beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əş-Şuəra (Şairlər) surəsi

.26.
əş-Şuəra (Şairlər) surəsi
(Məkkədə nazil olmuşdur, 227 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ta, Sin, Mim!
2.Bunlar (haqqı batildən ayıran, möcüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
3.(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
4.Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
5.Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir yeni öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
6.Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar).
7.Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
8.Şübhəsiz ki, bunda (Quranı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.
9.Həqiqətən, Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
10.(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına –
11.Firon tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladına əziyyət verməkdən) məgər qorxmurlar?”
12.(Musa) dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
13.Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
14.(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram.”
15.(Allah) buyurdu: “Xeyr! (Firon səni əsla öldürə bilməz!) Hər ikiniz möcüzələrinizlə (Fironun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Firon tayfasının nə dediyini) eşidəcəyik!
16.Fironun yanına gedib belə deyin: “Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
17.İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!” (Onlara əzab-əziyyət vermə!)
18.(Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
19.Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!”
20.(Musa) dedi: “Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).
21.Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
22.Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)”
23.Firon dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)”
24.(Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir!” -deyə cavab verdi.
25.(Firon) ətrafındakılara: “Eşitdinizmi?” -dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
26.(Musa) dedi: “O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!”
27.(Firon ətrafındakılara:) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” -dedi.
28.(Musa) dedi: “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”
29.(Firon:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” -dedi.
30.(Musa) dedi: “Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?”
31.(Firon:) “Əgər doğru deyirsənsə, di onu gətir!” dedi.
32.(Musa) əsasını (yerə) atan kimi, o, dərhal açıq-aşkar bir əjdaha oldu.
33.Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi).
34.(Firon) ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!
35.O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)”
36.Onlar dedilər: “Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də (sehrbazları) yığanları göndər ki,
37.Bütün bilikli (bacarıqlı) sehrbazları (yığıb) sənin yanına gətirsinlər!”
38.Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar.
39.(Fironun xidmətçiləri tərəfindən camaata) deyildi: “Siz də yığılırsınızmı?
40.Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!”
41.Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?”
42.(Firon) dedi: “Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!”
43.Musa onlara dedi: “(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!”
44.Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!” - dedilər.
45.Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
46.Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.
47.Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə!
48.Musanın və Harunun Rəbbinə!”
49.(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!”
50.(İman gətirmiş sehrbazlar) dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!
51.Biz (sənin adamların, sənə tabe olanlar içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”
52.(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz!”
53.Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
54.(O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
55.Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
56.Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!”
57.Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
58.Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.
59.(O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
60.(Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.
61.İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”
62.(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”
63.Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
64.O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dənizin sahilinə topladıq).
65.Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66.O biriləri (Firon tayfasını) isə suya qərq etdik.
67.Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
68.(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
69.(Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!
70.O zaman o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?”
71.Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” -deyə cavab vermişdilər.
72.(İbrahim) demişdi: “Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?
73.Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?”
74.Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” -deyə cavab vermişdilər.
75.(İbrahim) demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-
76.Sizin və ulu babalarınızın?
77.Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
78.Məni yaradan və məni doğru yola yönəldən Odur!
79.Məni yedirdən də, içirdən də Odur!
80.Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
81.Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
82.Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!
83.Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərə (yaxşılar zümrəsinə) qovuşdur!
84.Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yaxşı yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)
85.Məni Nəim cənnətlərinin varislərindən et!
86.Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!
87.(İnsanların qəbirlərindən çıxarılıb) dirildiləcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!
88.O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!
89.Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə2 Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!”
90.(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.
91.Cəhənnəm də azğınlara göstərilər.
92.Və onlara belə deyərlər: “İbadət etdikləriniz (bütlər) haradadır?
93.Allahdan başqa (ibadət etdikləriniz?) Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?”
94.Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!
95.İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).
96.Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub3 deyərlər:
97.“Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!
98.Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.
99.Bizi yalnız günahkarlar azdırdı.
100.İndi artıq nə şəfaət edən kimsələrimiz,
101.Nə də bir mehriban dostumuz var!
102.Kaş bir də (dünyaya) dönə biləydik; möminlərdən olardıq!”
103.Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.
104.Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
105.Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir).
106.O zaman qardaşları Nuh onlara dedi: “Məgər (küfr etməyinizə görə) qorxmursunuz?
107.Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
108.Artıq Allahdan qorxun və mənə itaət edin!
109.Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
110.Artıq Allahdan qorxun və mənə itaət edin!”
111.Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” -dedilər.
112.(Nuh) dedi: “Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm!
113.Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!)
114.Və mən iman gətirənləri qovan da deyiləm!
115.Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
116.Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”
117.(Nuh) dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
118.Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri (bu əzabdan) qurtar!
119.Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
120.Sonra yerdə qalanları suda boğduq!
121.Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.
122.Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
123.Ad tayfası da peyğəmbərləri təkzib etdi.
124.O zaman qardaşları Hud onlara dedi: “Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?
125.Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
126.Allahdan qorxun və mənə itaət edin!
127.Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
128.Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?
129.Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!
130.Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onu vəhşicəsinə döyüb öldürürsünüz!)
131.Artıq Allahdan qorxun və mənə itaət edin!
132.Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (nemətləri) sizə əta etdi!
133.Sizə heyvanat, oğul-uşaq,
134.Bağlar və çeşmələr verdi!
135.Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
136.Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).
137.Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)
138.Və biz əzaba da düçar olmayacağıq!”
139.Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
140.Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
141.Səmud tayfası da peyğəmbərləri təkzib etdi.
142.O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?
143.Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
144.Artıq Allahdan qorxun və mənə itaət edin!
145.Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
146.Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?
147.Bağlar və çeşmələr içində,
148.Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?)
149.Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?
150.Artıq Allahdan qorxun və mənə itaət edin!
151.(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin),
152.O kəslərin ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!
153.Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)
154.Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir möcüzə gətir!”
155.(Saleh) dedi: “Bu, (Allahın möcüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi4 bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)
156.Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət gününün) əzabı sizi yaxalayar!”
157.Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.
158.Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
159.Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
160.Lut tayfası da peyğəmbərləri təkzib etdi.
161.O zaman qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
162.Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
163.Artıq Allahdan qorxun və mənə itaət edin!
164.Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
165.Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?
166.Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”
167.Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”
168.(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!
169.Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”
170.Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.
171.Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!
172.Sonra da o biriləri məhv edib kökünü kəsdik.
173.Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!
174.Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
175.Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
176.Əykə5 əhli də peyğəmbərləri təkzib etdi.
177.O zaman Şüeyb onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
178.Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
179.Artıq Allahdan qorxun və mənə itaət edin!
180.Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
181.Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın!
182.Düz tərəzi ilə çəkin!
183.İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!
184.Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!”
185.Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?)
186.Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!
187.Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!”
188.(Şüeyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”
189.Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.
190.Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
191.Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
192.Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
193.Onu Cəbrail (Ruhuləmin6) endirdi:
194.(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);
195.Özü də açıq-aydın ərəb dilində.
196.Həqiqətən, o (Quranın nazil olacağı xəbəri, mənası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarında mövcuddur.
197.Məgər İsrail övladı7 alimlərinin (Quranın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri8 onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?
198.Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bəzisinə) nazil etsəydik;
199.Və o, (Quranı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu adam ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.
200.Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq.
201.Onlar şiddətli əzabı görməyənədək (Qurana) inanmazlar.
202.(Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr.
203.O zaman onlar deyərlər: “Əcəba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?”
204.İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər?
205.(Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə nemət (gün-güzəran) versək,
206.Sonra vəd (təhdid) olunduqları (əzab) onlara yetişsə,
207.Onlara verilmiş (faydalandıqları) nemətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol nemət onların günahlarını, cinayətlərini daha da artırar).
208.Biz heç bir məmləkəti ora xəbərdarlıq edənlər (peyğəmbərlər) göndərmədən məhv etmədik!
209.(Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik!
210.(Quranı) əsla şeytanlar endirmədi.
211.Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər!
212.Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir9.
213.Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!
214.Və ən yaxın qohumlarını10 qorxut!
215.Sənə tabe olan möminləri qanadın altına al11! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)
216.Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”
217.Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibinə təvəkkül et!
218.O Allah ki, səni namaza duranda da görür,
219.Səcdə edənlər içində dolananda da.
220.Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur!
221.(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222.Onlar hər bir yalançıya, günahkara nazil olarlar.
223.(Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!
224.(Müşrik və kafir) şairlərə gəlincə12, onlara yalnız azğınlar uyar!
225.Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)
226.Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)
227.Ancaq13 iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!


Tarix: 21.11.2012 / 15:30 Müəllif: [Ram] Baxılıb: 1467 Bölmə: Qurani Kerim