beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yelizavetpol quberniyası - Tarixi

Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdı. Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi. Qafqaz təqviminin (1917) məlumatına görə Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi. Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə, 1119,087 nəfər (87,76%) qəzalarda yaşayırdı. Əhalinin etnik tərkibi belə idi: azərbaycanlılar 783065 nəfər (61,41%), ruslar 36957 (2,90%) və s. Yelizavetpol quberniyasında quberniya idarə sistemi mövcud idi Quberniyanı hərbi qubernator, 1872-ci ilin martından isə qubernator idarə edirdi. Xanların, bəylərin, ağaların əlində 440,7 min, kəndlilərin əlində 124,3 min desyatin torpaq vardı. Əhali müxtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq, ipəkçilik, üzümçülük, heyvandarlıq və s.), sənətkarlıq sənaye fəaliyyəti və ticarətlə məşğul olurdu. Quberniyada dağ-mədən və əlvan metallurgiya sənayesi müəssisələr (Yelizavetpol və Zəngəzur qəzaları) yerləşirdi. İpəkçiliyin əsas mərkəzi (Nuxa qəzası) də burada idi. Azərbaycan pambığının xeyli hissəsi Yelizavetpol quberniyasının pambıqtəmizləmə zavodlarında emal edilirdi. Üzümçülük və şərabçılıq inkişaf etmişdi. Birinci dünya müharibəsi (1914-1918) quberniyanın iqtisadiyyatına ağır zərbə vurmuşdu. Fevral inqilabından (1917) sonra Yelizavetpolda və digər qəza şəhərlərində ictimai təşkilatların icraiyyə komitələri yaradılmış, quberniya və onun qəzalarına Müvəqqəti hökumətin komissarları təyin olunmuşdu. Bununla bərabər Yelizavetpolda Fəhlə və Əsgər Deputatları Soveti də yaranmışdı Eyni zamanda, qəza şəhərlərində (Şuşa, Nuxa, Karyagin və b. də sovetlər təşkil edilmişdi. Sovetlərdə bolşeviklərin nüfuzu zəif idi. Yelizavetpol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905-07 illər inqilab dövründən genişlənən milli-siyasi təşkilatlanma davam edirdi. Milli azadlıq hərəkatının görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev və b. böyük iş aparırdılar Nəsib bəy Yusifbəyli 1917-ci ilin martında Türk ədəmi-mərkəziyyət partiyasının əsasını qoymuşdu. Milli azadlıq hərəkatına qarşı mübarizədə erməni-daşnak və bolşevik siyasi partiya və təşkilatları birləşərək, eyni mövqedən mübarizə aparırdılar. Oktyabr çevrilişindən (1917) sonraBakıda sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində Yelizavetpol quberniyasının mövqeyini daha da möhkəmləndirdi. 5 (18) noyabrda Yelizavetpolda keçirilən Qafqaz müsəlmanlarının hərbi qurultayı azərbaycanlılardan ibarət hərbi hissələr yaradılması haqqında qərar çıxardı. Knyaz Maqalov başda olmaqla, müsəlman süvari polku yaradıldı.


Tarix: 11.02.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 222 Bölmə: Ümumi