beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

36. Yasin surəsi
36. Yasin surəsi

1. Ya, Sin!

2. (Ya Rəsulum!) Hikmətlə dolu Qurana and olsun ki,

3. Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) peyğəmbərlərdənsən!

4. Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).

5. Bu Quran (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,

6. (Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!

7. And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).

8. Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).

9. Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mənən kordurlar).

10. (Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman gətirməzlər!

11. Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!

12. Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.

13. (Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.

14. O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik!"

15. (Antakiyalılar: ) "Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, möcüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!" - dedilər.

16. (Elçilər) dedilər: "Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir.

17. Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!"

18. (Antakiyalılar) dedilər: "Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır".

19. (Elçilər) dedilər: "Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!"

20. Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!

21. Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!

22. (Antakiyalılar Həbib Həccardan: - Sən bu elçilərə tabe olmusanmı? - deyə soruşduqda o dedi: ) "Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!

23. Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.

24. Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.

25. (Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)"

26. (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): "Cənnətə daxil ol! - deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı nemətləri, hörmət-izzəti gördükdən sonra) dedi: "Kaş qövmüm biləydi ki,

27. Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!"

28. Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

29. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.

30. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar).

31. Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?

32. Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir!

33. Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.

34. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,

35. Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?

36. Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)

37. Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.

38. Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).

39. Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.

40. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.

41. Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.

42. Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.

43. Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

44. Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik).

45. Onlara (müşriklərə): "Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!" - deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).

46. Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!

47. Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi zaman, kafirlər möminlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!" - deyərlər. Siz (bu etiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.

48. Onlar: "Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu vəd (qiyamət günü) nə vaxt yerinə yetəcək?" - deyərlər.

49. Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.

50. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!

51. Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar.

52. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək: ) "Bu, Rəhmanın məxluqata buyurduğu vəddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!"

53. Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.

54. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!

55. Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.

56. Onlar (mömin kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.

57. Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.

58. Rəhmli Rəbbdən (onlara) "salam" deyiləcəkdir.

59. (Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) "Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!"

60. Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,

61. Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!

62. Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

63. Bu sizə vəd olunan Cəhənnəmdir!

64. Kafir olduğunuza görə bu gün girin ora, yanın!

65. Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.

66. Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).

67. Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).

68. Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?

69. Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır ki,

70. Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.

71. Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!

72. Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.

73. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?

74. (Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər.

75. (O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir.

76. (Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.

77. Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,

78. Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.

79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!

80. O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız".

81. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!

82. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar.

83. Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!


Tarix: 10.06.2015 / 14:58 Müəllif: Aziza Baxılıb: 321 Bölmə: Qurani Kerim