beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabah biz ayıq olacayıq
Sabah biz ayıq olacayıq

Biz günortadan oturub içirdik. Mən. Bir də Aydın. Əvvəl araqnan pivədən başladıq. Sonra keçdik konyaka. İndi də ki hələlik çaxırın üstündə dayanmışıq. Çaxır. Al qırmızı şərab. Portveyn. Yaxşı çaxırdır. Şip-şirin. Lap elə pis olsun. Bizimçün indi heç bir təfavütü yoxdur. Nə cür olur, olsun, cəhənnəmə ki… Kefimiz yaman kökdür. Aydın dünən arvad-uşağını Moskvaya yola salıb. Səhər mənə zəng elədi ki, gəl bura. Gəldim. Gördüm, bəli, məclis tamamdır. Məclis deyəndə, yəni ki, bir mən idim, bir də Aydın. Amma butulkalar, bir cavan şairin yazdığı kimi "qoşun təkin stolun üstünə düzülmüşdülər". Bəli başladıq, başladıq, nə başladıq. Dörd-beş saat olar ki, içirik. Əlbəttə ara verə-verə. Çoxlu söhbət eləyirik. Kefimiz yaman kökdür. –Sən öl, da o gecə evə necə gəlib çıxdığım yadımda deyil. Əşi zalımın qızına deyirəm… Biz hər şeyi açıq danışa bilmirik. Aydının anası Rüxsarə xanım o biri otaqdadır. Amma elə belə, üstü örtülü danışanda da hər ikimiz hər şeyi başa düşürük. Mənim yadıma yay əhvalatı düşür: –Yadında, Aydın, – deyirəm, – Plyajda, Lyalyaynan. Aydın gülüb özündən gedir. –Lap yadımdan çıxmışdı – deyir. Axı bir ay bundan əvvəl Lyalyanı gördüm. Ərə gedib. –Yox əşi?

İndi mən gülməkdən özümü saxlaya bilmirəm. Aydın gücnən özünə gəlib: –Sən öl – deyir – Bir nümunəvi arvad olub ki. Deyir ərim məni bir saat gözündən iraq qoymur. –Əşi mən ölüm düz deyirsən? –Vallah, Zeynal canı. –İnanmaram. Dünyasında belə şey ola bilməz. Mən doğrudan da inana bilmirəm ki, yer üzündə bu cür məzəli möcüzələr ola bilər. Lyalya ha? Ay səni, Aydın. Aydın var gücüylə məni inandırmağa çalışır. –Canınçün öz gözümlə görmüşəm. –Əşi yeri attanmağının dalıycan, mən guya Lyalyanı tanımıram. –Sluşay, sənə söz deyirəm. Da Lyalya o sən görən Lyalya deyil e. –Bəs Mura necə? – Mən gülməkdən sözümü qurtara bilmirəm – Yoxsa Mura da… ha, ha, ha-mən gülüşdən boğulaboğula – yoxsa, yoxsa Mura da… ərə gedib – deyirəm. –Mura? Ha, ha, ha… Mura. Aydın gülür, gülür və kürsüdən yerə yıxılır. O ayağa qalxa bilmir. Mən yanaşıb onu qaldırmaq istəyirəm. O dartıb məni də yerə yıxır. Biz parket döşəmənin üstünə sərələnirik. Rüxsarə xanım gəlib bizə baxır, məzəmmətlə başını yelləyir və dinməz o biri otağa keçir. Mən döşəmənin üstündə özümü o qədər rahat hiss eləyirəm ki, heç durmaq istəmirəm. Gözlərimi tavana zilləmişəm. Tavan lap alçaqdır. Tavanda yaşıl yarpaqlar, sarı, qırmızı güllər çəkilmişdir. Elə ala-bəzəkdir ki, elə bil qusublar. Hardansa yadıma knyaz Andrey Balkonski düşür. Lap yaxşı yadımdadır ki, oda hardasa, hansı çöldəsə bax beləcə mitil kimi sərələnib göylərə tamaşa edirmiş. Hardasa oxumuşdum ki, bir tənqidçi deyir ki, Tolstoy bu yerində ceyranı lap gözündən vurub, yəni əntiqə yazıb. Dahiyanə yazıb. Mən bunu Aydına danışmaq istəyirəm, ona başa salmağa çalışıram ki, Andrey Balkonski niyə çöldə uzanıb göyə baxırmış və niyə görə bu dahiyanədir. Aydın qanmaz heç nə başa düşmək istəmir. Ancaq pis-pis söyüşlər söyür. –Zəhləmi tökmə, əl çək. Mən onun yaxasından yapışıram. –Ay axmaq, heç bilirsən Andrey Balkonski kimdir? Aydın əlini yelləyir. –Svoloçdur. Mən razılaşıram. Aydın deyir: –Əsgər də svoloçdur? –Hansı Əsgər? –Muradov. –Yaxşı. Mən razı. Yüz əlli faiz. Aydın deyir: –Muxtar Hüseynov da svoloçdur. Mən məmnuniyyətlə razılaşaram. Aydın bir qədər fikrə gedir, sonra deyir: –Sən də svoloçsan. Mən etiraz edirəm. –Aydın canı yox – deyirəm. Aydın deyir: –Amma mən svoloçam. Həm də əclaf. Mən deyirəm: –Onda mən də svoloçam. Aydın razılaşır. –Yaxşı, onda biz ikimiz də svoloçuq. –Oldu. Çox gözəl, çox da pakizə. Birdən mənim yadıma Knyaz Andrey düşür. –Biz svoloçuq – demirəm – Andrey Tolstoy dahidir. Aydın deyir: –Cəhənnəmə ki. Kefini pozma! Bütün dahilər bir az o söz. O barmağını gicgahına qoyub fırladır. Mən təəccüblə baxıram. Axı, adamın heç inanmağı gəlmir. Aydın lap qəti deyir: –Sən öl, mən lap yəqin bilirəm. Sonra nə isə yadına düşür. Mənə baxıb gülür: –Axı sən də bir vaxt dahi olmaq istəyirdin, yadında? Mənim də yadıma düşür. İkimiz də gülməkdən ölürük. Hələ bu harasıdır; Aydın daha da gülməli xatirələr yadına salır: –Yadında, Zeynal, bir bina tikmək istəyirdin e, fırlanan, ha, ha, ha. Necə oldu tikdin? Ha, ha, ha. Jalki çertojnik. Muxtar Hüseynovun mladşi pomoşnikinin starşi zamestiteli. Ha, ha, ha. Məni gülmək boğur. Bir təhər nəfəsimi dərib: –Hə, tikdim – deyirəm, – tikdim. Hamamın tipovoy proyektini dünən köçürürdüm. Bəs hamamın içindəki duş fırlanmır? Hə, Aydın, fırlanmır? –Ha, ha, ha. Biz doyunca gülürük. Sonra Aydın deyir: –Amma mən uşaqlıqda şarlatan olmaq istəyirdim. –Niyə? –Mən elə bilirdim ki, şarlatan 1 Mayda o rəngbərəng şarları satana deyirlər. O şarlardan yaman xoşum gələrdi. –Yox əşi? Öz canımçün. Həmişə məndən soruşarlardı ki, Aydın nəçi olacaqsan. Deyərdim: şarlatan. Hamı gülməkdən ölüb gedərdi. Biz yenidən qəhqəhə çəkirik. Ayaqlarımızı bərk-bərk yerə döyürük və "Qubanın ağ alması" havasını oxuyuruq: Qubanın ağ alması, Yeməyə bağ alması, Yar gələnə qalıb Aydın balqabaq oxuyur ki, "yaz gələnə qalıb", deyirəm, ay mən deyən" yaz yox, e, yar, elə kor dediyin tutan kimi əl çəkmir, yaz ki, yaz. Deyirəm ay küdü", yar, e, yar, bilirsən "yar" nə deməkdir"? Rüxsarə xanım içəri girir və bu səfər bizə acıqlanır.

–Yekə kişisiniz. Bu nə gündür. Aydın deyir: –Ana sənə qurban olum – yüyürüb onu öpmək istəyir. səndən başqa mənim heç kimim yoxdur. – Rüxsarə xala cəld o biri otağa çəkilir. Mən durub kürsüdə otururam. Aydın da qalxır. –İçək? –Əlbətməkin. O nə sözdür? Biz yenə içirik. Kefimiz lap əladır. Aydın anasına nə dedi? Nə qədər çalışıramsa yadıma sala bilmirəm. İndicə e, bax bu saat. Nə isə mənə təsir etdi. Amma nə dediyini yada sala bilmirəm. Biz bir də içirik. Kefimiz lap əladır. Amma nə isə mən hiss eləyirəm ki, nə isə, niyəsə tamam bəxtiyar ola bilmirəm. Nə isə yaddaşımın, ya ürəyimin, bilmirəm heç haramın harasındasa nə isə bir tikan batıb bir az zoqquldayır, məni tamam bəxtiyar olmağa qoymur. Ha fikirləşirəm, tapa bilmirəm. "Yaxşı nə ola bilər? Sabah tezdən işə gedəcəm? Nə olsun. Tezdən durmağı çoxdan vərdiş eləmişəm. İlk günlər bir az çətin olurdu. İndi öyrəşmişəm. Muxtarın çertyojlarını da dünən hamısını köçürdüm verdim. Yaxşı bəs nə olub? Nə olub? Nə?". Aydın yenə nə isə oxuyur. Məndən soruşur ki, mən niyə oxumuram. Mən də oxumağa başlayıram. "Uca dağ başında, ceyran… yaxşı ev kirəsini də vermişəm. Heç kəsə borcum da yoxdur. Yol eylər… Ürəyimin başında… Dişimi də çəkdirmişəm. Çəkməm sıxmır. Evim dammır. Peykan yol eylər. Yaxşı bəs onda nə olub, axı, nə olub? Axı nədi? Fikrim dumanlıdır, yada sala bilmirəm. Aydın nə isə çərənləyir. Fikir vermirəm. Axtarıram. Bu gün. Dünən. Srağa gün. Bir həftə, bir ay, aylar, il, illər… Aha, tapdım. Kamilə deyirəm.

–Nə? - deyə Aydın təəccüblə soruşur. –Kamilə. –Hə. Aydın mənə çaxır tökür. –İçək? –İçək. İçirik. Aydın arvadının hoqqalarından danışır. –Mənə deyir ki, yaşıl paltonu geyinmə, xoşuma gəlmir, deyirəm, Sevda bu yaşıl palto deyil, qaradır, deyir, gərək elə həmişə mənim acığıma bu yaşıl paltonu geyinəsən. Aydın bərkdən şaqqıldayıb gülür və söhbətini davam eləyir: –O gün kinoya gedirik… Mən Aydına baxıram. –Kamilə – deyirəm. Aydın: –Hə deyir – Bəsdi Zeynal. Onu deyirəm axı, kinoya gedirik… O mənim gözlərimə baxıb susur. Sonra deyir: –Bu barədə düşünmə Zeynal. Unut. Gəl içək. Kefimiz əməlli başlıdı, sən allah soğan doğrama. Öz qanını da qaraltma mənimkini də. Aydın haqlıdır. –Əlbəttə əşi – deyirəm mən yenidən bayaqkı kimi şən olmaq istəyirəm – içək. İçirik. Mən tam bəxtiyar deyiləm. Amma zərər yoxdur. Qoy heç olmasa kefimiz kök olsun. Mən məzəli bir əhvalat danışmağa başlayıram. –Dünən vağzalda… – deyirəm. Hiss edirəm ki, dalın danışmayacam. Həvəsim qaçdı. Aydın mənə baxır. Mən deyirəm: –Kamilə. Aydın birdən-birpə ciddiləşir. Unut. Unuda bilmirəm. –Onda iç. –İçə bilmirəm. –Gedək yat. –Yata bilmirəm. -Onda ağla. -İstəmirəm. -Bəs nə istəyirsən? –Zəng eləyəcəm. –Hara –Kamiləyə. Aydın təəccüblə mənə baxır. Heç bilmirəm bu haradan mənim ağlıma gəldi dedim. Amma indi ki, dedim sözümün üstündə duracam. Birdən Aydın bərkdən şaqqıldayıb gülür. –Axmaq adam, niyə gülürsün? Telefonunuz hanı? Aydın yenidən ciddiləşir. –Deyəsən pyansan. –Özünsən pyan. Mən… Mən onu vurmaq istəyirəm. O üzümdə nə ifadə görürsə qorxur. Telefonun yerini göstərir. Mən onsuz da bilirdim ki, telefon hardadır. Telefona tərəfə getmək istəyirəm. Aydın zəif bir təşəbbüs eləyir. -Zeynal, vallah lazım deyil. Mən onu itələyirəm. Götürüb bir stəkanı doldurub başıma çəkirəm. Sonra səndələyə-səndələyə telefona yanaşıram. Dəstəyi götürüb fikrə dalıram. İndi zəng eləyəcəm və xoşbəxt olacayıq. Bəxtiyar olmaq necə də asan imiş. Bir şüşə araq, bir şüşə konyak, bir də çaxır. Vəssəlam. Qurtardı getdi. Hə, bir də telefon. – Flan - flan - flan - filan. "Alla, sizsiz Mələk xala Salam meleykim. Kamiləni çağırın. Kamilə, salam. Zeynaldır. Bəli. Gəlsənə gəzməyə çıxaq. Bəli. Yaxşı gəlirəm". Bütün problemlər necə də asan həll olunurmuş. Bir şüşə araq, bir şüşə konyak, bir də çaxır. Vəssəlam. Sonra isə Kamilə. Qurtarmaz gəzintilər. Pərvanə tək başlarına dolanacağımız kvartallar. Qarış-qarış ölçəcəyimiz küçələr. Kölgəliklərində dincələcəyimiz bağlar. Bəxtiyarlıq. Tam bəxtiyarlıq. Doğrudur, fırlanan bina olmayacaqdı. Amma əvəzində Kamilə. Qurtarmaz gəzintilər. Kamilənin nəvazişləri. Səsi, Məlahəti. Bizə bu qədər çətin görünən problemlər necə də asan həll olunurmuş. Aydın yeni bir təşəbbüs eləyir: –Zeynal, qardaşımsan. Telefonun dəstəyini qoy yerə. Gəl otur. Yaxşı deyil. Məzəlilik eləmə. O tamamilə ayılmışdır. Mən isə hiss eləyirəm ki, axırıncı stakan lap beynimin içinə axmışdır, başım dumanlanıb, odur ki, zəng eləmək istəyimin qarşısını heç nə ala bilməz. Tam bəxtiyarlıq üçün nə qədər az şey lazım imiş. Bir şüşə araq. Ya iki şüşə araq. İki şüşə olsa heç konyak-zad da lazım deyil. Daha da yaxşı. Konyakla arağı qatışdırmaq yaxşı olmur. İki şüşə araq. Bəsdi. Hə, bir də telefon. Mən nömrələri yığıram. –Flan - flan - flan - flan. –Allo, sizsiz Mələk xala. Salam məleyküm. Zeynaldır. Aydın yüyürüb dəstəyi qapmaq istəyir. Mən itələyib onu yıxıram və dəstəyə deyirəm: –Kamiləni olar? Dəstək sükuta qərq olur. Sonra Mələk xala titrək bir səslə: –Dəli, dəli olmusan Zeynal? - deyir. –Niyə dəli olmuşam Mələk xala, Kamiləni istəyirəm, Kamiləni, Kamiləni - deyə mən həsrətlə bağırıram - Neyləyim, axı neyləyim? Bədbəxt qadın sonsuz bir iniltiylə: –Kamiləni qoruya bilmədin, biçarə - deyə hönkürür - qara torpaqlara verdin.

–Bilirəm - deyirəm - Mələk xala, bilirəm. Məni bağışla. Sərxoşam. Amma sabah ayıq olacam. Mən dəstəyi asıram. Yenidən Aydınla oturub içirik. Axı hələ səhərə çox var. Hərdən bir Rüxsarə xanım qapını açıb məzəmmətlə başını yelləyir.


Tarix: 08.06.2015 / 16:08 Müəllif: Aziza Baxılıb: 203 Bölmə: Anar