beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN FESTİVAL DEYİL!

Din insan üçündür. İbadətlərdən Allahın deyil insanın mənfəəti var. Çünki möhtac olan insan, ehtiyacı ödəyən isə Allahdır.
Allah-insan əlaqəsində ibadət insandan Allaha yüksələn bir şüurdur. Bu, “təqva”dır. Yapon tədqiqatçısı və yazıçısı Toşihiko İzutsunun təsbit etdiyi, eləcə də Əsəd və Fazul Rahman kimi müasir alimlərin də onunla razılaşaraq istifadə etdikləri qarşılığı ilə “məsuliyyət şüuru”...

Bu bir meracdır. Hər merac bir “uruc”un, yəni “ucalıq və yüksəlişin” əsəridir. İbadətlərlə insan şüuru, insanlıq kainatının üfüqünə yüksəlir. Bu yüksəlişi Allah əvəzsiz qoymaz. Ubudiyyətlə Ona yönələn qula O da rububiyyətlə yönələr və rəhməti ilə “nüzul” edər.
Allah tərəfindən həyata keçirilən hər nüzul, eyni zamanda bir tənəzzüldür. Onun rəhmətlə insanlığa tənəzzülü peyğəmbərlərdə vəhy surətində təcəlli etmişdir.
Bütün vəhylərin zirvəsi olan Quran vəhyi, məhz belə bir ilahi tənəzzülün əsəridir. “Nüzul” kəlməsi Ərəb dilində, “müsafirin önünə sərilən möhtəşəm ziyafət süfrəsi” mənasına gəlir. Bu mənada dərk olunarsa, vəhyin nüzulunun nə mənaya gəldiyi daha yaxşı aydınlaşar.

Bəli, vəhy Allahdan insana endirilən bir “maidə” yəni möhtəşəm bir göy süfrəsidir. Bu süfrə insana, insan tərəfini inkişaf etdirəcək qidalar təqdim edər. İnsanın digər canlılarla paylaşdığı heyvani tərəflərini deyil, onun insani tərəflərini bəsləyər.
Vəhy, ilahi bir inşa layihəsidir. İnsan olmağın minimum məsuliyyətini fərq edərək idrakını yüksəldən insanda, möhtəşəm bir ağıl və şəxsiyyət inşa edər. Eynilə ilk müxatibi olan Sevgili Peyğəmbərimizin təsəvvürünü, ağlını və şəxsiyyətini inşa etdiyi kimi…

İnsan yer üzündəki varlıq məqsədini, ancaq vəhyin inşa etdiyi bir şüurla həyata keçirə bilər. Bu idraka çatması üçün insan əvvəlcə öz məna və məqsədi üzərində ciddi bir şəkildə düşünməlidir.
Doğrudan da insan heç məqsədsiz ola bilərmi? Orta hesabla ömrü insan ömrünün yüzdə biri qədər olan bal arısının belə bal düzəltmək kimi möhtəşəm bir məqsədi varsa, yaradılanların şah əsəri olan insanın bir məqsədi olmasınmı?
Onu digər canlılardan ayıran fitrət, ağıl, iradə və digər qabiliyyətləri ilə insan özbaşına buraxılacağını, dünya bağçasında kefinə uyğun at oynadacağını, əlinə verilən bu qədər daxili və xarici imkanı nəfsinin istədiyi kimi xərcləyəcəyini və tar-mar edəcəyinimi düşünür?

İnsanın yaradılış qayəsi, “yer üzündə varlıq məqsədinə uyğun bir həyat inşa” etməkdir. Vəhy, bu inşanın ustası olan insanın istifadə bələdçisi, preyskurantıdır. İnsan, öz varlıq məqsədini doğru və maksimum səviyyədə həyata keçirmək istəyirsə, ilk əvvəl özünü vəhyin inşasına təqdim etmək məcburiyyətindədir.

Əks halda?
Əks halda, məhz yaşadığımız dövrdə olduğu kimi insan yox olar. Onun yerini insan qılığına girmiş cilalı və maskalı subyektlər alar. Siyasi və iqtisadi böhranların da qaynaqlandığı “adam böhranı” xroniki hala çevrilər. Doğrunun yerini yalan, həqiqətin yerini imic, dəyərin yerini qiymət, işin yerini simvol, ədalətin yerini təhlükəsizlik sindromu, dövlətin yerini diktatura, millətin yerini vəhşi bir oliqarxiya [1] alar.

Peyğəmbərlərin dəvətini diriltməkdən başqa çıxış yolu yoxdur. Bütün Peyğəmbərlərin dəvətləri, insanın varlıq məqsədini həyata keçirmək üçün olan dəvəti idi. Bu dəvətə arxa çevirmək, əslində insanın insanlığa edəcəyi ən böyük zülm və qlobal bir əxlaqsızlıqdır. Bu dəvətin zirvəsini təşkil edən Quranın dəvəti də budur.

Ramazan, bax bu dəvətin subyekti olan Quranın doğum ayıdır. Bu doğumun orucla qeyd olunması, əslində vəhyin dəvətinin ruhu ilə mükəmməl bir harmoniya təşkil edir. Çünki oruc, insanın insan tərəfini inkişaf etdirmək üçün heyvan tərəfinə “dur” deməkdir. İnsanın ruhunu zənginləşdirib instinktlərini cilovlayır.
Bu məqsədin həyata keçməsi, yer üzündə varlıq məqsədinə uyğun bir həyatı inşa etmək üçün yaradılan insanın, yəni “usta”nın tərbiyə edilməsi deməkdir. Bunun üçün də, Ramazan həm oruc ibadəti ilə bir nəfs və ruh tərbiyəsinə, həm də vəhiylə bir təsəvvür və ağıl tərbiyəsinə çevrilməlidir. Ancaq o zaman əsl məqsədini həyata keçirə bilər.

İbadətlər insan-Allah əlaqəsində, insanın Allaha göndərdiyi bir məktuba bənzəyirlər. İçi boş bir zərfin ünvanına çatdığını düşünsək də belə, bu, müxatibi tərəfindən ciddi qarşılanacaq bir mesaj olmayacaq.
Bax, içi boşaldılmış ibadətlər, bu cür içi boş zərfə bənzəyərlər. Bu, ən azı qeyri-ciddi qəbul ediləcək, ən əsası isə heç bir zaman məqsədini həyata keçirə bilməyəcəkdir. Ramazanı moderin insanların təşkil etdikləri “konsertlər”lə qeyd etmək isə onun ruhunu öldürüb cəsədinin üzərində festival düzəltməkdir.
Başqa bir sözlə desək, fərdi planda Ramazanı zəngin şişmanların “pəhriz ayı”, yoxsul arıqların “daha yaxşı qidalanmaq ayı” zənn etməklərindən daha da təhlükəlidir.
Bayaqdan bəri niyə “Quranın inşası” deyib üzərində bu qədər ciddi durduğumuz aydın olurmu? Çünki bu problem, “Mən müsəlmanam” deyən və səmimiyyətlərindən zərrəcə şübhə olmayan insanların İslamını vəhyin inşa etməməyindən qaynaqlanır.

Kim olursunuzsa olun, hansı fəaliyyətləri icra edirsinizsə edin, əvvəlcə təsəvvürünüzü, ağlınızı və şəxsiyyətinizi vəhyin əllərinə təslim edərək, özünüzə bir istiqamət yönü təyin edin. Vəhyin əlləri ilə bir bünövrə atdırın. Dinə, dünyaya, insana, əşyaya, Allahın “gör” dediyi yerdən baxmağınız ancaq buna bağlıdır… Müsəlmanlığınızın da Allah tərəfindən ciddi qəbul olunması yalnız buna bağlıdır…
Ondan sonra? İstər siyasətçi olun, istər ekonomist… istər sənətkar olun, istər futbolçu… İstər bələdiyyə rəisi olun, istər prezident....


[1] 1) tarix - qədimdə və orta əsrlərdə aristokrat təbəqənin hakimiyyətinə əsaslanan dövlət; 2) iri monopolist kapital nümayəndəsi olan bir ovuc imperialistin siyasi və iqtisadi hökmranlığı


Tarix: 06.01.2013 / 15:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 778 Bölmə: Ramazan