Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məryəm surəsi

.19.
Məryəm surəsi
(Məkkədə nazil olmuşdur, 98 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Kaf, Ha, Ya, Eyn, Sad!
2.(Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!
3.(Zəkəriyya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
4.Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
5.Mən özümdən sonra gələn qohum-əqrəbamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki,
6.O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl əxlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!”
7.(Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”
8.(Zəkəriyya) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?”
9.(Allah Cəbrailin dili ilə buyurdu:) “Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!”
10.(Zəkəriyya) dedi: “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!” (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!”
11.(Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin olub Ona can-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)”
12.(Yəhya dünyaya gəldikdən sonra ona dedik:) “Ey Yəhya! Kitabdan bərk yapış! (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.
13.Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi.
14.(Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi.
15.Ona doğulduğu gün də, öləcəyi gün də, (qiyamət günü qəbirdən) diri olaraq qaldırılacağı gün də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)
16.(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et2. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.
17.Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) tam bir insan surətində göründü.
18.(Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!”
19.(Cəbrail:) “Mən sənə ancaq tər-təmiz (məsum) bir oğlan uşağı bağışlamaq üçün Rəbbinin (lütf edib göndərdiyi) elçisiyəm!”- dedi.
20.(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”
21.(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”
22.(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.
23.Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”
24.Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi).
25.(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!
26.(Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman üçün oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”
27.(Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Və ya çox çirkin bir iş gördün!)
28.Ey Harunun bacısı3! Atan pis kişi, anan da zinakar deyildi!”
29.(Məryəm: “Özü ilə danışın” -deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışaq?” -dedilər.
30.(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.
31.O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.
32.O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!
33.Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qiyamətdə qəbirdən diri olaraq qaldırılacağım) gün də (Allahdan) mənə salam olsun!”
34.Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur].
35.Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar.
36.(İsa sonra belə dedi:) “Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”
37.(Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü) görəcək kafirlərin halına!
38.(Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar).
39.(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!
40.(O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. (Bizdən başqa heç kəs və heç nə qalmayacaq). Onlar (əməllərinin cəzasını almaq üçün) Bizim hüzurumuza qaytarılacaqlar.
41.(Ya Rəsulum!) Kitabda (Quranda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) -bir peyğəmbər idi.
42.O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?
43.Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!
44.Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur!
45.Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!”
46.(Atası Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!”
47.(İbrahim) belə cavab verdi: “Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfkardır, duamı qəbul edər).
48.Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)”
49.(İbrahim müşrikləri) və onların Allahdan başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik.
50.(Onların üçünü də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub təriflərini dillər əzbəri etdik. (Bütün din sahiblərinin, möminlərin yanında onların ehtiramını və məqamını ucaltdıq).
51.(Ya Rəsulum!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O (Bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
52.Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.
53.Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik.
54.(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
55.O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi).
56.(Ya Rəsulum!) Kitabda (Quranda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan bir kimsə (siddiq) -bir peyğəmbər idi.
57.Biz onu yüksək bir məqama (Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq.
58.Bunlar4 Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar5. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir].
59.Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).
60.Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar –
61.Rəhmanın (Allahın) Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir.
62.Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır.
63.Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik.
64.(Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi:) “Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir”. (Cəbrail Quranı Muhəmməd peyğəmbərə öyrətməyə müvəkkil olsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini qısma!)
65.O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər).
66.(Qiyaməti inkar edən) insan: “Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?” -deyə soruşur.
67.Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?
68.(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.
69.Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya gətirəcəyik).
70.Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik.
71.Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu qəti bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).
72.Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!
73.Ayələrimiz6 özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: “Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?” -deyə soruşarlar.
74.Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər.
75.(Ya Rəsulum!) De: “(Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin”. Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.
76.Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!
77.(Ya Rəsulum!) Ayələrimizi inkar edib: “(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” -deyən adamı7 (As ibn Vaili) gördünmü?
78.Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!
79.Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.
80.Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).
81.(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.
82.Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar.
83.(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxardıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
84.Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).
85.O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik.
86.Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.
87.Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər).
88.(Müşriklər:) “Rəhman özünə övlad götürmüşdür!” -dedilər.
89.Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)!
90.Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!-
91.(Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!
92.Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz.
93.Çünki göylərdə və yerdə olan bütün məxluqatdan elə birisi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.
94.And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır.
95.Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.
96.Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır).
97.(Ey Muhəmməd!) Biz (Quranı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan.
98.Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri də onlar kimi məhv edib kökünü kəsəcəyik).


Tarix: 21.11.2012 / 15:33 Müəllif: [Ram] Baxılıb: 1981 Bölmə: Qurani Kerim
loading...