beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı — Milli Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.[1] Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.[2]

"Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının bazasında yaradılmışdır.

Milli Bank qanunvericiliyə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir.[3]Mündəricat
1 Tarixi
2 Funksiyası
3 Statusu
4 Beynəlxalq əlaqələri
5 Pul
6 Qanunları
7 Keçidlər


Tarixi

1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən Mərkəzi Bankın yaradılması üçün də hüquqi baza yaradıldı. Belə ki, "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsi bütövlükdə məhz bu məsələləri əhatə etdi. Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə yanaşı həmin maddə Mərkəzii Bankın da statusunu və səlahiyyətlərini müəyyənləşdirdi. Belə ki, Mərkəzi Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edildi. Eyni zamanda "Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının 1991-ci il 8 oktyabr tarixli Qanununa əsasən büdcə-maliyyə sisteminin tənzimi, habelə mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən olunurdu. Məhz bu Qanuna əsasən, habelə yuxarıda qeyd edilən Konstitusiya Qanununa uyğun olaraq "Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradıldı və 1992-ci il 7 avqust tarixdə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun qəbul olundu. 1992-ci il 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Mərkəzi Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul etdi. Sözügedən Qanunda Mərkəzi Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yetirən dövlətin mərkəzi bankı kimi müəyyən edildi. Eyni zamanda Mərkəzi Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verildi.

Funksiyası

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Mərkəz Bankın funksiyalarına aşağıdakılar aiddir:
dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununa, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.

Statusu

Mərkəzi Bank dövlət orqanıdır, Azərbaycan Respublikasının mərkəzi bankıdır. Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman onun fəaliyyətinə qanuna zidd təsir və müdaxilə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin ("Pul vahidi") II bəndində deyilir: "Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Milli Bank dövlətin müstəsna mülkiyyətindədir". Konstitusiyaya əsasən Mərkəzii Bank dövlət hakimiyyətlərinin (qanunvericilik, icra, məhkəmə) heç birinə aid deyil. Bununla belə Milli Bank haqqında müddəanın Konstitusiyanın "Dövlətin əsasları" adlanan II fəslində verilməsi, onun xüsusi statuslu dövlət strukturu olmasına dəlalət edir. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda Milli Bankın digər dövlət orqanları ilə qarşılıqlı münasibətləri təsbit edilərək onun dövlətin bankı və maliyyə agenti rolunda hüquq və vəzifələri müəyyən edilmiş, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinin, o cümlədən büdcə-vergi, qiymət-tarif, daxili və xarici borcun həcmi və idarə edilməsi məsələlərinin müzakirəsində onun iştirakı nəzərdə tutulmuşdur. Bu hüquqi norma dövlətin iqtisadi siyasətini həyata keçirən orqanlar arasında fəaliyyətin əlaqələndirilməsinə və mövcud imkanlardan daha səmərəli istifadə olunmasına xidmət edir. 10 dekabr 2004-cü il tarixli yeni redaksiyada qəbul edilmiş Qanunda dövlət rəhbərliyi və ictimaiyyət qarşısında hesabatlıq sistemi vasitəsilə Milli Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün effektiv mexanizmlər müəyyən edilmişdir. Belə ki, Qanuna müvafiq olaraq Mərkəzi Bankın fəaliyyəti haqqında müvafiq dövlət orqanına hesabatın təqdim edilməsi, həmçinin həyata keçirilən siyasət və fəaliyyətinin nəticələri haqqında ictimaiyyətə məlumatların açıqlanması tələbi onun fəaliyyətinin şəffaflığını təmin edir. Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının Prezidentinə hesabat verir. Yeni qanunda Mərkəzi Bankın fəaliyyətinin şəffaflığını təmin edən əsaslardan biri də Bankın idarəetmə sistemində korporativ idarəetmə standartlarının tətbiqidir. Belə ki, Mərkəzi Bankın təşkilati strukturunun, idarəetmə orqanları arasında səlahiyyət bölgüsünün, daxili nəzarətin forma və əsas prinsiplərinin bilavasitə qanunda təsbit edilməsi, Bankın idarəetməsində maraqlar münaqişəsini aradan qaldıran məsələlərin qanunla tənzimlənməsi Milli Bankın fəaliyyətinin tam şəffaf olmasına şərait yaradır. Mərkəzi Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir, Qanunda istisna olunan hallardan başqa onun razılığı olmadan kapitalının və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Mərkəzi Bankın nizamnamə kapitalı 50 milyard manatdır. Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın idarəetmə funksiyalarını İdarə Heyəti və İdarə Heyətinin sədri həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Mərkəzi Bankın İdarə Heyətinin sədrini Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikasının Prezidenti təyin edir. Mərkəzi Bankın auditorlarını Azərbaycan Respublikasının Prezidenti təyin edir. Yeni qanun Mərkəzi Bankın bütün funksional fəaliyyəti sahələrinə nüfuz etmək, tənzimlədiyi sferalara beynəlxalq təcrübəyə uyğun səmərəli nəzarəti həyata keçirmək imkanlarını nəzərdə tutur.

Beynəlxalq əlaqələri

Mərkəzi Bankın beynəlxalq əlaqələri ölkənin maliyyə-texniki ehtiyacları baxımından beynəlxalq maliyyə-kredit institutları, xarici mərkəzi banklar, donor təşkilatlarla zəruri əməkdaşlığın inkişaf etdirilməsi, Mərkəzi Bankın beynəlxalq əlaqələrinin genişləndirilməsi və beynəlxalq maliyyə çevrələrində ölkəmizin və eləcə də Mərkəzi Bankın müsbət imicinin möhkəmləndirilməsi, Mərkəzi Bankda həyata keçirilən islahatlara xarici texniki yardımın təmin olunmasına yönəldilmişdir. Bu əməkdaşlıq 3 istiqamətdə həyata keçirilir: 1. Beynəlxalq maliyyə-kredit institutları ilə əməkdaşlıq Mərkəzi Bank beynəlxalq maliyyə-kredit institutları ilə ölkənin inkişafına maliyyə-kredit resurslarının cəlb olunması, Mərkəzi Bankın və bütövlükdə bank sisteminin inkişafı istiqamətində intensiv əməkdaşlıq edir. Beynəlxalq Valyuta Fondu (BVF) ilə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafın Təmin Edilməsinə Yönəldilmiş Kredit Mexanizmi (PRGF) proqramı çərçivəsində əməkdaşlıq həyata keçirilir. Bundan əlavə BVF-nin ekspertləri Mərkəzi Banka Kart Prosessinq Mərkəzinin yaradılması, Milli Ödəniş Sisteminin inkişafı üzrə Dövlət Proqramının hazırlanması, eləcə də digər istiqamətlərdə texniki yardım göstərmişlər. "Banklar haqqında" və "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunlarının beynəlxalq standartlara tam uyğun olaraq hazırlanması sahəsində BVF ilə əməkdaşlıq edilmişdir. Bankın 2003-2005-ci illərdə Azərbaycan üzrə ölkə Strategiyasında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Dünya Bankı ilə fəal əməkdaşlıq edilmişdir. Azərbaycanın maliyyə sektorunda həyata keçirilən islahatlara yardım göstərilməsində Dünya Bankının Maliyyə sektoruna texniki yardım layihəsi mühüm yer tutur. Bu layihə çərçivəsində respublikada mütərəqqi texnologiya əsasında ödəniş sistemlərinin inkişaf etdirilməsi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi, Kart Prosessinq Mərkəzi, Mərkəzləşdirilmiş Kredit Reyestri və s. mühüm layihələr həyata keçirilmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda maliyyə sektorunun güclənməsi istiqamətində aktiv fəaliyyət göstərir. AYİB-in maliyyə sektorunda fəaliyyəti banklara kredit xətlərinin təmin edilməsi, Mikromaliyyələşdirmə Bankının kapitalında və özəl bankların kapitalında iştirak, eləcə də dövlət banklarının özəlləşdirilməsi istiqamətində həyata keçirilir. Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda 2004-cü ildə nümayəndiliyinin açılması bu qurumla əməkdaşlığın daha aktiv aparılmasına imkan vermişdir. 2004-cü il ərzində AİB-in ekspertləri ilə "Yaşayış mənzillərinin maliyyələşdirilməsi" layihəsinin hazırlanması üzrə müzakirələr aparılmışdır. 2. Xarici Mərkəzi banklarla əməkdaşlıq Bank sektorunda dünyada mövcud olan qabaqcıl praktika və texnologiyalar ilə tanış olmaq, bu standartların və texnologiyaların Azərbaycanın bank sistemində tətbiqinə nail olmaq, eləcə də xarici ölkələrin Mərkəzi Bankları arasında Azərbaycan Mərkəzi Bankının özünün nüfuzlu yerini müəyyənləşdirmək məqsədilə inkişaf etmiş ölkələrin Mərkəzi Bankları ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Bu istiqamətdə Almaniya Bundesbankı, Polşa Milli Bankı, İsveçrə Milli Bankı, Çexiya Mərkəzi Bankı, Türkiyə Mərkəzi Bankı, Qazaxıstan Milli Bankı, Fransa Mərkəzi Bankı ilə səmərəli əməkdaşlıq əlaqələri həyata keçirilir. 3. Digər xarici təşkilatlarla əməkdaşlıq Mərkəzi Bankın digər xarici təşkilatlarla beynəlxalq əlaqələri, əsasən, bankda həyata keçirilən islahatlara texniki yardım dəstəyinin təmin edilməsinə yönəldilmişdir. Bu məqsədlə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Almaniya İnkişaf Bankı (KfW), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə sıx əməkdaşlıq edilmişdir.



Pul

1992-ci il 7 avqust tarixində "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin ayın 15-də Azərbaycan Respublikasının milli valyutası - manat tədavülə buraxılmışdır. 1992-ci il 1 dekabr tarixdə isə Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir. Sözügedən aktlarda Milli Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yetirən dövlətin mərkəzi bankı kimi müəyyən edilmişdir. Eyni zamanda Milli Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir.

1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur. 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin II bəndində isə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsdiq edilmişdir. Eyni zamanda həmin bənddə Milli Bankın dövlətin müstəsna mülkiyyətində olması da təsbit edilmişdir. Konstitusiyanın tələblərindən irəli gələrək 1996-cı il 10 iyun tarixdə "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Qanun yeni redaksiyada qəbul edildi.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli Fərmanı ilə verilən tapşırıq əsasında 2002-2004-cü illər ərzində hazırlanan "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Qanun 10 dekabr 2004-cü ildə yenidən qəbul edilmiş və 22 dekabr 2004-cü ildə qüvvəyə minmişdir.

Qanunları


12 fəsil, 66 maddədən ibarət olan yeni qanun Milli Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha dəqiq müəyyən etmiş, Milli Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur. Pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin ödəniş sisteminin tənzimlənməsi və inkişafı, bank nəzarətinin həyata keçirilməsi, dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi və s. Milli Bankın mühüm vəzifələrindəndir.

18 mart 2009-cu il tarixli ümumxalq referendumunun nəticəsinə əsasən bankın adı dəyişdirilərək "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılmışdır. İdarə Heyətinin sədri - Elman Rüstəmovdur.


Tarix: 19.03.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 424 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari