beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Honq Konq Elm və Texnologiya Universiteti

Honq Konq Elm və Texnologiya Universiteti (Hong Kong University of Science and Technology) Honq Konqun Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Honq Konq Elm və Texnologiya Universiteti 100 ən yaxşı ali məktəb arasında 35-ci yerdədir. 1991-ci ildə yaradılan Honq Konq Elm və Texnologiya Universiteti az bir müddətdə Asiyanın ən nüfuzlu universitetlərindən birinə çevrilib. MBA proqramının tədrisinə görə, universitetin Biznes Məktəbi Asiyada 1-ci, dünyada isə 9-cu yerdə durur.

Honq Konq Elm və Texnologiya Universiteti Şərqi Asiya Universitetləri, Sakit okean Regionu Universitetləri Assosiasiyalarının üzvüdür.

Yerləşir:Honq Konq, Yeni Sahə, Say Kunq rayonu
Yaranma tarixi:1991-ci il
Tipi:Dövlət
İşçi heyəti:3062 nəfər
Tələbələrin sayı:9515 nəfər
İllik gəlirləri:2780000 Honq Konq dolları
İllik xərcləri:2401000 Honq Konq dolları
Rəsmi saytı:www.ust.hk
Tarixi
1980-ci ilin sonlarında Honq Konqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honq Konqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır.

Beləliklə, 1991-ci ilin oktyabrında Honq Konq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur. Universitetə Şimali Amerikadan, Avropadan, Asiyadan elmi işçilər dəvət edilirlər. Ali məktəbin ilk vitse-kansleri ABŞ-ın ən nüfuzlu universitetlərində rəhbər vəzifələrdə çalışmış ilk çinli Çia Vey Vu təyin edilir. San-Fransisko Dövlət Universitetindən qayıdan professor Vu burada "Universitet şəhərciyi" yaradılması, beynəlxalq tədris proqramlarının həyata keçirilməsi, Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsi üzrə fəaliyyətə başlayır. Professor Vunun universitetin inkişafı yolunda səylə çalışması nəticəsində ali məktəb qısa müddət ərzində çoxlu sayda yüksək səviyyəli çinli alimlər nəsli yetişdirməyə başlayır. Bunlardan aeronavtika və struktur dinamika üzrə ekspert Jay-Çunq Çeni, Con Hopkins Universitetinin məşhur professoru Çih-Yunq Çeni, biotexnologiya üzrə mütəxəssis və Merilend Biotexnologiya İnstitutunun prorektoru, professor Şayn-Dou Kunqu və b. nümunə göstərmək olar. Honq Konq Elm və Texnologiya Universitetində elmi dərəcələr 1993-cü ildən verilməyə başlanılır.

1990-cı ildə Honq Konq Elm və Texnologiya Universitetinə maliyyə və idarəetmə işləri üzrə vitse-kansler təyin edilmiş Honq Konqun nəqliyyat katibi Yan Makferson yeni universitetin tikinti işlərinə nəzarət edir və işini uğurla yerinə yetirir. 1992-ci ildə universitetdə idman obyektləri, laboratoriyalar, kabinetlər, auditoriyalar və 7000 tələbə yerləşə biləcək yataqxana kompleksi tikilir. 2009-cu ildə də ali məktəbin genişləndirilməsi üzrə bir sıra layihələr həyata keçirilib. Honq Konq Elm və Texnologiya Universiteti hazırda mükəmməl kampusa malik ali təhsil ocağıdır.

1991-ci ildən bugünədək Honq Konq Elm və Texnologiya Universiteti fizika, texnologiya, mühəndislik, biznes və menecment, humanitar və sosial elmlər üzrə böyük nailiyyətlər əldə edib. Ali məktəbin yaradıcı və təşəbbüskar məzunları şəxsi kampaniyalar, yüksək texnologiyalı şirkətlər, tədqiqat mərkəzləri yaradaraq cəmiyyətdə xüsusi çəkiyə malik şəxsiyyətlərə çevriliblər.

Büdcə və təhsil haqqı
2009-2010-cu tədris ilində Honq Konq Elm və Texnologiya Universitetinin illik gəlirləri 2780000 Honq Konq dollarına bərabər olub. Bu məbləğin 1681000 Honq Konq dollarını dövlət yardımları, 589000 Honq Konq dollarını təhsil haqqı və proqramlar, 118000 Honq Konq dollarını investisiya, 171000 Honq Konq dollarını ianə və yardımlar, 219000 Honq Konq dollarını isə digər gəlirlər təşkil edib.

Həmin tədris ilində universitetin xərcləri 2401000 Honq Konq dolları dəyərində olub. Xərclərin 1579000 Honq Konq dollarını tədris və tədqiqat, 79000 Honq Konq dollarını kitabxana, 68000 Honq Konq dollarını hesablama vəsaitləri, 46000 Honq Konq dollarını müxtəlif akademik xidmətlər, 361000 Honq Konq dollarını bina və avadanlıqlar, 109000 Honq Konq dollarını tələbələrə göstərilən xidmətlər, qalanlarını isə digər xərclər təşkil edib.

Honq Konq Elm və Texnologiya Universitetində istedadlı və maddi durumu çətin olan tələbələrə təqaüdlər təklif edilir. Təqaüd tələbəyə təhsil haqqını ödəməyə, ona təhsilini artırmaq üçün müxtəlif kurs və proqramlara yazılmağa şərait yaratmaq məqsədi ilə verilir. Burada Honq Konqdan olan tələbələr ildə orta hesabla 42100, Çindən olan və əcnəbi tələbələr isə 80000 Honq Konq dolları dəyərində təqaüd alırlar.

Honq Konq Elm və Texnologiya Universitetində tələbələrin təhsil haqqı isə yerli tələbələr üçün orta hesabla 60000, Çindən və xarici dövlətlərdən olan tələbələr üçün isə 100000 Honq Konq dolları təşkil edir.

Universitet bu gün
Honq Konq Elm və Texnologiya Universitetinin kampusu Təmiz Su Körfəzi (Clear Water Bay) yarımadasında 60 hektarlıq ərazidə yerləşir. Mərkəzi Honq Konqdan buraya 30 dəqiqəlik məsafə var. Kampusda Tədris korpusu, S.H. Xo idman kompleksləri, Universitet Mərkəzi, Prezident Evi, yataqxana kompleksi, universitetin əməkdaşları üçün kvartal və s. yerləşir. Ətraf təpələrdə tikilmiş Liman Sığınacağı demək olar ki, kampusun bütün binalarından görünür. Binalar elə quraşdırılıb ki, Cənub-Çin dənizinə möhtəşəm bir mənzərə açılır.

Kampusda, xüsusilə LG1, LG5 və LG7 adlanan ərazilərdə çoxlu sayda restoranlar var. Nyu Holl yataqxanasının birinci mərtəbəsində körfəzin kənarında gözəl kafelər yerləşir. Bu restoran və kafelərdə münasib qiymətə Çin mətbəxinin bütün təamlarından dadmaq olar. Kampusda supermarketlər, banklar, kitab mağazaları və mətbəə, bərbərxanalar və s. çoxluq təşkil edir. İdman kompleksi stadiondan, örtülü idman zallarından, açıq və örtülü hovuzdan, mini-futbol, basketbol, voleybol, qaçış meydançalarından, tennis kortlarından, fitnes-mərkəzlərdən, stolüstü tennis zallarından və skvoş-kortlardan ibarətdir. Korpusda geniş çeşidli idman ləvazimatları var, bütün bunlardan tələbə və müəllimlər pulsuz istifadə edə bilərlər. İdmanla məşğul olan tələbələr İdman Assosiasiyası və klubları yaradıb.

Universitetin idman kompleksinin yaxınlığında, kampusun LG1 adlanan ərazisində Tibb mərkəzi yerləşir. Tibb Mərkəzində tibbi və stomatoloji klinika vardır. Burada əyani oxuyan tələbələrə pulsuz xidmət göstərilir. Allergiya, dermatologiya, daxili təbabət, mamalıq və ginekologiya, oftalmologiya, pulmonologiya, cərrahiyyə və fizioterapiya sahələri üzrə xüsusi xidmətlər mövcuddur.

Universitetdə tələbə və doktorantlar üçün yataqxanalar var. Yataqxanalara 7000-dən çox tələbə yerləşdirmək olur. Buna baxmayaraq tələbələrin çoxluğundan burada yenə də yer qıtlığı yaşanır. Əcnəbi tələbələrə rezidensiyalarda yerlə təminatla bağlı zəmanət verilsə də, həmin tələbələr yataqxanalara əsasən müsabiqə yolu ilə götürülür. Yataqxana qiyməti kampusdan kənar yerlərə nisbətən xeyli ucuz olduğundan, tələbələr daha çox burada qalmağa üstünlük verirlər. Bir otaqda 2-3 tələbə məskunlaşır. Yataqxanalarda hamam, mətbəx ümumidir. Otaqda televizor, boyler, mikrodalğalı soba, telefon və soyuducu olur. Yataqxanaların ümumi balkonları körfəz tərəfdən qoyulub. Bütün otaqlar İnternetə qoşulub. Balkonlar tədqiqat və qrupların yığışıb söhbət etmələri üçün nəzərdə tutulub. Kampusda tələbələrin qalmaları üçün xüsusi evlər də mövcuddur. Evlərin sayı məhduddur və burada qiymətlər xeyli bahadır.

Honq Konq Elm və Texnologiya Universitetinin kitabxanası kampusun mərkəzində 10550 m2 ərazini əhatə edən beşmərtəbəli binada yerləşir. Oxu zalında 2000-nə yaxın oxucu üçün yer var. Kitabxanada tədqiqat, seminar və prezentasiya otaqları, kompüter laboratoriyaları var. Kitabxana geniş spektrdə informasiya resursları, 680000 media-vəsait, 28000 elektron və çap edilmiş jurnal, çoxlu sayda elektron kitab, verilənlər bazası və digər rəqəmsal informasiyaya malikdir. Audiovizual materiallarla xüsusi avadanlıqlar quraşdırılmış otaqda tanış olmaq mümkündür. Kitabxana universitetin intellektual və mədəni axtarış, dostluq və əməkdaşlıq mərkəzidir. Honq Konq Elm və Texnologiya Universitetinin kitabxanası JULAC, HKALL, OCLC, SPARC, HAKO təşkilatlarının üzvüdür.

Tədris korpusu mühazirə zalları, auditoriya, kabinet və laboratoriyalardan, administrativ müəssisələrdən ibarətdir. Bütün kampus ECH simsiz şəbəkə sisteminə qoşulub və korpusun otaqlarında audiovizual avadanlıq quraşdırılıb.

Honq Konq Elm və Texnologiya Universitetinin nəzdində Elm, Mühəndislik, Biznes və Menecment, Humanitar və Sosial Elmlər, Fok Yinq Tunq Ali məktəbləri fəaliyyət göstərir. Elm Məktəbinə kimya, biologiya, biokimya, fizika, riyaziyyat bölmələri, Mühəndislik Məktəbinə kimya və biomolekulyar mühəndislik, vətəndaş və ekologiya mühəndisliyi, kompüter elmləri və texnologiya, elektronika və kompüter texnologiyası, sənaye mühəndisliyi və maddi-texniki təminat, mexanika mühəndisliyi bölmələri, Biznes və Menecment Məktəbinə mühasibatlıq, iqtisadiyyat, maliyyə, informasiya sistemləri, biznes-statistika və əməliyyatların idarəolunması, marketinq, idarəetmə məsələləri bölmələri, Humanitar və Sosial Elmlər Məktəbinə humanitar, sosial elmlər bölmələri, Fok Yinq Tunq Ali Məktəbinə isə 11 tədqiqat mərkəzi, 1 mərkəzi tədqiqat fakültəsi, Nanşa Elm və Mədəniyyət Mərkəzi daxildir. Məktəblər bakalavr (BSc, BEng, BBA), magistr (MA, MSc, MPhil, MTM, MBA, EMBA, IEMBA) və doktorluq (PhD, MD-PhD) dərəcələri verir.

Universitetdə fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərinə Genişləndirilmiş Mürəkkəb Materiallar, Tətbiqi Genomika, Atmosfer Tədqiqatları, Biomühəndislik və Biotibbi Qurğular, Demoqrafiya və Sabit İnkişaf, Tikinti Materialları və Etibarlılıq, Qrin Məhsullar və Emal Texnologiyaları, Polimer və Sistemlərin Emalı, Rəqəmsal Həyat Tədqiqatı, Honq Konq-Pekin UST Müştərək Tədqiqatlar, Okean Dinamikası Proqramları və Modelləşdirmə Nanoelektronika Hazırlanması mərkəzləri aiddir.

Honq Konq Elm və Texnologiya Universitetinin ali akademik orqanı Senatdır. Senat 55 üzvdən ibarətdir və onlara prezident sədrlik edir. Universitetin prezidenti, vitse-prezidentləri, dekanlar, akademik bölmələrin rəhbərləri, müəllimlər və digər əməkdaşlar Senatın üzvləridir. Senatın cavabdeh olduğu vəzifə və borcların bir qismi də məktəb şuralarının üzərinə düşür.

Bu ali təhsil müəssisəsinin ali konsultativ orqanı isə Universitet Məhkəməsidir. Məhkəmə universitetin ümumi siyasəti ilə bağlı məsləhətlər verir. Məhkəmə universitetin inkişafında, onun Honq Konqda və digər ölkələrdə maraqlarını müdafiə edir. Məhkəmə 2 sədrdən, 8 vəzifəli şəxsdən və 44 üzvdən ibarətdir. Hər tədris ilində məhkəmə bir dəfədən az olmayaraq iclas keçirir.

2009-cu ilin martından Honq Konq Elm və Texnologiya Universitetinin prezidenti professor Toni Çan, 2009-cu ilin yanvarın 1-dən isə vitse-prezidenti professor Metyu Yun seçilib. Hazırda universitetdə 3062 nəfər işçi çalışır, onların 489 nəfərini professor-müəllim heyəti, qalanlarını isə inzibati işçilər təşkil edirlər.

Honq Konq Elm və Texnologiya Universitetində ümumilikdə 9515 nəfər təhsil alır. Onların 6010 nəfərini bakalavr, 3505 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər. Dünyanın bir çox ölkələrinin gəncləri bu ali təhsil ocağında oxumaq, xüsusilə MBA təhsili almaq üçün Honq Konq Elm və Texnologiya Universitetinə gəlirlər.

Honq Konq Elm və Texnologiya Universitetinin tələbələri Honq Konqun və oxuduqları ali təhsil müəssisəsinin qanunlarından kənara çıxmamaq şərti ilə istənilən təşkilat yaratmaq və istədikləri fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Burada bütün tələbələr Tələbə Təşkilatına qoşulur və kampusun sinifdənxaric həyatında fəal iştirak edirlər.

Tələbə Təşkilatı dövlət tərəfindən qeydiyyata alınıb və universitetdən asılı deyil. Burada Tələbə Təşkilatını bütün gənclər cəmiyyətinin çətiri hesab edirlər. Hazırda təşkilata idman, ictimai, mədəniyyət, incəsənət və elmi fəaliyyətlə məşğul olan 100-ə yaxın cəmiyyət və klub daxildir.

Honq Konq Elm və Texnologiya Universiteti fundamental tədqiqatları, novator fəaliyyəti nəticəsində biotibb və nanotexnologiyalar sahəsində mükəmməl nailiyyətlər əldə edib. Ali məktəb tələbələrə yaradıcı, tənqidi düşüncə, qlobal perspektiv, mədəni özunüanlama bacarığı, bir sözlə, hərtərəfli təhsil verir. Honq Konq Elm və Texnologiya Universitetinin məqsədi ölkənin mədəni, sosial və iqtisadi inkişafına töhfələr vermək, dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzləri arasında qabaqcıl yerləri tutmaqdır.


Tarix: 08.12.2014 / 14:52 Müəllif: Aziza Baxılıb: 179 Bölmə: Xaricdə təhsil