beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Məaric (Dərəcələr, yaxud Pillələr) surəsi

.70.
əl-Məaric (Dərəcələr, yaxud Pillələr) surəsi
(Məkkədə nazil olmuşdur, 44 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Kafirlərdən) biri2 vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.
2.(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
3.(O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!
4.Mələklər və ruh3 (Cəbrail) Onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti (miqdarı) əlli min il olan4 bir gündə qalxarlar.
5.(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbir et!
6.Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).
7.Biz isə5 onu yaxın görürük (ona inanırıq).
8.O gün göy göyərmiş mis kimi olacaq;
9.Dağlar da6 didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
10.Və dost dostu7 arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).
11.Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;
12.Övrətini və qardaşını;
13.(Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrəbasını);
14.Və yer üzündə olanların hamısını -təki özünü (Allahın əzabından) qurtarsın!
15.Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.
16.(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).
17.Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
18.Və (mal-dövlət) yığıb saxlayanı8! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)
19.Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır9!
20.Ona bir pislik üz verdikdə fəryad qoparar10.
21.Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
22.Namaz qılanlar istisnadır!
23.O kəslər ki, daim namaz qılarlar;
24.O kəslər ki, onların mallarında məlum bir haqq (pay) vardır-
25.Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;
26.O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
27.O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;
28.Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;
29.O kəslər ki,11 ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
30.Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
31.Bundan artığını istəyənlər isə həddi aşanlardır;
32.O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;
33.O kəslər ki, düzgün şəhadət verərlər
34.Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
35.Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
36.(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?
37.Sağdan və soldan dəstə-dəstə gəlirlər?
38.Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
39.Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq12! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın etiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyəri, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)
40.Məşriqlərin və məğriblərin13 Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik,
41.Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müti olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
42.Elə isə (ya Peyğəmbər!) qoy onlar vəd olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
43.O gün14 onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
44.Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!


Tarix: 21.11.2012 / 15:15 Müəllif: [Ram] Baxılıb: 629 Bölmə: Qurani Kerim