Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ZİRVƏLƏRDƏYƏM

Zirvələrdəyəm…
Dərələrdən duman sürünür…
Səmalardan qatar-qatar buludlar köçür.
Aşağıdan yuxarılar böyük görünür,
Yuxarıdan aşağılar balaca, kiçik…

Uca dağlar, uçurumlar ruhuma həmdəm,
Sıldırımlı qayalardır çəkən fikrimi.
Sanıram ki, bir basılmaz gücəm, qüvvətəm,
Bərqəraram yerin, göyün hakimi kimi.

Məni burdan yıxan olmaz, tərpədən olmaz,
Sanıram ki, mənimkidir bu zirvə çoxdan.
Lap Allahın özü gəlsə, mənə tən olmaz,
Unuduram amma necə buraya çıxdım…

Gah süründüm, gah yıxıldım-
gördü çoxları,
Gah yalvardım taleyimə, gah dinməz oldum.
Nə zaman ki, diş-dırnaqla qalxdım yuxarı
Birdən-birə mən dəyişdim, ayrı kəs oldum…

Dağlar ilə dayanmışam indi yanaşı,
Qartallar da həsəd ilə mənə baxırlar.
Aşağılar gözlərimdə balacalaşıb,
Cılızlaşıb nəzərimdə yollar, cığırlar…

Qəribədir bu dünyanın yönü, görümü,
Nəsillərin arxasınca nəsillər köçüb,
Aşağıdan yuxarılar böyük görünüb,
Yuxarıdan aşağılar balaca, kiçik…

Yekələrin gözlərində “xırda” görünməz,
Düzənlərin qarşısını qayalar kəsir.
Bu dağların, bu çayların yaşı bilinməz,
Bapbalaca təpəciyin ömrü min əsr…
Qərinələr uçub gedib hey yeyin-yeyin,
Bir gün göydən nur tökülüb,
bir gün yağıb qar.
Məndən əvvəl bu zirvədə duranlar yəqin
Yuxarıdan aşağıya belə baxıblar.

Bəli, belə dövr eyləyir həyat, görünür,
Beləcədir bu dünyanın bayırı, içi…
Aşağıdan yuxarılar böyük görünür,
Yuxarıdan aşağılar balaca, kiçik…


Tarix: 25.03.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Sevgi şerləri
loading...