyəsən "Humayun" idi. Həmin o gecə mən yuxumda dənizi, bulvarı və arvadımı görürdüm. Həmin bu gecə saat on üçün qarşıdakı qonşugildə qonaqlar toplanmağa başlandı. Qarşı qonşumuzgilin oğullarının ad gününü bayram edirdilər. Bir neçə gün əvvəl ev yiyəsinin yaxın dostu tutulmuşdu. Bu işdən zərrə qədər də qəmlənmədiyini və bu köhnə dostuyla heç bir əlaqəsi olmadığını camaata isbat etməkçün qonşumuzgil bu gecədəki ziyafəti xüsusi bir təntənəylə hazırlamış və xüsusi bir hay–küylə keçirirdilər. Həmin bu gecə saat on birdə Kərim dayı bir həftə işlənmədiyinə görə qabda quruyub bərkimiş rəngə və qərtməklənmiş fırçasına baxıb arvadına dedi: –Çoxdandı bir səs yoxdu a – tavana, yuxarı mərtəbələr səmtinə baxıb mənalı gülümsündü. Həmin bu gecə saat on ikidə Sənan geyinib çıxmağa hazırlaşırdı. Qoca anası: –İşin necədir? – deyə soruşdu: Sənan dedi: –Sən yat. Mən gec gələcəm. –Paltonu çiyninə sal, soyuq olar, – deyə ana böyük bir nəvazişlə oğluna baxdı. Sənan əyilib anasının alnından öpdü və səssizcə qapını ardınca bağlayıb getdi. Ananın gözlərində sonsuz bir fərəh vardı. Həmin bu gecə saat birdə bizim qapımız döyüldü. Oyanmazdan bir qədər əvvəl (real həyatda bir neçə an, yuxuda isə bu bir neçə an mənə uzun bir müddət kimi göründü) kimsə məni döyürdü. Ağrı hiss etmirdim. Lakin kəsik–kəsik, aramla, səbirlə vurulan zərbələrin səsini eşidirdim. Oyananda bu zərbələrin qapıya vurulduğunu anladım. Saniyənin yüzdə biri belə keçmədən hər şeyi qavradım. Sanki axır ayların bütün dəhşətli hissləri, ən amansız şübhələrim, ən qorxunc fərziyyələrim, qorxularım, təlaşım, intizarım birləşib təmkinli zərbələrlə qapını döyürdülər. Mən nə edəcəyimi bilmirdim. Bu saatları min–milyon dəfə xəyalımda canlandırıb hər anını, hər hərəkətini yüz dəfə ölçüb– biçmişdimsə və hər şey də məhz mənim zənn etdiyim kimi olurdusa da hər halda mən nə edəcəyimi bilmir, milyon dəfə hazırladığım, düşündüyüm, hətta məşq elədiyim sözləri və hərəkətləri bir an içində unutmuşdum. Bir-birindən dəli fikirlər başımda atlanıb–düşürdü. Qapını açmamaq, sındıranacan gözləmək. YOX, pəncərədən atılmaq, xurd–xəşil olub ölmək. YOX, ağır kağızbasanı içəri girən birinci adamın başına çırpmaq, YOX, əlimə nə keçsə qapıya, hələ açılmamış qapıya vıyıldatmaq, sonra yenidən əlimə nə keçsə girənlərin başına çırpmaq, YOX, tutulanacan vuruşmaq, qollarım bağlanandan sonra vuruşmaq, yerə sərilmək, dişləmək, yıxılmaq, təpikləmək, ölənəcən, ürəyim partlayanacan fiziki müqavimət. BƏS O? YOX, içəri girənlərin ayağına yıxılmaq, yalvarmaq, YOX, bədənimdən atılıb çıxmaq, quş olub uçmaq, YOX. Allaha, bu dəqiqə inandığım Allaha yalvarmaq, YOX, ağlamaq, YOX, qəhqəhə çəkib gülmək, YOX, sakit olub uzanmaq, özünü yuxululuğa, ölülüyə qoymaq, YOX, attanıb düşmək, YOX, oturmaq, YOX, dəli olmaq, YOX, pəncərədən bağırıb kömək istəmək, YOX, özümü ələ alıb, mühakimə və tədbirlə tərpənmək, rahat ürəklə qapını açmaq, xoş üzlə, təmiz vicdanla qarşılamaq, YOX, qaçıb stolun altında gizlənmək, YOX, onu yuxudan oyatmaq, YOX, oyatmamaq, YOX, bəs nə etmək, nə etmək, nə etmək? Birdən kəsik–kəsik, aramla, səbirlə, inamla döyülən qapı tappıltılarının tənəffüsündə, axırıncı tappıltının səsi əriyib sükuta qarışanda və yeni tappıltı passajı başlananacan araya çökmüş lal bir sakitlikdə əsməyən, amiranə, arxayın və əmin bir səs eşitdim. –Qapını aç. Bunu o dedi. O ayıq imiş. Amma gözləri qapalı idi. Üzü sakit idi. Qaranlıqda rənginin qaçıb–qaçmadığını təyin etmək çətin idi.
Mən ovsunlanmış kimi onun əmrinə itaət etdim. Amma qapını açmamışdan onun özünün bu günlərdə həyətdə itilətdiyi və gecələr yanıma qoyduğum, mətbəx bıçağını cibimə soxdum. Fikirlərimdə onu həmişə Sənanın bağrına sancırdım. Nədənsə əmin idim ki, bizə məhz Sənan gələcəkdir. Yanılmamışdım. Otağa birinci Sənan girdi. O tək deyildi. İşığı yandırdılar. Gözləri otaqda vurnuxan adamlardan biri onu yataqda görüb. –Geyin – dedi. Sənan dərhal: –Əvvəl kağızı göstər, – dedi. O, həmişəki kimi nəzakətli idi. Mən əyilib kağıza baxdım. Qeyri–ixtiyari: –Bəs mən? – dedim. Gələnlərin dodağı qaçdı: –Tələsmə, sənin növbən də çatacaq. Sənan mənə "siz" deyə müraciət elədi. –Görürsünüz ki, kağız yalnız arvadınızın adınadır. Biz kağızsız heç kəsi apara bilmərik. Odur ki, arvadınızı bizə etibar etməli olacaqsınız. O bərkdən güldü. Bu həmişəki maska gülüş – mədəni təbəssüm deyil, ən alçaq və rəzil bir pozğunun sitizə hırıltısı idi. Bıçaq cibimi yandırmağa başladı. Lakin mən hələ özümü saxlayırdım, hələ şüuruma nəzarət edə bilirdim. Şüurum isə: Nə olsun? Nə olsun? – deyə yanıb–sönürdü. Bir Sənanı öldürdün. Bəs o birilər? Birincisi Sənanı öldürsəm, özümü demirəm, özüm cəhənnəm, arvadımın işi daha ağırlaşacaqdır. Ondan daha da intiqam alacaq, şübhələnəcək, onu daha çox incidəcək, daha pis təhqir edəcəklər. Sənanı yox, başqa birisini öldürsəm, yenə də həmin vəziyyətdir. Yox, mən lap div olub bütün otaqdakıları öldürsəm belə neçəsi qapının dalında, pilləkəndə, həyətdə, küçədə durub, neçəsi başqa mənzillərdə həmin əməliyyatı aparır, neçəsi maşının içərisində, neçəsi məlum binada marıqdadırlar. Lakin mən heç bir şey etməyə də bilməzdim. Mən yaxşı bilirdim ki, sabah, bəlkə elə bu gecə iki saatdan sonra mənim də dalımca gələcəklər. Bəs mən bu gecəni, bu günü, bu iki saatı, on dəqiqəni onsuz, həm də onun hara, kimlə və neçin getdiyini bilərək necə yaşaya bilərdim. Mən onu aparan "qara qarğanın" dalıyca cəhənnəmə, cəhənnəmdən daha dəhşətli yerlərə sürünməyə hazırdım. O şeh kimi zərif, ayın suya saldığı işıq cığırı kimi incə, həzin idi. Mən onun büllur kimi təmiz və kövrək, şüşə kimi sınımlı bədənini, ruhunu Sənana və Sənan kimilərə necə etibar edə bilərdim. Bəs mən nə edəydim, deyin nə etməliydim, necə çıxış tapaydım. Qonağımın gözləri məhvərindən çıxmışdı, o yaxamdan tutub silkələyir, məndən cavab gözləyirdi. –Qarşımda oturmasaydınız – dedim – "mən çıxış yolunu bircə sizin intiharınızda görərdim". O yaxamı buraxıb gülümsündü: –Elədir – dedi. – Bunu sizə mən özüm pıçıldadım. Zəifəm, qorxağam, iradəsizəm, qorxaqlıq qoçaqlığın rəhnidir və sairə. Bunlar hamısı belədir, əlbəttə. Məhz qorxaq, zəif və iradəsiz olduğuma görə arvadımın pis gününü, namusumun tapdalanmasını görməməkçün, bütün dəhşətlərə birdəfəlik son qoymaqçün dostunu düşmən əlində qoyub qaçan namərd kimi cibimdəki iti bıçağı bağrıma sancıb xilas olmalı, qurtarmalı, dincəlməliydim. – O, böyük bir qürurla mənə baxdı – İnanın, – deyə davam etdi, – miskin həyatımda yeganə fəxr elədiyim şey varsa o da o gün, orada, xainlik etməməyim, əlimdə imkan ola– ola özümü öldürüb canımı qurtarmamağım, onu Sənanların əlində təhqir və dəhşətçün qoyub qaçmamağımdır. Dəhşətli bir güman – ölüm nəfəsi kimi ürəyimə toxunub məni səksəndirdi. Səsim əsə-əsə: –Bəs neylədiniz? – deyə soruşdum və sualımdan özüm də peşman oldum. Onun üzünün ifadəsini ölənəcən unutmaram. İztiraba heykəl qoyulsa onu bax bu an, bu sifətdən yapmaq lazımdır. Mən qorxurdum. Mənə elə gəlirdi ki, nəhəng mehmanxananın bütün mərtəbə və nömrələri boşalmış, küçələr susmuş, bütün şəhər ölmüş, bütün dünyada yalnız bu yeganə mənim nömrəmdə iki nəfər ac canavar kimi göz–gözə durmuş, hələ deyilməmiş, lakin duyulan dəhşətli sözləri gözləyirdilər. O dili-dodağı əsə-əsə: –Mmmmən çççıxış... ttapdım... Axı o gün... o gün… otaqda bbir nəfər də... vvvardı... Saçlarım biz–biz oldu. –Mməni qınamayın... Bu... yeganə ççıxış yyolu... idi. – deyə o kəkələyirdi. Mən qızdırmalı kimiydim, sanki onun səsi çox uzaqlardan gəlirdi: –Gələnlərdən biri çarpayıya yanaşdı "Dur" – dedi. O: – o biri otağa keçin – dedi – mən geyinməliyəm. Gələn adam: – Pah – deyə istehzayla dedi: – Guya ki... Sənan onun ağzını yumdu. – Səbrin olsun – deyə murdar bir ifadəylə göz vurdu. Qonağım hönkürməyə başladı. –Aman allah, mən nə etdim, aman nə etdim. Mən qışqırmaq, köməyə çağırmaq istəyirdim. Lakin tərpənə bilmirdim. Mənə elə gəlirdi ki, yuxudayam, məni qara basır, tərpənmək istəyirəm, tərpənə bilmirəm, qışqırmaq istəyirəm, qışqıra bilmirəm, oyanmaq istəyirəm, oyana bilmirəm. O get–gedə özünü ələ aldı, sakit bir tonla dedi: –Mməni qınamayın... bu yeganə çıxış yolu idi. Onu Sənana və Sənan kimilərə verməməkçün bu yeganə çıxış yolu idi. Ayrı yol yox idi. Qonağım nəfəsini dərdi və titrək, lakin yavaş bir səslə – Bıçağı o öz əliylə iki gün əvvəl itilətmişdi – dedi. Birdən–birə pəncərədən görünən Kreml ulduzu söndü. Tavandakı lampoçka qarayla örtüldü. Otağın divarları üstümə gəldi. Bütün dünyayi–aləm, vaxt və məkan qarşımdakı iki dodaqda cəmləşdi, ilk dəfə olaraq üst dodağın azca sezilən çapığını belə aydın gördüm. Onun sonrakı danışıqlarını beş hissimdən hansıyla qavradığımı anlamaq çətin idi. Lakin dəhşətlər hələ qurtarmamışdı. Qonağım dəli kimi gözlərilə məni qamarlayıb:

–Sən mənim qızıma oxşayırsan. Sən mənim qızıma oxşayırsan, – deyə aramsız təkrar eləyirdi. Mən kəkələyə–kəkələyə: –Axı, siz dediniz oğlunuz, – deyə başlayıb qurtara bilmədim. –Bəlkə də qızım idi, bəlkə də oğlum idi, mən bilmirəm, bilmirəm, bəlkə də oğlum idi. Bəlkə də qızım idi, – deyə o kəsik– kəsik təkrar edirdi: – Bəlkə də qızım idi, bəlkə də oğlum idi. Birdən "nəğməsini" kəsib kəskin bağırdı: –Mən nə bilim nə idi, o ki doğa bilmədi. Mən onu hamilə öldürdüm. – Sonra cümləsinin quruluşunu dəyişib yenə həmin fikri təkrar elədi – Mən onu öldürəndə hamilə idi, – və yenidən: –Bəlkə də oğlum idi, bəlkə də qızım idi – deyə oxumağa başladı. Bunun nə qədər davam etdiyini deyə bilmərəm. Özümü ələ alıb yenidən hər şeyi qavramağa başlayanda görünür bir xeyli vaxt keçmişdi. O da sakit olmuşdu. Mümkün qədər təmkinli olmağa çalışaraq yenidən danışmağa başladı. –O gecə mən bütün iradəmi toplayaraq bıçağı sərrast vurdum. Sonra ürəyim getdi. Sonra heç bir şey yadımda deyil. Həkimlər mənim ən ağır bir ruhi xəstəliyə tutulduğumu qərarlaşdırmışlar. Bu məni xilas etdi. Mən yalnız beş ildən sonra sağaldım və sürgün edildim. İki il qabaq amnistiya düşdüm. İndi siz hər şeyi bilirsiniz, – deyə o mənə müraciət etdi, – məni azad etmişlər. Mən bəraət qazanmışam. İndi siz deyin, əgər ümumi, mücərrəd bir həqq, bir insanlıq məhkəməsi varsa, deyin mən onun qarşısında bəraət qazana bilərəmmi? Məni insan saymaq olarmı, məni bağışlamaq olarmı? Aralığa sukut çökdü. Sonra o: –Cavab verməyə tələsməyin, – dedi. – Yaxşı–yaxşı fikirləşin. Anlayın. Mən aramla dedim. –Mənim sizi bağışlamağa, ya ittiham etməyə heç bir hüququm yoxdur. Amma əgər məndən soruşursunuzsa, mən sizi anlayıram. –Bir yaxşı–yaxşı düşünün. Mən caniyəm. Mən adam öldürmüşəm. Mən arvadımın qatiliyəm. –Siz cinayətinizin cəzasını çəkmisiniz. İztirab sizin günahınızı silmişdir. –Belə bir cinayətin cəzası varmı? Hansı cəza bu cinayətə layiqdir? –Yox, – dedim. – Bu cinayət məcburidir. Siz arvadınızı sevdiyiniz üçün öldürmüşsünüz. Sizin ayrı yolunuz yox idi. –Tələsməyin, – deyə o qışqırdı – Yalvarıram, tələsməyin. Unutmayın ki, bütün danışdıqlarımı siz mənim baxışımdan qəbul etmisiniz. Bəlkə bütün bu dəhşətli mənzərələr mənim qorxaqlığımın böyüdücü şüşəsinin altından göründüyüçün bu qədər dəhşətlidir. Bəlkə orada mənim arvadımı heç də dəhşətli şəhvət oyunları gözləmirmiş. Bəlkə... Mən etiraz etmək istədim. O, ağzımı açmağa qoymadan davam etdi: –Axı mən tək arvadımı öldürməmişəm. Mən həm də onun bətnindəki yeni bir insan həyatını tələf etmişəm. Oğlumu, ya qızımı, bəlkə gələcək dahi bir rəssamı, bəlkə insanları xərçəng xəstəliyindən xilas edəcək bir təbibi öldürmüşəm. Dünyada insan həyatının yaranmasından böyük möcüzə və insan həyatını məhv etməkdən böyük cinayət varmı? Bunu da bağışlamaq olarmı? Mən isə birini yox, gör neçəsini öldürmüşəm. Arvadımı. Bir. Onun uşağını. İki. Bəlkə arvadım əkiz doğacaqmış. Onda üç. Üç nəfər. Yox, dörd. –Dörd niyə? Dördüncü kimdir? –Dördüncü də mən özüm. Axı mən də ölmüş kimiyəm. Mənim yaşamağımın heç bir mənası yoxdur. Məndən də böyük cinayətkar varmı? Hamısı da qorxaqlığımın üstündə. Axı mən sonra bildim. Arvadımı heç bir təhlükə gözləmirmiş. Onun başından bir tük belə əysik olmayacaqmış. Onu tutmağa yox, şahidliyə də yox, elə–belə söhbətə çağırırlarmış. Tamamilə başqa bir məsələ üçün. Tamamilə kənar bir məsələ üçün. Mən bunu çox sonralar bildim. Onu kənar bir məsələyçün çağırırlarmış, eşidirsinizmi, çağırırlarmış, tutmurlarmış, yox, o bir–iki saatdan sonra evə qayıdacaqmış, eşidirsinizmi, qayıdacaqmış. Mən onu nahaq öldürmüşəm, eşidirsinizmi, nahaq? Qorxaqlığımdan. Mən dedim: –Bir də zamanın hökmündən. Hər gecə mənzilləri boşalan qonşularınızın taleyi, Kərim kişinin qara fırçası, Sənanın azğın zarafatları üzündən. Mən bunların hamısını çox gözəl başa düşürəm. Özünüzü qınamayın. Siz arvadınızı dəlicəsinə sevirsinizmiş. Sizi əfv etmək olar. –Sizi əfv etmək olar, – deyə o məni yamsıladı. Sonra o mişar səsini, diş yonan maşın səsini andıran paslı və xırçıltılı, adamın bütün əsəblərini yerindən oynadan bir gülüşlə qaqqıldadı. Ağzını düz uzümə tutub: –Sən hər şeyi bağışlayırsan? – dedi – Bilirsənmi mən kiməm? Mən onun üzünün ifadəsindən və səsindən diksindim. Bilmirəm nədən, lakin məndə belə bir hiss vardı ki, bütün bu axşam eşitdiklərimdən daha qəribə bir şey eşidəcəm. Bu sövqitəbii hiss məni aldatmadı. Qonağım: –Bilirsənmi mən kiməm? – deyə bağırırdı, – bu çapığı görürsənmi? Qonağım ilan kimi yumşaq, sürüşkən, çiriş bir səslə, qılığa girici, aldadıcı bir ahənglə qulağıma pıçıldayırdı. –Sənanın gözləri qırmızıydı. Qara bığları vardı, qulaqları kiçikdi, burnu düzdü, dodaqları – o bərkdən gülməyə başladı – dodaqlarında... – yenidən gülüşlə sözünü kəsdi – dodaqlarında bax belə çapıq vardı – deyə kəskin hərəkətlə yerindən qalxdı. –Çapıq? – Elə bil məni ildırım vurdu. Deyəsən, ağlım çaşırdı. Birdən özüm dəli kimi qışqırmağa başladım. –Sənan sənsən, Sənan sənsən!

O tam bir sakitliklə: –Mənəm, – dedi. Məni gic gülmək tutdu. Qarşımdakı kişiyə baxıb durmadan gülürdüm: –Deməli, deməli siz – deyə heç sakit ola bilmirdim – sürgündə zadda olmamısınız, ha, ha, ha. O ciddi və sakit idi. –Yox, – dedi. – O gecə mənim də taleyimi həll etdi. Bayaqdan bəri sizə öz adımdan danışdığım əhvalat doğrudan da olmuş işdir. Doğrudan da belə bir kişi vardı. Doğrudan da o öz arvadını bərk sevirmiş. Nədən bilirəm? Ondan ki, yalnız çox bərk sevərkən o edəni etmək olar. Mən bu ailə haqqında bircə onu bilirdim ki, onlar xoşbəxt idilər, bizi gözləyirdilər, mənə, Sənana böyük nifrət bəsləyirdilər... Bir də onu bilirdim ki, onlar xoşbəxt ola bilərdilər. Lakin ola bilmədilər. Çünki biz qoymadıq. Ən qəribəsi də o idi ki, bizim doğrudan da onları tutmaq fikrimiz yox idi. Lakin bir də o vardı – siz dediyiniz kimi, – onların qonşularının mənzilləri tez–tez boşalırdı. Kimin tutulması, kimin qalması o zaman məgər boş bir təsadüfdən asılı deyildimi. Hə, Kərim kişi və onun fırçası da uydurma deyil. Lakin o başqa evdə idi. Mən o dövrdə gördüyüm müxtəlif şeyləri, necə deyərlər, bir növ ümumiləşdirib sizə danışıram. Mən bu barədə bir əsər yazmışam. Odur ki, bu mənimçün o qədər də çətin deyil. Bəli, mən bu şeylər haqqında çox fikirləşdim və qərara gəldim ki, bildiklərimi yazmasam olmaz. Qoy başqaları da bilsin. Lakin belə əsəri heç yerdə çap eləmək istəmirlər. Odur ki, mən də şifahi danışmağa məcburam. Mənim bütün hiss-həyəcanlarım da artistlik deyildi. Bütün bu şeylər bu günə qədər məni sarsıdır. O susdu. Qulaqlarıma inanmırdım. Təəccüblü baxışlarımı görüb sözünə davam etdi: –Yəqin sizə qəribə gəlir, nə cür olub ki, mən, həmin Sənan, indi... Haqlısınız... Özümə söz vermişdim ki, rolumu axıra qədər oynayam, adımı açmayam. Əsəri də o kişinin adından yazmışam. Lakin niyyətimi yerinə yetirə bilmədim. Odur ki, bir-iki kəlmə də sizə öz taleyimdən danışım. Bəli, həmin gecə o kişi ancaq nağıllarda olan yüksək bir məhəbbətlə sevdiyi qadını öldürəndən sonra doğrudan da dəli oldu və az sonra başını türmə xəstəxanasındakı çarpayının dəmirinə vurub öldü. Lakin o, arvadını (uşağı–zadı yoxdu, lakin bizim güllələdiyimiz başqa bir qadın hamilə idi) və özünü öldürüb dünyaya yeni bir insan gətirdi, yeni bir insan doğdu. Bu yeni insan mən idim. Mən o gecə bir çox şeyləri başa düşdüm. Bəlkə bundan dəhşətli şeylər də görmüşdüm. Onlar mənim yaddaşımda mərtəbə-mərtəbə, qat–qat yığılırdı. Lakin onlar mənə mane olmurdu. Onları nəşə və şəhvət altında örtüb basdırırdım. "Aldanırdım" demək istəmirəm. Biz çoxumuz elə o vaxt bilirdik bu müəyyən fərdlərin vəhşi şıltaqlıqlarıdır, məfkurə-zad mübarizəsi deyil. Vicdan? Mən əlbəttə vicdansız deyildim. Amma vicdanımla belə sevdalaşmışdıq: sən mənə dəymə, mən sənə. Özümü heyvan sayırdım, birdəfəlik özümü insanlar cərgəsindən çıxarmış və heyvan kimi xoşbəxt idim. Uşaqlıqdan çox kitab-zad oxuyardım. Odur ki, çox vaxt məni müəyyən əxlaqi problemlər məşğul edirdi. Həyatımçün müəyyən fəlsəfi bir əsas da tapmışdım. "İnsan olmağa çalışma: bir erkək kimi xoşbəxt yaşamağa çalış. Əgər həyatın sonunda heçlikdən başqa heç nə yoxsa, dözümlü və təmiz həyat kimə lazımdır? Əgər həyatın sonunda heç nə yoxsa, ömrü ləzzət və keflə başa vurmaq pismidir? İncitdiyimiz adamları axmaq sayırdım. Çünki onlar bu aydın fəlsəfəni başa düşmürdülər. Başa düşsələr xoşbəxt olardılar. Xoşbəxt olmağın isə o dövrdə yalnız bircə yolu vardı. Bizə qoşulmaq. Doğrudur, bizə qoşulmayanlar və tutulmayanlar da vardı. Lakin onlar xoşbəxt deyildilər. Çünki onlar hər an tutulacaqlarının qorxusunu çəkərək içlərini yeyirdilər. Mənə qəribə gəlirdi ki, onlar tutulacaqlarından qorxa-qorxa yenə də öz "saflıqlarını" saxlayır və bizə qoşulub xoşbəxt olmurdular. Onda bu mənə qəribə gəlirdi. Bir şeyi unudurdum ki, onlar da, hətta tutulanlar da xoşbəxt idilər. Axı insan olmağın, özünü insan saymağın xoşbəxtliyini heç bir başqa xoşbəxtliklə tən qoymaq olmaz. Bəlkə də bu xoşbəxtliyin iki müxtəlif anlayışı idi. Məşəqqətlərə, əziyyətlərə dözüb insanlıq ləyaqətini saxlamaq xoşbəxtliyi. Bir də insanlığını unudub kef çəkməyin xoşbəxtliyi. Mən ikinci növ xoşbəxtlərə mənsub idim. İnsanları inçidirdim. Və daxilimdən qalxan etirazımı keflə, şəhvətlə batırırdım. İnsanlığımı unutmuşdum. Özümdə insanlığın bir zərrəsini belə görmürdüm. Anamı belə unutmuşdum. O gün, daha doğrusu o gecə mənə böyük və müdrik bir həqiqəti açdı. İnsan heç bir vaxt insanlığını itirmir. İnsanda insanlığın oyanması üçün bəzən dəhşətli faciələr lazım olur. İnsanlığını oyadan faciənin qurbanı bu ailə oldu. Mənimlə o gecəki əməliyyatda iştirak edənlərdən heç birisi bu hadisədən sonra dəyişmədilər. Lakin əminəm ki, müəyyən bir gün, müəyyən bir iş onların da damarlarına düşüb onları da dəyişəcəkdir. Mən isə üç gün sonra işdən çıxmaq haqqında ərizə verdim. Bunun nəticələrini çox gözəl bilirdim. Hər şey məhz mən zənn eləyən kimi oldu. Əvvəl təəccübləndilər, sonra fikrimdən daşındırmağa başladılar, sonra şübhələndilər, sonra hirsləndilər, sonra hədələdilər, sonra tutub basdılar. Rütubətli kameraların tənhalığında çox düşündüm və özümdə insanlığın bir zərrəsini tapıb xoşbəxt oldum. Qoca anamın gətirdiyi yemək içərisindən bir soğan götürüb kameranın torpaq yerində əkdim. Gözətçilərdən gizlədə–gizlədə onu bəslədim, böyütdüm, onunla yaşadım, onunla sevindim, onunla həyata, cavanlığa, diriliyə qovuşdum. O məhbəsdə qaldığım bütün müddətdə böyüyən, yaşıllaşan soğan mənim həyatımın rəmzi oldu. Ölüm gözləyirdim. Lakin xoşbəxt idim. İnsan olurdum və insan olanların xoşbəxtliyini də anlayırdım. İnsan olurdum və bu insanlığımdan bir nişanə olaraq adamlara bir şey qoyub getmək istəyirdim. İmkanım daxilində olan yeganə şey bu soğan idi. Məndə zərrə qədər, kiçik olsa belə hələ ölməmiş insanlığımın səbəbi anam idi. Bu soğanı mənə o gətirmişdi. Soğanı məndən sonra bu kameraya gələnə qoyub getmək stəyirdim, insan olmağıma, insan ölməyimə bir işarə, bir nişan qoymaq istəyirdim. Lakin məni öldürmədilər. Sürgün elədilər. Vətən həsrətini mən yalnız orada duydum. Gənc yaşlarımdan Vətənimi şair-şair, müəllim-müəllim güllələyən mən, yalnız orada vətənin şirinliyini, əzizliyini, sənətindən tutmuş, torpağının iyinə qədər, səmasından tutmuş yaşıl otlarına qədər, şerindən tutmuş xörəklərinə qədər, musiqisindən tutmuş dilinə, ən adi sözlərinə qədər necə doğma olduğunu hiss elədim. Orada mən öz-özümlə azərbaycanca danışırdım. Yox, şer oxumurdum. Ədəbi cümlələr də qırıldatmırdım. Nə qədər səy etsəm də heç olmasa bir misra şer, ya ədəbi cümlə yada sala bilmirdim. Öz-özümə ən adi sözlər deyirdim: –Hava əntiqədir a. Suda balıqlara bax a. Bu nə iyidir gəlir? Nə yatardım – və s. Mən öz–özümlə danışırdım. Çünki öz dilimdə danışmağa adam yoxdu. Mən ən adi, sizin, xalqımın orada öz ana yurdunda gündə danışdığı sözləri deyirdim. Mən bu sözlərin musiqisindən həzz alırdım "hava, göy, torpaq, azadlıq, yuxu, çörək". Nədənsə ən çox "çəhrayı" sözünü təkrar edirdim. Bu söz öz sədaları etibarilə mənim qulağımı oxşayırdı. Mən dönə–dönə təkrar edirdim: "çəhrayı, çəhrayı, çəhrayı, çəhrayı"... Hamı elə bilirdi ki, mən dəliyəm. Təzəcə ağıllandığım zaman adımı gicbəsər qoymuşdular. Bağışlayın. Deyəsən təzə dastan başladım. Axı dedim ki, özümdən danışmayacağam. Öz taleyimdən şikayətlənmirəm. Çox əclaflıqlar eləmişəm. Amma amnitsiyanı mən verməmişəm axı... Bu amnitsiyaya layiq olduğumu doğrultmağa çalışacam, bildiklərimi danışacam, vəhşiliklərimi ifşa edəcəm, həqiqi qəhrəmanları tanıdacam. Mənə kömək edin. –Mən sizə nə cür kömək edə bilərəm? O məyus–məyus baxdı: –Elədir, – dedi. Heç kəs mənə kömək edə bilməz. Hər şey olub qurtarıb. Öz daxilimi heç kəsə aça bilməyəcəm. Bu heç kəsi maraqlandırmır. Heç kəs də o kişinin faciəsindən xəbərdar olmayacaq? Bəs nə etməli. Onların, o bədbəxtlərin, yüzlərlə bədbəxtliyin təqsırı nə idi? – Onun səsində yenidən faciəvi xallar eşidilirdi – Bəs onların, arvadını, uşağını öldürən, özü də dəli olub başını çarpayının dəmirinə çırpan, qanadan, qan aparıb ölən, onların, yüzlərin, minlərin, insanların, həqiqi insanların, günahsızların təqsiri nə idi? –Elə cavabsız suallar var ki, – dedim – onlara cavab axtarmaq lazım deyil. Gələcəyə, ləkəsiz gələcəyə, qoy olsun, siz dediyiniz kimi iztirabın vicdanıyla dağlanmış, lakin daxilən bütöv, yarasız və sağlam gələcəyə, yer üzündə insanlığın qələbəsinə inanmaq lazımdır. Onun haçan və necə getdiyini duymadım. Bir də başımı qaldırıb qarşımdakı stulu boş gördüm. Mən onu yuxu, xəyal bilərdim, amma külqabı dolu idi, papiros tüstüsü də açıq pəncərədən yavaş-yavaş uçub gedirdi. Otaqda bir mən, bir də məni dağlayan iztirabın vicdanı qalmışdı.


Tarix: 08.06.2015 / 16:10 Müəllif: Aziza Baxılıb: 687 Bölmə: Anar