beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vətənim öl desə, ölən şairəm
Vətənim öl desə, ölən şairəm

Kim nə deyir desin, kim gülür gülsün,
Mən də öz yerində gülən şairəm.
Azğın süd qoxuyur, körpəsən hələ,
Mən xalqın dərdini bilən şairəm!

Sanma taleyindən küskündür şerim,
Qılıncdan itidir, kəskindir şerim,
Dərdli könüllərə təskindir şerim,
Zalımın bağrını dələn şairəm!

Yollarda baş əyir söyüdlər mənə,
Dost olub qoşulur igidlər mənə,
Hər nadan verməsin öyüdlər mənə,
Dərdin öhdəsindən gələn şairəm!

Baş döndərən xülya nəyimə gərək,
İşıqsız bir dünya nəyimə gərək,
Göz yaşından dərya nəyimə gərək?
Xalqın göz yaşını silən şairəm!

Sön desəm, göylərdə sönər ulduzlar,
Yerlərə en desəm, enər ulduzlar,
İşıq karvanına dönər ulduzlar,
Günəşli ölkədən gələn şairəm!

Hər şey satılsa da ürək satılmaz,
Əgər tapmasa da çörək, satılmaz.
Könüldə bəslənən dilək satılmaz,
Vətənim öl desə, ölən şairəm.


Tarix: 29.05.2015 / 11:34 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Süleyman Rüstəm