Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kornell Universiteti

Kornell Universiteti (Cornell University) ABŞ-ın nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir. Kornell Universiteti ABŞ-ın səkkiz nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc üzvüdür. Kornell Universitetinin İtakada yerləşən əsas kampusdan əlavə, Nyu-York şəhərində və Qətər dövlətində də kampusları mövcuddur. "U.S. News & World Report" ("ABŞ xəbərləri və dünya hesabatı") jurnalının reytinqinə görə, Kornell Universiteti Amerikada mühəndislik elmləri və mühəndislik fizikası sahələri üzrə birinci, psixiatriya və ortopedik cərrahiyyə üzrə isə ikinci yerdə dayanır. Böyük Britaniyanın "Times Hiqher Education Supplement - QS World Universities Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Kornell Universiteti 100 ən yaxşı ali məktəb arasında 15-ci yerdə sıralanıb.

Yerləşir:ABŞ, Nyu-York ştatı, İtaka şəhəri
Yaranma tarixi:1865-ci il
Tipi:Özəl
Rektoru:Devid Skorton
İşçi heyəti:1594 nəfər
Tələbələrin sayı:13510 nəfər
Aspirantların sayı:6290 nəfər
İllik büdcəsi (2009-2010):2,94 milyard ABŞ dolları
İanə fondu (Endowment):4,5 milyard ABŞ dolları
Rəsmi saytı: www.cornell.edu
Kornuell universitetinin tarixi

Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Uaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Uayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E.Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat - Kornell və Uayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur.

Kornell və Uayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs - istənilən elm".

Kornell şəxsi büdcəsi hesabına İtaka şəhərində 1,2 hektar ərazi alır. 27 aprel 1865-ci ildə Nyu-York ştatının qubernatoru Royben Fenton universitetin yaradılması haqqındakı sənədi imzalayır və bu tarixi hadisə Kornell Universitetinin yarandığı gün kimi qeyd olunur. Endryu Uayt yeni yaranmış universitetə prezident təyin olunur. Uayt universitetə rəhbər təyin edilən gündən təhsil müəssisəsinin idarəetmə prinsipini, tədris proqramlarını hazırlayır, qabaqcıl müəllimləri bu ali məktəbə cəlb edir. Sonra o, Avropa universitetlərinin təcrübəsi ilə tanış olmaq, tədris və metodik vəsaitlər əldə etmək məqsədilə dünya ölkələrinə səfər edir, Kornell isə universitet binalarının tikintisi ilə məşğul olur. Universitetin rəsmi açılışı 7 oktyabr 1868-ci il tarixinə təsadüf edir. Bu tarixdən bir gün əvvəl qəbul imtahanı keçirilir və 412 abituriyent uğurla imtahan verərək Kornell Universitetinin ilk tələbələri olurlar. Qeyd edək ki, həmin vaxta qədər heç bir yeni yaranmış Amerika universiteti bu qədər tələbə qəbul etməmişdi.

Yarandığı gündən Kornell Universitetinə oğlanlarla yanaşı, qızlar da qəbul olunur. Lakin qız tələbələr üçün yataqxananın olmaması onların sayının daha da artmasına ciddi maneə yaradır. Universitetdə qızlar üçün ilk yataqxana 1875-ci ildə tikilir. Bu ali təhsil müəssisəsinin bakalvr pilləsini 1873-cü ildə bitirmiş ilk qız məzun Emma İstmen, ilk doktorluq dərəcəsini 1880-ci ildə almış qadın isə Mey Preston olub.

1868-ci ildə Kornell Universitetinin tələbələri müstəqil və sərbəst surətdə fənn seçmək, öz tədris proqramlarını hazırlamaq hüququ qazanırlar. Bu addım, sözün əsl mənasında, inqilab kimi dəyərləndirilir və tələbələrin hazırladıqları həmin proqram onilliklər keçdikdən sonra ABŞ-ın adi tədris proqramına çevrilir. 1892-ci ildə universitetin 3-cü prezidenti inauqurasiyası zamanı çıxışında Nyu-York ştatının rəhbərliyinə müraciət edərək, onlardan universitet üçün ərazi və bu təhsil ocağının inkişafına kömək istəyir. Rəhbərlik həmin müraciətə cavab olaraq, Kornell Universitetinin nəzdində Baytarlıq Kollecinin yaradılması üçün subsidiya ayırır, eləcə də hər il kollecə maliyyə yardımı göstərir. Beləliklə, Kornell Universiteti ABŞ-da dövlət tərəfindən yardım alan ilk özəl ali məktəb kimi tanınır və bundan sonra Kornell Universitetində təhsil alan nyu-yorklu tələbələrə təhsil haqqının ödənilməsində güzəştlər edilir.

XX əsrdə universitet sürətlə inkişaf etməyə başlayır, həmin əsrin ortalarına qədər məktəb və kolleclərin sayı 10-dan çox olur. Bütün kollec və məktəblər muxtariyyət hüququna malik olur, öz akademik proqramlarını yaradır və qiymət sistemini tətbiq edir. Məsələn, bakalavr dərəcəsi almaq üçün ümumi universitet imtahanına üzgüçülük və idmanın başqa növü üzrə imtahanlar daxil edilir. Eyni zamanda hər bir tələbə oxuduğu fakültədən asılı olmayaraq, istənilən başqa fakültənin proqramını öyrənə bilər. Universitetdə mütəmadi olaraq fakültələrarası proqramlar və kurslar təşkil edilir.

Kornell Universitetinin nəşriyyatı 1889-cu ildə yaradılıb. Mexaniki İncəsənət Kollecində fəaliyyət göstərən ilk nəşriyyat sonradan Mühəndislik Məktəbinə köçür. Nəşriyyatın burada fəaliyyət göstərməsindən irəli gələrək, müəllim və tələbələr çap işini çox yaxşı bilirdilər. Burada dərslik, elmi nəşrlər, həftəlik tələbə jurnalları, pamfletlər, rəsmi universitet sənədləri də çap olunur. İl ərzində antropologiya, ədəbiyyat, tarix, fəlsəfə, siyasət, beynəlxalq münasibətlər, psixologiya, psixiatriya və s. sahələr üzrə 150-dən çox nəşr dərc olunur.

Kornell Universiteti beynəlxalq təhsil və elmi əməkdaşlıq sahələri üzrə hər zaman fəal mövqe tutmağı ilə seçilib. Son zamanlar onun fəaliyyətində məhz bu sahə daha sürətlə inkişaf edir. Qətərdə yerləşən Veyl Tibb Kolleci, çin, Hindistan, Sinqapur və s. ölkələrin universitetləri ilə bağlanmış əməkdaşlıq müqavilələri Kornell Universitetinin "dünyanın ilk transmilli universiteti" adlandırılmasına səbəb olur.

Kornell Universiteti bu gün
Kornell Universitetinin əsas kampusu Nyu-York ştatının İtaka şəhərində yerləşir. Universitet yarandığı vaxtlar 1,2 hektar ərazidə yerləşirdisə, hazırda onun İtakada ərazisi 3 hektara yaxındır. Bu ərazidə yerləşən 260 bina Mərkəzi və Şimali kampuslar arasında bölünüb. Universitetin bütün tədris korpusları, laboratoriyalar, muzeylər, inzibati binalar, yataqxanalar Mərkəzi kampusda cəmlənib. Kampusun binaları elektrik, qotik, viktorian, neoklassik və modern üslublarda inşa edilib.

Kornell Universitetinin Nyu-Yorkda da kampusu mövcuddur. Burada universitetin bakalavrlar üçün Veyl Tibb Kolleci və aspirantlar üçün Veyl Ali Tibb Kolleci yerləşir. Bu kolleclər 1927-ci ildən Nyu-Presbiterian hospitalı ilə birgə fəaliyyət göstərir. Universitetin Nyu-Yorkda Kornell xidmət proqramı da mövcuddur. Proqram tələbələrə Nyu-Yorkdakı kasıb uşaq, ailə və icmalara köməyi təklif edir. Buradakı İnsan Ekologiyası, Kənd Təsərrüfatı və Həyat Elmi kollecləri, Sənaye və Əmək Əlaqələri Məktəbi də həmin məqsədlərə xidmət edir. Mühüm maliyyə rayonu olan Manhettendəki Mühəndislik Kolleci biznes-tədqiqatların optimallaşması, sənayenin, ictimai əməkdaşlığın gücləndirilməsi və digər bu kimi işlər görür.

Kornell Universitetinin Qətərdəki təhsil şəhərciyində 2004-cü ilin sentyabrında açılan Veyl Tibb Kolleci fəaliyyət göstərir. Bu kollec ABŞ-ın hüdudlarından kənarda açılmış ilk tibb məktəbidir. Qətər dövləti ilə Kornell Universitetinin məlum birgə layihəsi bu ölkədə akademik proqramların və tibbi xidmətlərin yüksəldilməsi üçün həyata keçirilib. Kollec Qətər dövləti tərəfindən maliyyələşir və Qətər fondu məktəbin tikintisinə 750 milyon dollar vəsait ayırıb. Buradakı Veyl Tibb Kolleci memar Arat İsodzaki tərəfindən inşa edilən ikimərtəbəli böyük binada yerləşir. 2004-cü ildən Qətər fondu Veyl Tibb Kollecinin yerləşdiyi ərazidə xəstəxana tikintisinə başlayıb və hazırda tikinti davam etməkdədir.

Kornell Universitetinin nəzdində bakalavr, magistrant və aspirantlar üçün kolleclər fəaliyyət göstərir. Bakalavrların təhsil ala biləcəyi kolleclər bunlardır:

Kənd Təsərrüfatı və Həyat Elmi Kolleci - tələbələrinin sayına görə Kornell Universitetinin ikinci ən böyük kollecidir. öz sahəsi üzrə apardığı tədqiqatlara görə kollec ölkədə birincidir.
Memarlıq, İncəsənət və Planlaşdırma Kolleci - şəhər və reqional planlaşdırma, təsviri və vizual incəsənət, memarlığın tarixi və nəzəriyyəsi və s. sahələr üzrə tələbə hazırlayır.
İncəsənət və Elmlər Kolleci - tələbələrinin sayına görə Kornell Universitetinin ən böyük kollecidir, tələbələrini yüksək səviyyəli humanitar təhsil ilə təmin edir.
Mühəndislik Kolleci - texnologiya və innovasiya tədqiqatları aparılır.
Hotel Administrasiyası Məktəbi - texniki əməkdaşlar, istiqamətləndirilmiş xidməti personal hazırlayır.
İnsan Ekologiyası Kolleci - real həyatda insanın imkanlarının, onun həyat tərzinin, liderlik xüsusiyyətlərinin inkişafını və əhali ilə təmas, ekologiya və ətraf mühitin mühafizə edilməsini öyrədir.
Sənaye və Əmək Əlaqələri Məktəbi - ölkədə bu sahə üzrə yaranan ilk ali məktəbdir.
Hesablama və informasiya elmləri fakültəsi - kompüter elmləri üzrə ixtisaslaşıb.
Magistr və aspirantlar üçün aşağıdakı məktəblər fəaliyyət göstərir:
Kornell Ali Məktəbi - 90-dan çox sahə üzrə magistr, aspirant, doktorant dərəcələri təqdim edir.
Kornell Hüquq Məktəbi - qanun, qanunvericilik, geniş dünyagörüşünə malik hüquqşünaslar və liderlər hazırlayır.
Conson adına Ali Menecment Məktəbi - menecment sahəsi üzrə tədqiqat və araşdırmalar aparır.
Veyl Tibb Kolleci (Nyu-York) - akademik təbabət və biotibbi tədqiqatlar üzrə dünyada məşhurdur, görkəmli həkim və alimlər hazırlayır. Nyu-Presbiterian Hospitalı və Memorial Sloan-Ketterinq Xərçəng Mərkəzi ilə sıx əlaqələr qurur.
Veyl Tibb Kolleci (Doha, Qətər) - Nyu-Yorkda yerləşən kollecin filialıdır.
Veyl Ali Tibb Elmləri Kolleci (Nyu-York) - biotibbi elmlər, elmi metodların aparılması, tədqiqatlar üzrə mükəmməl proqramlar həyata keçirir. Veyl Tibb Kolleci və Sloan-Ketterinq Xərçəng Mərkəzi bu kollecin bünövrəsi hesab edilir.
Baytarlıq Məktəbi - heyvanlar üzərində aparılan təcrübələr sayəsində bir çox xəstəliklərin müalicəsini aşkarlayıb, burada mühüm kəşflər edilib və məktəb dünya elminə xeyli nailiyyətlər verib.
Təhsilin Davametdirilməsi Məktəbi və Yay Sessiyaları - universitetdən xaric olunan tələbələrin, yuxarı kurs tələbələrinin, Kornell Universiteti əməkdaşları və məzunlarının, yerli əhalinin təhsili ilə məşğuldur.
Kornell Universiteti geniş beynəlxalq əlaqə layihələrini həyata keçirir. Burada tələbələrə Afrika, fransız, alman, yəhudi, latın, Yaxın Şərq, Uzaq Şərq, rus, roman dilləri, ədəbiyyatı və mədəniyyəti üzrə proqramlar təklif edir. Universitetin Asiya ölkələri üzrə tədqiqatlar proqramı mövcuddur. Bu məqsədlə Kornell Universitetinin Mühəndislik Kolleci Pekinin Sinxua, Hotel Administrasiyası Məktəbi Sinqapurun Nanyanq Texnologiya, Kənd Təsərrüfatı və Həyat Elmi Kolleci Filippinin Los-Banyos universitetləri və Yaponiya Milli Aqrobiologiya Elmləri İnstitutu ilə müqavilələr bağlayıb. Kornell Universiteti Kanadanın Kraliça (Queen) Universiteti ilə birgə MBA proqramı həyata keçirir.

Kornell Universitetinin kitabxana sistemi böyüklüyünə görə ABŞ-da 11-ci yerdə durur. Kitabxana sisteminə 7,5 milyon cilddən çox kitab, 8,2 milyon mikrofilm və mikrofişlər, 440 min xəritə, kino, DVD, səsyazma, kompüter faylları, arxivlər və rəqəmsal resurs aiddir. Bu, İnternet şəbəkəsinə qoşulan ilk ABŞ kitabxanalarındandır. Kitabxanaların çoxu İtakada yerləşən kampusda cəmləşib. Nyu-York və Qətərdə də universitetin kitabxanaları mövcuddur. Universitetin kitabxana sisteminə Adelson (Ornitologiya laboratoriyası), Afrikan, Katervud, Entomologiya, təsviri incəsənət, Cenevrə təcrübə stansiyası, kroç, hüquq, idarəetmə, mann, riyaziyyat, tibb, musiqi, nestle (Hotel Administrasiyası Məktəbinin kitabxanası), Oloin və Yuris, fiziki elmlər, baytarlıq kitabxanaları daxildir.

Dünyanın başqa universitetlərində olduğu kimi, Kornell Universitetinin tələbələri də təhsil aldıqları məktəbin ərazisində məskunlaşırlar. Tələbə yataqxanaları, əsasən, Şimal, Qərb və Kollectaun kampuslarında yerləşir. Şimal kampusda birinci kurs tələbələri qalırlar, lakin burada yuxarı kurs tələbələri üçün də bir neçə yataqxana - Risli, Yalnız musiqi, Ekologiya evi, Hollandiya beynəlxalq yaşayış mərkəzi, Latino yaşayış mərkəzi, Akvekon və Ujamaa rezidensiyaları mövcuddur. Latino yaşayış mərkəzi, Akvekon və Ujamaa yataqxanalarında tez-tez irqi və etnik qarşıdurmalar baş verir. Kornell Universitetinin tələbələri üçün ildən-ilə yeni, daha yüksək şəraitə malik yataqxanalar tikilir - 2004-ci ildə Alisa Kuk, 2005-ci ildə Karl Beker, 2007-ci ildə Hans Beth, 2008-ci ildə Uilyam Kiton, Flora Rouz və s.

Büdcə vəsaitləri və illik təhsil haqqı
Universitetin 2009-2010-cu tədris ili üçün gəlirlərinin 2,94 milyard ABŞ dolları olacağı planlaşdırılır. ötən tədris ilində bu rəqəm 2,92 milyard, 2007-2008-ci tədris ilində isə 2,81 milyard olub. Kornell Universitetinin builki büdcəsinin 726,4 milyon dolları təhsil haqqından, 241 milyon dolları isə ianə və yardımlardan daxil olan vəsaitlərdir. Universitetin ianələr hesabına formalaşmış fondundakı vəsaitlərin həcmi hazırda 4,5 milyard ABŞ dollarıdır. Universitetdə illik təhsil haqqı tələbələrin seçdiyi ixtisasa, oxuduğu kursa uyğun olaraq, 19-52 min ABŞ dolları arasında dəyişir. Digər Amerika universitetlərində olduğu kimi, bu ali məktəbdə də universitetin yerləşdiyi ştatdan olan tələbələrə təhsil xərclərində xüsusi güzəştlər tətbiq olunur.

Kornell Universitetinin elmi nailiyyətləri

1962-ci ildən başlayaraq Kornell Universitetinin tədqiqatçıları Mars planetinə pilotsuz uçuşu və XXI əsrdə "Mars Araşdırma Səyyahı" ("Mars Exploration Rover") missiyasını həyata keçirib. 2004-cü ildə "səyyahlar" elmi nailiyyətlərinə görə "İlin uğuru" mükafatına layiq görülüblər. Onlar Marsda apardıqları tədqiqatlardan əlavə, Uran planetinin ətrafında mövcud olan halqaları müəyyən ediblər. Aresiboda (Puerto-Riko adasında ərazi) Kornell Universitetinin dünyada ən böyük və həssas radioteleskopu yerləşir.

Kornell Universitetinin məşhur məzunları:

Li Tenq-huiÇin Xalq Respublikasının sabiq prezidenti
Mario Qarsia MenokalKubanın sabiq prezidenti
Camşid Amuzeqarİran İslam Respublikasının sabiq baş naziri
Sendi BergerABŞ-ın sabiq prezidenti Bill Klintonun milli təhlükəsizlik üzrə məsləhətçisi
Stefan HedliABŞ-ın sabiq prezidenti Corc Buşun milli təhlükəsizlik üzrə məsləhətçisi
Paul VulfoviçDünya Bankının sabiq prezidenti
Uiliyam RocersABŞ-ın sabiq dövlət katibi
Edmund MuskieABŞ-ın sabiq dövlət katibi
Janet RenoABŞ-ın sabiq baş prokuroru
Rut Bader GinsburqABŞ Ali Məhkəməsinin sabiq hakimi
Riçard Feynmanfizika üzrə Nobel mükafatı laureatı
Devid Lifizika üzrə Nobel mükafatı laureatı
Robert Kolman Riçardsonfizika üzrə Nobel mükafatı laureatı
Hannes Alfvenfizika üzrə Nobel mükafatı laureatı
Piter Debyekimya üzrə Nobel mükafatı laureatı
Riçard Ernstkimya üzrə Nobel mükafatı laureatı
Roald Hoffmannkimya üzrə Nobel mükafatı laureatı
Herbert Spenser Gaserpsixologiya və tibb üzrə Nobel mükafatı laureatı
Paul Qrinqardpsixologiya və tibb üzrə Nobel mükafatı laureatı
Frits Albert Lipmannpsixologiya və tibb üzrə Nobel mükafatı laureatı
Norman Borlauqsülh üzrə Nobel mükafatı laureatı
Amartya Seniqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Oktavio Pazədəbiyyat üzrə Nobel mükafatı laureatı
Vul Soyinkaədəbiyyat üzrə Nobel mükafatı laureatı
1952-ci ildə Kornell Aviasiya Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşı Con Mur "Avtomobildə qəza travmalarının aradan qaldırılması üzrə araşdırma" layihəsini həyata keçirir. O, təcrübələrini manekenlərin deyil, meyitlərin üzərində aparır və belə nəticəyə gəlir ki, sükan çarxının enerjisini mənimsəyən qapının qıfılının genişləndirilməsi, yumşaq panel və təhlükəsizlik kəməri zədələrin faiz nisbətini xeyli azaldır. Layihənin nəticəsi olaraq, 1956-cı ildə "Kornell təhlükəsizlik avtomobili" nümayiş edilir, bu isə avtomobil istehsalçılarında müsbət dönüş yaradır və onlar həmin yenilikləri tətbiq etməyə başlayırlar.

1984-cü ildə universitetin Milli elm fondu 5 yeni superkompüter istehsalı mərkəzi yaradır. 1985-ci ildə fond ARPANET-ə qoşula biləcək NSFNET, TCP/IP-şəbəkə kompüterləri istehsal edir. NSFNET İnternetin sürətli inkişafı üçün dönüş nöqtəsi olur və ümümdünya hörumçək torunun inkişafına gətirib çıxarır.

Kornell Universitetinin alimləri 70 ildən çoxdur ki, elementar hissəciklərin tədqiqatı ilə məşğuldurlar. Universitetin fizikləri, xüsusilə Hans Bete nüvə fizikasının inkişafına nail olur. Onlar həmçinin Manhetten layihəsinin iştirakçılarıdırlar. 1930-cu ildə Kornell Universitetində ABŞ-da ikinci dəfə olaraq siklotron quraşdırılıb, 1950-ci ildə ilk dəfə burada sinxron şüalanma öyrənilib. 1990-cı ildə universitetdə dünyada birinci olaraq ən yüksək işıqlılıq qabiliyyətinə malik elektron-pozitron kollayder yaradılır. Sinxotronu yaratdıqdan sonra alim Robert Uilson ABŞ-da ən böyük sürətləndirici quraşdırmağı nəzərdə tutan "Fermilab"ı yaratmaq üçün məzuniyyətə çıxır.

Hazırda universitet Beynəlxalq xətt kollayderinin tikintisi ilə məşğuldur. Kollayderin quraşdırılmasının 2010-cu ildə bitəcəyi nəzərdə tutulur. Beynəlxalq xətt kollayderinin Böyük Adron kollayderini tamamlayacağı qeyd edilir. Bunun isə materiyanın eyniliyi və əlavə ölçülərin mövcudluğu kimi suallara aydınlıq gətirəcəyi bildirilir.

ABŞ-ın başqa universitetləri kimi, Kornell Universiteti də təbiətin mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirir. 2007-ci ildə burada Sabit gələcək mərkəzi yaradılıb. Universitetdə xüsusi zavodlar mövcuddur ki, onlar öz tullantılarını emal edərək təhsil müəssisəsini 100% enerji və istiliklə təmin edir.

Hazırda Kornell Universitetinin İtakada yerləşən kampusunda 1594, Nyu-Yorkdakı təhsil müəssisələrində 1005, Qətərdəki kollecdə isə 34 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir. Universitetdə çalışan məşhur alimlər arasında Karl Saqan, çarlz Evans Hyuz, Norman Malkolm, Vladimir Nabokov, M. H. Abrams, Riçard Feynman, Kip Torn, Arçi Rendolf Ammons, Piter Debay, Allan Blum, Pol de Man, Jak Derid və digərlərinin adları vardır. 2008 və 2009-cu illərdə ABŞ-ın "Ali təhsil xronikası" jurnalı Kornell Universitetini "Böyük robot kolleci" adlandırıb. Bu ad universitetə rəhbərlik işinin yüksək səviyyədə qurulması, əməkdaşların işləməkdən zövq alması, onlara təqaüdə çıxdıqdan sonra yüksək məbləğdə təqaüd və kompensasiya ödənilməsi, tələbələrin, eləcə də digər əməkdaşların burada oxuyub fəaliyyət göstərdikləri üçün verilib. Kornell Universitetinin müəllim və məzunlarından 41 nəfər Nobel mükafatına layiq görülüb.

Hazırda Kornell Universitetində azərbaycanlı tələbə təhsil almır. Lakin tezliklə bu universitetin məşhur məzunları arasında bizim tələbələrin də adlarının olacağına böyük ümid bəsləyirik.


Tarix: 08.12.2014 / 14:51 Müəllif: Aziza Baxılıb: 266 Bölmə: Xaricdə təhsil
loading...