beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

42. Əş-Şura (Şura) surəsi
42. Əş-Şura (Şura) surəsi

1. Ha, Mim!

2. Eyn, Sin, Qaf!

3. (Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy edir!

4. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur!

5. Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!

6. (Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)

7. (Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insanların) bir qismi (möminlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!

8. Əgər Allah diləsəydi, onların hamısını (eyni dində olan) vahid bir ümmət edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə) Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!

9. Yoxsa onlar (müşriklər) özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə O qadirdir!

10. Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram! (Ona tövbə edirəm!)

11. Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!

12. Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir!

13. (Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

14. Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər təxirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yəqin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Quran göndərilmiş müşriklər də) onun (Qurnın, peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.

15. (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: "Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!"

16. Allahın dəvəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!

17. Kitabı və mizan-tərəzini (insanlar arasında ədalət tərəzisi olan şəriəti) haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də, o saat (qiyamət saatı) yaxındır!

18. Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər.

19. Allah Öz bəndələrinə çox lütfkardır. istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!

20. Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.

21. Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (vəd) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!

22. (Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!

23. Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)

24. Yoxsa onlar: "(Muhəmməd) Allaha qarşı yalan uydurdu!" - deyirlər. (Ya Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə Quranı sənə büsbütün unutdurar). Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.

25. Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.

26. İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!

27. Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar. eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar).

28. (İnsanlar) ümidsizliyə qapılandan sonra, yağmur göndərən, nemətini (yağışını) açıb paylayan Odur. İxtiyar sahibi Odur. Tərifə (şükrə) layiq olan da Odur.

29. Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!

30. Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.

31. Siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz (Onun əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allahdan başqa sizin nə bir himayədarınız olar, nə də bir imdada yetəniniz!

32. Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.

33. Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!

34. Yaxud onları (gəmi əhlini) qazandıqlarına (günahlarına) görə məhv edər və bir çoxunu bağışlayar!

35. Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki, onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!

36. Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər.

37. O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar.

38. O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

39. Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) məruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər).

40. Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!

41. Zülmə məruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz (onların heç bir günahı yoxdur, uğradıqları haqsızlığın əvəzini çıxmışlar).

42. Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!

43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!

44. Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) Özündən başqa yol göstərən olmaz. (Ya Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: "(Pərvərdigara!) Geri dönməyə dünyaya qayıtmağa) bir yol varmıdır?" - deyən görəcəksən.

45. Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!" Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar.

46. Onlara Allahdan başqa yardım edəcək (Allahın əzabından qurtara biləcək) dostlar tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin etiqadına görə) zəlalətə saldığı kimsə üçün (haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!

47. (Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin! (Ona iman gətirin!) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!

48. (Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin dəvətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (nemət) daddırsaq, ona sevinər. yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!

49. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.

50. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!

51. (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!

52. (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan).

53. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!


Tarix: 10.06.2015 / 15:00 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Qurani Kerim