beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərkəzi Avropa Universiteti

Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.

Mərkəzi Avropa Universitetinin girişi
Departament və proqramları

Departamentlər
İqtisadiyyat;
Ətraf mühit elmləri və siyasəti;
Gender tədqiqatları;
Tarix;
Beynəlxalq münasibətlər və Avropa tədqiqatları;
Hüquq tədqiqatları;
Riyaziyyat və onun tətbiqi;
Orta əsrlərin tədqiqatları;
Nasionalizm tədqiqatları;
Fəlsəfə;
Siyasi elmlər;
İctimai siyasət;
Sosiologiya və sosial antropologiya;
Koqnitiv elmlər.


Dərəcə proqramları
Bir illik magistr dərəcə proqramları
MA (Master of Arts) proqramları: Mərkəzi Avropa tarixi; İqtisadiyyat və hüquq tədqiqatları; Gender tədqiqatları; İnsan hüquqları; Beynəlxalq münasibətlər və Avropa tədqiqatları; Orta əsrlərin tədqiqatları; Nasionalizm tədqiqatları; Fəlsəfə; Siyasi elmlər; İctimai siyasət; Sosiologiya və sosial antropologiya.
MSc (Master of Science) proqramları: Ətraf mühit elmləri və siyasəti
LLM (Master of Laws) proqramları: Müqayisəli konstitusiya hüququ; İqtisadiyyat və hüquq tədqiqatları; İnsan hüquqları; Beynəlxalq biznes hüququ
Biznes proqramları: Transmilli MBA; Beynəlxalq Executive MBA (18-aylıq proqram)


İki illik magistr dərəcə proqramları
MA (Master of Arts) proqramları: Tənqidi gender tədqiqatları; Qlobal bazarlarda iqtisadi siyasət; Ətraf mühit elmləri, siyasəti və menecemneti (MESPOM, Erasmus Mundus); İqtisadiyyat; Tarixi tədqiqatlar; Fəlsəfə; Siyasi elmlər; İctimai siyasət (Erasmus Mundus proqramı), Sosiologiya və sosial antropologiya; Qadın və gender tədqiqatları (GEMMA, Erasmus Mundus); Qadın və gender tarixi (MATILDA, Erasmus proqramı)
MS (Master of Science) proqramı: Tətbiqi riyaziyyat
Biznes proqramları: Executive MBA (Menecment üzrə beynəlxalq magistr dərəcəsi)


Doktorluq proqramları
PhD (Fəlsəfə doktoru): Müqayisəli gender tədqiqatları; Mərkəzi, Cənub-Şərqi və Şərqi Avropanın müqayisəli tarixi; İqtisadiyyat; Ətraf mühit elmləri və siyasəti; Riyaziyyat və onun tətbiqi; Orta əsrlər tədqiqatları; Fəlsəfə; Siyasi elmlər; Sosiologiya və sosial antropologiya.
Hüquq elmləri doktoru.


Xüsusi proqramları

Universitet fakültə üzvləri və mütəxəssislər üçün xüsusi proqramlar da həyata keçirir:
Xüsusi Layihələr Ofisi;
MAU Yay Universiteti;
Kurrikulum Resurs Mərkəzi.


Reytinqlərdə yeri
Alman qəzeti Die Zeitin tətqiqatlarına əsasən universitetin Siyasi Elmlər departamenti Avropada ən yüksək beş eyniadlı proqramdan biridir. Universitetin Hüquqi Tədqiqatlar departamenti Çex qəzeti Lidove noviny tərəfindən Mərkəzi Avropada ilk yerə layiq görülüb. Sorğu Avstriya, Çexiya, Polşa, Slovakiya, Almaniya və Macarıstan universitetlərini əhatə edib. QS TOPMBA sorğusunda Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Avropada ən yaxşı 20 biznes məktəb siyahısında yer alıb. Bu yaxınlarda həmin resursda çıxmış məlumatda qeyd edilir ki, bu biznes məktəb Avstriya və Almaniya da daxil olmaqla Avropada beynəlxalq və regional şirkətlər tərəfindən ən çox baxılan biznes məktəbdir.


Qəbul qaydaları
Universitetə qəbul qaydaları bir çox Avropa və Amerika universitetlərinə qəbul qaydaları ilə oxşardır. Bütün departamentlərə qəbul zamanı aşağıdakı sənədlər tələb olunur :
MAU-nun onlayn ərizə formasını doldurmaq;
Tövsiyə məktubları;
Akademik göstəriciləri göstərən sənəd (transkript);
CV və ya rezume (əgər nəşr olunmuş yazılar varsa, daxil etməli);
Departament və ya proqram üçün müəyyən olunmuş xüsusi tələblər (niyyət məktubu, tədqiqat təklifi, əlavə testlər, esse, riyaziyyat imtahanı, yazı qabiliyyəti imtahanı və s. formada ola bilər);
İngilis dilini biliyini göstərən sənədlər (TOEFL, IELTS və s.).
Qeyd edək ki, qəbul şərtləri departamentlər və proqramlar üzrə fərqlənir.

Təqaüdlər və maliyyə dəstəyi
Universitetdə təhsil haqları kifayət qədər yüksəkdir, lakin qəbul zamanı təqdim edilmiş sənədlərə və imtahanların nəticələrinə əsasən Mərkəzi Avropa Universiteti əksər tələbələrinə müxtəlif növ təqaüdlər və maliyyə yardımları edir. Çoxillik proqramlarda oxuyan tələbələrin il ərzində göstəricilərinə əsasən həvəsləndirilmə məqsədi ilə növbəti ildə daha artıq təqaüd qazanmaq imkanı var. Universitetdə "Məzun təqaüdü" proqramı da var. Bu təqaüdə əsasən MAU-nun məzunlarının öz universitetlərinə ödədiyi ianələr hər il toplanaraq bir neçə tələbənin təhsilinə xərclənir. Bu təqaüdlərə müraciət etmək üçün MAU-nun onlayn ərizə formasında müvafiq məlumatları doldurmaq tələb olunur. Həmçinin universitet tələbələri universitetdənkənar təqaüd proqramlarına da sənəd verə bilərlər. Qeyd edək ki, təqaüdlərə seçim şərtləri departamentlər və proqramlar üzrə müxtəlifdir.


Tarix: 08.12.2014 / 14:52 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Xaricdə təhsil