Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Işidir,nə Bilmək Olar?!

Ölüşən ocaqlar qızışdı bəlkə,
Taleh bizə baxıb qımışdı bəlkə,
Yenə yollarımız qovuşdu bəlkə,
Allahın işidir, nə bilmək olar?!

Mən qəlbi qubarlı, sən boynubükük,
Mən səndən küsülü, sən məndən incik,
Bəlkə də haçansa görüşəcəyik,
Allahın işidir, nə bilmək olar?!

Mənzilə çatmadıq, niyyətli qaldıq,
Namuslu, qeyrətli, ismətli qaldıq,
Bəlkə də ömürlük həsrətli qaldıq,
Allahın işidir, nə bilmək olar?!

Bəlkə çox ağlayıb göynəyəcəyəm,
Bu eşqə ağılar söyləyəcəyəm,
Bəlkə başqasıyla evlənəcəyəm,
Allahın işidir, nə bilmək olar?!

Ikinci olmadı, bir kərə getdin,
Əlimdən ayrılıb əllərə getdin,
Bəlkə başqasına sən ərə getdin,
Allahın işidir, nə bilmək olar?!

Bəlkə gecikmişik, vaxtımız deyil,
Bəlkə alınmayan cəhdimiz deyil,
Bəlkə də bir olmaq bəxtimiz deyil,
Allahın işidir, nə bilmək olar?!

Mən səni ömrümün tər gülü saydım,
Bilmirəm heç sənə mən necə qıydım?
Bəlkə də qızıma adını qoydum,
Allahın işidir, nə bilmək olar?!

Ömürlük ürəyim dağlı olacaq,
Bu eşq dilimizin nağlı olacaq,
Bəlkə mən adında oğlun olacaq,
Allahın işidir, nə bilmək olar?!

Bu eşqi hicranın zülmünə verək,
Oyunun başqa bir şəklinə verək,
Hər şeyi taleyin hökmünə verək,
Allahın işidir, nə bilmək olar?!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi şerləri
loading...