beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazil olma səbəbi (Əsbabul-Nüzul)

Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir.

Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin əhəmiyyəti böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Baxmayaraq ki, hər ayənin nazil olma səbəbinin olduğunu iddia etmək olmaz, ayənin nüzül səbəbini bilmədikcə, onun tam olaraq başa düşülməsi mümkün deyil. Məsələn, Bəqərə surəsinin 158-ci ayəsi: "(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir".

Əgər bu ayənin nüzül səbəbini bilməsək, belə aydin olar ki, Həcc ziyarəti zamanı Səfa və Mərvənin arasında səy etmək vacib deyil. Amma həqiqətdə bu əməl həcc ziyarətinin rüknüdür və yerinə yetirilməsə, bu ziyarət batil olar.

Ayənin nazil olma səbəbi isə belədir:

Müsəlmanlar ilk dəfə İslami qaydada həcc ziyarətini yerinə yetirən zaman Səfa və Mərvənin hər birində bir büt qoyulmuşdu və müsəlmanlar səy edərkən bu bütlərin qarşısından keçməli idilər. Onlar bunun dogru olub-olmadığını bilmirdilər və ziyarətlərini batil edəcəklərini düşünürdülər. Ayənin nazil olması ona dəlalət etdi ki, o zaman bu işi görmələrində müsəlmanlar üçün heç bir günah yoxdur.

Nəsih-mənsuh

Nəsihin lüğət mənası izalə etmək, yox etmək, dəyişdirmək, nəql etməkdir. Bir termin olaraq isə bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır.

Nəshedən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir.[1]

Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur: "Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!" [2].

Məsələn, "Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!" [3] ayəsini "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir" [4] ayəsinin nəsh etdiyini görürük.

Yaxud, "Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın)."[5] ayəsinin hökmü "Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!"[6] ayəsi vasitəsilə nəsx olunub.

Möhkəm və mütəşabih ayələr

Qurandakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır.

Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir. Bunlara "Möhkəm ayələr" deyilir. Gizliliyi olan ayələr isə mütəşabih ayələr adlanır.

"(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər." [7] "Bu ayələri möhkəm qılınmış bir kitabdır". [8]

Həqiqət və məcaz

Kəlimələrin öz mənalarında işlənmələrinə həqiqət, başqa bir mənada işlənmələrinə də məcaz deyilir. Qurani Kərimdəki kəlimələr, öz mənalarında işləndikləri kimi, bəzən də məcazi mənalarında işlədilmişdir.

İslam alimlərinin çoxu Quranda məcazın varlığını qəbul, bəziləri isə inkar edirlər. İnkar edənlər fikirlərini belə əsaslandırırlar ki, məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə başvurulan bir yoldur, Quran isə bundan uzaqdır.

Qurandakı məcaz iki qismə ayrılır: 1. Əqli məcaz və ya məcaz fi-tərkib; 2. Lüğəvi məcaz və ya məcaz-fil-müfrəd.

Əqli məcaza misal olaraq "Onların ticarəti kar vermədi"[9] cümləsini göstərmək olar. Belə ki, buradakı "kar vermədi" və "ticarət" kəlimələri, məcazi mənada işlədilmişdir. Mənası budur: Onların hidayəti buraxıb, zəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz. Eləcə də, "Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!"[10], yaxud "Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?!"[11][12][13]

Lüğəvi məcaz misal olaraq yenə "Onlar barmaqlarını qulaqlarına soxurlar"[14] cümləsini göstərmək olar. Belə ki, əslində, barmaqları qulağa soxmaq mümkün deyildir. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısıyla bu bir məcazi ifadədir.


Tarix: 26.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 797 Bölmə: Qurani Kerim