beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Etməzmidim"

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?

Ləhzə-ləhzə surətin görsəydim ol şirinləbin,
Sən kimi, ey Bisütun, mən həm qərar etməzmidim?

Nişə məhrəm eylədin şəmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?

Dərdimi aləmdə pünhan tutduğum naçardır,
Uğrasaydım bir təbibə aşikar etməzmidim?

Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?

Vaizin bəzmin mənim rüsvalığımdan qıl qiyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?

Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?

Ey Füzuli, daği-hicran ilə yanmış könlümü,
Laləzar açsaydı, seyri-laləzar etməzmidim?


Tarix: 31.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Qezeller