beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən xan Qovanlı-Qacar

Həyatı
Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qvardiyasında xidmətə başlamışdı. Rusiya-İran savaşlarında iştirak etmişdi. Sarı Aslan ləqəbi qazanmışdı.

Həsən xan İran ordusunda şərəflə xidmət edib, igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Qardaşı Sərdar Hüseynqulu xan Qacar – Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçayda bağlanmış mənhus sülh müqaviləsinin on ikinci maddəsinə əsasən rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Bu maddəyə əsasən İrəvanın sabiq sərdarı Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var – dövləti Rusiya imperiyasının ixtiyarına keçdi. 1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərqulu xan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini İran ordusu ilə birləşdirdi. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib, böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi. 1806-cı ildə ruslar İrəvana yenidən hücuma hazırlaşarkən Hüseynqulu xan Qacar İrəvan sərdarı təyin olundu. 1807-ci ildə Həsən xan qardaşının yerinə Fətəli şahın qullar ağasıbaşı (rəisi-qulaman) idi. 1808-ci ildə ruslar İrəvan üzərinə yenidən yürüş etdilər. Həsən xan İranın digər sərkərdələri ilə birləşərək şəhəri qoruyurdu. Möhkəm vuruşma oldu. Sentyabr və dekabr aylarında olan hərbi əməliyatlarda feldmarşal İ.B.Qudoviçin qoşunları darmadağın edildi. Rusların on üç minlik qoşunu pərən-pərən düşdü. Həmin il noyabrın 17-də olan döyüşdə isə rus qoşunlarından 289 nəfər qılıncdan keçirildi, 574 nəfər ağır, 285 nəfər yüngül yaralandı. Yeddi nəfər yüksək rütbəli rus zabitindən biri öldürüldü, dörd nəfəri isə ağır yaralandı. Rus çarı bu rüsvayçı məğlubiyyətdən sonra feldmarşal İ.B.Qudoviçi hörmətsiz vəziyyətdə geri çağırıb, istefaya göndərdi. İrəvan döyüşlərində heç bir müvəffəqiyyət əldə edə bilməyən rus qoşunu Gürcüstana qayıtdı.

1820-ci ildə Həsən xan İranda Çehriçini tutmaq istəyən osmanlı hakimlərinə qarşı vuruşa getdi və osmanlıların bir neçə şəhərini tutdu, onlara böyük tələfat verdi. Bir ildən sonra, 1821-cı ildə türklər alınmış şəhər və kəndləri geri qaytarmaq üçün 70 min ordu ilə İran sərhədinə yeridilər. Azərbaycan valisi şahzadə Abbas mirzə Naibüssəltənə ordunu təşkil edib hücuma keçdi və bu döyüşdə İran ordusu qələbə qazandı. Sərdar Həsən xan Qacar İranın ən yaxşı sərkərdəsi kimi özünü göstərdi və Sarı Aslan ləqəbini aldı.

1825-ci ildə ruslar Balıqlı – Güney və İrəvan hüdudunda olan Göyçə dəryasının guya onların zəbt etdikləri yerlər olduğunu iddia edirdilər. Hər iki dövlət arasında bu məsələ müzakirə olundu və sərdar Sarı Aslan Həsən xanı İrəvandan çağırdılar ki, həqiqəti aşkar etsin. O, bu danışıqlarda Rusiyanın iddiasına qarşı kəskin çıxış edib, onların bəhanələrini rədd etdi. Lakin ruslar müzakirənin nəticələrini gözləmədilər, həmin yerlərə yiyələndilər. Həsən xan Rusiya – İran müharibəsində (1826-1828) o sərdarlardan idi ki, öz əsgəri vəzifəsinə əməl etdi, son saata qədər ruslarla vuruşdu və düşmənə təslim olmadı. 1826-cı ilin yay hücum əməliyyatında general Həsən xan Qacar Pənbək və Şoragöl ərazisini tutdu, rus qoşunlarına hücum edib, onları məğlubiyyətə uğratdı. İyun ayında müharibə başlananda qoşun başçısı kimi əsgərlərin qarşısında qısa nitq söyləyən sərdar Sarı Aslan Həsən xan and içmişdi ki, Qafqazda yaşayan din və dil qardaşlarını kafir ruslardan təmizləyəcəkdir. O, Rusiyaya qarşı bu savaşı qəzavat- "müqəddəs müharibə" adlandırmışdı.

1827-ci ildə Sarı Aslan Həsən xan Mustafa xan Şirvani və şəkili Hüseyn xanla birlikdə Tiflisin yaxınlığınadək rus qoşununu məhv etmək üçün hücuma keçdilər. Bu cəbhədə güclü müqavimətə rast gələrək ruslarla vuruşdular və ağır döyüşlərdən sonra geri çəkilməyə məcbur oldular. Rus qoşun başçılarından general Doyq 1827-ci ildə Rusiya–İran müharibəsində Sərdarabadı tutmaq üçün İrəvana hücum etdi və Həsən xanın güclü müqaviməti ilə rastlaşdı, çarəsiz qalıb, İrəvanın otuz altı kilometrliyində olan Talinə qayıtdı. Bir az sonra ruslar Üçkilsədən Həsən xanın ordusuna hücum etdilər. Bu döyüşdə xeyli rus döyüşçüsü qırıldı və əsir düşdü. Bu dəfə də Sərdar Həsən xanın qəhrəmanlığı və şücaəti onların öz məqsədlərinə çatmasına mane oldu. Onlar İrəvanın mühasirəsindən əl çəkib, Naxçıvana getməyə məcbur oldular. 1828-ci ilin sentyabrında Naibüssəltənə Abbas mirzə Həsən xanı İrəvana Sərdarabad qalasının mühafizəsi üçün göndərdi. General İ. V. Paskeviç onu mühasirəyə aldı və qala şərq tərəfdən süquta uğradı. Həsən xan düşmənə əsir olmamaq üçün qala divarlarından kənara çıxıb, İrəvana hücum edib, düşməni qovdu. General İ. V. Paskeviç Sərdarabadı zəbt etdikdən sonra İrəvana tələsdi, on iki gün gecə – gündüz aramsız döyüşdən sonra İrəvanı tutdu. Yenilməz sərkərdə Sarı Aslan Həsən xan bu dəfə əsir düşdü. General İ.V Paskeviç Qasım xanı, Fətəli xanı, Sübhanqulu xanı, Sarı Aslanı, Mirzə Mahmud Maqsudlu Astarabadı və Həmzə xan Əzanini özü ilə Tiflisə gətirdi. Feldmarşal İ. V. Paskeviç onlarla əsir kimi yox, sərkərdələrə layiq hörmət və ehtiramla davrandı. 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi bağlandı və onun on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarıldı. O cümlədən Sərdar Həsən xan Sarı Aslan azad edildi. Sərdar Həsən xan İrana gəlib, mühüm işlərlə məşğul olmağa başladı.

1828-ci ildə Fətəli şah Qacar Sərdar Həsən xanı Xorasanda baş vermiş ixtişaşları yatırmaq üçün göndərdi. Əyalətdə ciddi nizam – intizam yaradan Sərdar Həsən xan 1830-cu ilədək orada hökuməti idarə etdi. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırdı. Yolda Həsən xan müqəddəs yerlər olan Ətabata getdi. Bir müddət sonra o, Tehrana gəldi. Həsən xan 1848-ci ildən Yəzd, Kerman və Bəlucistanda hakim olur. Rusların qənimi, məşhur Azərbaycan sərkərdəsi Həsən xan Qovanlı-Qacar 1856 -ci ildə Kermanda ürək xəstəliyindən vəfat edib. Müqəddəs Nəcəf şəhərində dəfn olunub.

Həsən xanın Yusif xan adlı oğlu vardı.


Tarix: 29.01.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 246 Bölmə: Ümumi