beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir tuzaqda
Bir tuzaqda

Sanki rol oynayıram,
Özü də heç çaşmadan.
Nə artıq demək olmaz,
Nə əskik demək olmaz.
Sərhədimi aşmadan
Bir az sağa gedirəm,
Bir az sola gedirəm.
Amma onu bilirəm -
Hamı tamam başqadır,
Mənsə tamam özgəyəm,
Hamı iş adamıdır,
Mənsə gərək gözləyəm:
Gələnləri qarşıla,
Gedənləri yola sal...
Boş sözləri alqışla,
Elə ayaq üstə qal...
Onunsa vaxtı yoxdur,
Onu buyurmaq olmaz!
Öz qayğıları çoxdur:
İşə gedir, yorulur,
Hələ ali məktəbə
Pul da verib oxuyur.

Nə olsun ki, mən ondan
İyirmi sənə öncə,
O, alkoqol əlində,
Papiros damağında
Küçələri gəzəndə,
Gecə-gündüz oxuyub
Ali məktəb bitirdim?!
Lakin necə oldusa,
Amalımı itirdim.
Mən əhli-müsəlmanam,
Gərək, dözəm, dayanam.
Kafir ayrı, mən ayrı.
Amma görəsən niyə
Qoyanda tərəziyə
Bəxtəvərlik payını
Onunku ağır gəlir.
Bəs onda yaxşı ilə
Yamanın fərqi nədir?
Budurmu mükafatım?
Yeksənəkdir həyatım...
İndi ondan geridəyəm,
Çünki mən bir yerdəyəm,
Çünki mən bir tuzaqda!
...Azadlıqsa uzaqda...


Tarix: 25.05.2015 / 11:38 Müəllif: Aziza Baxılıb: 176 Bölmə: Afaq Şıxlı