beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl Bir şeir...

Bundan belə məndən məni soruşma,
Qismətimə nə yazılıb, olandı.
Nə çəkmişəm xəbər alma, danışma,
Nə müddətdir qəlbim bomboş, talandı.


Yad olmuşam sözü üstə əsənə,
Yerli-yersiz inciyənə, küsənə,
Sənə dəyən nə demişəm, desənə,
Bir söz tapıb söyləsən də, yalandı.


Məndən qaçdı, üz çevirdim mən nəyə,
Hər kəlməsi, hər baxışı kinayə,
Bənzəyirmiş insan da bir çiçəyə,
Oxşamasan, xəzan olub solandı.


Aramızdan ötən zaman, an keçir,
"Can” dediyim üz çevirib yan keçir,
Nə zaman ki, sənsiz ömür, gün keçir,
O, yaşamaq, ömür deyil, yalandı.


Baxışından nələr düşür yadıma,
Od calanır alovuma, oduma,
Xatirələr çətin yetər dadıma,
Əvvəl- axır məndən məni alandı.


Yad olmuşam daha özüm-özümə,
Aylar ötür, yuxu gəlmir gözümə,
Mat qalmışam qəlbimdəki dözümə,
Düşündükcə ahım aha calandı.


Ömür heçdi, sevgi gəlib gedəndi,
Eşqi ürək, ruh daşıyan bədəndi,
Şeirimə sonluq etdim bu bəndi,
İnsan gedən yazdıqları qalandı.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri