beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeniyetməlikdə bəzi tipik narahatlıqlar və potensial zərərli vərdişlər (3. yazı)

Bu gün tək yeniyetmələrdə deyil, demək olar bütün yaş qruplarında kompyuterdən istifadə həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Buna baxmayaraq onun istifadəsində müəyyən sərhədlərin olması (xüsusilə uşağın yaşına görə) vacibdir. Valideynlər bu cihazın üstün cəhətləri ilə bərabər, düzgün olmayan tərzdə istifadə olunduqda nə kimi ziyanları olduğunu, hansı problemlərə yol aça biləcəyini də övladlarına izah etməlidirlər.
Ümumiyyətlə, kompyuter evdə ümumi otaqda yerləşməlidir. Yaxşı olar ki, böyüklər onun istifadəsində uşaqlarından da bir qədər artıq bilgiyə malik olsunlar. Ona güvəndiyini bildirsin, məlumatlar versin, amma yenə də nəzarətsiz qoymasınlar.
Əgər uşağımız saatlarla kompyuter başında zaman keçirirsə əvvəlcə dönüb özümüzə və ailədəki ünsiyyətimizə baxmalıyıq. Biz övladımıza lazımi vaxt ayırırıqmı? Yoxsa ailə olaraq birgə zaman keçirə biləcəyimiz zamanlarda özümüz də uzun müddət kompyuter arxasında oturur və ya başqa gündəlik işlərlə məşğul oluruq? Övladımız bizə yaxınlaşıb söz soruşur, kömək və ya diqqət istəyəndə "işim var”, " mane olma”, "vaxtım yoxdur” kimi sözlərlə onu başdan edirik? Əgər belədirsə uşaqdan daha fərqli bir davranış gözləyə bilmərik.
Əgər uşaqda asılılıq yaranmış, saatlarla kompyuter arxasından qalxmır və ətraf mühitdən təcrid olubsa bu, depressiyanın və ya başqa bir narahatlığın göstəricisi də ola bilər. Bu zaman bir mütəxəssisdən məsləhət almaq lazımdır.
Yeniyetməlik gəncin peşə seçimi kimi, daha sonrakı həyatına təsir edən çox vacib qərar verildiyi bir vaxtdır. İnsan, sənətini seçməklə öz ətrafını, maddi vəziyyətini, ünsiyyətdə olacağı insanları da seçmiş olur. Buna görə də peşə, müəllim və ata-ananın məsləhətlərini də nəzərə alıb öz bacarıq və istəklərinə uyğun seçilməlidir. İnsanın işini sevərək, istəyərək görməsi gələcəkdə işlə əlaqəli problemləri minimuma endirir və onun cəmiyyətdə sevilən, sayılan, lazımlı biri olmasına şərait yaradır.
Təəssüf ki, bəzən valideynlər övladlarını nə vaxtsa çatmadıqları arzularına və ya prestijli bir peşəyə yiyələnməsinə məcbur edirlər. Unutmamalıyıq ki, onlar bizim övladımız olmaqla bərabər tamamilə ayrı varlıqlardır və onları istədiyimiz şəkildə qəliblərə salmamalıyıq. Əksinə onun həvəs və potensialını araşdırıb, sevdiyi peşəyə yiyələnməsinə yardım etməliyik.
İndi isə bir qədər ailələrdə sıx rastlanan uşaqlar arasında anlaşmazlıq barədə. Uşaqlar bir-birinə qarşı vaxtaşırı mehriban və ya kobud ola bilirlər. Bu, münasibətlərin bir hissəsi kimi hardasa normaldır. Valideyn buna müdaxilə etməməli, uşaqlardan hər hansı birinin tərəfini qətiyyən tutmamalıdır. Adətən, valideynlər evin böyuk uşağını danlayır, "sən böyüksən,güzəştə getməlisən” kimi sözlərlə tənbeh edirlər. Amma unutmayaq ki, o da uşaqdır və ona da diqqət lazımdir. Adətən,uşaqların bu cür davranışlarının əsas səbəbi valideynlərin diqqətini çəkmək olur.
Əgər uşaqlar davamlı olaraq narahatdılarsa, ətrafdakılarla dalaşır, mübahisə edirlərsə o zaman valideynlər arasındakı münasibətə və eləcə də valideynlərin uşaqlarına qarşı olan münasibətlərinə nəzər yetirmək lazımdır. Burada önəmli məqamlardan biridə uşaqlarda nümunə olmaqdır. Görəsən biz onlara düzgün nümunə oluruqmu? Çünki uşaqlar valideynlərinin öyüdlərini deyil, davranışlarını nümunə götürürlər.
"Uşaqlarımızın mədəsini və beynini doyurduğumuz kimi,ruhlarını da qidalandırmalıyıq”.


Tarix: 06.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Uşaqlara tərbiyyə