beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğru olmaq istəyirəm

Qoy milislər eşitməsin ,
Qorxulu bir sirr deyirəm :
Çoxdandır ki bir arzum var ,
Oğru olmaq istəyirəm !…
İnsanların arasından
Əqidəsiz adamları ,
Vicdanını pula satan
Nadanları
Oğurlamaq istəyirəm !
Bu torpağın gündən – günə ,
Niyə artır dərdi – səri …
Dövlətlərin arasından
Sərhədləri
Oğurlamaq istəyirəm !
Axı , nə iş görmüşəm ki ,
Oğurluq da işdi barı .
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm !…
Birisini yıxmaq üçün
İkisinin ülfətini ,
İnsanların ürəyindən
Hər kinini , nifrətini ,
Ondan buna satanları ,
İki sevən arasında
O üçüncü adamları
Oğurlamaq istəyirəm !
Araz axır …
O taydan da insan baxır ,
Bu taydan da insan baxır ,
Neçə milyon gözüyaşlı əzizimi ,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm !
İndi neçə dövlətlərdən
Məzlumların ah – zarını ,
Yad torpaqda yatıb qalan ,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Fizulinin ,
Hələbdənsə Nəsiminin
Məzarını
Oğurlamaq istəyirəm .
Nə gizlədək ,
Bilir hamı
Tonqal çatıb yandırırlar
Bu cahanı .
Qəlbim deyir :
Bir Azəri məsəlini
yadına sal:
<< Oğrudan oğruya halal !… >>
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm !
Lap qəzəbi tutsa belə
Yerin mənə , göyün mənə
Nə deyirsiz deyin mənə
Oğru olmaq istəyirəm !!!


Tarix: 25.03.2013 / 16:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Sevgi şerləri