Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünən toyun idi

Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cığırla,
Axan göz yaşını görən oldumu?

Sağlıqlar uzandı… səhərə kimi,
Çalıb-oynadılar, kef eylədilər
Çırpıb pillələrə son ümidimi
“Vağzalı” üstündə dəfn eylədilər

Son ümid! O mənim gərəyim idi…
Yoluna şam tutdu necə qız-gəlin,
Şam deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdi yolunda sənin.

Getdin… O köhnə yol nur yolu idi.
Izin düşən yerdə gül acmadı ki?
Özgəylə kecirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?

Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər
Düşüb qədəminə hər eniş,yoxuş,
Niyə ürəyimə cəkilmədilər…

Başına gül-çicək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
“Get” deyib alnından öpdülər o gün,
Sınıq taleyini düzəltmədilər….

Güldün… Gülüşünün ömrü cox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin

Dünən toyun idi… Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut! Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlanmış. Nüsrət deyilmiş…

(Nüsrət Kəsəmənli)


Tarix: 25.03.2013 / 16:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Sevgi şerləri
loading...