beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Gün Mən Olmasam...

Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?

Bir küləkli axşam...
Ya qış gecəsi
Durub üşüyərsən soba dibində.
Onda boş qalacaq ömrün küçəsi-
...Kimsə fit çalacaq əli cibində.

Bir anlıq gözünü dikib güzgüyə
Sığalsız saçını qoxlayacaqsan.
Təzə bir xatirə tapasan deyə
Köhnə əl çantamı yoxlayacaqsan.

Ev səni udacaq əjdaha kimi-
Özünü min dəfə qınayacaqsan.
Soyuq otağında-boş kaha kimi-
Qalan günlərini sanayacaqsan.

Doğmalar səninlə bir olmayacaq-
Elə ümidlərin qıracaq səni.
Dərdini deməyə yer olmayacaq-
Qəbristan yolları yoracaq səni...

Bir gün mən olmasam...
Dəyişəcəksən...
Dərdin yandıracaq səni od kimi.
Bütün dünya ilə döyüşəcəksən,
Tənha qalacaqsan - son ümid kimi.

Məzarım üstündə güllər solacaq,
Sarmaşıq saracaq başdaşımı da...
Gündə neçə kərə gözün dolacaq-
Silən olmayacaq göz yaşını da.

... Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Sevgi şerləri