beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çuxursəəd

Tarixi
Çuxursəd Bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir.

Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir. "Naxçıvan və Çuxusəd tərəfə yolandılar" . Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o, Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Yuxarıdakı cümlə də bunu təsdiq edir. Çuxur türkcə çala və quyu mənasındadır., ancaq "səəd"in nə demək olduğunu bilmədik". (1) Əllamə Qəzvini "Səd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sumər onu "Səudlu" tayfası ilə əlaqələndirir və yazır: "Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla [Qaraqoyunlu] yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (Ehtimal ki, qeyd olunan əsrin ikinci yaraısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səd"in adından götürmüşdü.Belə görünür ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Çünki iranlı müəlliflər Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar.

Hafiz Əbrunun yazdığına görə, Naxçıvanın və Sürməlinin ətrafı bu tayfanın qədimdən məskəni olmuşdur. Miladi təqvimi ilə 15-ci əsrdən sonra müxtəlif tarixi kitablarda haqqında danışılan bu tayfanın adı Səfəvilər dövründə İrəvanın və üç əyaləti əhatə edən məntəqələrə verilməklə Çuxursəd yaranıb. Həmin adın bu tayfanın yaşadığı ərazi ilə mütləq əlaqəsi olmalıdır". Səadət onu aram etdiyindən, Ona əvvəldən Çuxursəd adı verdilər. Əlbəttə, ad fələkdən nazil olur, Bu torpaqda səbəbsiz ad olmaz. Səadət ona görə bura nəsib olub ki, Bu vilayətin adına vurulub.

Professor Faruq Sümer Çuxursəd vilayəti ilə bağlı qiymətli tədqiqatlar aparmışdır. O, bu haqda yazır":... Çox uzun tədqiqatlardan sonra gəldiyim nəticəyə görə, İranlı müəlliflərin Çuxursəd adlandırdığı məntəqə Ərivanın qərb və cənub – qərb hissəsində bir nahiyə idi ki, o, osmanlıların mənbələrində "Səd çuxur" kimi qalmışdı. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağına, cənubda isə Araza qədər uzanırdı. Bildiyim qədər bu kəlmə ilk dəfə "Diyarbəkriyyə" kitabında işlənib. Çələbinin gündəliyində Yavuz Sultan Səlimin İranla müharibədən qayıdarkən köç saldığı mənzilgahlar arasında bu nahiyənin də adı çəkilmişdir. (Məsələn, Çuxursədin ətraflarından sayılan Hacılaləli yaxınlığında Kiçik vadi kəndi və Böyük vadi kəndindən aşağı) düşdülər. Üçüncü gün 5-də Çuxursəd ətrafındakı Zəngi çaydan da keçib, Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada qoyaraq İrəvan şəhərini yaxınlığına endilər. 4-cü gün 6-da Çuxursəd ətrafındakı "Kilsə təpəsi"ndən keçib "Səkkiz mənzilikdə" mənzilgah qurdular. Dağ həm sol tərəfdə, həm də arxada idi. Burada adı çəkilən Çuxursəd ətrafındakı bəzi yerlər böyük miqyaslı coğrafi xəritələrdə də müşahidə olunur. "Cahanara"da da Qaffari ona işarə edir; İrəvan və Kilsə təpəsi Çuxursəddə idi. Həsən bəy Rumlu yazır ki, İskəndər mirzə Qaraqoyunlu Qaqzəmanla Çuxursəd və Sürməliyə gəldi və qışı orada keçirdi. O, Səfəvilər bölməsində (s.59) deyir ki, Şah İsmayılın Əlvənd Mirzə ağa Qaraqoyunlu ilə müharibəsi hicri təqvimi 907, miladi 1501-ci ildə Çuxursəddə və Şərur ətrafında baş verdi. Həmin müəllif əsərini başqa bir yerində Ərzurum valdisi İskəndər paşanın Çuxursədə hücumunu şərh edir. "... Sultan Süleymandan qabaq Rumun padişahı və Ərzurumun hakimi olan İskəndər paşa Hacı bəy Donbəlini qətlə yetirmiş və Çuxursədə gələrək onun bazarını yandırdırdı..." (s.356). Müəllifin burada Çuxursəd bazarı adlandıraraq söhbət açdığı bazar hər halda İrəvan bazarı olmalıdır. İbrahim Peçuy Əfəndi şahzadə Bayəzidin İrana qaçması barədə söhbət açarkən bu yerin adını "Saat-e Çuxur" və "Səd-e Çuxur" kimi qeyd eləyir ".

Tuyğun paşa, qardaşı məltiyyə əmiri Mustafa paşa, eyntəb (antəb) əmiri Xosrov paşa öz əsgərləri ilə birgə onu təqib etməyə başladılar. Bir neçə dəfə arı kimi yuxarıda qarşılaşıb başının üstündə uçuşsalar da, bir müddətdən sonra "Saat-e Çuxur" adlanan yerdə şahzadəyə çatdılar (1-ci cild, səh. 349). Səfəvilər miladi təqvimi ilə 17-ci əsrdə Çuxursədi türklərlə sərhəddə özlərinin 8 idarəriçilik rayonunda ibarət ən böyük bəylərbəyliyi kimi yaratdılar. Çələbi öz kitabında deyir":87 uzunluq və 39 en coğrafi dərəcəsində bir qəsəbə və nahiyyə mərkəzi vardır ki, onu Çuxursəd adlandırırlar". Beləliklə, bu adın dəqiq və dürüst şərhini əldə etmiş oluruq. Yenə həmin müəllif yazır: "Arpaçay Çuxursəddə Araza birləşir". Əldə olan bu şərhlərlə "Çoxursəd"in, "Çuxursəd"in, "Saat-e Çuxur"un harada olmasını izləmək olar. Bütün bu məlumatlara və yuxarıda deyilənlərə istinad etməklə Çuxursədin dəniz səviyyəsindən aşağı olmasını və 14 əsrin ikinci yarısında Səd adlı türkmən əmirinin (Qara Məhəmmədin müasiri) qışlağına uyğun olaraq bu adın verildiyini söyləmək mümkündür. Sonralar adı bu yurda verilmiş türkmən əmirinin qəbiləsi qış fəslini həmişə burada keçirmişdir.

Mənbələrdə deyildiyi kimi, Səfəvilər dövründə də mərkəzi İrəvan olan bu nahiyyə böyük idarəçilik məntəqəsinə çevrildi. Əsl Səd-e Çuxur məntəqəsində Sürməli adlı digər bir yer də vardır ki, həmin yer Ərivanın qərbindədir. Kilsə təpəsi (Eçmiədzin) də Səd-e Çuxurun ən mühüm şəhərlərindən biridir. O, İqdırın şimali-qərbində, Qaqəzəmanın şərqində, Arazın kənarında yerləşir. Hicri qəməri tarixi ilə 788, miladi tarixi iləsə 1380-cı ildə baş vermiş Teymur dövrünün Birinci Şərq müharibəsində (3 illik yürüş) Sürməli qalası da işğal olundu və qalanın Tuman (Tümən) adlı türkmən hakimi əsir düşdü (Şərafəddin Əli Yəzdi. .

Hafiz Əbru "Zibdətütəvarix" əsərində Şahruxun ordusunun hərəkətindən danışarkən deyir: "O yerin tərəkəmələrinin yaşadığı və türkmən ordusunun əsasını təşkil edən Səd oğullarının qədim yurdu Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər..." Buradan aydın olur ki, o yer Səd oğullarının qədim yurdu olmuşdur. Çuxursəddə sədlulardan əlavə, digər türkdilli qollar- ustaclılar və əspirlular da yaşayırdı.

Mirzə Səmiya "Təzkirət-ül moluk"un sərhəd əmirlərinin və xidmətdə olan şəxslərin tiyul və məvacibinə aid fəslində "Səfəvilər dövründə Azərbaycan əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı kimi şərh etmişdir: a) Təbriz, b)Çuxursəd, c) Qarabağ, d) Şirvan" Beləliklə, İran-Osmanlı müqaviləsində (hicri qəməri 1049, miladi 1639-cu il) onun adı çəkilmişdir.

Çuxursəd adıçəkilən vilayətin adı olmaqla bərabər, bu vilayətdəki kəndin və məntəqənin də adı olmuşdur. Məhəmmədhəsən xan Müqəddəm Etimadüssəltənə yazır: "Çuxursəd həm də İrəvan Şərurunun kəndi və otlağıdır. 906-cı ildə türkmən Əlvənd paşa ilə şah İsmayıl bu yerdə döyüşmüşdür". İrəvan Şah İsmayıldan Şah Abbasa qədər Şah İsmayıl Xətai qiyamın başlanğıcında Ərdəbilin mövqeyimini iqamətgah üçün münasib bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri qəməri 905, miladi təqvimi ilə 1500-ci ilin baharında Ərdəbili ziyarət sonra Göyçə gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə də, əslində o, Anatoliyə getmək istəyirdi. O, qışlaqda çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazırlamaq üçün Anatoliyə göndərdi. Qasidlərdən biri – Həmzə bəy qoç oğlu öz qəbiləsinə tərəf yola düşdü. Burada əgər özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir kənara qoysaq, o zaman İsmayılın ətrafına min nəfər kişinin toplaşması barədə deyilənləri qəbul etməyimiz yersiz olmaz, lakin şeyx Səfəvi Hüseyn bəyin əliylə tutulmasından qorxduğu üçün gecə ilə öz müridləri ilə birgə həmin məhəllədən qaçdı və İrəvanın cənubundakı Çuxursəd nahiyyəsinə gəldi. Burada ona doqquz qrup (doqquz övlam) birləşdi. Anatoli Səfəvilərindən olan Qaraca İlyas da öz tabeliyindəki şəxslərlə öz şeyxinin hüzuruna yetişdi. İsmayıl yoluna davam edərək Qağazaman, Ərzurum və Tərcandan keçib Sarıqaya adlanan yerin cənubunda qışı keçirdi (hicri 905 miladi 1500). İsmayıl burada Ustaclı qəbiləsinin Çavuşlu tirəsindən olan ata babası Süleyman oğullarını qəbul etdi. İsmayıl 2 aydan artıq Sarıqayanı özünə məskən seçdi. Bu müddətdə o, mağarada yaşayan və yerli əhalinin rahatlığını pozan böyük ayını oxla ayağından vuraraq müridlərini heyrətləndirdi və sonra Ərzincana getdi". Şah İsmayılın Ağqoyunlu Əlvənd mirzə ilə döyüşü də hicri qəməri 907, miladi 1501-ci ildə Çuxursədin Şərur tərəfində baş verdi. Əlvən Mirzənin 30 minlik, İsmayıl isə 7 minlik qoşunu (Həsən bəy Rumlunun yazdığına görə, əksəriyyəti cübbəsiz idilər) Şərur məntəqəsində üz-üzə gəldilər. Dərhal aydın olur ki, Ağqoyunlu qoşunu döyüşə yaxşı hazırlaşmamışdı, çünki əsgərlərin fərariliyinin qarşısını almaq üçün "göstəriş verildi ki, bütün dəvələri toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun arxasında saxlasınlar. Məqsəd o idi ki, hər kim ki, vahiməyə düşüb vadiyə tərəf qaçsa, yolu bağlansın".


Tarix: 09.02.2015 / 16:17 Müəllif: Feriska Baxılıb: 485 Bölmə: Qərbi Azərbaycan