Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" öz işinə start verib. Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ilk dəfə forum 2001-ci ildə keçirilib və o zaman onun təşkilatçıları məhz o illərdə dünyanın bir çox nümfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclər olub.

Xaricdə təhsil alan gənclərin sayının artıdığını diqqətə çatdıran nazir müavini söyləyib ki, ölkəmizin sürətli iqtisadi inkişafı şəraitində və beynəlxalq nüfuzunun gücləndiyi dövrdə cəmiyyətdə gənclərin rolu artmaqdadır. İ.Babayev vurğulayıb ki, Azərbaycan əhalisinin böyük bir hissəsinin gənclərdən ibarət olması gənclər siyasətinin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir və bu istiqamətdə bir sıra dövlət proqramları həyata keçirilir.

İntiqam Babayev həmçinin onu da qeyd edib ki, "Son beş ildə xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin sayı iki dəfə artıb"





"Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilib. İndiyə qədər 500 gənc bu proqramdan yararlanıb. Bu il isə 200 gənc xaricdə təhsil almaq imkanı əldə edəcək. Xaricdə təhsil alan tələbələrimizin fəaliyyəti tələbə statusu almaqla məhdudlaşmır, onlar ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda da böyük rol oynayırlar. Hər bir gənc oxuduğu ixtisas üzrə mütəxəssis olmaqla yanaşı öz biliklərini tətbiq etməlidir. Xaricdə təhsil alan hər bir tələbə Dağlıq Qarabağla bağlı həqiqətləri ordakı insanlara, ətrafdakılara çatdırmalıdır", - deyə o qeyd edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, tədbirin birinci günü rəsmi hissə (çıxışlar, məruzələr, plenar iclas və qrupda müzakirələr), ikinci günü isə Azərbaycanın gözəl guşələrindən olan Qəbələyə səyahət təşkil olunması nəzərdə tutulub.


Tarix: 08.12.2014 / 14:50 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Xaricdə təhsil
loading...