beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya yalan deyil
Dünya yalan deyil

Cahil nə anlasın, aqillər bilər:
Dünya həqiqətdir, bir yalan deyil!
Qoynuna kim gələr, kimlər köç eylər...
Bilirik bizlərə o qalan deyil!
Yazılan qismətlə olmasaq qane,
Yaşam uzun olar, səadət ani.
Bəzən aldansaq da, desək də fani,
Ədalətsiz yerə öc alan deyil!
Gedirik durmadan biz bilə-bilə,
Anlar uçub keçir, qarışıb yelə.
Günlər aya dönür, aylarsa ilə,
Aldığını geri qaytaran deyil!
İnsan düz danışsa gəldikcə səsi,
Edilən dualar olacaq bəsi.
Dar qəlbli olmasa, sevsə hər kəsi,
Yaxşılıq dünyadan yox olan deyil!
Səxavət cənnətin gizli açarı!
Tapdığın neməti payla tən yarı!
Nə qədər yığsan da dövləti-varı,
Heç kim özü ilə aparan deyil!

Bir pöhrə bəsləsək bizlərdən sona,
Qoymasaq şaxtadan, soyuqdan dona,
Kölgəsini salsa əgər hər yana,
Savab ömürlükdür, bircə an deyil!
Vətən müqəddəsdir, əzizdir vətən,
Yolunda gərəkdir candan keçəsən.
Dağının, daşının qədrini bilsən
Sən də şad olarsan, peşiman deyil!
Nağıldır, nəğmədir, sirdir təbiət -
Gecələr möcüzə, sabahlar cənnət!
Sevənlər bilirlər bu necə hikmət:
Məhəbbət ötəri bir duman deyil!
Afaq, bu həyatda sən tap özünü,
Eşidə bilsinlər ürək sözünü,
Sonunda vətəndə yum ki, gözünü,
Qürbət sənin üçün ağlayan deyil!
Vətənsiz ürəyin şad olan deyil!
Dünya - vətənimdir, bu yalan deyil!


Tarix: 25.05.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 195 Bölmə: Afaq Şıxlı