beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya Azərbaycanlılarının III Qurultayı

Dünya Azərbaycanlılarının III Qurultayı — Dünya azərbaycanlılarının üçüncü Qurultayıdır.

"Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilmişdir.
İştirakçılar
Qurultayda 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak etmişdir. Nümayəndələrin əksəriyyəti Rusiyadan olmuşdur – 155 nəfər. Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya 11, Kanada 10 nəfərlə təmsil olunmuşdur. Qurultayda İranda yaşayan 35 milyon azərbaycanlının heç bir təmsilçisi olmamışdır.

Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılmışdır. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırmışdır.

Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, ahıska türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də olmuşdur.

Yekunu
Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.

Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə icra katibi seçilib. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115-ə çatdırılıb.


Tarix: 12.02.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Ümumi