beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlaqə
Əlaqə

Bu yayın istisi bir özgə isti idi. Adətən, ən qızmar yay aylarında belə havanın yapışqan kimi çiriş keçdiyi dözülməz bürkü günlərindən sonra şəhərə qəfil dəniz küləyi hücum çəkirdi, açıq qalmış pəncərələrin şüşələrini qırıb tökürdü və adama elə gəlirdi ki, bu çilik-çilik sınıb tökülən istinin, bürkünün özüdür. Bir neçə gün sonra yenə də havadan od tökülərdi, amma arada qalan bu qısa müddətdə şəhər etibarsız sərinliyin ləzzətini səhra yanğısında qarşıya çıxan quyu suyu kimi başına çəkirdi.
Bu avqust başqa avqust idi: dördüncü həftə idi ki, hərarət ölçənin civəsi 39-40 dərəcədən aşağı enmirdi ki, enmirdi. Hava şəffaf, amma bir qədər bulaşıq horranı andırırdı. Bu horradan görünməz azman-şüşəüfürən əcaib formalar düzəltmişdi — evlər, ağaclar, maşınlar, insanlar arasında qalan, küçələr, meydan, müxtəlif boşluqlar — belə əcaib şüşə — horra-hava formalar idi. Bir vaxtlar belə bir oyuncaq vardı: şüşə kürə, içinə də cürbəcür, rəngbərəng çınqıllar, yarpaqcıqlar — əsl kəhrəbada həkk olub qalmış yarpaqlar kimi. İndi səma tağının altında istidən çapalayan şəhərin damları, qüllələri də sanki şəffaf yarımdairənin qatı maddəsinə həkk olunmuşdu. Fabrik borularından çıxan tüstülər göyə uçub getmir, havada ərimirdn. Tüstülər keçə kimi səmaya döşənirdi. Bu bulanıq boz tüstü zolağından başqa səmanın hər tərəfi apaçıq idi. Bir parça bulud belə görünmürdü. Göylərin mavisi solmuşdu. Səma kirli pambıq rəngindəydi. Gecələr səma tağı qatranı andırırdı; Elə bil qır qazanına bir qom göz atmısan, sonra da qazanı tərsinə çevirmisən — gecə düşəndə şəhər işıqları közərən papiroslara oxşayırdı, sonsuz kirdablardan gələn ulduz işıqları isə, sanki boş fəzadan keçmir, qatı, qalın bir maddəni deşib çıxırdılar.
Otuz gün idi can qurtaran külək əsmirdi ki, əsmirdi. Ağac yarpaqları, kövrək, incə söyüd salxımları hərəkətsiz asılıb qalmışdılar, elə bil havanın qatılığına yapışdırılmışdılar, şəhər civarında, çöllükdə atılmış kağız, qəzet parçaları da beləcə torpağa yapışıb, daha doğrusu, mıxlanıb qalmışdı. Ehtizazsız, tərpənişsiz. Atılmış siqaret yerə mismar kimi düşürdü. Sonra kimsə onu tapdalayır, əzirdi, asfalta həkk edirdi və o zaman tütün qırıqları da eyni cür hərəkətsiz donub qalırdı.
Şəhərin sakinlərinə elə gəlirdi ki, hamısı yavaş-yavaş əriyir, tərə çıxır. Bir neçə gün, bir neçə saat da belə davam etsə onlar əriyib atılmış dondurma kimi qabıq paltarlarından süzülərək küçələrlə axıb gedəcəklər. Bu yalnız cismani bir düyüm deyildi, həm də şüurlu hiss idi. Hər halda tələbə (bir həftə idi ki, onun tələbə adlanmağa hüququ vardı, bir həftə bundan qabaq köks təpəsindən atılıb çıxmağa hazır olan qəlbinin, sanki içindən dışarıda səslənən döyüntüləri altında o, adını instituta qəbul olunmuşlar siyahısında oxudu) özünü məhz belə hiss edirdi: elə bil beyni istinin təsiri nəticəsində nə isə başqa bir şeyə — mayeyəmi, buxaramı çevrilirdi. Səbəb yalnız istilərdə idimi? Görəsən, niyə ömrün vacib sınaqlarından biri — ali məktəbə qəbul imtahanları ilin ən bürkü ayına düşür? Bütün bunlar hamısı tanımadığı yad cənub şəhəri (o bu şəhərə ilk dəfə bir ay bundan qabaq gəlmişdi və indi azı beş il burada yaşamalıydı), qəbul imtahanlarının üzücü gərginliyi, istilər, istilər və nəhayət bəxtinin uğuru — instituta düşməsi (bu uğur onun düşündüyündən də çox təsir etdi tələbəyə), bəli, bütün bunlar birlikdə — tələbəni aydın şüurla dərk olunmayacaq, qeyri-müəyyən, qeyri-real bir hala salmışdı İndi bütün həyəcanlar, təlaşlar sovuşandan sonra, tələbə dərslərin başlanmasına qədər qalan bu müddətdə, bu qısa bekarlıq fasiləsində nə edəcəyini, nədən başlayacağını bilmirdi. Hər halda bir şeyi o, qət etmişdi — yataqxanada qalmayacaq. Artıq onun yataqxanada qalmağa tam hüququ vardı, amma o, hüquqdan heç vəchlə istifadə etməzdi. Təbiətən tələbə adamayovuşmaz idi, özünə qapılmış, içinə çəkilmiş insandı və qəbul imtahanı zamanı üç nəfər başqa abituriyentlə birlikdə yataqxana otağında qalmaq məcburiyyəti onu bir daha inandırdı ki, adamlarla, illah da yad adamlar ola, heç cür dil tapa, ünsiyyət, ülfət bağlaya, əlaqə yarada bilmir. Bu təşəbbüslər onunçün dözülməz işgəncəyə çevrilərdi. Tələbə təəccüblənirdi ki, otaqdakı üç digər qonşusu — əvvəlcədən bir-birlərini tanımasalar da elə ilk gün günortaya yaxın cur olmuşdular — bir-birlərinin sözündən, sirrindən agah idilər. Bir də tələbəni mat qoyan o idi ki, bu üç oğlan bir-birinə rəqib kimi baxmırdılar. Halbuki, onlardan ikisi eyni institutun eyni fakültəsinə daxil olmaq istəyirdi. Tələbə də sənədlərini məhz o institutun o fakültəsinə təqdim etmişdi. Dördünün arasında tələbə elə bir o oldu. Oğlanlardan biri elə ilk imtahanlardanca kəsildi. O biri iki oğlan onun halına, ürəkdən və səmimi acıdılar, amma özlərinin də aqibəti elə oldu. Qalan iki oğlandan biri ikinci imtahandan, ikincisi isə axırıncı imtahandan kəsildi. Bir gün sonra isə tələbənin daxil olduğu bilindi. Ancaq tələbənin iki qonşusu (birinci oğlan kəsilən kimi yataqxanadan getmişdi) heç də ona həsəd aparmır, paxıllıq etmirdi, əksinə, deyirdilər ki, gəl bu xoş hadisəni birlikdə qeyd edək. Tələbə bir bəhanə tapıb boyun qaçırdı. Bu adamlarla heç bir əlaqə yaratmaq istəmirdi, fikirləşirdi ki, nə onun onlara, nə onların ona xüsusi rəğbət bəsləməsinə əsas yoxdur. Onların uğursuzluqdan sonra özlərini sındırmamaları, özlərini tox tutmaları, zarafatları, lətifələri, öz aralarında, yataqxanadakı başqa oğlan və qızlarla mehribançılıqları, ünsiyyətləri, asan təmasları bir növ tələbəni daha da əzirdi, çünki qılıqsızlığını, ülfətsizliyini bir daha gözə çarpdırırdı. Odur ki, sınaqdan qalib çıxıb, bir nəfər tanış-bilişi olmayan şəhərdə yaşayacağını bilən kimi, tələbə qalacağı yer haqqında düşünməyə başladı. O bura gəlməmişdən bilirdi ki, yataqxanada tək qalmaq imkanı olmayacaq, odur ki, tələbəlik həyatına hazırlaşarkən yavaş-yavaş kiçik bir məbləğ yığıb hazırlamışdı. Məbləğ kiçik olsa da, balaca bir otaq, ya guşə tutmağa bəs edərdi. İnstituta düşdüyünü bilən kimi o, axtarışa başladı. Tələbə bilirdi ki, belə axtarışları iki yolla aparmaq mümkündür, ya şifahi şəkildə, tanış-bilişlər vasitəsilə, soraqlaşa-soraqlaşa (onun da dediyimiz kimi, burada heç bir tanış-bilişi yox idi), ya da yazılı, yəni elanlar vasitəsilə. Allahın ver günü tələbə elan lövhəsi asılmış balaca küçəyə üz tuturdu, bura cürbəcür adamlar toplaşardı — ev, mənzil, otaq, guşə kirayə verənlər, kirayə götürənlər, dəyişənlər, çeşid-çeşid dəllallar və bir də avara bekarlar. Onlar iri lövhənin qabağına yığışar, əllə, ya makinada yazılmış, lövhəyə yapışdırılmış elanları oxuyar, müzakirə, mübahisə edər, çənə-boğaz olardılar.
Düz altı gün idi ki, tələbə bu lövhənin qarşısına gəlirdi. Hamısı da hədər. Bu gün lövhənin qabağında adam az idi, tələbə yarım saata qədər dayandı, elanların hamısını elədən belə oxudu və yenə də münasib bir şey tapmayıb kor-peşman yola düzəldi. Ancaq bir addım atıb dayandı. Tələbəyə elə gəldi ki, onu çağırdılar, adını çəkdilər. Şübhəsiz o yanılmışdı, çünki bu şəhərdə üç nəfər yataqxana qonşusundan başqa heç kəs onun adını bilmirdi. Onlar da bu şəhərdən çıxıb getmişdilər. Ancaq qəribədir ki, tələbə yalnız adını eşitmədi, eyni zamanda ona zillənmiş zəndli baxışları da hiss etdi. Tələbə çevrilib baxdı: küçə bomboş idi, lövhənin qarşısında altı nəfər (tələbə tezcə saydı onları) dayanmışdı. Onlar diqqətlə elanları oxuyurdular. Onlardan ikisi cib dəftərlərini çıxarıb elanları ora köçürdü, hər halda heç biri nə tələbəyə baxmaq, nə də onu çağırmaq fikrində deyildi. Tələbə aramla küçəyə göz gəzdirdi, sonra başını qaldırıb küçənin hər iki tərəfində yerləşmiş bir və ikimərtəbəli evlərə baxdı. Pəncərələri də nəzərdən keçirdi, axı ona dikilən baxışlar pəncərə arxasından da zillənə bilərdi. Bütün pəncərələr istiyə baxmayaraq, ya bəlkə də elə istiyə körə — kip bağlı idi. Heç yerdə heç kim görünmürdü. Lövhə qarşısındakı iki nəfər lazım bildiklərini cib dəftərçələrinə köçürüb yola düzəldilər, üç nəfər başqası da lövhədən aralanıb tini buruldu. Gediş-gəliş az idi bu küçədə. Ancaq tindən qeyri-adi dərəcədə uzun bir maşın — refrejerator buruldu və bütün küçəni — tindən-tinə tutdu. Bu maşın nə isə yer üzündə çoxdan məhv olub itmiş qədim heyvanları — kərtənkələnin nəhəng əcdadını xatırladırdı. Məhz elə kərtənkələ kimi, nəhəng, ilan kimi qıvrılaraq tini buruldu, bir azdan quyruğu da çəkilib gözdən itdi. Və ancaq, bundan sonra tələbə lövhə qarşısında qalmış yeganə adama — göy köynəkli, hündür oğlana diqqət yetirdi. Bu, tələbənin otaq qonşularından biri — həmin o ilk imtahandan kəsilən oğlan idi. Tələbəyə elə gəlirdi ki, oğlan bu şəhərdən çıxıb getmişdir. Onların çarpayıları yan-yana idi: oğlanın qəribə şakəri vardı — kecə yuxuda kiminləsə bərkdən mübahisə edər, qızışıb qışqırar, söyərdi, hər halda tələbənin onunla görüşməyə, dayanıb kəlmə kəsməyə heç bir həvəsi yox idi. Amma oğlan çevrilib tələbəyə tərəf ad-dımladı. Qəribədir. Gülümsəyən oğlan — tələbəyə elə gəlirdi ki, oğlan məhz ona gülümsünür — yaxınlaşarkən tələbə gördü ki, bu heç də həmin oğlan — onun yataqxana qonşusu deyil. Düzdür bir qədər ona suyu çəkir, amma hər halda o deyil və təbii ki, heç gülümsünüb eləmirdi də, tələbənin yanından da yad adam kimi sakitcə keçib getdi. Amma bu anın gələcəkdə cərəyan edəcək işlər üçün müəyyən əhəmiyyəti oldu: çünki məhz bundan sonra elə bil kimsə tələbəyə dedi ki, lövhəyə bir də yanaş, elanları bir də gözdən keçir. Tələbə elanları böyük diqqətlə başdan-axıracan oxumuşdusa da, hər halda, qəribə bir daxili təkanın nəticəsində yenidən lövhənin qarşısına qayıtdı və elanları bir-bir yenidən oxumağa başladı. Tələbə bu işi son dərəcə böyük bir vasvasılıqla icra edirdi. Halbuki, bilirdi — elanları indicə oxuyub, münasib bir iş yoxdur və onları yenidən — ikinci dəfə oxumaq mənasız işdir. Birdən eyni zamanda o həm kiminsə baxışını hiss etdi, həm də səs eşitdi. Səs çox gümrah və nikbin idi, həm də tələbəyə çox tanış gəlirdi.
—Tələbəyə eşq olsun! İşlər necədir?
Tələbə çevrilib baxdı və matı-qutu qurudu qarşısında həmin oğlan — kəsilib getmiş yataqxana qonşusu dayanmışdı. O, yaşıl köynəkdə idi və tələbəyə baxıb gülümsünürdü. Tələbəni təəccübləndirən o deyildi ki, cəmisi üçcə nəfəri tanıdığı belə böyük şəhərdə məhz bu üç nəfərdən birisi rastına çıxıb. Tələbə ona mat qalmışdı ki, ikicə dəqiqə bundan qabaq başqa bir adamı məhz bu oğlana oxşatmışdı və dərhal da oğlanın özü tini burulub onun qabağına çıxmışdı. Tələbə «telepatiyadır» deyə düşündü. Əvvəllər də onun başına belə təsadüflər gələrdi: kimin barəsindəsə düşünür, ya kimisə kiməsə oxşadırdı və bir neçə dəqiqədən sonra ən gözlənilməz yerdə və ən ağlasığmaz bir şəraitdə həmin adama — haqqında düşündüyü və ya kimisə oxşatdığı adama rast gələrdi. Belə təsadüfləri «telepatiya» deyə müəyyənləşdirmiş və onların sirri tələbəyə birdəfəlik izah olunmuşdu. Başqa bir qəribəlik də vardı, amma o da tələbə üçün izaholunmaz sirr deyildi; görürsən, bəzən o tanımadığı bir şəhərə ya bir təbiət guşəsinə düşürdü və qəti bilirdi ki, heç bir zaman — heç körpəlikdə də bu yerdə olmayıb, lakin nədənsə gördükləri ona çox tanış gəlirdi. Yaxud heç bir vaxt yemədiyi bir xörəyin, heç bir vaxt görmədiyi bir meyvənin dadını ilk dəfə duyarkən bəzən ona elə gəlirdi ki, bu təm, bu dad ona yaxşı tanışdır. Haradan? Bunun səbəblərini təyin edə bilmir və əziyyət çəkirdi. Səbəblərin tapa bilmədiyi üçün yox, hadisənin özünün qəribəliyi onun düşüncələrini məşğul edirdi. Nəhayət, bir gün tələbə haradasa oxudu ki, irsiyyət genlərinin öz yaddaşı var, nəsildən-nəslə keçən yaddaşı. Bu yaddaş həm də bəzən birbaşa, müstəqim xətlə deyil, dioqanal üzrə — hansı ulu xaladansa, ulu əmidənsə keçib gəlir. Bunu oxuyan kimi tələbə sakit oldu. Qeyri-real və qeyri-mümkün təsadüflərin qəribə sirri daha onun düşüncələrini yormurdu.
Küçə yenə də bomboş, adasız idi. Sabiq otaq qonşusu salam verib ötdü, bəlkə də ayaq saxlayıb görüşər, danışardı, amma tələsənin qaraqabaq, qılıqsız adam olduğunu xatırlayıb getdi.
Tələbə yenidən lövhəyə tərəf çevrildi və birdən-birə aşağıda indiyə qədər nədənsə gözdən qaçırdığı bir elanı gördü. Elan çox iri idi. «Necə olub ki, mən bu boyda elanı gözdən qaçırmışam?» — deyə təəccübləndi. — Həm də elanın elə bir xüsusiyyəti vardı ki, dərhal onu nəzərə çarpdırmalı idi. Makinada çap olunmuşdu, amma not kağızının üstündə: beş paralel not xətti, üstündə də hərflər. Hələ not xəttinin başında kaman və bas açarları da çəkilmişdi.
Elanda göstərilənlər tələbənin düz bir həftədir sorağında olduğu şeylər idi: tək otaq kirayə verilir: pəncərələri dənizə. Bütün rahatlıqları var. Telefon, eyvan, lift, 20-ci mərtəbədə. «Məgər bu şəhərdə. 20 mərtəbəli bina var?» deyə tələbə düşündü, o, şəhərə pis bələd idi. «Madam ki, 20-ci mərtəbədəki otaq kirayə verilir, deməli, iyirmi mərtəbəli bina da var». Ən qəribəsi isə istənilən məbləğ idi. Məbləğ, o qədər kiçik idi, heç inanmaq olmurdu. Elə bil onun real yox, rəmzi əhəmiyyəti vardı. Bu tələbəni hər şeydən artıq şübhələndirdi. Axı axtardığını tapanda və tapdığının məhz sən axtardığın olduğunu görəndə bir qədər şübhələnirsən. Mümkünmüdür? Belə xoş təsadüf ola bilərmi? Əgər tələbə keciksəydi və məlum olsaydı ki, bir gün, ya bir saat bundan qabaq kimsə onu qabaqlayıb, gözəl variant əldən çıxıb, o zaman bu səadət, doğrudan da itirilmiş həqiqət olardı. Hər halda tələsmək lazımdır, bircə dəqiqə də yubanmamalı! O, ünvanı yazdı.
ccc
Elanda göstərilmiş küçə, şəhərin köhnə hissəsində idi. Gec-tez söküləcək birmərtəbəli evlər, əyri-üyrü dar küçələr, bu küçələri basmış qeyri-müəyyən axıntılar, davalı, toylu, yaslı həyətlər...
Belə zalım zarafat nəyə gərəkdir? Məgər bu elanlara nəzarət edən-zad yoxdur ki, kim ağlına nə gəlsə yazıb lövhəyə vurur? Niyə adam dolamağa bu cür imkan yaradılır? 20-ci mərtəbə! Bu da sənin iyirminci mərtəbən. Belə düşünə-düşünə tələbə birmərtəbəli evlərə göz gəzdirirdi: bax, bütün bu komaları yan-yana yox, üst-üstə düzsən onda doğrudan da iyirmi nədir, lap yüz mərtəbəli bina olar! Amma belə düşünməsinə baxmayaraq tələbənin gözləri yenə də 17-i rəqəmini axtarırdı: elanda bu nömrə köstərilmişdi. Nəhayət, tələbə rəqəmi gördü, həmin rəqəm göydələn binanın deyil, ikimərtəbəli mül-gün üstündə vurulmuşdusa da, tələbə nədənsə dərhal arxayınlaşdı. Bu an ona doğrudan da elə gəldi ki, elanda yazılanlar zarafat deyil, gerçəkdir. Ev küçənin o biri tərəfində idi. Tələbə küçəni keçib 17 nömrəli evin qarşısında dayandı. Qapıdan iri bir qıfıl asılmışdı. İkinci mərtəbədə balaca taxta balkon vardı. Otaqdan ora çıxan qapı bir qədər açıq idi və oradan qara tül pərdənin ucu çıxmışdı. Eyvanda gil qablarda qeyri-müəyyən rəngli süst bitkilər vardı, görünür, onlara çoxdan su verən olmamışdı. Hərəkətinin bütün mənasızlığını dərk edə-edə tələbə iki dəfə qapını döydü, sonra çevrilib getmək istədi. Amma elə bu vaxt qonşu darvaza açıldı, oradan ortayaşlı bir qadının başı göründü və qadın acıqlı bir ədayla:
—Kimi istəyirsiz? — deyə xəbər aldı.
Tələbə bilmədi nə cavab versin, axı elanda familiya yazılmamışdı.
—Mən elana görə gəlmişəm, — dedi, — bu küçə, bu ev, nömrəsi...
Qadın daha da bərk hirsləndi:
—Burda çoxdan heç kəs yaşamır, — dedi və darvazasını örtdü. Ancaq tələbəyə elə gəldi ki, qadın darvazanın ardından çəkilməyib, dayanıb deşikdən onu izləyir.
Onu çağırdılar, tələbə lap aydın eşitdi ki, məhz onu səslədilər, amma adını çəkdilərmi, yoxmu — bunu dəqiq deyə bilməzdi. Hər halda ona müraciət edirdilər. «Ah» qədər qısa bir nidayla onu hayladılar, tələbə çevrildi və doğrudan da ikinci mərtəbədə eyvana açılan qapının ardında qoca bir qarını, daha doğrusu, qadının güclə sezilən siluetini, kölgəsini gördü. Tələbəyə, hətta elə gəldi ki, ona əl elədilər, işarə verdilər, amma bunun belə olub-olmadığını qəti deyə bilməzdi. Hər halda tələbə qıfıllı qapıya yanaşdı və eyvanın düz altında dayandı. Görünür, doğrudan da onu çağırmışdılar, çünki haradasa, lap yaxında danışıq eşidildi, nə barədəsə qızğın mübahisə edirdilər: tələbə bircə kəlmə sözü də seçə bilmirdi, amma mübahisənin gərginliyini anlayırdı. Sonra bayaqkı darvaza açıldı, ortayaşlı qadın çıxdı. İndi onun yanında balaca çaş bir qız da vardı. Onlar dinməz-söyləməz 17 nömrəli evin qapısına yanaşdılar, qadın xalatının cibindən bir dəstə açar çıxartdı və qıfılı açdı. O yenə də əvvəlki kimi acıqlı idi və çox qaba bir tərzdə tələbəyə:
—Yuxarıdadır, — dedi — pilləkənlə qalx.
Sonra kobud şəkildə qızın belindən yapışdı, boynuna bir qapaz vurdu, qoltuğunun arasına alıb apardı, darvazadan içəri girdi. Qız bərkdən ağlamağa başladı. Qadın ona bir qapaz da vurub darvazanı çırpdı, kilidlədi.
Tələbə dar, qaranlıq, pişik iyi verən pillələrlə ikinci mərtəbəyə qalxdı. Pillələr ikinci mərtəbədə qurtarırdı və burada yeganə bir qapı vardı — hər tərəfinə bənövşəyi mürəkkəb çıldırlamış köhnə qapı,
—Gəlin, — bu səs içəridən eşidildi, şübhəsiz indicə eyvan qapısından baxan qarının səsi idi.
Tələbə daxil oldu. Otaq çox baxımsız və basırıq bir şəkildə idi, nimdaş, işlənib isbatdan çıxmış şeylərlə dop-dolu idi. Otaqdan qocalıq və iqtidarsızlıq qoxusu gəlirdi, köhnə divanın üzü süzülüb tökülmüşdü, çırıqlarından prujinlərin sivri ucları çıxırdı. Əcaib burumlu ayaqlara malik olan hündür, arxalı kürsülər də beləcə köhnə, əldən düşmüş idi. Otaqda çoxlu iri yöndəmsiz şkaf vardı. Elə bil onların rəng-rufu qocalıqlarından tutulmuş, tündləşmiş, qaralmışdı. Tavandan iri və tozlu abajur asılmışdı. Onun qotazlarını hörümçək toru bürümüşdü. Divarlarda çoxlu mismar vardı. Bu mismarlar müxtəlif səviyyələrdə vurulmuşdular — hündür yerdən vurulanı da vardı və elə aşağıda vurulanları da vardı ki, bu səviyyədə şübhəsiz, onlardan bir şey asmaq mümkün deyildi. Bütün bunlar əcaib-qəraib təəssürat oyadırdı. Amma bu əcaiblikdən başqa otaq həm də nə isə faciəvi bir ovqat oyadırdı. Belə ovqat nədən doğurdu, tələbə dəqiq təyin edə bilməmişdi, amma bu duyumu çox aydın hiss edirdi. Otağa nəzər salan kimi nədənsə onda anlaşılmaz bir istək — tez, bir an belə yubanmadan buradan — bu otaqdan, bu evdən, bu küçədən qaçıb qurtarmaq istəyi oyandı. Səs eşitdi:
—Nə lazımdır sizə? — Küncdə, hündür kürsünün içinə çöküb qalmış qarını gördü. İstiyə baxmayaraq otağın bütün pəncərələri kip bağlı idi, qarı da boğazınacan düyməli uzun qara paltar geymişdi, hələ üstündən çiyninə qara yun şal da salmışdı. Nədənsə tələbəyə elə gəldi ki, qarı iflicdir, hərəkətsizdir. Qarının sifətindən onun əsl-nəcabətli adam olduğu sözilirdi və fantaziyanı bir az işlətsən onu çox illər bundan qabaq, uzaq gəncliyində gözəl varlıq kimi xəyalda canlandırmaq mümkün idi. Amma indi bu ötüb getmiş gözəllik onu sifətinin və bədəninin bütün guşələrindən amansızcasına qovulmuşdu və yalnız bircə yerda — gözlərinin dibsiz kədərində ilişib qalmış, özünə oyada son məskən tapmışdı. Gözəl zil qara gözlərinin kədərində nə isə bir məşumluq da vardı.
—Mən elana görə gəlmişəm. Deyəsən, səhv etmişəm.
—Səhv? — deyə qarı təkrar etdi. — Yox, bu elanı mən vermişəm. Sizə otaq lazımdır?
Tələbə:
—Bəli, — dedi, — amma orada söhbət 20-ci mərtəbədən gedir və yazılıb ki... — O, sözünü yarımçıq qoyub susdu. Əgər elanı bu qarı veribsə, orda yazılanları onun özünə sadalamağa nə hacət? Hər halda öz yazdıqlarını bilir...
Qarı:
—Bəli, — dedi və öskürməyə başladı, bu papirosa aludə olmuş adamın uzun sürən quru öskürəyi idi.— Tələbə otağın müxtəlif yerlərindəki içi kötüklərlə dolu külqabılara və boş papiros qutularına fikir vermişdi.
Bir qədər sakit olduqdan sonra qarı:
—Bəli, — dedi — 20-ci mərtəbədədir otaq — və yenə də susub dərin xəyala getdi, düşüncələr aləminə qərq oldu.
Tələbə bir daha otağa göz gəzdirdi və başa düşdü ki, müsibət, faciə təəssüratı nədən doğur — otaqdakı şüşəli şkaflar, dolablar, kiçik televizor ekranı, bədənnüma üzkü və hətta kəfkirli iri divar saatının üstlərinə örtüklər atılmışdı. Adətən evdə meyit varsa və yaxud meyit basdırılandan sonra qırx yas günü belə edilir. Qədim adətə görə güzgülərin, şüşələrin üzü örtülür, son vaxtlar televizor ekranını da örtürlər, amma üstünə parça salınmış saatı tələbə ilk dəfə görürdü. Düzdür bəzən saatı saxlayırlar, vəfat etmiş adamın keçindiyi dəqiqə üzərində dayandırırlar. Amma bu örtüklü saat dayanmamışdı, işləyirdi, tələbə bunu örtüyün altında gedib-gələn kölgədən-kəfkirin hərəkətindən anlamışdı. Saatın xəfif çıq-çıqı da eşidilirdi və hətta zəngi də çaldı — ahənkdar sədalar on iki dəfə səsləndi — deməli, günorta vaxtı idi.
Divarlarda çoxlu fotoşəkil vardı. Onların çoxu otuz-qırx il bundan qabağın şəkilləri idi. Şəkillər hamısı eyni boydadı. Nədənsə tələbənin ağlına gəldi ki, bu adamlardan heç biri indi sağ deyil. Bəzən fotoşəkillər anlaşılmaz bir sirlə təsvirini saxladığı adamın diri olub-olmamasını büruzə verir. Fotolardan yalnız biri başqa ölçüdə — digərlərindən xeyli iri idi. Bu şəkildə ortayaşlı, çatmaqaşlı, qara bığlı bir kişi əks olunmuşdu, onun gen yaxalı pencəyi və birrəng qalstuku vardı. Kişinin gərgin baxışı pasport şəkillərini yada salırdı. Amma əgər bu doğrudan da pasport üçün çəkilmiş şəkil idisə, onda azı yüz dəfə böyüdülmüşdü. Foto tünd rəngli çərçivədə idi. Bəlkə də çərçivənin rəngi təsadüfən belə idi, amma hər halda o, matəm haşiyəsinə də oxşayırdı.
Tələbə bu şəklin seyrinə daldı və duydu ki, qarı da onun özünü uzun-uzadı seyr edir. Tələbə düşündü ki, qarı bir daha onunla danışmayacaq, ançaq qarı qəfildən dedi:
—Şəhərin o biri tərəfində, dəniz qırağında 20 mərtəbəli ev var. Otaq ordadır, axırıncı mərtəbədə. Bu mənim oğlumun otağıdır — qarı dərindən köksünü ötürdü. — Daha otaq ona lazım deyil. Mən bu otağı kirayə vermək istəyirəm... Müəyyən məbləğə... — Qarı susdu, sonra yenidən davam etdi. — Bu onun da arzusudur. — Qarı bu sözləri deyib sonsuz kədərlə baxışlarını həmin kişinin şəklinə zillədi.
Təbii ki, qarı «oğlum» deyəndə onu nəzərdə tuturdu. Bu şəkli, onun qara haşiyəsini qarının sözlərilə, kədəri ilə, ahıyla, boşalmış, ona görə də artıq gərək olmayan və ona görə də kirayə verilən otaqla tutuşduranda əlavə izaha ehtiyac qalmırdı. — Hər şey aydın idi. Qarını bu barədə sorğu-suala tutmaq qanacaqsızlıq olardı. Görünür, yaralar da lap təzə idi, qövr edirdi, yəqin arvad oğlunu lap bu yaxınlarda itirmişdi — güzgülər, şüşələr hələ də örtük altında idi. Tələbə bircə onu dedi ki, otağa baxmaq istəyir.
Qarı tələsik:
—Əlbəttə, — dedi və qeyri-adi bir çevikliklə yerindən sıçradı. Tələbəyə elə gəldi ki, qarı onunla bir yerdə evə baxmaq uçün getməyə hazırlaşır. Amma onu iflic biləndə yanıldığı kimi, indi də qarının hərəkətini düz yozmamışdı. Qarı, sanki tələbənin burda olduğunu büsbütün unutmuşdu. O, tələbənin qarşısından keçib divar saatına yanaşdı, örtüyü çəkdi, saata baxdı, yenidən örtüyü saldı və bu səfər tələsmədən, aramla öz yerinə qayıtdı, kürsüsünə çökdü, gözlərini yumdu. Nə qədər vaxt keçdi? Bir dəqiqə, yarım saat, bir saat? Sonralar, qarının evindən çıxandan sonra tələbə elə hey bu barədə düşünürdü, amma yaddaşını nə qədər ələk-vələk eləsə də, müəyyənləşdirə bilmirdi ki, qarının saata tərəf gedib-gəlməsiylə kürsüsünə çöküb mürgüləməsi arasında nə qədər vaxt keçib. Divar saatının günortanı vurmasını — on iki zəng çalmasını tələbə aydın xatırlayırdı. Qarının evindən çıxanda da qol saatına baxdı — ikiyə on beş dəqiqə işləmişdi. Amma bu iki zaman nöqtəsinin arasındakı müddət heç cür onun şüuruna sığışmırdı. Bu müddətdə nə olmuşdu? Bir-iki kəlmə söz, qarının saata tərəf gedib gəlməsi və kürsüdə mürgü döyməsi. Yəni o bir saat mürgüləyib? Təəccüblü bir şey yoxdur, qarı bir saat yox, bütün günü də yata bilərdi, amma axı bəs tələbə özü bütün bu vaxt ərzində neyləmişdn — durub qarının keşiyinimi çəkirdi, otağı, fotoları nəzərdənmi keçirirdi, arvadın oyanmasınımı gözləyirdi? Bəlkə, bütün bunlar belə idi, olmuşdu, amma tələbənin təsəvvüründə bu işlərin hamısı çox az bir vaxtın ərzində cərəyan etmişdi. Hər halda bir saat olmazdı. Qarı, doğrudan da mürkülədi, amma — tələbənin zənnincə — dərhal da oyandı. İndi isə belə məlum olur ki, azı bir saat keçib. Oyandı və sakitcə dedi:
—İyirmimərtəbəli ev. Orda cəmisi bircə dənə belə hündür bina var. Altında da çörək dükanı. Düz saat altıda ora gəlin. Mən sizi orda gözləyəcəyəm. Ünvanı yazın.
O, ünvanı aramla diktə etdi və tələbə yazan müddətdə yenidən yuxuya getdi.
Tələbə vidalaşmadan çıxdı. Küçədə qol saatına baxdı. Məlum oldu ki, qarının otağında saat yarıma yaxın olub.
ccc
İyirmimərtəbəli bina şəhərin lap kənarında idi. Daha doğrusu, burada şəhər qurtarır və çöl-biyaban başlanırdı. Bu bina bomboş çöllə dəniz sahilinin arasında, qəribə bir tənhalıq içində ucalırdı. Ətrafında bir neçə təpəcik vardı və bu təpəciklərin üstündə iki-üçmərtəbəli evlər tikilmişdi, amma iyirmimərtəbəli köydələnlə müqayisədə onlar balaca daxmalara bənzəyirdi.
Taksi sürücüsü bu ünvana aparmağa heç cür razılaşmırdı. Jürbəcür bəhanələr kətirirdi:
—Parka gedirəm... Növbəm qurtarıb... Yolumun səmti deyil. Uzaqdır... — və s. Axırda belə bir şey də dedi: — Ümumiyyətlə o tərəflər...
Tələbə başa düşmədi:
—Nədir ki, o tərəflər?
Sürücü dilini sürüdü:
—Yox, yəni deyirəm... — Sonra qəfildən razılaşdı: — Yaxşı, kedək.
Yol boyu heç birisi — nə sürücü, nə tələbə gəlmə kəsmədilər.
Sürücü:
—Bu da sənin binan, — dedi.
Onlar təzə, görünür, lap bu yaxınlarda istismara verilmiş binanın yanına çatmışdılar. Sürücü düz çörək dükanının qarşısında saxladı.
Tələbə haqqını verib çıxdı. Sürücü, tələbənin zənnincə həddən ziyadə tələsikliklə maşını döndərdi və uzaqlaşıb gözdən itdi. Ətrafda inscins yox idi. Qu desən qulaq tutulardı. Amma səkinin yanında xeyli maşın dayanmışdı, hamısı da örtük altında idi. Çörək dükanı bağlı idi. Qarının bura gəlib çıxacağına tələbənin kümanı azdı: qoca, xəstə arvadın belə böyük bir məsafəni qət edib bura gələcəyinə inanmaq çətindi və ümumiyyətlə, bütün bu işlərdən tələbənin heç gözü su içmirdi. Amma bina, doğrudan-doğruya vardı, özü də məhz iyirmimərtəbəli idi. Tələbə mərtəbələri bir-bir sayıb axırıncısına çatmışdı ki, qarının səsini eşitdi:
—Axı biz düz altıya danışmışdıq.
Qarı hardan peyda oldu? Tələbə nə ayaq səsi eşitmişdi nə maşın səsi, burada düşəndə qarıdan əsər-əlamət yox idi. Amma hər halda indi arvad buradaydı, düz çörək dükanının qabağında dayanmışdı. Bayaqkı qara paltarda, çiynində də yun şal.
Tələbə:
—Bağışlayın, — dedi. — Təqsir taksilərdədir. Nədənsə heç biri bura gəlmək istəmir. Odur ki, mən beş dəqiqə gecikdim.
Qarı cavab vermədi, üzünü binaya tərəf çevirib dedi:
—Gedək.
Binanın kiriş qapısına tərəf addımladı. Tələbə onun ardınca düşdü. Binanın içinə kirdilər. Qarı liftin düyməsini basdı. Lift, görünür, çox uzaqlardan, daha doğrusu, çox hündürlərdən enirdi və çox ağır-ağır gəlirdi.
Nəhayət gəlib çıxdı, dayandı, qapıları taybatay açıldı. Onlar kabinəyə daxil oldular. Kabinə tələbəyə qeyri-adi göründü. Nəyə görə? Qarı 20-ci mərtəbənin düyməsini basdı. Lift aramla yuxarı dırmanmağa başladı, haradasa yolun ortasında tələbə yenidən bu kabinədəki qəribəliyi duydu, amma bu qəribəliyin məhz nədən ibarət olduğunu yenə də təyin edə bilmədi. O, qarı haqqında düşünməyə başladı və öz-özünə fikirləşdi: görəsən, bu arvad ömründə heç bir dəfə gülümsünüb? Bu nə boş sözdür. Əlbəttə ki, gülümsünüb. İndi isə, aydın məsələdir, dərd-qəm basıb onu, zarafat deyil, dağ boyda oğlunu itirib, belə itkidən sonra nə gülüş-filan? Amma iş ondadır ki, qarının sifət cizkiləri onun ümumən gülüşə qabil olmasına şübhə oyadırdı. Heç bir vaxtda, heç bir şəraitdə, heç bir vəchlə belə sifətin təbəssümünü təsəvvür eləmək olmurdu! Bir an, bircə an tələbəyə elə gəldi ki, o kabinənin qəribəliyinin məhz nədən ibarət olduğunu tapıb və həmin andaca bu ixtira şüurdan silinib getdi; bu barədə ətraflı düşünməyə macal tapmadı: lift bərk silkələnərəg dayandı, qapısı açıldı və onlar çıxdılar, 20-ci mərtəbədə idilər.
Pilləkən meydançasında yeganə bir qapı vardı və bu qapıda mənzilin nömrəsi yazılmışdı. Bir də lövhəciyin şüşəsi qalmışdı, amma şüşənin altındakı lövhə bomboş idi — familiyasız, adsız. Qapı möhkəm dəmirdən idi və çox təzə görünürdü. Qarı, qapıya yanaşdı, zəngi basdı. «Arvadın başı xarabdı, — deyə tələbə düşündu. — Yəqin oğlunun dərdindən başına hava gəlib. Yoxsa boş mənzilə zəng niyə çalır? Ya bəlkə mənzil boş deyil, orada kimsə var?»
Qarı, sanki onun fikirlərini oxuyubmuş kimi. — Həmişə mənzilə girməzdin qabaq zəngi basın, — dedi, — əgər mənzilə qaz dolubsa zəngin qığılcımından mənzil partlaya bilər.
—Bəs...
Yenə də onun deyilməmiş sözlərinə cavab olaraq qarı:
—Özün partlamaqdansa mənzil partlasa yaxşıdır, — dedi və açarla qapını açıb içəri girdi. — Gəlin.
Bu yeni evlərdəki ən adi mənzillərdən biri idi və qarının otağından fərqli olaraq çox səliqə-sahmanlıydı. hər bir rahatlığı da vardı: tərtəmiz mətbəx, dümağ kafelli hamam. Otağın özü də çox təmiz, geniş, işıqlı idi. Olduğundan da geniş görünürdü; əvvəla şey-şüy az idi — taxt, stol, kitab şkafı, iki stul, vəssalam. İkincisi də dənizə açılan iri bir pəncərəsi vardı. Pəncərədən bir axar-baxarlı mənzərə açılırdı — iki göz istəyirdi tamaşasına. Tələbə kitab şkafının şüşəsi, dəhlizdəki güzgü və divardakı saatı örtüklənmiş görəndə təəccüblənmədi. Divarlarda çoxlu fotoşəkil vardı. Bu həmin o qarının otağındakı adamların şəkilləri idimi? Ya yox? Tələbə bunu dəqiq müəyyənləşdirə bilməzdi. Görünür, oradakı şəkilləri xeyli vaxt seyr etmişdisə də əməlli-başlı hafizəsində saxlaya bilməmişdi. Amma bir şeyi bilirdi ki, bu şəkillər daha cavandırlar, əks olunmuş adamların sinlərinə körə deyil, onların çəkilmə vaxtlarına körə təzə idilər, adamlar da yaxın vaxtların dəbləriylə geyinmişdilər. Bütün bu şəkillər də hamısı eyni biçimdə, eyni boyda idilər və burada da yalnız bircə şəkil — ortadan asılmış gənc, güləşsifətli oğlanın əksi o birilərindən iri idi. Oğlan köynəkdə idi, köynəyinin yaxası açıq idi. Bu həmin o oğlan idimi, qarının evindəki şəkil və bu foto eyni adamın təsviri idimi? Qarının vəfat etmiş (vəfat etmişmi?) oğlu (oğlumu?) və bu şəkildəki şəxs eyni adam idimi? Bir yandan eyni adam idi — çatmaqaş, oxşar sifət cizgiləri, o biri yandan — yox. Qarının evindəki şəkil daha sinli adamın şəkliydi. Bığı vardı. Həm də bu iki şəkildəki ifadələr bam-başqa idi.
Orada gərgin, özünü qısmış, hətta elə bil nədənsə qorxmuş, nikaran bir adamın sifəti. Burada isə yalnız ifadə yox, xasiyyət də sanki başqa idi — açıqürəkli, deyən-gülən, mehriban, yapışıqlı bir şəxs... Bəlkə də bu eyni bir adamın müxtəlif yaşlarda, müxtəlif şəraitlərdə, müxtəlif ovqatlarda çəkilmiş fotoları idi.
Qarının səsi tələbəni fikirlərindən ayırdı:
—Necədir, bəyənirsiniz otağı?
O dərhal:
—Əlbəttə, — dedi və fikrən elandakı məlumatları burda gördükləri ilə müqayisə etdi. Hər şey elanda təsvir olunduğundan da üstün idi — otağa söz ola bilməz, rahatlıqları da — əla. Lift, telefon... Telefon demişkən hanı telefon?
Tələbə:
—Bəs telefon? — deyə xəbər aldı.
Qarı stolun altından stulu çəkdi, stulun üstündə telefon cihazı vardı, amma məftili kəsilmişdi.
Qarı:
—O, telefonu təhvil vermişdi, — dedi. — Axı indi onun telefon nəyinə lazımdır? Amma cihaz bizimdir, əgər sizə telefon vacibdirsə, dalınca düşün, nömrəni sizə qaytarsınlar.
Tələbə: «Telefon nəyimə gərəkdir, — deyə düşündü. —Onsuz, da bu şəhərdə bir tanışım-dostum yoxdur.
—Yox, dedi. — Telefonsuz da keçinərəm. Elanda göstərilmişdi, mən də onun üçün soruşdum. Hə, bəs eyvan?
Qarı quru bir tərzdə:
—Eyvan yoxdur, — dedi və sağ divara tərəf çevrildi. Tələbə onun baxışını izlədi və yalnız indi sağ divardakı qapıya diqqət elədi. Qapı iki kobud taxta parçasıyla mismarlanmışdı. Tələbə qapıya tərəf bir addım atdı, daha doğrusu, yarım addım atmaq istədi, amma qarı çevik bir hərəkətlə onun qabağını kəsdi. Qətiyyətlə:
—Yox, — dedi, — əgər siz bu mənzili kirayə götürürsünüzsə ikicə şərtim var. Hökmən bu şərtlərə əməl etməlisiniz. Birincisi heç vaxt bu qapıya yaxınlaşmayın. Ona dəyməyin, açmağa cəhd etməyin. İkincisi də hamamda işığı gecələr yanılı qoyun. O işıq dənizdən görünür.
Tələbə heç bir şey başa düşməsə də başını razılıq əlaməti olaraq yellədi:
—Bəs pul? — deyə soruşdu. — Haçan versəm yaxşıdır?
Qarı:
—Elə indi, — dedi. — Deməli, mənzili kirayə götürürsünüz?
Tələbə:
—Bəli, — dedi və dəhlizə keçdi, orada balaca çamadanını qoymuşdu, açdı, pul götürdü, otağa qayıtdı. Bütün bu işlər, iki dəqiqə çəkdi.
Qarı pulları aldı, tələsik saydı:
—Bir aydan sonra gələn müddətin pulunu gətirərsiniz, — dedi. — Sağ olun. —O, mənzilin açarlarını tələbəyə uzatdı. —Mətbəxdə qab-qacaq var, istifadə edə bilərsiniz. Həmçinin yorğan-döşəkdən, ağdan, balış üzündən. Onlar da taxtın içindədirlər.
Tələbə qarını liftəcən ötürdü və mənzilə qayıtdı. İçəri girərkən ona elə gəldi ki, otaqda nə isə dəyişilmişdir, amma nə? Tələbə diqqətlə otağa göz gəzdirdi: ona elə gəldi ki, fotolar azalıb. Bəzilərinin yerində mismarlar görünür. Qarı bunları haçan çıxartdı? — deyə tələbə düşündü. — Mən dəhlizə çıxanda? Maşallah, yaman əldən qıvraqdı qarı.
Tələbəni təəccübləndirən o idi ki, fotolar həm azalmışdı, həmdə elə bil dəyişmişdi. O öz-özünə: «İşə bax, a! — dedi. — Gör nə tez fotoları dəyişib. Özü də niyə? Mən onsuz da onlardan heç birini tanımıram. Ümumiyyətlə, deyəsən bu arvad başdan bir az mayıfdı. Görmürsən nə cür şərtlər qoydu: «hamamda işığı söndürmə, dənizdən görünür». Dənizin bura nə dəxli var, sən allah?» Tələbə güldü. Şən və qayğısız bir gülüşlə güldü. Yalnız bu gün ərzində deyil, bəlkə də bütün bu gərgin və bürkülü son ay ərzində ilk dəfə belə şən və qayğısız gülürdü. Axır ki, hər şey onun istəyincə olmuşdu. Əsas da budur. İnstituta düşdü. Möcüzə deyil, nədir? İkinci möcüzə də — bax, bu mənzil. Özü də belə ucuz bir qiymətə. Hər rahatlığı, axar-baxarı, sakitliyi. Özü də qulağı çəkilmiş kimisən, tamamilə tək qala bilərsən, heç kəs sənə mane olmaz, nə bir səs, nə bir səmir. Oxu, işlə, dincəl, yat... Otur belə, bax dənizə, siqareti yavaş-yavaş sümür içinə, dincəl. Lənət şeytana, siqareti qurtarıb ki... Bu qarı fikrini elə dolaşdırdı ki, siqaret almağı unutdu. Eybi yoxdur, indi düşüb alar. İndi daha öz evi, öz ocağı var, haçan istəsə gedə, haçan istəsə gələ bilər, heç kəs də onu sorru-suala tutmaz. Hardan gəlib, hara gedirsən? Pis olmaz çıxıb bir şəhəri gəzib dolansa.
—Bu saat çıxarıq havaya — deyə tələbə qərar verdi. — Siqaret də alarıq. Amma əvvəlcə bir üzümüzü qırxaq, duş qəbul eləyək, madam ki, belə əntiqə hamamımız var, kərək ondan bola-bol istifadə edək də. Sonra təzə köynək geyinib gəzməyə çıxarıq.
O, kolonkanı yandırdı, soyundu və hiss elədi ki, duş iynələrinin xoş masajı bədəninin bütün gərginliyini, yorğunluğunu-arğınlığını yuyub aparır və bu günün təlaşları da, «birdən baş tutmadı» qorxusu da, yavaş-yavaş boyatlaşıb xatirələrə çevrilir... hər şey nə əntiqə düzəldi. Tələbə üzünü tərtəmiz qırxdı, qurulandı, dəhlizə keçdi, çamadanı açıb təzə köynək çıxartdı, geyindi, küzgünün örtüyünü sıyırıb atdı, saçını daradı və otağa girdi. Pəncərənin rəngi dəyişmişdi. Axşamlaşırdı və səmanın, dənizin boyaları da tündləşir, qatılaşırdı. Görunür, bu rəng dəyişiklik¬lərin¬dəndir ki, dənizin səthi ona bayaqkından daha aşağı köründü. «Mənzərədən olmaz» — deyə tələbə düşündü və mexaniki bir hərəkətlə əlini stolun üstündəki külqabıya tərəf uzatdı. Külqabının qırağına qoyulmuş siqaretdən xəfif tüstü qalxırdı. Tələbə siqareti dodaqları arasına alıb, içinə sümürdü, dənizin uzaqlarına baxdı və birdən diksindi. Axı onun siqareti qurtarmışdı. Bu hardan çıxdı, tələbə bu siqareti haçan yandırdı? Həm də ki, yarısı kül olub tökülüb, deməli, çoxdan odlanıb. Haçandan? Qarı qoyub gedə bilməzdi. Çox vaxt keçib. Deməli, o özü, tələbə bu siqareti haradansa tapıb yandırıb, yana-yana qoyub hamama kedib... Amma necə olub ki, bütün bunlar büsbütün yadından çıxıb, heç çür yadına sala bilmir. Haçan, neçə? Tələbə öz-özünə: «Bəli, — dedi, — deyəsən mənim skleroz xəstəliyim çox erkən başlayıb axı... Mən yandırmamışamsa kim yandırıb bu siqareti? — Qəribədir». Elə bil o öz-özunü sakit etmək istəyirdi. Bu heç də onun xoşuna gəlmədi. Ümumiyyətlə bugünkü mənzil sevdasının bütün məziyyətlərinə baxmayaraq, nə isə anlaşılmaz bir şey onu narahat edirdi; amma bunun nə olduğunu heç cür müəyyənləşdirə bilmirdi. Nədənsə bir də fotoqrafiyaları gözdən keçirdi. «Qəribə sifətlərdir, — deyə düşündü — neçə dəfə, nə qədər baxırsan bax, heç cür yadda qalmırlar. Hətta bax bu — guya ki, qarının oğlu adlandırdığı şəxs — bayaq mənə elə gəldi ki, o şəkildə gülümsünür, amma indi baxıram, sifətində təbəssümdən əsər-əlamət yoxdur. Daha dəqiq desək sifəti kədərlidir, narazı bir ifadə var üzündə, gözləri də eynilə anasının, əlbəttə, əgər qarı bunun doğrudan da anasıdırsa — gözləri kimidir — qəmli, məşum.
Tələbə divar saatının örtüyünü dartıb saldı. — Altıya iyirmi beş dəqiqə işləmişdi. «Saatları da xərifləyib, — deyə düşündü. — Gör, nə yaman geridir. İndi yəqin səkkizin yarısı olar». Gedib hamamdan qol saatını gətirdi — çiməndə orda çıxarıb qoymuşdu. — Doğrudan da səkkizə iyirmi beş dəqiqə işləmişdi.
Tələbə fit çala-çala qapını açdı, çıxdı, lifti çağırdı, gələndə kabinəyə kirdi və birinci mərtəbənin düyməsini basdı.
Tələbə binadan çöllüyə çıxdı və bir neçə addım gedəndən sonra çevrilib evinə baxdı. Qəribədir, sanki bu evdə heç kəs yaşamırdı, elə bil evi tikib təhvil vermişdilər, amma sakinləri hələ köçməmişdi. Bütun pəncərələr, eyvanlara açılan qapılar kip bağlı idi, heç bir yerdə paltar ipi, televiziya antenası, gül dibçəkləri, pərdələr, işıq, bir sözlə, heç bir yaşayış əlaməti gözə dəymirdi. Axşam düşürdü. Daha doğrusu, hələ axşam düşməmişdi, ancaq şər qarışırdı, ala-toranlığın elə bir çağı idi ki, küçə fənərlərini yandırmaq hələ tezdi, amma bu çıraqlarsız da ətrafı seçmək çətinləşirdi; qaş qaralırdı. Tələbə bir qədər də çöllükdə addımladı, ayaq saxladı, geri — binalarına baxdı, mənzilinin pəncərəsini tapıb təyin etmək istədi. Bu müşkül məsələ deyildi. Soldan son blok, sonuncu mərtəbə — güncdəki mənzil onunku idi. Budur, bax, — dənizə açılan sarı pərdəli pəncərə — onun pəncərəsi. Bəs bu biri tərəfdən nədir o — elə bir divardan iki uzun dirək uzanıb çıxır. Tələbə diqqətlə baxdı və başa düşdü —görünür, bu iki dirək mövcud olmayan eyvanın dayaqları imiş və onların arasında görünən qapı da məhz o çalın-çarpaz taxtalarla mıxlanmış qapıdır. Görəsən nə olub, eyvanı tikməyi unudublar, ya eyvan uçub tökülüb, elə bircə bu iki dayağı qalıb? Bəlkə bu uçulub dağılmış eyvanın (əgər o, həqiqətən də uçulub tökülübsə) — müdhiş və faciəvi bir sirri var? Tələbə xəyallara qapıldı bəlkə məhz elə qarının oğlu bu eyvandan yıxılıb həlak olub, axı o, tələbə, həmin qapıya tərəf yönələrkən qarı qeyri-adi bir çevikliklə onun yolunu kəsdi. Əlbəttə, bütün bunlar fərziyyələrdən başqa bir şey deyil. Bir də axı onun nə borcuna? Əsas odur ki, daldalanmağa bir bucağı var — həm də belə gözəl, rahat mənzil — daha nə lazımdır ona? Təmiz hamamı, işıqlı otağı, iri pəncərəsi... Budur bax, bu pəncərə. Amma allah, bu nədir belə? Pəncərə — onun pəncərəsi birdən-birə işıqlandı. Məhz bu pəncərədə, — onun pəncərəsində, tək bircə onun pəncərəsində işıq yandı. Kimsə işıq yandırdı. Deməli, indi orada, onun otağında kimsə vardı. Tələbənin əti ürpəşdi. Anlaşılmaz bir hiss — şüura tabe olmayan ibtidai vahimə hissi — tələbəni bir iş etməyə — qışqırmaqa, qaçmağa, kizlənməyə — hər hansı bir fəal hərəkətə sövq edirdi, hava qaraldıqca bu hiss daha da küclənir və eyni zamanda onun əl-qolunu bağlayırdı. Bəvən yuxuda, adamı qara basanda belə bir hal keçirirsən — qışqırmaq istəyirsən, qışqıra bilmirsən, qaçmaq istəyirsən, ayaqların qıc olub qalır... Elə bu an — evin qabağındakı səki gur işığa qərq oldu: gecə çıraqları yandı və tələbənin başına ən adi və sadə bir izah gəldi: ola bilsin ki, o, evdəykən bütün rayonun elektrik xətti şəbəkəyə qoşulmayıbmış, otaq işığının düyməsi açıq imiş və indi bütün rayonun işıqları yanarkən, təbii ki, onun otağının işıqları da yanır. Hər şey necə də asan və aydın izah olunurdu... Tələbə arxayın gülümsündü və avtobus dayanacağı olan səmtə tərəf addımladı. Amma bir neçə addım atandan sonra elə bil kimsə ona dedi ki, dön bir də binaya bax, daha doğrusu, öz mənzilinə, mənzilin mövcud olmayan eyvanına və eyvanın yerində görünən iki dayağa. O çevrilib baxdı və bir anda — bu an da deyildi, anın yarısı, çərəyi, nə bilim neçədə biri idi — bəli, bu qısaca müddətdə tələbəyə elə gəldi ki, onun mənzilinin eyvan boşluğuna çıxan qapısı açıldı və oradan nə isə aşağı atıldı. Amma bu an o qədər qısaydı, sanki onun heç bir gerçəkliyi yox idi. Alnını soyuq tər basmış tələbə bundan sonra nə qədər gözlərini həmin nöqtəyə zillədisə də hər şeyi bayaqkı kimi gördü — çalın-çarpaz mıxlanmış qapı əvvəlki kimi bağlı idi, eyvan boşluğunun dayaqları əvvəlki təkin havaya uzanmışdı.
Tələbə qaçmağa başladı, daha doğrusu, elə yeyin-yeyin addımladı ki, az qala qaçırdı. Bir azdan sonra o azdı. Qaranlıq bir küçəyə gedib çıxdı, buradakı evlər o qədər bir-birinə bənzəyirdi ki, tələbə dolaşıb qaldı. «Bu evlər üçmərtəbəlidir, — deyə tələbə düşündü, — onların arasında mən mütləq öz 20 mərtəbəli, heç olmasa onun siluetini körməliyəm», həqiqətən də bir neçə vaxt sonra saat doqquz radələrində o, xeyli gəzib-dolaşandan sonra kösöv kimi qaralmış göyün fonunda nəhənk binanın konturlarını sezdi, amma nədənsə ev indi xeyli alçaq görünürdü; ətrafdakı üçmərtəbəlilərdən hündür olsa da, hər halda iyirmi mərtəbəyə oxşamırdı.
Tələbə bu binaya sarı getdi. Nədənsə yaxınlaşdıqca sevinmirdi, nə isə elə bil ürəyinə dammışdı ki, yeni bir anlaşılmazlıqla rastlaşacaq. Doğrudan da bir azdan sonra o, tanış çöllüyə çıxdı və mıxlanıb qaldı: qarşısında binanın siluetini yox, skeletini gördü. — Çoxmərtəbəli bina xarabaya çevrilmişdi — güman ki, yanmışdı, yarıuçuq divarların arasında boş pəncərə — qapı deşikləri görünürdü. Mərtəbələrin, tavansız-döşəməsiz mənzillərin arasında gülək vıyıldayır, birinci mərtəbədə bir neçə sərgərdan it boğuşurdu.
Tələbə inana bilmirdi ki, bu həmin o evdir. — Saat yarım bundan qabaq onun tərk edib getdiyi binadır, amma hər halda çöl-biyaban, şübhəsiz, həmin çöl biyaban idi. Qəribədir ki, yanıb uçmuş evin qabağındakı səkiyə heç bir zərər dəyməmişdi və bu səkinin kənarında xeyli maşın dayanmışdı. Otuz-otuz beş minik maşını hamısı örtüklərin altında idi və görünür, burada lap çoxdan dayanmışdı. Mümkünmü bu? Çexol altındakı maşınlardan biri səssiz-səmirsiz yerindən tərpəndi, dayanmış maşınların sırasından çıxıb tələbəyə tərəf yönəldi. Elə bil maşın özü, sürücüsüz, hərəkət edirdi. Axı hansı sürücü örtüklü maşın idarə edər?.. Maşın tələbəyə yaxınlaşdı və ehmallıca dayandı. Tələbə gördü ki, drğrudur, maşının çexolu var, amma bu örtük yalnız onun damına və kapotunun üstünə çəkilib. Sükanın ardında cavan bir oğlan vyləşmişdi. Oğlan maşının pənçərəsindən əyilib:
—Bağışlayın, — dedi, — bilmirsiniz burada iyirmimər-təbəli ev hardadır?
Tələbə boğuq səslə:
—İyirmimərtəbəli? — deyə xəbər aldı.
—Mənə dedilər ki, bu çöldədir, yanmış beşmərtəbəli evin yanındadır.
Tələbə yanmış binanı göstərərək:
—Bu evi deyirsiz? — deyə soruşdu:
Sürücü sevinclə:
—Özüdür ki var, — dedi; yanmış evi o, yalnız indi gördü — mənə beləcə də izah etmişdilər. Deməli, həmin bu binanın solundan burulub dəniz qırağına çıxmaq lazımdır. Əgər siz də o tərəfə gedirsinizsə əyləşin aparım.
Tələbə maşının qabaq qapısını açdı və özünü itirdi. Burada da rul vardı — maşının ikinci sükanı. Maşının iki rulu, iki əyləci, iki eskalatoru, iki konusu vardı. Sürücü tələbənin şaşqınlığını görüb gülümsündü:
—Təəccüblənirsiniz? — dedi. — Bu, tədris maşınıdır. Mən özüm maşın sürmə üzrə təlimatçıyam. Sürmək öyrənənlər mənim yerimdə əyləşirlər, maşını idarə edirlər, mən də sizin yerinizdən onlara nəzarət edirəm. Ona görə də bu maşında hər şey cütdür. Amma siz narahat olmayın, əyləşin, indi siz tərəfdəki sükanlar işləmir.
Tələbə oturdu. Sürücü kiçik maqnitofonu işə saldı, xəfif, bir qədər qəmli musiqi səslənməyə başladı. Yumşaq ressorlar, paralon örtüklər, sakit musiqi qəribə bir rahatlıq, arxayınlıq atmosferi yaradırdı. Əgər yaddaşda qala bilsəydi, yəqin ki, adamlar ana bətnində — insanın ilk kainatında — özlərini belə dinc, arxayın hiss ediblər.
Maşın yanmış xarabanın solundan buruldu, onlar dəniz qırağına çıxdılar və tələbə dərhal iyirmimərtəbəni gördü. İndi bina ala-bəzək elektrik işıqlarına qərq olmuşdu. Rəngbərəng pərdələr, abajurlar, neon və adi işıqlar evin pəncərələrinə əlvan bir çıraqbanlıq paylamışdı. Evin eyvanları insanlarla dolu idi, onlar burda çoxdan məskən salmışdılar. Sakinlər yeyir-içir, mırt vurur, gülür, eyvandan eyvana danışır, musiqi, radio dinləyir, televizora baxır, cürbəcür oyunlar oynayırdılar. Ev normal bir axşam həyatıyla yaşayırdı. Tələbə anladı ki, onlar evin arxa tərəfindən çıxırlar, indiyəcən o, evi yalnız avandından görmüşdü, odur ki, o biri səmt — yanmış xarabalıq tərəf ona bu qədər qeyri-tanış gəlmişdi. Maşın dayandı.
—Çox sağ olun, deyə tələbə səmimi-qəlbdən sürücüyə təşəkkür elədi. Daxilən o, bayaqkı təlaşı üçün xəcalət çəkirdi, özünü danlayırdı. «Yekə kişisən, materialist, rasionalistsən, tələbəsən, bir yandan da belə ibtidai bir qorxu. Ayıb olsun!»
Maşından düşərkən diqqətlə sürücüyə baxdı və tələbəyə elə gəldi ki, sürücünün sifəti tanışdır. Sürücü də maşından düşdü, qapısını açarla bağladı. Onlar binaya müxtəlif qapılardan daxil oldular. Tələbə liftin düyməsini basdı. Lift haradansa çox yüksək mərtəbədən gəldi, dayandı, qapısı açıldı. Tələbə kabinənin içinə girdi, qapı bağlandı və işıq söndü. Kabinənin içində göz-gözü görmürdü, tələbə kibrit çəkdi, odun işığında iyirmimərtəbənin düyməsini tapdı, basdı və hiss elədi ki, lift yuxarı yox, aşağı hərəkət edir; halbuki onlar birinci mərtəbədə idilər. Əvvəlcə liftin xarab olması, zirzəmiyə, şaxtanın dibinə düşməsi fikri tələbəni qorxuzdu, ancaq duyanda ki, lift elə hey dərinliyə gedir, gedir, bir-iki mərtəbə deyil, azı səkkiz-on, yox on dörd-on beş, iyirmi mərtəbəyə yer altında qərq olur — tələbəni vahimə basdı. Yadına düşdü ki, kimdənsə eşitmişdi — böyük şəhərlərdə bəzən strateji məqsədlərlə böyük binaların altında yerin dərinliklərinə doğru neçə-neçə mərtəbə tikilir. Amma indi, liftin görünməz dərin lağımın dibinə doğru bu dayanmaz hərəkətində, tələbə nə isə bir məzar qoxusu duyurdu. Belə dərin məzar ola bilməzdi, amma nədənsə tələbə düşünürdü ki, ömrünün sonudur və qəribə, anlaşılmaz, mənasız bir aqibətdir bu. Birdən kabinənin içində gur işıq yandı və tələbə ilk baxışdan liftin ona qəribə görünməsinin səbəbini anladı — kabinənin içində düz qapının qənşərində güzgü vardı, amma bu güzgü kabinənin içini əks etdirmirdi. Başqa bir qapını əks etdirirdi, bu qapıya oxşayan, amma tamamilə özgə bir qapını. Lift qəfildən dayandı və sol tərəfdəki divarı açıldı — demə, bu da qapı imiş. Tələbə kor adamlar kimi ayağıyla yeri asta-asta yoxlaya-yoxlaya kabinədən çıxdı və qarşısında öz mənzilinin qapısını gördü. 20 mərtəbədəki mənzil qapısını. Şübhə ola bilməzdi — həmin nömrə, həmin familsiz lövhə, zəng, kilid yeri. «Görünür bu xəstəlikdir, — deyə tələbə düşündü, — oriyentir hissinin itməsi. Qaranlıqda səmti dolaşıq salıram. Yuxarı hərəkət mənə enmək kimi gəlir. Bəzən belə şeylər olur, adam sağı-solu çaşdırır. Sağ ayağını sol ayağı kimi, solu sağ kimi duyur. Sabah həkimə getmək lazımdır». O, qapının zəngini basdı və gülümsündü. «Şükür, mənzil partlamadı». Açarla qapını açıb içəri girdi. Otaq çıraqban idi. Dəhlizdə işıq yanmırdı. Çamadanı öz yerində idi. Tələbə otağa bir az xoflu girdi. Diqqətlə otağa göz gəzdirdi. — Hər şey öz yerində idi, onun qoyub getdiyi kimi. Axı ayrı cür ola da bilməzdi: — taxt, şkaf, stol, stullar, qırıq məftilli telefon, divar saatı, üstündə də örtüyü (məgər o bu örtüyü qoparmamışdı?) Görünür qoparmayıbmış! Külqabı, külqabında da bayaqkı yeganə siqaretin götüyü (ay səni, yadından çıxdı, siqaret almadı). Fotolar... bəli fotolar... O, fotoları xüsusi bir diqqətlə nəzərdən keçirdi; bu diqqət özünə də qəribə gəldi — sanki fotolarda nə isə dəyişə bilərdi. Təbii ki, onlar əvvəlki kimi idi — eyni miqdarda — evdən çıxmazdan qabaq tələbə nədənsə onları saymışdı — səkkiz dənə idi, indi də səkkiz dənədir. Əgər onun mənzildə olmadığı vaxt qarı gəlibmişsə də — yəqin ki, onun öz açarı var — fotolara dəyməyib. Yəni bayaq, doğrudanmı onları dəyişmişdi? Yəqin tələbəyə belə gəlib, vəssalam. Axı niyə qarı iki daşın arasında fotoları dəyişməli idi. Budur, bax, bu da oğlunun fotosu — əgər oğludursa! Tələbə şən fit çala-çala mətbəxə keçdi. Heyf ki, küçədə azdı, başını itirdi, yeməyə bir şey almağı unutdu. İndi evdə dişə vurmağa bir şey yoxdur. O acmışdı. Eybi yoxdur, səhərə qədər, birtəhər dözər. «Gedək yataq, hə, qarının xahişini yerinə yetirək, hamamda işığı yana-yana qoyaq, madam ki, arvad bu işığı mayak hesab edir, qoy onun istəyincə olsun». Tələbə hamamda işığı yandırdı və kranı açdı. Su şux bir şırıltıyla axmağa başladı və sanki onun axışı da adamın əsəblərini sakitləşdirirdi. Tələbə yenə də gülümsündü. Sakit, arxayın, rahat bir təbəssümlə, güzgüyə baxdı və güzgüdəcə öz gözlərinin dəhşətdən böyüdüyünü gördü. «Düymə!» Bəli, düymə. Bu tələbənin lap yaxşı yadında idi. Lap dəqiq. And içə bilərdi. Fotoda oğlan köynəkdə idi və bayaq keynəyinin yaxası bağlı idi— tələbə bunu tam dəqiq xatırlayırdı. İndi isə — tələbə bunu da nəzərində aydınca canlandırırdı — oğlanın köynəyi boğazınacan düymələnmişdi: Bundan qeyri şəkildə bir dəyişiklik yox idi; eyni sifət, eyni poza, eyni ölçü. Tələbə: «axı bu necə ola bilər?»—deyə düşündü. Güzgünün qabağında donub qalmışdı. Vahimə bütün varlığına hakim kəsilmiş, qorxu — onu müc eləmişdi. Tələbə addım ata bilmirdi, otağa keçib fotoya bir də baxmağa ürəyi gəlmirdi — ona elə gəlirdi ki, indi həmin şəkildəki oğlanı bəlkə də qalstuklu görəcək, ya... «deyəsən mənim başıma hava gəlib, dəli olmuşam».
«Bəlkə — ağlına gözlənilməz bir fikir gəldi — kimsə qəsdən məni dəli eləmək istəyir?» Qəribədir ki, bu fikir onu bir qədər sakitləşdirdi, arxayınlaşdırdı. Düşmənini təyin edə bilsən, onunla mübarizə etmək də asan olar. Amma kim idi onun qəsdinə duran? Kim idi düşməni? Əlbəttə, qarı! Öz təşəbbüsüylə olmasa da, hər halda bütün bu işlərdə qarının, şübhəsiz, barmağı var. Bəlkə o, kiminsə mürəkkəb bir planının icraçısıdır? Amma bu planın özünü kim tökmüşdür, kim burada hansı məqsədi güdür? Eh, nə biləsən? Bəzən görürsən elə düşmənlərimiz peyda olur ki, heç yatsaq yuxumuza də girməzdi. Özü də həmin bu düşmənlərə heç bir vaxt, heç bir pisliyimiz dəyməyib, amma axı düşmənçilik çox vaxt heç də şəxsi münasibətlərdən yaranmır. Bax, məsələn o, tələbə, özü də istəmədən kiməsə pislik edib — instituta daxil olub, kiminsə yerin tutub. Götürək elə yataqxanadakı otaq qonşularını. Bayaqkı maşının, iki sükanlı maşının sürücüsü yaman o oğlana, ilk imtahandan kəsilmiş otaq qonşusuna oxşayırdı — tələbə yalnız indi bunu dərk etdi — lap elə bil ekiz qardaşdırlar. Bəlkə heç təsadüfi deyil ki, bayaq həmin qonşusuna elan lövhəsinin qarşısında rast gəldi. Bəlkə bütün bu hoqqaları da elə o düşünüb. Elan, qarı, sürücü-təlimatçı qardaş və nəhayət, fotolar... Amma məgər onlar belə qəliz bir intiqama qadirdirlər? Əgər bu cür mürəkkəb bir qisas forması kəşf edə biliblərsə, elə bir bu ixtiraya körə onu instituta qəbul etməyə dəyərdi. Həm də imtahansız-filansız. Onlar şübhəsiz, bilirdilər ki, tələbə otaq axtarır. Bu qarını tapmaq, mənzili danışmaq, hər şeyi belə məharətlə quraşdırmaq... Tələbənin artıq heç bir şəkk-şübhəsi yox idi ki, bütün bunlar iblisanə bir planın nəticələridir və o, mənzildə olmayan vaxt lap yəqin ki, qarı gəlib fotoları dəyişib. Bu fikrə gələndən sonra tələbə otağa daha sakit girdi. Düzdür, fotolara yanaşanda nə isə yenə bir nikaranlıq hissi keçirdi, amma bütün iradəsini toplayıb şəkillərə baxdı. Gözlərini oğlanın əksinə zillədi. Bu nə boş-boş fikirlərdir, ilahi! Hamamda olduğu müddətdə axı şəkildə nə dəyişə bilərdi? Nə dəyişmişdisə, o evdə olmayan müddətdə dəyişmişdi — elədir ki, var: oğlanın köynəyi boğazacan düyməli idi. Tələbə başqa fotolara baxmağa başladı, qarı onlarıdamı dəyişdirib? Deyəsən yox, amma məgər bu cütlər — nişanlı oğlanla qız, məgər ayaq üstə durmamışdılar, yox, oturublar, görünür, elə oturublarmış, tələbənin dəqiq yadında deyil. «Gərək bütün şəkilləri dəqiq yadımda saxlayım, sonra körsəm ki, qarı yenə onları mən evdə olmayanda gəlib dəyişdirir onda yapışım yaxasından — de görüm mən olmayanda niyə otağıma gəlirsən, fotoları də-yişməyinin mənası nədir? Budur, bax, şəkil — ata, ana və yəqin ki, qızları. Ər-arvad, arvad, deyəsən, hamilədir. İki cavan oğlan — oxşayırlar, yəqin qardaşdırlar. Hərbi paltarlı kişi. Javan qız — fəvvarənin yanında dayanıb. Uşaqlar — üç qız, iki oğlan uşağı. Çəlikln qoca. Vəssalam. Aydındır. Deməli, ata, ana, qız. Bu belə. Ər-arvad. Arvad hamilədir. Məgər ərin eynəyi vardı? Bu nə axmaq sözdür, madam ki, eynəklidir, deməli varmış da... İki cavan oğlan şübhəsiz qardaşdırlar, oxşayırlar. Hərbi paltarlı kişi. Fəvvarə yanında qız. İlahi, axı onun sumkası vardı. Sumka necə oldu? Ya yox idi? Görünür, yox imiş, madam ki, yoxdur... Onda qızı kiminlə çaşdırıram, axı, yadımda qalıb: fəvvarə yanında tız, əlində sumka. İki qız uşağı, bir oğlan. Bir oğlan. Bir oğlan? Hə, görünür, oğlan bir imiş. Qoca. Bu qocanın nəyisə var idi, amma nəyi? Bəlkə mən şəkillərin məzmununu müfəssəl yazım. Yox, onda adam, doğrudan da dəli olar. Amma mən dəli olmayacam. Bu qoca kaftarın və bütün məni istəməyənlərin acığına dəli olmayacam. Saat neçədir körəsən? Qol saatında on birə iyirmi beş dəqiqə işləmişdi.
Nədənsə tələbə divar saatına yanaşdı və örtüyü çəkdi. Divar saatında üçə iyirmi beş dəqiqə işləmişdi. Saat işləyirdi, kəfkir dəqiqliklə gedib-gəlirdi. Tələbə gözlərini uzun əqrəbə zillədi və ayrılmadan baxdı, baxdı. Saata baxsa da dəqiq nə qədər vaxt keçdiyini deyə bilməzdi. Amma hər halda bir müddətdən sonra aydınca gördü — uzun əqrəb azacıq geri getmişdi. Tələbə tələsik hesabladı. Elədir ki var hər iki saat — onun qol saatı da, divar saatı da — dəqiq işləyirdi, amma divar saatı əks istiqamətdə hərəkət edirdi. Saat tələsə bilər, geri qala bilər, dayana bilər. Ancaq əks tərəfə işləyən saatı tələbə ömründə ilk dəfə görürdü. «Düşmənlərimin fantaziyası pis deyilmiş. Belə ixtiraçılıqla Nyuton, Eynşteyn olaydılar gərək. Yoxsa bütün qabiliyyətlərini, bacarıqlarını yazıq bir tələbə babanın qəsdinə yönəldiblər. Nə var, nə var, onlardan yaxşı hazırlaşıb, imtahanı onlardan yaxşı verib, instituta düşüb. Gərək dərslərə hazırlaşmaq yerinə, mən də oturub belə-belə hoqqalar uyduraydım, onda yaxşı olardı. Görək bu tilsimli otaqda daha nə oyunlar çıxacaq! «Tilsimli» sözünü o daxili istehzayla düşündü. Tələbə qəti əmin idi ki, bütün bu fokusları kimsə qəsdən düzəldib, onun şüurunu dumanlandırmaq istəyir. Hər halda tələbə özü özünü inandırmaq — istəyirdi ki, məhz belədir. Bu tələbəni bir qədər sakitləşdirirdi. Tam yox, bir qədər. Əgər getməyə yer olsaydı, bir dəqiqə də bu mənzildə qalmazdı. Yataqxanaya getmək mümgün idi, hələ adını oranın dəftərindən pozdurmamışdı. Ancaq düşünəndə ki, məşum liftin kabinəsinə girməli olacaq, çöllü-biyabana çıxacaq, yanmış xaraba evin yanından keçəcək və heç bir nəqliyyat tapmayıb yenə bu otağa qayıtmalı olacaq, tələbənin bu işə bütün həvəsi qaçırdı. Həm də ürəyinə dammışdı, otaqdan çıxan kimi, qarı gəlib yenə burada min cür tələ quracaqdı. Şübhəsiz ki, arvad haradasa buralardadır. Yəqin ki, elə bu binanın içində, bəlkə bir mərtəbə aşağıdakı mənzildə gizlənib. Bayaq otaqda işığı yandıran da, eyvan qapısını açıb nə isə tullayan da elə o imiş. Hətta tələbəyə elə gəlirdi ki, qarı lap yaxındadır, hardasa, qonşuluqda, bu divar ardındadır. Duyurdu ki, kimsə daima onu — tələbəni müşahidə edir, hər addımını izləyir. Tələbə öz-özünə: «Yox, — dedi, — mən burda qalacam və məni heç bir şey qorxuda bilməz. Qoy lap bütün bu lənətə gəlmiş fotolar canlansınlar, kağızdan çıxıb otağa düşsünlər». O təsəvvür elədi ki, fotodakı adamlar canlanıb otağa girirlər və bu təsəvvürdən əsla eymənmədi, əksinə nəşələndi, güldü öz fikrinə. «Öz aramızdır, mən demə, əməlli-başlı ağciyərəmmiş... Nədən xoflanıram axı? Saat geri işləyir? Əşi belə çəhənnəmə ki! Mənə elə gəldi ki, fəvvarə yanındakı qızın sumkası varmış, demə yoxmuş. Adicə göz aldanışı! Siqaret, filan... Elə şeylər çox olur. Hardasa oxumuşdum, belə bir sahə var, hətta əşyaların qəribə davranışlarını öyrənirlər... hə, bir də bu qapı.
Taxtalarla çalın-çarpaz mıxlanmış qapı. Nə olsun? Bunun qorxunc harasıdır. Nəyi vahiməlidir? Boşla görək, sən canın... Aman allah, bu nədir belə?
Otağın rəngi dəyişirdi. Tələbə başını qaldırıb tavandakı yalın lampoçkaya baxdı. Lampoçka yavaş-yavaş adi rəngini dəyişir, göyərirdi, müalicə vasitəsi kimi istifadə olunan «göy işığın» rəngini alırdı. Tələbə quruyub qalmış, hərəkətsiz dayanmışdı. Lampoçkanın rəngi tamam tündləşdi və otaq da içinə çoxlu marqans zərrəciyi atılmış bir stəkan su kimi get-gedə qatı bənövşəyi rəngə qərq oldu. Nə qədər vaxt keçdi? Tələbə heç bir şey haqqında düşünə bilmirdi. Vahimə beynini çulğamış, şüurunu dumanlandırmışdı. Fikrini büsbütün əritmişdi sanki...
Sonra lampanın rəngi yenidan dəyişməyə, açılmağa, durulmağa başladı və bir azdan əvvəlki kimi oldu.
Tələbə öz-özünə:
—Çox gözəl, çox da pakizə, — dedi. — Əgər iradəmi, mətanətimi sınayırlarsa, mən bu sınaqdan kişi kimi çıxmalıyam. İndi bütün hoqqalarına məhəl qoymadan sakitcə yıxılıb yatacam.
O, möhkəm addımlarla mətbəxə keçdi, işığı söndürdü, hamamda işığı yanar qoydu, üzünü yudu, dişlərini təmizlədi, otağa qayıtdı, fotolara heç gözucu da baxmadı, yorğan-döşəyini saldı, işığı söndürdü və yatağa kirdi. Gözlərini yumdu, amma uzun müddət yuxulaya bilmədi. Qaranlığın özü onu qorxutmurdu, o bəzi adamlar kimi, heç də zülmətdən eymənmirdi. Bütün bugünkü tələlər, hoqqalar haqqında da düşünmürdü. Bircə onu düşünürdü ki, dünyada məntiqi izahi olmayan heç bir şey yoxdur. Bu fikirdən kosmik sirlər haqqında düşüncələrə keçdi. Kosmosun açılmamış sirləri həmişə onu vəcdə gətirirdi. Sonra tələbə gələcək institut həyatı haqqında xəyallara daldı, yavaş-yavaş xumarlandı və bir azdan sonra dərin yuxuya getdi.
c c c
Bənövşəyiyə çalan ayın aldadıcı ziyası altında bir adam çöl-biyabanla addımlayırdı. Bütün üzü sarıqlı idi, yalnız iki gözü üçün dar bir zolaq açıq qalmışdı. Hər iki qolunda saat vardı. O, qara paltarda idi, ayaqlarında da yumşaq qara şapşaplar var idi. Paltarının müxtəlif yerləri qara meşin toqqalarla kəmərlənmişdi. Addımları səssiz idi, yumşaq idi, pişik yerişi yeriyirdi. Adam böyük yanmış evin xarabalıqlarına doğru gedirdi. Ay işığında xaraba evin divarları uzun əcaib kölgələr salırdı. Sütunların da kölgəsi düşürdü. Sütunların tağı uçmuşdu, bu sütunlar nndi yalnız boşluğa dayaq idilər; bir neçə il qabaq dəhşətli yanğın zamanı bu evin, demək olar ki, bütün sakinləri tələf olmuşdu. Bəziləri diri-diri mənzillərində yanmış, bəziləri tüstüdən boğulmuş, bəziləri uçub dağılan divarların arasına pərçim olub qalmışdı. Onların yalnız bu divarlara yazılmış səsləri dururdu və aydınlıq gecələrdə bu hıçqırıqlar, iniltilər bərkdən səslənməyə başlayırdı. Yanmış evin diri qalmış sakini — üzü sarıqlı adam indi öz sabiq mənzilinə doğru gedirdi — həmin mənzildə onun bütün ailəsi məhv olmuşdu. O, evə çatdı, sürahisiz pilləkənlə ikinci mərtəbəyə qalxdı, uçuq pəncərə məhəccərinə qoyulmuş qırıq məftilli telefona yanaşdı, dəstəyi qaldırdı, nömrəni çəkdi.
Zəng otaqda çalındı. Tələbə telefon zəngini eşitdi, ayılmağa çalışdı. Qaranlıq yuxunun zəhmi onu basmışdı, bu qatı, qalın, qara və ağır yuxu pərdəsini üstündən atıb durmaq, əlini uzadıb işığı yandırmaq istəyirdi, amma bütün düymələr boş idi, işıq yanmırdı ki, yanmırdı. Tələbə nəyinsə, anlaşılmaz və müdhiş bir şeyin yaxınlaşdığını duyur, otağın zülmətində kiminsə ya nəyinsə olduğunu hiss edirdi. Bu kimsə ya nəsə onun başının üstündə dayanıb dəqiq bir ardıcıllıqla sayırdı: bir, iki, üç, dörd, beş, altı, yeddi...
O qışqırıb oyandı, silkinib vahiməli yuxudan çıxdı, amma qorxusu dəf olunmamışdı, əksinə daha da artmışdı, çünki həqiqətdə də qaranlıq otağında telefon zəngini eşidirdi, hərəkətlərini əməlli-başlı dərk eləmədən əlini uzatdı, qaranlıqda telefonu tapdı, dəstəyi qaldırdı. Zəng səsləri dərhal kəsildi. Telefon dəstəyi də susmuşdu, həm də bu işləyən telefonun canlı sükutu yox, xətsiz, rabitəsiz telefonun həyat əlaməti olmayan lallığı idi. Tələbə dəstəyi yerinə qoydu, durub işığı yandırdı, geyindi. İndicə onu qara basmışdı və yuxuda gördüyü vahimələrdən yavaş-yavaş özünə gəlirdi.
Əlbəttə, telefon zəngini o yuxuda görmüşdü, amma oyanandan sonra da bir neçə an bu səsləri eşitdi. Yox, əlbəttə, ona elə gəlib. Necə deyərlər, şüur ətaləti — yuxudakı təəssüratın ayıqlıqdakı davamı. Axı xətti qırıq telefon heç çür zəng çala bilməzdi. hamısı yorğunluğun, əsəb gərginliyinin, son ayın həyəcanlarının nəticəsidir. O, ağıllı-başlı dincəlməli, özünə gəlməlidir. İndi də yatmaq, yatmaq, yatmaq. Elə bil kimsə ona dedi ki, çön bir fotolara bax. Tələbə çevrilib fotolara baxdı: heç bir şübhə ola bilməzdi — indi bu fotolarda tamamilə başqa adamlar idi. Və... o... həmin oğlan... daha doğrusu... bu... həmin oğlan deyildi... Başqasıydı... həmin o qarının evindəki adam idi... qalstuku, bığları, pencəyi gen yaxalıqlı.... Dəhşətdən tamamilə şüuru dumanlanan tələbə fotoya lap yanaşdı və gözlərini zillədi: «Necə ola bilər? Gör mən nə bərk yatmışam ki, qarının gəlib şəkli dəyişdirməsini duymamışam. Ya belə deyilsə, onda deməli mənim ağlım çaşır, başım xarab olur, onda deməli, onlar məqsədlərinə çatıblar, mən dəli oluram. Amma məgər adam öz dəli olmağını belə aydın və dəqiq dərk edə bilərmi?!»
Tələbə şəklə iki addımlıqdan baxdı və şüurunun son aydın anlarında tam bir dəqiqliklə — fotonun yavaş-yavaş dəyişdiyini gördü — şəkildəki oğlanın sifətində yavaş-yavaş saqqal çıxır, onun üzünü tük basırdı. Tələbə qəşş etdi. Otaq qaranlığa qərq oldu. Məlum deyil nə qədər vaxt keçdi, nəhayət, huşu yavaş-yavaş başına qayıdanda tələbə vəziyyətini təyin etməyə çalışdı — yuxudurmu, ayıqlıqdırmı? O hələ də bayılmış haldadır, yoxsa tamamilə ağlını itirmişdir? Yadına gəlirdi ki, diqqətlə şəklə baxırdı və körmüşdü ki, şəkildəki sifət tüklənir. Əlbəttə bu yalnız onun gözünə görünə bilərdi. Amma hər halda tələbə döşəməyə yıxılıb qalmışdı. İndi də elə ordaydı, fotoların altında, döşəmənin üstünə sərələnmişdi. Otaqda da nədənsə işıq keçmişdi. Görünür, hardasa kontakt olub. Bundan əvvəl isə onu qara basırdı. Bəlkə yuxu hələ də davam edir. Yox, canım, indi o oyaqdır, hər şeyi dəqiq dərk edir və öz vəziyyətini də aydın duyur. Hamısı o vahiməli yuxunun və yorğunluğun, əsəb gərginliyinin sayəsindədir. Onun gözünə nə isə göründü. Özü də cürətsizlik elədi, iradəsini toplaya bilmədi, ürəyi getdi. İndi də həmin o bayıldığı yerdədir, öz otağındadır, bu otağı, bu mənzili bu gün kirayə tutub. İndicə duracaq, işığı yandıracaq. Ancaq bu duyum nədəndir, nədən ona elə gəlir ki, otaqda kimsə var? Həm də səslər eşidir. Özü də lap yaxınlıqda. Heç divarın ardında da yox, ondan da yaxında, lap böyründə. Sanki aralı qapının dalından gəlir bu səslər... Kimsə, yavaşdan inildəyir. Səslər qatılaşır, üst-üstə qalanır, Kimsə pıçıldayır, ehtirasla pıçıldayır, pıçıltıyla mübahisə edir... Səslər soldan eşidilir. Ancaq axı sol tərəfdə heç bir qonşu-filan yoxdur. Orada yalnız olmayan eyvana, boşluğa açılan, daha doğrusu, boşluğa qapanmış, mıxlanmış qapı var. Yəni yenədəmi o səmt hissini itirib, qaranlıqda sağı-solu çaşdırır. Tələbə başını sol tərəfə — səslər gələn tərəfə çevirdi;—otağının qatı zülmətində, döşəmə səviyyəsində nazik bir işıq zolağı görünürdü. — Bu işıq çalın-çarpaz taxtalarla mıxlanmış qapının altından gəlirdi. Belə işıq boşluqdan, havadan gələ bilməzdi, qapalı bir yerdən — otaqdan, dəhlizdən gələ bilərdi. Tələbə bu işıq zolağına tərəf süründü və səsləri, xısın-xısın danışıqları daha aydınca eşitdi. O bir gəlmə sözü də ayıra bilmirdi, amma danışanların kişi və qadın olduğunu və qızğın mübahisə etdiklərini müəyyənləşdirirdi. Bir an tələbəyə elə gəldi ki, onun adını çəkirlər, sonra boğuq gülüş səsləri eşitdi. Sonra yenə kiminsə küclə sezilən iniltisi, kiminsə hiddətli pıçıltıları... Kimsə yeknəsəqliklə sayırdı. Bir, iki, üç, dörd... Sonra kimsə qapını döydü. Bu qapını. Mıxlanmış qapını. Yalnız ikicə dəfə ehmallıca döydülər, lap yavaşdan. Özü də o tərəfdən — o tərəfdən ki, orada boşluqdan və iki lazımsız eyvan dayağından başqa heç nə yox idi. Tələbə qərara gəldi, ayağa durdu, qaranlıqda həmin qapıya tərəf gəldi və çalın-çarpaz taxtalardan yapışıb var kücüylə dartdı. Taxtalar qopdu. Sonra qapının dəstəyindən tutub güclü bir hərəkətlə özünə tərəf çəkdi, amma qapı çox yüngülcəsinə və yumşaq açıldı. Qapının o tərəfində dəhliz vardı — eynilə tələbənin mənzilindəki kimi bir dəhliz. Bu tələbəni heç təəccübləndirmədi də. Addımını atıb dəhlizə keçdi. Dəhliz ala-qaranlıq idi. İşığı yanmırdı, amma otağın açıq qapısından bura işıq düşürdü. Otaqda yanan da gur işıq deyildi, yarımçıq işıq idi — masa lampasından, gecə çırağından düşən işıq təsiri bağışlayırdı. Tələbə otağın qapısına yanaşdı və içəri baxdı. Ala-qaranlıq otaq, lap onun öz otağı kimi idi, amma avadanlığı bir qədər başqa cür düzülmüşdü. İşıq masa lampasından düşürdü. Bu lampa iri yazı masasını işıqlandırırdı və həmin masanın arxasında adam oturmuşdu. Onun əynində eynilə tələbənin geyiminə oxşayan cins şalvar və göy köynək vardı. Fiqurası da arxadan lap tələbənin kürəyinə bənzəyirdi, saçları da eyni rəngdə idi. «Bəli, — deyə tələbə düşündü, — indi mən lap yəqin dəli oluram, öz ikiliyimi, ikinci «mənimi» görürəm».
Ancaq masa arxasındakı adam başını qaldırdı, çevrilib təəccüblə tələbəyə baxdı. Bu həmin oğlan idi—qarının oğlu — əgər doğrudan da fotolardakı adam — həm bığsız, həm bığlı, həm köynəkli, həm kostyumlu — qarının oğlu idisə, həyatda o bığsız idi, amma çatma qaşları, sifət cizgiləri, baxışı hər iki fotoyla uyğun gəlirdi və onun canlı üzü bu iki fotonu fərqli cəhətləri ilə birlikdə vəhdət halında eyniləşdirirdi. «Necə? — deyə tələbə soruşmaq istədi — siz dirisiniz, ölməmisiniz, balkondan yıxılmamısınız?» — Amma heç nə soruşmadı. Elə bil dili tutulmuşdu. Masa arxasındakı adam xoş və mehriban bir təbəssümlə gülümsündü, ayağa durdu:
—Yəqin siz mənim qonşumsunuz? — dedi. — O, çox həlim bir tonla danışırdı. — Mıxlanmış qapını açıb gəlmisiniz, necə deyərlər, qonşuya baş çəkməyə, eləmi? — sonra o daha da mülayim səslə əlavə etdi: mən şadam ki, siz qərara gəldiz. Axı təbiətən siz çətin ünsiyyət bağlayırsınız və hamıdan da şübhələnirsiniz, həmi?
Tələbə:
—Bunu siz hardan bilirsiz?—deyə soruşmaq istədi, amma Yenə bir gəlmə də tələffüz edə bilmədi. Jins şalvarlı oğlan yenə də külümsündü:
—Təəccüblənməyin, — dedi, — mənim peşəmdir bu. Mən psixiatoram və insanların xasiyyətlərini sifətlərindən təyin edə bilirəm. Hər halda əsas cəhətlərini. Məgər mən düz tapmadım?
Tələbə yenə bir şey demədi, amma razılıq əlaməti olaraq azacıq başını tərpətdi.
—Bəs anam sizi xəbərdar eləməyibmi ki, bu qapını açmayasınız? — O bunu tənbeh kimi demədi, sadəcə olaraq maraq göstərirmiş kimi soruşdu.
—O sizin ananızdır? — deyə tələbə, nəhayət dilləndi. Soruşmaq istəyirdi: bu sizin otağınızdır?
Psixiator:
—Bəli, — dedi — sizə kirayə verilmiş otaq da mənimkidir. Anam mənə dedi ki, sizə verib...
—Bəs...
—Bilirəm, yəqin ki, mənə min bir sualınız var. Məsələn, elə birincisi; niyə mən öz otağımı kirayə verirəm. Və əgər verirəmsə, niyə bu işlə özüm məşğul olmuram, qoca xəstə arvadı məcbur edirəm. Elədirmi? Sizi bumu maraqlandırır? Əşi, oturun, oturun, sən allah. Radio sizə mane olmur ki?
—Yox, amma...
—Hər şey çox sadə, həm də çox qəlizdir. İş ondadır ki, mənim vəziyyətimdə olan adam, siz əlbəttə bilirsiz mən nəyi nəzərdə tuturam — tələbə heç nəyi bilmirdi, amma psixiator sözünü elə danışırdı, elə bil tələbə hər şeydən xəbərdar idi — bəli, mənim vəziyyətimdə olan adamın bu sayaq işlərlə məşğul olması bir qədər çətindir. Odur ki, anam imdadıma çatdı, elan verdi və sairə təşkilati məsələlərlə məşğul oldu. Konyak içmək istəmirsiniz ki?
Şkafdan bahalı konyak və yalnız bir dənə qədəh çıxartdı.
—Mən özüm içən deyiləm, — dedi. — Amma qonaqlarım üçün həmişə konyak saxlayıram. Bilirsiz də, içməyən adamın evində həmişə içki tapmaq olar. İçənlər içkini çox saxlamazlar — o yenə də gülümsündü. — Siz için, bu da şokolad, götürün məzə eləyin.
Tələbə qədəhi başına çəkdi və şokoladdan bir dişdəm götürdü. Psixiator: —Mənim işlərim, ümumiyyətlə çox qəribə oldu, — deyə sözə başladı. — Sizin indi yaşadığınız otağı mənə veriblər, bax, indi bizim oturub xoş söhbət elədiyimiz bu otaq isə arvadımındır. Keçmiş arvadımın — deyə o əlavə etdi və köksünü ötürdü. — İki qonşu mənzil ər-arvadın bəxtinə çıxıb. Olanda olur da... Əlbəttə bu mənzilləri alarkən biz hələ evli deyildik. — O, ayağa qalxdı, pəncərəyə yanaşdı və uzun-uzadı dənizə tərəf baxaraq fikrə daldı, sonra qayıdıb söhbətinə davam elədi. — Bu, uzun əhvalatdır, həm də müəyyən mənada romantik bir macəradır. İstəsəniz danışa bilərəm. Deməli, mənə qabaqcıl bir mütəxəssis kimi bu mənzili, daha doğrusu o mənzili verdilər. Buna qədər anamgildə qalırdım, onun evini görmüsünüz, şəraiti sizin üçün aydındır. İndi təsəvvür eləyin mən orda nələr çəkmişəm. Vu evi verəndə elə sevindim ki... Hə, yəqin özünüz də bilirsiz, bax, oturduğumuz həmin bu mənzil sizin kirayə tutduğunuz mənzillə bitişik qonşu olsalar da, eyni binada deyil. Bu mənzil köhnə binadadır, o binaya bitişik köhnə evdə. Nə isə, arvadım, keçmiş arvadım, çoxdandır ki, həmin bu köhnə evdə, bu mənzildə yaşayırdı. Bu iki binanın giriş qapıları ayrı-ayrıdır və bəlkə biz heç bir vaxt bir-birimizə rast da gəlməyəcəkdik. Amma doğrudan da qeyri-adi, görünməmiş bir hadisə baş verdi. Mən bir ara yaman Morze əlifbasıyla maraqlanırdım. Yaman həvəsimişdim və elə hey divarlara barmağımla Morze əlifbasının hərflərini döyəcləyirdim. O zaman arvadım bu mənzildə çarpayısını divara yapışıq qoyardı. Mən də divarın o biri tayında çarpayımda uzanardım, özümçün asta-asta divarı döyəcləyərdim, Axı nə biləydim? Bir dəfə də uzanmışam divara Morze əlifbasıyla hansı şairinsə şerini döyəcləyirəm. Bir də nə eşitsəm yaxşıdır? Divarın o tərəfindən mənə cavab verirlər. Morze əlifbasıyla həmin şerin ardını döyəcləyirlər. Təsəvvür edirsiniz? Az qala, dəli olacaqdım. Sən demə bu mənzildə yaşayan qız — sonralar biz evləndik — gəmidə radist işləyirmiş. Bir həftə dənizdə, bir həftə evdə olurmuş. Təsadüfən evdə olduğu vaxt, çarpayısında dincəldiyi zaman mənim «şerimi» eşidib və cavab verib. Bütün bunları sonralar, tanış olandan sonra bildim. Bir-birimizi bəyəndik, sevişdik, evləndik. Əlbəttə, qapı açıb mənzillərimizi də birləşdirdik. O, dənizə çıxanda, mən öz mənzilimin hamamında işığı həmişə yanar qoyardım gecələr. Dənizdən məhz bu pəncərə aydın görünür. O da gəmidən bu işığı görüb sevinərmiş. — Psixiatr dərin bir ah çəkdi. — Bu dünyada nə qədər mənasız işlər olur. Bəzən adam heç bir şey anlaya bilmir — axı niyə, nə səbəbdən, nəyə körə?
—Nədir ki?..
—Bilirsinizmi, mən tez-tez düşünürəm. Tale niyə bizimlə belə oyunlar oynayır? Məsələn, mənimki niyə məhz belə gətirdi, daha doğrusu kətirmədi? Yəni əvvəl gətirdi, sonra isə... qonşu mənzillər, tənha qadın, tənha kişi, ümumi divar. Morze əlifbası, tanışlıq, ünsiyyət, sevgi, əlaqə... Elə bil tale bizi birləşdirmək üçün qəsdən qəribə təsadüfləri mirvari kimi sapa düzmüşdü. Amma axırda, bütün bu qəribə təsadüflərdən daha bəsit, daha adi şeylər meydana çıxır və tale bizi ayırır.
—Siz boşanmısınız?
—Boşanmaq demək olmazdı buna. Çünki evlənməmişdik, yəni rəsmən, kəbinlə nigahda deyildik. Ona görə də boşanmadıq, sadəcə olaraq ayrıldıq. Sizi səbəblərmi maraqlandırır? İnanırsınız, mən özüm də indiyəcən bilirəm... Günlərin bir günü o yox oldu. Vəssalam.
—Necə yəni yox oldu?
—Çox sadə. Harasa itdi...
—Necə yəni harasa?
—Yəqin kiməsə başqasına uydu... Ya buna bənzər bir şey... Tez-tez onun dalınca gələrdilər, onu bahalı maşınlarda harasa aparardılar. Hara getdiyini heç vaxt mənə deməzdi. Sonralar mən onu axtarıb tapmağa cəhd etdim... Amma tezliklə məktub aldım. Özü də məktubu poçtla göndərməmişdi, zərfin üstündə nə mənim, nə də onun ünvanı vardı. Görünür kimsə, bəlkə də elə özü, məktubu gətirib mənim mənzilimin poçt qutusuna atıb. Məktubu şübhəsiz ki, özü yazmışdı. Xəttini yaxşı tanıyıram axı... Yazırdı ki, onu axtarmayım, o, tamamilə xoşbəxtdir və mənzilini də mənim ixtiyarıma buraxır, nə istəsəm edə bilərəm. Bir müddət, keçəndən sonra mən fikirləşdim ki, təkbaşıma iki otaq mənim nəyimə gərəkdir. — Mənzillərdən birini kirayə vermək qərarına gəldim. Özüm bura köçdüm — nə isə bu mənimçün bir təskinatdır — onun otağı, onun şeylərn, qoxusu — xatirələrdir başdan-başa, bir də ki, düzünü deyim, mən hündürlükdən qorxuram. Özüm həkim olsam da, psixiatriyadan bu hündürlük qorxusu mənə tanış olsa da hər halda özümdə bu azar — hündürlükdən qorxma azarı var. 20-ci mərtəbədə həmişə özümü bir az naqolay hiss etmişəm. Amma burda, üçüncü mərtəbədə elə dinc, elə arxayınam ki...
Tələbə təəccüblə:
—Necə yəni 3-cü mərtəbədə, məgər indi biz 20-ci mərtəbədə deyilik? — deyə xəbər aldı.
Psixiatr gülümsündü:
—Yanılırsınız, — dedi. — İndi biz köhnə evin 3-cü mərtəbəsindəyik. Bura köçməzdən qabaq siz 20-ci mərtəbədə idiz. Təzə evin.
—Axı...
—Sizi səviyyələrin fərqi təəccübləndirir. Üçüncü mərtəbə iyirminciylə necə bitişik ola bilər, həmi? Tavana baxmayın — psixiatr tələbənin baxışını tutdu — iş mənzillərin hündürlüyündə deyil. Bunlar hamısı standart evlərdir, hündürlükləri də eynidir. Ümumiyyətlə, hər şeyləri eynidir. Bircə o evdə zibil borusu var, bir də suyu, bizim evdəki kimi gecə saat on ikidə kəsmirlər. Qalan hər şey eyni cürdür. Hə, sizi başqa şey maraqlandırır. Baxışlarınızdan görürəm ki, tamam başqa şeylər haqqında düşünürsünüz. Bizim, necə deyərlər, qonşuluğumuzun səviyyəsi haqqında. Düzmü tapmışam? Bax, görürsünüz! İş ondadır ki, bu evlər torpağın müxtəlif səviyyələrində tikilib. Üçmərtəbəli bina təpənin üstündə tikilib və odur ki, onun üçüncü mərtəbəsi düzəngahda tikilmiş evin iyirminci mərtəbəsiylə tən gəlir. Bilmirəm diqqət eləmisinizmi, lift bəzən qalxmır, enir. Bu isə sizi kabinəyə hansı qapıdan kirmənizdən asılıdır. Kabinənin iki qapısı var və onun quruluşu da çox fəndlidir — kabinə öz məhvəri ətrafında fırlanır, hər iki evə — həm köhnə binaya, həm də təzəsinə xidmət edir. Əgər sağdakı qapıdan girsəniz o sizi aşağı endirəcək və gəlib çıxacaqsınız 20-ci mərtəbəyə. Bu çox adamı təəccübləndirir və hətta qorxudur. Sizə bir sirr açım — bu qəribəlikdən ağılları çaşanlar da var. Mən özüm bir neçə beləsini müalicə etmişəm. Doğrudur, hamını sağaltdım. Xəstəliyin lap ilkin mərhələsi idi. Təhlügəli bir şey yox idi. Yenə içmək istəyirsiz?
Tələbə içdi. Psixiatrla o özünü çox sakit və arxayın hiss edirdi. Bu adamla ünsiyyətdənmi, konyakın təsirindənmi, ya binanın tapmacalarından birinin aydınlaşmasındanmı, nə isə tələbə duydu ki, bütün bu gün ərzində beynini dumanlandıran izahsız mətləblər, get-gedə durulur, izah olunur...
Psixiatr qəfildən:
—Siz hələ mənzilinizdə səyahət etməmisiniz ki? — deyə xəbər aldı.
—Nə mənada?
—Məgər anam sizi xəbərdar eləməyib? Axı o bina eksperimental tikintidir, cürbəcür fokusları var. Bəzi mənzillər, o cümlədən həmin o mənim mənzilim də, lift kabinələri kimi şaquli səmtdə hərəkət edir, yəni qalxıb-enir. Təsəvvür edirsiniz, çox fikirləşib nə kəşf ediblər? Bütöv bir mənzil — lift. Özü də qalxıb-düşməsi həmişə sərxoş olan çaş liftyorun kefindən asılıdır. — Psixiatr susdu, sonra davam etdi. — Odur ki, bir gün gözlərinizi açıb dənizi olduğundan yuxarı, ya aşağı körsəniz mat qalmayın, — deməli, liftyor sizi gəzdirib. Anam da ona körə xəbərdarlıq edirdi. O mənzil qalxanda, biz daha qonşu olmuruq və o zaman həmin bağlı qapı da mənim dəhlizimə deyil, boşluğa açılır. Qapının çöl tərəfində iki uzun dəmir var, fikir verməmisiniz ki? Buferlərdir onlar. — İki evin arasındakı buferlər. Bəzən mənzil qalxıb-enəndə hərəkətin yelindən qapı öz-özünə açılır və hətta otaqdan küçəyə bir şey düşür. Ona körə də bu qapını belə möhkəm mıxlamışıq. İndi siz açdınız, eyib etməz, amma, ümumiyyətlə, ehtiyatlı olun. Görürsən, düşəndə düşür də. Fikirli oldun —o, xəfif bir təbəssümlə qədəhi köstərdi — bir qədər xumar vəziyyətdə gəldin evə, bilmədin qapını açdın ki, qonşuya gedəsən, bəli, tolamazlandın ordan birbaş küçəyə, təsəvvür edirsiniz, 20-ci mərtəbədən aşağı. Adamın sağ tikəsi qulağının dibində qalar. Anam ona körə sizə tapşırıb. Hamamda işığı saxlamağı necə, onu sizə demədi ki? Dedi, həmi? Yazıq arvad, elə sentimental adamdır ki... Hələ də elə bilir ki, arvadım dənizdən bu işığa baxır. Haçansa qayıdıb gələcək... heç cür unuda bilmir onu... Mən artıq unuduram yavaş-yavaş, amma anam heç unuda bilmir... Nə isə... Eh, nə olur-olsun gəlin mən də bir az sizinlə içim, nə isə ürəyim darıxdı. Ümumiyyətlə, mən içən deyiləm. Nə yaxşı ki, siz gəldiniz. Bilirsiz, iş öz yerində, mən yaman çox işləyirəm, amma bəzən görürsən adam yalqızlıqdan az qalır divara dırmaşsın. Mən hətta bəzən ürkürəm, qorxuram tənhalıqdan... Bircə bu radio, bir də maqnitofon... Mən müxtəlif adamların səslərini yazmışam — pıçıltılar, gülüş, inilti, mübahisə, say… əsasən mənim xəstələrimin səsləridir. Elmi işim üçün lazımdır mənə. Qurub qulaq asıram. Amma, inanırsız, bəzən iş-filan üçün yox, elə özümçün, öz kefimçün qururam. Oturub dinləyirəm. Mənə elə gəlir ki, otağım adamlarla doludur. İndi siz gəlməmişdən bir qədər qabaq da qurmuşdum.
Tələbə:
—Eşitdim, — dedi, — bu səsləri öz otağımdan eşidirdim.
Psixiatr tələsik:
—Siz allah, bağışlayın, — dedi, — mən bilmirdim ki, beləcə bərkdən qurmuşam. Ağlıma da gəlməzdi ki, sizə mane ola bilər. Axı bu evin qaydası var. Kecə elə ki lampaların rəngi dəyişdi, göyərdi, deməli, sakitlik vaxtıdır, radionun, televizorun səsini qısmaq lazımdır ki, qonşulara mane olmasın. Qatarlarda olan kimi də — gecə işığı — göy işıq. Doğrudur, sonra lampoçka yenə öz rəngini alır, amma daha səs salmaq olmaz.
—Bəs saat?
—Hansı saat?
Tələbə hiss edirdi ki, şüuru get-gedə vahiməli bilməcələrin torundan azad olur, açılır və indi o hər şeyi çikinə-bikinəcən aydınlaşdırmaq, öz-özünə izah etmək istəyirdi. İstəmirdi ki, bir qaranlıq guşə belə qalsın. Doğrudan da indi o bütün sirlərin cavabına çataçatda idi. Bir neçə saat bundan qabaqkı müdhiş məntiqsizlik dumanı get-gedə çəkilirdi.
Psixiatr yenidən soruşdu:
—Saat? Nədir ki?
—Niyə sizin saatınız geriyə işləyir?
Psixiatrın gülümsər baxışları birdən-birə tutuldu. O kədərləndi və bu an anasına oxşadı.
—Mənim qardaşım vardı, — dedi. —Məndən böyük idi, özü də saatsaz idi. Sabah düz bir ay keçir ölümündən. Bilirsiz, o da bir növ eksperimentçi idi. — Psixiatr xatirələr aləminə qərq olmuşdu, dalğın-dalğın danışırdı. — Qardaşımın başına qəribə bir fikir gəlmişdi: geriyə işləyən saat düzəltmək. İki dənə belə saat düzəltdi. Biri məndədir, biri anamda. Bu da onun qəribəliyi idi. Həm də bilirsiz, bu onunçün yalnız texniki məsələ deyildi. O bu işi necəsə fəlsəfi, metafizik bir mənada düşünürdü, necə deyərlər vaxtı keriyə axıtmaq istəyirdi. Yəni elə bu da bir növ qəribəlikdir də... Biz ona gülərdik, amma indi ölüb gedib və anamla mən onun bu qəribəliyinə hörmət eləyirik: düzəltdiyi saatları mütəmadiən qururuq və onlar da işləyir, işləyirlər geriyə. — O güldü.
Tələbənin artıq heç bir təlaşı yox idi. O dərk edirdi: bu gün rastına nə çıxıbsa — hamısının dəqiq məntiqi, izahı var. Hətta dəyişən fotoların da bir izahı olmalıydı və yəqin ki, mütləq var da. Görünür, fotokağızların kimyəvi tərkibində nə isə elə bir şey vardı ki, onlar kec aşkarlanır, yaxud bir əksin altından başqası çıxıb onu soldura bilirdi. Hər halda hökmən bunun bir elmi izahı olmalıydı. Həm də məgər ağappaq fotokağızda kimyəvi məhlulların təsiri nəticəsində yavaş-yavaş fotoşəkil aşkarlananda biz bundan qorxuruq, ya buna təəccüblənirik. Yəqin ki, qəfil adamı televiziyada vide-omaqnitofona yazsan, sonra o evdə oturub özü özünə baxsa, təəccübdən bağrı çatlar. Belə şey olar, mən burda oturmuşam, eyni zamanda da o qutunun içindən başımı çıxarıb danışıram, gülürəm. Şübhəsiz, bu fotolar da hansısa elmi eksperimentin bəhrələridir və burada qorxmalı, hürkməli bir şey yoxdur.
Tələbə:
—Fotoları da izah edin, — dedi.
—Fotoları, hansı fotoları?
—Mənim otaqımdakı, daha doğrusu, o otağınızda asılmış fotolar. Onların «sirri» nədir? — Sirr sözünü o yüngülvarı bir istehzayla dedi.
—Sirr? Nə sirdir ki? Bilirsiz, bu fotolardakı adamların çoxusunu mən heç tanımıram. Onlar mənim arvadımın... mənim keçmiş arvadımın qohum-əqrəbası, tanışlarıdır.
—Amma orda sizin də şəkliniz var.
—Bəli var. Nə olsun ki? — O bu sözləri bir qədər kəskin dedi, sonra daha yumşaq bir ədayla soruşdu: — İçmək istəyirsiz?
Tələbə başını tərpətdi. Psixiatr tələbənin qədəhini ləbaləb doldurdu, öz qədəhinə isə yarıyacan süzdü. İçdilər. Tələbə hiss etdi ki, bu tapmaca, deyəsən, bir qədər qəliz açılacaq, ya bəlkə heç psixiatr özü də onun cavabını bilmir. Son qədəh onu daha qəti bir addıma təhrik etdi və psixiatra diqqətlə baxıb lapdan:
—Məsələ ondadır ki, bu şəkillər dəyişir, — dedi.
Görünür, psixiatra çatmadı. O:
—Necə dəyişir? — deyə xəbər aldı.
—Elə beləcə; məsələn, tutaq ki, mən otaqdan çıxıram, mətbəxə gedirəm, bir neçə dəqiqədən sonra qayıdıram, fotolarda isə tamam başqa adamları görürəm. Ya da əgər əvvəlki adamlardırsa, bir də görürsən onlardan biri eynəyini çıxarıb ya köynəyini düymələyib. Əgər mətbəxdə bir az da yubanıramsa bu müddət ərzində fotodakı kişilərdən biri saqqal buraxır, ya da onun bığı çıxır.
Psixiatr tələbəyə sonsuz bir maraqla baxırdı. Uzun zaman gözlərini onun gözlərinin düz içinə zillədi, əllərini nəzərdən keçirdi, sonra isə qayğıkeşliklə:
—Bəlkə daha içməyək? — dedi.
Tələbə bir qədər dili dolaşa-dolaşa:
—Yox, yox, — dedi. — Mən əsla sərxoş-filan deyiləm. Bax, məsələn, elə sizin öz şəklinizi götürək. Mən mənzilə ilk dəfə girəndə şəkildə sizin bığınız yox idi, köynəkdə idiniz, köynəyin də yaxası açıq idi. Sonra isə şəkil dəyişdi — indi pencəkdəsiniz və bığınız var.
—Əşi, qoyun oturmuşuq — dedi, — axı mənim heç bir vaxt bığım olmayıb. Böyük qardaşımın bığı vardı. Anamgildə onun şəklini gördünüzmü?
—Gen yaxalı pencəkdə?
—Bəli.
—O şəkil indi sizin otağınızda... bizim otağımızdadır. Sizin şəklinizin yerində.
—Vıy, niyə anam o şəkli gətirib mənim şəklimin yerindan asıb? Bəlkə qardaşımın şəklinə baxmaq onun üçün ağırdır, ola bilər... Ona körə də...
—Siz məni düz başa düşmədiniz. Mən onu demək istəmirdim ki, qardaşınızın şəklini sizin şəklinizin yerindən asıblar. Mən demək istəyirdim ki, sizin şəkliniz qardaşınızın şəklinə çevrilib. Əgər bu doğrudan da qardaşınızın şəklidirsə... Çünki siz çox oxşayırsınız və şəklə baxanda adam düşünə bilər ki, bu elə sizin özünüzsünüz. Daha doğrusu sizin daha yaşlı sinndə, indi olduğunuzdan daha yaşlı sinndə şəklinizdir. Bir neçə ildən sonrakı şəkliniz. Kim bilir bəlkə bir neçə ildən sonra siz də bığ qoyacaqsınız.
Psixiatr bir söz demədən ehmallıca onun biləyindən tutdu, nəbzini tapdı, gözlərinin içinə baxaraq saymağa başladı. Tələbə başa düşdü ki, həkim onun psixik vəziyyətindən şübhələnib. Onun yerində kim olsaydı şübhələnərdi. Ancaq tələbə bütün bilməcələrin açılacağına o qədər inanmışdı ki, həkim onun barəsində nə düşünəcəyini eyninə almadan söhbəti axıra çatdırmaq istədi.
—İş ondadır ki, mən düz fotonuzun qarşısında dayandım və gözlərimi şəklə zilləyib baxmağa başladım. Mənim gözlərim qarşısında — o, sözünə ara verdi, sonra birnəfəsə dedi — mənim gözlərim qarşısında sifətinizdə tük çıxmağa başladı. İndi mənim burda olduğum müddətdə yəqin uzun saqqalınız çıxıb. Əlbəttə qırxdırmamısınızsa.
Psixiatr onun biləyini buraxdı, amma yenə də ayrılmadan gözlərinin içinə baxırdı, susmuşdu. Sonra durdu, aramla otaqda var-gəl etdi, kitab şkafına yanaşdı, rəfdən bir kitab götürdü, açdı, nə isə oxudu və kitabı yerinə qoydu. Tələbənin yanına gəldi, əlini onun çiyninə qoydu, gülümsündü.
—Anam mənə dedi ki, siz çox çətin və gərgin qəbul imtahanları vermisiniz. Özü də bu cəhənnəm istisində. Heç ürəyinizə salmayın və təlaş keçirməyin, bunlar hamısı yorğunluqdandır, stressdir... İnciməzsiniz ki, sizə bir neçə sual verim. Düzünü deyin, içkiyə aludə deyilsiniz ki? Mən görürəm, içən adama oxşamırsınız, amma bəlkə haçansa — o susdu, görünür, vermək istədiyi sualı çətinliklə tələffüz etdi — heç bir vaxt alkoqolizimdən müalicə olunmamasınız ki?
—Yox, — dedi. Tələbə qətiyyətlə.
—Bilirsiz, alkoqolizmin təsiri ilə, yəni davamlı uzun sürən alkoqolizmin təsiri ilə, bəzən adamın gözünə cürbəcür şeylər görünür; məsələn, adama elə gəlir ki, şəkillər hərəkət edir, yaxud divardakı aboy kağızları canlanır. Bizim tibb dilində bu delirium tremens adlanır. Heç bir vaxt sizdə alkoqolizm xəstəliyinin əlamətləri olmayıb ki? Bu mənada ki...
—Əşi boşlayın. Mən alkoqolik-zad deyiləm, psix-filan da deyiləm. Adi normal adamam. Amma bu gün...
—Əlbəttə, əlbəttə,—deyə psixiatr tələsik onun sözünü kəsdi. — Mənim heç şübhəm də yoxdur ki, siz tamamilə normal, sağlam adamsınız. Heç bir psixozdan-filandan söz ola bilməz. Mən görürəm axı... danışığınıza, davranışınıza diqqət edirəm bayaqdan. Söhbət yalnız yorğunluqdan, gərginliyin və andıra qalmış istinin təsiriylə müəyyən cüzi şüur əyintilərindən gedə bilər. Qavramanın bir qədər pozulması, vəssalam. Elektrik sistemin yada salın, adicə tellərin dolaşığından kontakt əmələ gəlir, lampalar sıradan çıxır, işıq sönür. Beyində də belə hal mümkündür. Müxtəlif səbəblərin, əlaqələrin nəticəsində beyinin müəyyən nöqtələrində, mərkəzlərində kontakt əmələ gəlir, şüurda işıq sönür, ya zəifləyir. Qorxulu bir şey yoxdur. Ancaq müəyyənləşdirmək lazımdır. Məsələn, sizdə səs qallüsinasiyaları olurmu heç?
—Nə?
—Eşitmə aldanışları. Bəzən sizə elə gəlirmi ki, küçədə sizi kimsə çağırır, adınızı çəkir, amma əslində...
Tələbə diksindi:
—Doğrudan bu gün iki dəfə mənə elə gəldi ki, məni çağırdılar, adımı çəkdilər, amma...
—Heç kəs yox idi, heç kim sizi çağırmırdı, — deyə psixiatr sevinclə gülümsündü. — Əla, əla. Bəs cürbəcür səslər necə, qulağınıza gəlirmi? Metallik səslər... Ya elə bil kimsə nəğmə oxuyur, pıçıltılar eşidirsiniz. İllah da yuxudaykən, yatan zaman — səslər artıq, üst-üstə qalaqlanır, gərginləşir, kimsə elə bil sizdən danışır, sizi nəsə qınayır, kimsə əksinə sizi müdafiə edir. Yaxud bir nəfər, sanki başınızın üstündə dayanıb sayır. Elə hey sayır...
—Bəli. Elə bu kecə, oyanıb durmazdan və sizin yanınıza gəlməzdən əvvəl yuxuda bu cür səslər eşidirdim, amma axı siz özünüz dediniz ki, bu səslər həqiqətdə də sizin otağınızdan, maqnitofondan gəlirmiş. Məgər mənim yuxuda eşitdiyim elə o səslər deyil?
—Əlbəttə, əlbəttə...
Sükut çökdü. Bir müddətdən sonra psixiatr yenə tələbəyə müraciət etdi:
—Bəs tanışlıq hissi necə? Məsələn, tutalım, sizə heç tanış olmayan bir şəraitə düşürsüz, amma elə bil buraya yaxşı bələdsiz, hər şey sizə tanış gəlir. Belə hallar keçirmisinizmi?
Tələbə bir qədər təəccüblənərək:
—Keçirmişəm, — dedi.
Psixiatr məmnunluqla:
—deia vu — dedi.
—Nə?
—Heç əzizim... Öz-özümə danışıram. Bir sual da verim sizə? — Elə bil psixiatr tələsirdi, elə bil qorxurdu ki, çoxdan axtardığı və təsadüfən tapdığı qiymətli bir şeyi əldən buraxa bilər. — Bəs əksinə necə, məsələn, tutalım nə isə sizə yaxşı tanışdır, ya məsələn nəyisə bir yerə qoyursuz, amma sonra elə bil bu yaxşı tanış olan şeyi ilk dəfə görürsünüz, yaxud özünüz qoyduğunuz əşyaya təəccüb edirsiz — bunu mən haçan qoymuşam bura?
Tələbə:
—Olur bəzən, — dedi. Bayaq hamamdan qayıdarkən külqabıda gördüyü siqaret yadına düşdü.
Psixiatr qətiyyətlə:
—Jamais vu — dedi — ikinci pozulma.
—Nə dediz?
—Bu mənim dissertasiyamın mövzusudur. Gerçəksizləşmənin ikinci şəkli.
Psixiatrın gözləri işıldayırdı, o get-gedə daha da qızışırdı.
—İnamsızlıq necə? Heç kəsə, heç nəyə etibar etməmək, hər şeydən, hamıdan şübhələnmək hissi? Bəzən sizə elə gəlmirmi ki, kimsə sizə tələ qurur, kimsə sizi təqib edir.
—Bəzən elə düşünürəm.
—Bəli, xalis Kandinski-Klerambo sindrom! dedi. Psixiatr: — Bəzən oriyentir, səmt hissini itirirsiniz, sağı-solu çaşdırırsız, eləmi?
—Elədir.
—Psixosensor sapıntı. Siz delirioz vəziyyətə düşmək ərəfəsindəsiniz.
—Hansı vəziyyətə? — deyə tələbə təlaşla xəbər aldı.
—Heç qorxmayın. İki-üç seans müalicədən sonra hər şey keçib gedəcək. Yaxşı ki, məhz mənə rast gəlmisiz. Ayrı heç kəsə bir şey deməyin. Bu mənim mövzumdur. Ancaq gərək mənimlə açıq danışasız. Heç nəyi məndən kizlətməyəsiniz... Seksual cəhətdən necə... heç bir sapıntı-filan yoxdur ki sizdə?
Tələbə əvvəl başa düşmədi, sonra anlayıb qıpqırmızı qızardı, bu fikrin özü belə ona nalayiq göründü və o tələsik:
—Yox, yox, — dedi.
—Çox gözəl. Bəzən siz nə isə kənar bir qüvvənin, tutalım, kosmik şüaların təsirini hiss edirsiz, guya kimsə kənardan sizə nə isə təlqin etmək istəyir, deyilmi?
—Məncə yox.
—Bəs belə bir hal necə: sizə elə gəlirmi ki, düşüncələriniz, fikirləriniz özünüzünkü deyil, sanki kiminsə başqasınındır, amma nə yollasa sizin beyninizə doldurulub. Və ya başqa bir şey: guya sizin bütün fikirlərinizi kənardan oxuyurlar, bütün düşüncələrinizi uzaqdan-uzağa bilirlər. Belə bir hiss keçirməmisiniz ki?
Tələbə boğuq səslə:
—Sizcə mən xəstəyəm? — deyə xəbər aldı.
—Yox canım, yox, əsla. Yorğunluq, gərginlik stress, vəssalam. Başqa heç bir şey yoxdur. İki-üç seans, ayrı heç nə lazım deyil. Elə dərhal başlaya bilərik. Deyir, bu günün işini sabaha qoyma. Ancaq gərək məni bağışlayasınız. Qısa bir müddətə sizi tək buraxacam. Mən rejimlə yaşayıram və adətən bu saatlarda duş qəbul edirəm. Siz oturun, məni gözləyin, xahiş edirəm. Mən bu saatca duş qəbul edib gəlirəm. Qəzetlərə, jurnallara baxın, iki-üç dəqiqədən sonra gəlim, söhbətimizi davam edək.
Psixiatr stolunun siyirtməsindən nə isə götürüb otaqdan çıxdı. Tələbə hamam tərəfdən su səsi və psixiatrın şən fit çalmasını eşidirdi.
Tələbə qəribə, haçalanmış bir duyğu keçirirdi, bir yandan qanı qaralmışdı: görünür, doğrudan da müəyyən psixi xəstəliyə tutulmuşdu və bu xəstəlik də həkimin ona dediyindən ciddi idi. Əlbəttə, həkim onu sakit eləməyə çalışırdı, həm də axı həkim onun keçirdiyi, məhz elə bu gün keçirdiyi qəribə halların hamısını bilmirdi. Amma digər tərəfdən tələbə bir qədər sakit olmuşdu hətta... onun dünyada ən çox sevmədiyi şey — qeyri-müəyyənlik və izahsızlıq idi. İndi hər şey belə dəqiq elmi anlayışlarla izah olunarkən o bütün maneələri edə bilərdi. O bu barədə açıq şüurla düşünə bilirdi deməli, şüurun özü sağlam idi. O, yarım şüşə konyak içmişdisə də bütün bu işlər haqqında ayıq beyinlə düşünürdü və eyni zamanda yenə də fikrinə qara bir şübhə gəlirdi: bəlkə bütün bunlar çox qəliz bir iblis oyunudur və həmin oyunda yalnız qarı deyil, onun bu həkim oğlu da (doğrudanmı, qarının oğludur bu adam?) iştirak edir və məqsəd — həqiqətdə də onun şüurunu pozmaqdır. Onlar bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən və yollardan istifadə edirlər. Əgər belədirsə, onda...
Xeyli vaxt keçdi. Təlaşlı fikirlərdənmi, içkinin təsirindənmi, yorğunluq və gərginlikdənmi, ya elə bunların hamısından — tələbə qəribə bir vəziyyətə — yarıoyaq, yarıyuxulu vəziyyətə düşdü, xumarlandı, gözü açıq-açıq mürgülədi. Amma sonra yuxunu gözündəi qaçırtdı və ona elə gəldi ki, bir neçə dəqiqə yox, azı iki saat keçib. Hamamdan psixiatrın şux fitləri və su şırıltısı eşidilirdi. Tələbə bir az da gözlədi. Yenə də qeyri-müəyyən, bir gözü ayıq, bir gözü yuxulu halda durub hamamın qapısına yanaşdı; indi qapı yarıaçıq idi, su şırıltısı kəsilmişdi, amma psixiatr əvvəlki kimi fit çalırdı. Taləbə yavaşcadan qapını döydü.
Psixiatr:
—Geyinmişəm, başımı darayıram, — deyə cavab verdi və yenə fit çaldı.
Tələbə otağa qayıtdı.
Yenə xeyli vaxt keçdi. Hamamdan fit səsləri eşidilirdi. Tələbə durdu, otaqdan çıxdı; indi hamamın qapısı taybatay açıq idi. Tələbə içəri baxdı. Hamamın içində, kətilin üstündə balaca maqnitofon vardı və fit səsləri oradan gəlirdi. Tələbə mat qaldı:
—Hardasız? — deyə əsəbi çığırdı. Mətbəxə cumdu, tualetə baxdı, otağa qayıtdı, çarpayının altına əyildi, şkafı açdı, yenidən mətbəxə qaçdı, buz dolabını açdı. Heç harda psixiatrdan əsər-əlamət yox idi. Tələbə yenidən otağa girdi, pəncərəyə yanaşdı; pəncərə içəridən möhkəm bağlı idi. Dəhlizə qayıtdı. Çöl qapısı zəncirlə bağlı idi, onu içəridən açan olmamışdı. Birdən tələbənin ağlına gəldi. «Bəlkə mənim otağıma keçib» — deyə düşündü və dəhlizdə otağının qapısına tərəf baxdı. Bayaq bu qapıdan gəlmişdi və qanını açıq qoymuşdu. İndi isə qapı möhkəmcə bağlı idi, iki taxtayla çalın-çarpaz mıxlanmışdı. Eynilə onun otağındakı taxtalara bənzəyən, ya da elə həmin o taxtalarla. Yenə də ələ salındığı üçün, axmaq yerinə qoyulduğu üçün cin tələbənin başına vurdu, hiddətlə taxtaları qopartdı, qapını itələdi, açdı və addımladı. Bir an sonra tələbə yenə də öz bayaqkı otağında idi... İndi daha onu heç bir şey təəccübləndirə bilməzdi. — Əgər görsəydi ki, fotoşəkillər bir-biriylə söhbət edir, yaxud güzgü televiziya ekranı kimi film köstərilir, yaxud duş telefon dəstəyi kimi danışır — tələbə mat qalmazdı. Ancaq hər şey adi idi. Hətta onun yatağı da qoyub getdiyi şəkildə əzik-üzük idi. Hamam və mətbəxdən səs-səmir gəlmirdi. Tələbə yavaşca hamamın qapısını açdı və diksindi. Psixiatr güzgü qarşısında saçını darayırdı:
Tələbə:
—Siz bura hardan gəldiniz? — deyə xəbər aldı.
Psixiatr tələbəyə tərəf çevrildi. Əynində gen yaxalı kostyum vardı, qalstuku vardı, bir də bığları vardı, həm də daha yaşlı görünürdü.
Psixiatr:
—Salam, — dedi. — Bağışlayın ki, mən... Sizə nə oldu? — deyə o, təlaşla xəbər aldı. — Elə bil sizi ilan qovub, rəngi-rufunuz qaçıb...
—Axı sizin... sizin, — deyə tələbə kəkələdi, — bığınız yox idi.
—Bığım yox idi? Haçan? Mən iyirmi ildir ki, bığ saxlayıram. Bəlkə məni kiminləsə səhv salmısız? Axı biz tanış deyilik. Bağışlayın, siz yəqin bu evin kirayənişisiniz. Anam mənim bu otağımı sizə kirayə verib. Mən sizdən çox üzr istəyirəm ki, rüsxətsiz, həm də kecənin bu vaxtında öz açarım-la qapını açıb mənzilə kirmişəm. Doğrudur, mənzil mənimdir, amma axı indi burada siz yaşayırsınız, deməli, mən də özkəni narahat etmişəm. Bağışlayın, amma mən elə bilirdim ki, siz hələ köçməmisiniz, həm də mənzilə girəndə mənə elə gəldi ki, otaq boşdur, heç kim yoxdur. Üzümü qırxmaq istəyirdim.
Tələbə kinayəylə:
—Bəli, — dedi, — mən otaqda yox idim və siz çox gözəl bilirsiniz ki, mən harada idim.
Psixiatr təəccüblə:
—Necə? Mən? — dedi. — Mən sizi ilk dəfədir görürəm, mən nə bilim siz hardasınızmış?
—Bura baxın, — qəzəb, acıq tələbəni boğurdu, — hələ biz baxarıq körək dəli hansımızdır, siz ya mən. Siz çox gözəl bilirsiniz ki, bir qədər bundan qabaq — bilmirəm neçə saat bundan qabaq — axı sizin saatlarınız da özünüz kimi dəlidirlər, bəli, bir müddət bundan qabaq biz oturub söhbət edirdik, özünüz bilirsiniz ki, nədən söhbət edirdik. Amma siz nahaq elə bilirsiniz ki, mənim ağlımı çaşdıracaqsınız, məni dəli edəcəksiniz. Bu saat sizin o yapışdırılmış saxta bığlarınızı qopararam, bütün bu qriminizi də silərəm, onda bilərsiz — tələbə əlini psixiatrın bığlarına tərəf uzatdı. Psixiatr diksinib geri çəkildi.
—Cavan oğlan, sizə nə olub? — dedi və burnunu çəkib, «fu, siz ki sərxoşsuz» — deyə əlavə etdi. — İçirsiniz öz işinizdir, amma sərxoş olub sizdən yaşca böyükləri təhqir etmək yaramaz. Əgər mənim mənzilimi kirayə almısınızsa, o demək deyil ki, mənə qarşı istədiyiniz kobudluğu etməlisiz. Əlbəttə mən bilsəydim ki, siz artıq köçmüsüz, gecənin bu vaxtında bura gəlməzdim. Bu mənim qəbahətimdir. Bəlkə heç siz tək olmayaydınız... Üzr istəyirəm. Məsələ ondadır ki, mən iki saat bundan qabaq təyyarəylə gəldim və səhər yenə xaricə uçuram. Bu vaxtlar bütün bərbərxanalar bağlıdır və dedim gedim, öz evimdə üzümü qırxım — danışa-danışa o otağa gəldi, tələbə də onun ardınca — bütün günahım budur, vəssalam, səmimi surətdə üzr istəyirəm. Əgər bərbərxana açıq olsaydı, onda...
Tələbə hiss edirdi ki, hiddətdən az qala boğulacaq:
—Bura baxın, — dedi — bərbərxana-filanın bura nə dəxli var, nə tovlayırsınız mənim başımı. Əgər siz psixiatrsınızsa, onda...
—Mən psixiatram? — deyə həkim təəccüblə soruşdu. — Bunu kim deyib sizə. Mən astrofizikəm, əzizim. İndi də beynəlxalq astrofizika konqresindən gəlirəm. Çox maraqlı bir problemə həsr olunmuşdu konqres — uzaq dünyalarla əlaqə yaratmaq məsələsinə.
Tələbə dilini dişinə sıxıb:
—Dolamayın məni, bəsdir, kifayətdir, xəbərdarlıq edirəm sizə,— dedi. — Deyin görüm bütün bunlar nə deməkdir?
—Bunlar, yəni nələr?
—Bütün bunlar — deyə tələbə təkrar etdi və otağa göz gəzdirdi — adicə otaq, divar saatı yeddinin yarısını köstərir — elə doğrudan da bu vaxt olardı, hava yavaş-yavaş açılırdı, stol, stullar, taxt, fotolar və o cümlədən də psixiatr — astrofizikin şəkli — kostyumlu, qalstuklu, bığlı, hər şey adi, normal idi. Tələbə nə cavab verə bnlərdi? Küt-küt:
—Bu sizsiniz? — deyə fotonu köstərdi.
—Mənəm, nədir ki?
—Sizin böyük qardaşınız deyil? Ya nə bilim bəlkə giçik qardaşınızdır.
—Mənim qardaşım yoxdur. Nə böyüyü, nə kiçiyi.
—Yoxdur və heç bir vaxt da olmayıb.
—Bəs saatsaz?
—Hansı saatsaz? Saatsaz kimdir?
—Saatsaz o kəsdi ki, bir ay bundan qabaq ölüb. O kəsdir ki, keriyə işləyən saatlar düzəldib. O kəsdir ki, ananız ona matəm saxlayır və fotosunu o evdən bu evə daşıyır.
—Siz deyəsən sayıqlayırsınız?
—Yox, bilirəm, siz çox istəyirsiz ki, mən sayıqlayım, istəyirsiz ki, ağlım çaşsın, dəli olum. Amma insaf dinin yarısıdır, doğrudan da çox mahir fokusçusunuz. Dahi gözübağlayıcısınız. Bayaq o biri mənzildə siz mənə çox suallar verdiniz, indi mən də sizə bircə sual vermək istəyirəm. Jəmi-cümlətanı bircə sual. Qorxmayın, sizdən soruşmayacam ki, başıma bu oyunları niyə açırsınız. Öz işinizdir. Sizdən ayrı şey soruşacam — başıma bu oyunları necə açırsınız? Məsələn bax elə o qapı. O mənzildən bu mənzilə nə yolla keçə bildiniz ki, qapı o biri tərəfdən mıxlanmış idi.
«Psixiatr»-astrofizikin rəngi qaçdı:
—Nə qapı, nə mənzil? Siz nə danışırsız?
—Bax bu qapı — deyə tələbə otaqdakı qapıya tərəf çevrildi və çılğınlıqla çığırdı:— Aman allah, bu da bir fokus! Yox, siz doğrudan dahisiniz. Mən indicə bu qapıdan içəri girdim və qapı da açıq qaldı, amma bir baxın, — o yenə də taxtalarla çalın-çarpaz mıxlanıb. Daha sözüm yoxdur, gözübağlıcılığınız əladır.
—Bilirsiz nə var?—deyə «psixiatr»-astrofizik təmkinlə danışmağa başladı. O hələ də sapsarı idi, amma görünür özünü ələ ala bilmişdi. — Mən bilmirəm ki, siz bütün bu sözlərlə nə demək istəyirsiz. Bəlkə anam mənim burda olmağımdan istifadə edib mənzili ruhi xəstəyə verib. Mən belə düşünmək istəməzdim, amma hər halda mənə elə gəlir ki, siz nahaq içirsiniz.
—Yaxşı, — tələbə aldadıcı bir sakitliklə müsahibinə baxdı. — Görək ruhi xəstə hansımızdır və kim-kimi dəli edəcək. Bu saat mən sizin gözünüz qarşısında bu qapını açacam.
Psixiatr həyəcanla:
—Yox, yox, — dedi, onun rəngi daha da qaçdı.
—Hə, cadularınızın sirri açılacaq, ondan qorxursunuz? Mən indicə bu qapını açacam və sizi qonşu mənzilə aparacam. Ora ki, bayaq orada siz bığsız psixiatr idiniz. Ya bəlkə qardaşınızdır orda, bilmirəm, hər halda mən sizin hamınızı ifşa edəcəm, bütün sizin murdar ailənizi! Körüm nə səbəbdən mənim başıma bu əclaf oyunları açırsınız.
Tələbə elə bil qızdırma içində, adda-budda danışırdı.
«Psixiatr»-astrofizik hirslənməkdən daha artıq təəccüblənirdi və onun mat qalması, sadəlövh təəccübü tələbəni daha da özündən çıxarırdı. Tələbə çılğın bir hərəkətlə taxtaları qopartdı, dartıb qapını açdı və addım atdı. Amma gözləri qarşısında 20 mərtəbə hündürlüyündəki boşluq girdabını körən an dəmir barmaqlar onun köynəyinin boynundan yapışdı və saxladı — bu ev sahibinin barmaqları idi.
Psixiatr-astrofizik:
—Dəli olmusuz? — dedi. — Axı buradakı balkon neçə ildir uçub, odur ki, biz də bu qapını mıxlamışıq. Oturun.
Ev sahibi tələbəni otuzdurdu və hələ də açıq qapıya çəp-çəp baxaraq otaqdan çıxdı, bir stəkan su kətirdi, tələbəyə uzatdı:
—İçin.
Tələbə içdi və bir qədər sakitləşdi. O özünü əzgin hiss edirdi. Elə bil hər şeydən bezmişdi, hər şeydən bıqmışdı, hər şeydən usanmışdı, dünyada hər şeyə qarşı laqeydlik duyurdu.
Ev sahibi:
—Özünüzü pis hiss edirsiz? — deyə xəbər aldı. Tələbə tam bir biganəliklə:
—Bilmirəm, — dedi.
—Dincəlin. Hər şey keçib gedər. Görünür, içki sizə çox pis təsir edir. Bir də ki... Mən çox namünasib vaxtda gəldim... Gərək məni bağışlayasınız... Bilsəydim...
Tələbə:
—Eybi yoxdur, — dedi.
—Mən elə bil lap göydən düşdüm, — ev sahibi elə hey özünə bəraət qazandırmağa çalışırdı. — Xaricdən bir az qabaq gəlmişəm və yenə də kedirəm. İndi də başqa ölkəyə, başqa konqresə. Vaxt məsələsinə həsr olunmuş konqresə. Vaxtın fəlsəfi və fiziki mahiyyətinə həsr olunmuş konqresə. İcazə verərsiniz siqaret çəkim?
Tələbə yünkülcə başını tərpətdi, yəni ki, hə, buyurun, sonra ikinci dəfə başını yellədi, yəni ki, yox: müsahibi ona siqaret təklif edirdi. Ev sahibi siqaretini alışdırdı və dərin qullab vurdu — siqaretin xoş, şirintəhər ətri vardı.
—Bilirsiz, — deyə ev sahibi yenidən sözə başladı, — bütün bu konqreslərin heç bir əhəmiyyəti yoxdur. Bax mən indicə çox böyük bir konqresdən gəlirəm, bayaq sizə dedim. Uzaq dünyalarla əlaqə probleminə həsr olunmuşdu konqres. Bütün ölkələrdən ən məşhur alimlər toplaşmışdı. Məruzələr, məlumatlar, filmlər, fotolar, lent yazıları, nə bilim daha nələr, nələr. Ancaq mənim fikrimcə, bu problem kögündən yanlış qoyulur. Sizi yormuram ki! Taksini 7-30-a sifariş eləmişəm, odur ki, hələ yarım saat da zəhlənizi tökəcəm... Bəli... Məsələ belədir ki, mənim fikrimcə kosmik əlaqələr probleminə tamamilə başqa prinsiplərlə yanaşmaq lazımdır. Tutalım, bax, o konqresdə nədən danışılırdı? Aresiboda nəhənk bir radioteleskop qurulub. Bu teleskopun vasitəsilə kosmosun dərinliklərinə məlumat göndərilib. Nə barədə? O barədə ki, biz—yer adamları onluq say sistemindən istifadə edirik. Beş atomu ən vacib sayırıq. İki ayağımız, bir başımız var. Yer üzündə sayımız da dörd milyarda yaxındır. Çox əcəb. Məni bağışlayın, amma bu üsulla qıza elçi getmək və oğlan haqqında məlumat vermək olar — peşəsi bu, vəzifəsi bu, pulu-dövləti bu qədər, qohum-əqrəbası filankəslər və s. və s. Amma kosmik kontaktları bu üsulla yaratmaq olmaz. Məsələn, Çikaqo universitetinin professoru Dreyk, Bombey universitetinin professoru Mukerçi, Yaponiyadan bir professor, adı yadımda deyil, çıxış etdilər. Onların hamısı neçə illərdir ki, çox qüvvətli radioteleskoplar və kompüterlər vasitəsilə yaxın qalaktikaları izləyirlər, radiosiqnalları yazırlar, amma nə nəticə hasil olub? Hamısı eyni bir nəticə əldə ediblər, yəni heç bir nəticə — ulduzlar susub. İndi də oturub başlarını sındırırlar: əgər doğrudan da uzaq ulduzlarda həyat varsa, bəs niyə ordakılar hay vermirlər?! Əgər bizim radio və telesiqnallarımızı eşidirlərsə, niyə dəstəyi qaldırıb cavab vermirlər — o gülümsündü və qırıq məftilli telefon dəstəyini göstərdi. Mən telefon dəstəyini nəzərdə tuturam — sonra nə isə düşünüb əlavə etdi — yeri gəlmişkən, bu təşbeh təsadüfi də olsa, çox dəqiqdir. Biz kosmosla məhz bu cür telefonla, qırıq telli telefonla, əlaqəsiz telefonla danışmağa cəhd edirik. Təsəvvür eləyin ki, bəzən nə cür mənasız işlər görülür. Bir neçə il bundan qabaq amerikalılar kosmosa Rok-n-Roll musiqisinin melodiyalarını göndərmişlər. İndi də oturub başlarını bulayırlar — niyə bir cavab çıxmadı. Bəlkə bu musiqini ora-dakılar bəyənməyib. Elə bil bu radiodinləyicilərin sifarişilə konsert-zaddır. Məruzəçilərdən biri hətta belə bir fikir atdı ortalığa: deyir, şübhəsiz, kosmosdan bizə xəbərlər göndərirlər, amma yüz ildə bir dəfə. Yüz il bundan qabaq, neçə yüz, neçə min il bundan qabaq yer üzündə radio yox idi ki, ismarışları qəbul edə bilək. İndi az qalıb, bu səfər kosmosdan bizə radio vasitəsilə papaq eləyən kimi başa düşəcəyik. Bişmiş toyuğun külməyi gəlir belə sözlərə. Əlbəttə, b,aşqa çıxışlar da oldu. Bəziləri deyirdilər, canım, ola bilsin ki, qallaktik əlaqə sistemi tamamilə başqa prinsiplər əsasında qurulur. Amma belə deyənlər də axırda nikbinliklə nəticə çıxarırdılar: heç kefimizi pozmayaq, ürəyimizə salmayaq, gec-tez biz də bu əlaqə prinsiplərinə yiyələnəcəyik. Nə deyəsən?
Görünür bizim şüurumuz Əlaqənin tamamilə başqa növünü anlamağa, təkrar edirəm başqa növ əlaqə prinsiplərini dərk etməyə qadir deyil. Odur ki, oturmuşuq nəhəng teleskopların yanında və gözləyirik. Jürbəcür siqnallar gözləyirik. Hələ çox gözləyəcəyik. Çünki bizə elə gəlir ki, kosmik Əlaqə balıq tutmaq kimi bir şeydir, torunu atıb oturmusan çay qırağında, gözləyirsən balıq haçan gəlib düşəcək. Yaxşı, deyək ki, mən ifrata varıram, məsələni tündləşdirirəm: biz universal şifr-siqnallar, anlaşıqlı rəmzlər, işarələr göndəririk kosmosa. Yaxşı, olsun, amma bütün bu özfəaliyyət nə deməkdir? Bizə elə gəlir ki, uzaq dünyalarla Əlaqə yaratmaq — radiohəvəskarlığı kimi bir şeydir, təsədüfən efirdə başqa bir radiohəvəskarın ultraqısa dalğalarıyla rastlaşacaqsan. Amma axı, mənim fikrimin məğzi odur ki, kosmik Əlaqə tamam başqa cür, gözlənilməz və izaholunmaz bir şəkildə də meydana çıxa bilər. Yəni biz insanların dərk edə bilməyəcəyimiz bir şəkildə. Bax, oturub gözləyirik, gözləyirik ki, bizimlə danışsınlar. Amma bəlkə bizimlə çoxdan danışırlar və ən müasir cihazlar vasitəsilə deyil, başqa üsulla. Bəlkə bax elə indinin özündə, bu otağın içində danışırlar bizimlə, amma biz başa düşə, anlaya, dərk edə bilmirik. — O, dərin bir qullab vurdu, bayaqdan bəri davam edən, uzun, pərakəndə monoloqunda bu ilk fasilə idi. — Axı uzaq dünyaların sakinləri — yenidən sözə başladı — bizimlə tamam başqa kanallar vasitəsilə Əlaqə yaratmağa təşəbbüs edə bilərlər. Tamamilə başqa rabitə formasından istifadə edə bilərlər. Bəlkə bizə məlum olmayan imkanlara malikdirlər və beynimizə, şüurumuza, psixikamıza təsir göstərə bilirlər. Onlar hətta bizim beynimizin imkanlarını — dünyanı məntiqsiz dərk etmək imkanlarını yoxlaya da bilərlər. Mən çox qəliz danışmıram ki, fikrim sizə aydındırmı?
Tələbə:
—Təxminən, — dedi.
—Bəli, bu uzaq aləmlər bizə radio, tele və başqa bizim qavraya biləcəyimiz işarələr vasitəsilə deyil, tamam başqa üsullarla müraciət edə bilərlər. Yaxud biz və onlar əyani şəkildə görüşməli olsaq, yəni onlar bizim planetimizə təşrif gətirməli olsa, bu görüşü biz bu gün, təqribən, necə təsəvvür edirik? Nədənsə bizə elə gəlir ki, onlar planetimizə iri kosmik gəmilərdə gələcək, nəhənk kosmodromlara düşəcəklər. Niyə? Axı kim dedi ki, onlar — uzaq aləmlərin sakinləri, — çox iri, azmandırlar və ya hətta elə bizim boyda, adamlar boyda olmalıdırlar. Lap qoy ən iri ulduzlarda yaşasınlar, axı bunun onların zahiri ölçülərinə, boy-buxunlarına heç bir dəxli yoxdur. Onlar ən görünməz mikrobdan belə kiçik məxluqlar ola bilər. Tamamilə cismsiz varlıqlar da ola bilərlər, məsələn, şüa, qaz şəklində, səs şəklində. Kim deyər ki, məsələn, səs—şüurlu varlıq ola bilməz. Təsəvvür edirsiz bütün bir ulduzun şüurlu sakinləri—yalnız səslərdir. Poeziyadır, eləmi? Və əgər bu tipli kosmik qonaqlar bizim planetə təşrif buyuracaqlarsa, ya hətta artıq çoxdan buyurmuşlarsa, onların yer üzündəki məskəni, qəbul meydançası insan beyninin guşələri də ola bilər.
Kişi elə danışırdı elə bil məruzə oxuyurdu, bəlkə bu doğrudan da onun konqresdə oxuduğu ya oxumadığı məruzə idi.
—Axı niyə biz razı olmuruq ki, kainatın başqa guşələrində tamamilə ayrı — şüar qanunları mövcuddur — bizim səbəb-nəticə bağlılığından fərqlənən qanun sistemi. Və onların bizimlə Əlaqəsi yalnız o zaman mümgün ola bilər ki, onlar bizim iqtidarımıza — bu qanunları aşıb keçmək iqtidarımıza inansınlar. Dünyanı dərk etməkdə bu məntiqi səbəb-nəticə bağlılığını aşa biləcək bir qüdrət varmı insan şüurunda? Onları məhz bu maraqlandıra bilər. Onlar beynimizin buna hazır olub-olmamasını yoxlaya, müayinə edə bilərlər. Şüurumuz Mümgünsüzlüyü qəbul edə bilirmi? Ya bəlkə onlar hələ bizim beynimizi — hazırlayırlar — başqa bir məntiq sistemini qavramaq üçün hazırlayırlar. Və onların bizimlə Əlaqə yaratmaq cəhdləri məhz bu sahədədir: beynimizdəki səbəb-nəticə bağlılığını qırmaq, ağlımızın quruluşunu dəyişmək. Axı bizim bütün idrakımız və kosmik əlaqələr yaratmaq təşəbbüsümüz ancaq və ancaq bu məntiqə, səbəb-nəticə bağlılığına əsaslanır. Aman allah, biz necə öz-özümüzdən müştəbehik, necə də qəti hökm veririk. Kainatı ancaq bizim məntiqimizlə dərk etmək olar!? İki dəfə iki mütləq dörddür! hər yerdə, hər zaman, kainatın hər guşəsində! Axı bir zamanlar biz insanlar eyni inadla inanırdıq ki, Yer hərəkətsizdir, Günəş onun başına dolanır və ayrı cür düşünənləri asıb-kəsir, odda yandırırdıq. Mən yalnız din fanatiklərini, inkivizisiyanı nəzərdə tutmuram. hələm-hələm adamlar deyil, Ptolomey kimi öz zəmanəsinin ən parlaq zəkası da buna — Yerin mərkəz olmasına, Günəşin onun başına dolanmasına inanırdı. Biz isə, öz zəmanəmizin Ptolomeydən qat-qat aşağı olan zəkaları, eyni bir inadla başqa şeyə inanırıq: Yer kürəsi günəşin başına dolanır. Buna zərrəcən şübhəmiz yoxdur, necə ki, Ptolomeyin də öz iddialarına heç bir şəkk-şübhəsi yox idi. Yaxşı, bəs birdən sabah, bizim təsəvvür belə eləyə bilmədiyimiz tamam başqa kəşflər və qanunlar əsasında məlum oldu ki, yox, Yer Günəşin deyil, Günəş Yerin başına fırlanır. Onda necə? Təbii ki, bunu mən zarafatla deyirəm, amma prinsipin özü ciddidir.
O nəfəsini dərdi və öskürməyə başladı. Eynilə anası kimi öskürürdü, uzun-uzadı quru öskürəklə. Bir az sakit olub stəkanı götürdü. Mətbəxə keçdi, Bu adamın nədən danışdığını, ona nəyi isbat eləməyə çalışdığını tələbə ağıllı-başlı anlamırdı heç. Tələbə indi yalnız bir şey düşünürdü: əgər indi bu adam mətbəxdən qayıtmasa, bir də heç bir vaxt görünməsə, tamamilə anlaşılmaz şəkildə mənzildən qeyb olsa və yaxud qayıtsa, amma, qiyafəsi, sifəti tamam başqa cür olsa — məsələn saçları çal, yaxud başı daz keçəl, ya elə olduğu kimi qayıtsa, amma onu, tələbəni tanımasa, özünü tamamilə ayrı bir adam kimi aparsa — bütün bunların heç biri artıq tələbəni təəccübləndirə bilməz. Onun indi keçirdiyi yekanə hiss — tam bir düşüncə biganəliyi idi, heç bir fikir zəhmətinə qatlaşmaq istəmirdi, heç bir şeyi dərk etməyə, anlamağa, izah etməyə həvəsi qalmamışdı.
Ev sahibi otağa qayıtdı. Bığları yaş idi. İndicə su içmişdi.
Divar saatına baxıb:
—Daha lap az qalıb — dedi. — İndicə sizi sakit buraxacam, başınızı ağrıtmayacam. Taksi on dəqiqədən sonra gələcək. Yeri gəlmişkən, vaxt haqqında. Vaxtı necə təyin etmək olar? Kim mənə isbat edə bilər ki, vaxt geriyə yox, irəliyə kedir? Vaxtdan söhbət gedəndə geri nədir, irəli nə? Nə müəyyənləşdirir vaxtı? Bax, bu cihaz, — o divar satını göstərdi,— bu qurulu mexanizm? Deyəcəksiz günəş tsikli — gündüz-gecə, yay-qış. Amma axı günəşlə bağlı bu hesablar yalnız bizim planetlər sisteminə aiddir. Bu sistem isə kainatda — zərrəcikdir, tozdur. Bəs günəşin özündə vaxt necə ölçülür?
Tələbə:
—Bilmirəm, — dedi.
—Amma axı vaxtın tamam başqa anlayışı da ola bilər.— O, sanki artıq tələbəylə yox, özü özüylə danışırdı. — Siz heç vaxtın nisbiliyi haqqında məişət səpkisində, adi həyat misalları səpkisində düşünmüsünüzmü? — deyə yenə tələbəyə müraciət etdi.
—Yox.
—Mən isə düşünmüşəm. Təsəvvür edin ki, yatmısız. Bu zaman qapınız döyülür, yaxud telefon zəng çalır. Yuxuda yox ha, gerçəklikdə. Gerçəklikdə bunlar — qapı döyülməsi, telefon zəngi — bir an çəkir. Amma bu bir real anın ərzində yuxuda siz uzun bir əhvalat görürsüz. Və yuxuda gördüyünüz bu əhvalatlar mütləq qapı döyülməsi, talefon zəngilə bitir. Deməli, bu yuxular zənglə, qapı döyülməsi ilə əlaqəlidirlər. Başqa sözlə desək, yuxunun bu səhnələri, sizin beyninizdə məhz həmin səslər səslənən zaman doğulur. Amma yuxuda siz bu səslərlə bağlı hadisənin əvvəlini də görürsünüz, elə bir şey görürsüz ki, həmin səslərlə sona çatır, bitir. Deməli, bu səslərin səsləndiyi müddət ərzində gerçəklikdə və yuxuda iki müxtəlif ölçülü zaman paralel şəkildə mövcuddur, amma onların müddətləri ayrı-ayrıdır. Fikrim sizə çatır?
Tələbə:
—Çətinliklə, — dedi, — mən çox yorulmuşam.
—Bağışlayın, bağışlayın, mən də sizi lap yorub əldən saldım. Bilirsiz mən fikirlərimi kiminləsə bölüşmək istəyirdim. Odur ki... Hə, vaxtdır, mən getməliyəm.
O, ayağa durdu, papağını qoydu, üzərində müxtəlif şəhərlərin, otellərin damğaları olan dama-dama çamadanını götürdü və tələbəylə vidalaşıb qapıya tərəf getdi. Qapını açdı, sonra nədənsə yenidən otağa qayıtdı və dedi:
—Əlaqə problemi, bax bundadır. Biz şüurunuzun dəyişməz məntiqi qanunlarının pozulmasına razı olacayıqmı? Hadisələrin səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləcəyikmi? Tamam başqa bir şüur sisteminin olmasını qəbul edəcəyikmi? Uzaq dünyalarla Əlaqənin yaranıb-yaranmayacağı məhz bunlardan asılıdır. Amma əgər bütün Qeyri-adi, Dərc olunmaz. İzahedilməz, Şüurumuzasığışmaz şeylərə yenə məntiqi rasional səbəblər axtaracayıqsa, vərdişli analogiyalar arayacayıqsa, bir şeyi kasıb zehnimizin qısa arşınıyla ölçəcəyiksə, o zaman heç kəslə heç bir Əlaqə yaratmaq mümkün olmayacaq. — O gülümsündü, amma bu çox kədərli gülüş idi və sifətinin bu kədərli ifadəsiylə o bir daha anasını xatırlatdı. — İnanın mənim sözlərimə. Salamat qalın...
Qapını örtüb getdi. Az sonra tələbə aşağı düşən liftin səsini eşitdi.
Pəncərədən açıq bir səhər üzü görünürdü. Ulduzlar çoxdan sönmüşdü. Daha doğrusu, dan işığının açıqlığında itib görünməz olmuşdular.
Tələbənin yorğun şüurunda bir fikir oyandı: o düşündü ki, əl-aqibət axır ki, zəiflik göstərmədi; və qarı, nə onun dərin qırıldadan alim oğulları — ya eyni yeganə oğlu — iki idi onlar, ya bir nəfər idi — kim bilir? — hər halda bu qəribə ailə — ikisi olsun, üçü olsun, fərqi yoxdur — hamısı bar yerdə tələbənin şüurunu poza, başını xarab edə bilmədilər. O, dəli olmadı ki, olmadı.
Tələbə soyunub yatağına girdi. Yuxuya gedə-gedə düşünürdü: «Gərək kitabxanadan kosmik əlaqələrə aid ədəbiyyat alıb oxuyam».


Tarix: 08.06.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 726 Bölmə: Anar